Mobil versiya
Azərbaycan Dövlət Aqrar Universiteti – demokratik münasibətlər inkişafı stimullaşdırır
Tarix: 27-06-2019 | Saat: 14:01
Bölmə:Manşet / Təhsil / Seçilənlər-2 | çapa göndər

Azərbaycan Dövlət Aqrar Universiteti – demokratik münasibətlər inkişafı stimullaşdırır




Professor İbrahim Cəfərovu rektor kabinetindən daha çox məhz tələbələrin əhatəsində görmək mümkündür

Məlumdur ki, Azərbaycanda təhsil sahəsinin daha da inkişaf etdirilməsi, ən yüksək dünya standartlarının tələblərinə cavab verə biləcək sistemin formalaşdırılması istiqamətində dövlət tərəfindən davamlı olaraq əhatəli və effektiv tədbirlər həyata keçirilməkdədir. Əlbəttə ki, həyata keçirilən əsaslı islahatlar öz müsbət nəticələrini verir və biz bu nəticələri real olaraq müşahidə edirik. Digər tərəfdən isə, təhsilin inkişafından danışarkən belə bir vacib məqamı da qeyd etmək laımdır ki, dövlət tərəfindən işlənib hazırlanan ümumi təhsil konsepsiyasının ayrı-ayrı müəssisələrdə hansı effektivliklə həyata keçirilməsi məsələsi əksər hallarda məhz həmin müəssisələrə rəhbərlik edən konkret insanların öz işlərinə nə dərəcədə məsuliyyətlə yanaşmalarından asılı olur.




Belə ki, konkret təhsil müəssisəsi rəhbərinin yeniliklərə nə qədər açıq olması, müasir metodikaları tətbiq etmə bacarığı, köhnəlmiş stereotiplərdən yaxa qurtarmaq üçün yetərli iradəsi və bir çox bu kimi insani və elmi-pedaqoji keyfiyyətləri həmin müəssisənin inkişafında həlledici amil kimi çıxış edə bilər. Bu gün Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) gedən proseslər də məhz bütün bu deyilənlərin bariz təsdiqi kimi nəzərdən keçirilə bilər. Kənd təsərrüfatı elmləri doktoru, professor İbrahim Cəfərovun bu ali təhsil müəssisəsində yeni tədris metodikalarının tətbiqi, tədris və qiymətləndirmə prosesləri zamanı şəffaflığın təminatı, universitetin istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə daha çox tanıdılması və nüfuzunun yüksəldilməsi istiqamətində atdığı addımlar həqiqətən də bu sahədə əsil yenilik kimi qəbul oluna bilər.

Şəxsi nüfuz, yoxsa əsil demokratiya..?




Ən qədim zamanlardan müəllim nüfuzu tədris prosesində vacib təsiredici amillərdən biri kimi çıxış edib. Lakin təəssüflər olsun ki, müasir dövrümüzdə nüfuz anlayışı bir çox insanlar tərəfindən təhrif olunmuş formada anlaşılır. O cümlədən bir çox ali təhsil müəssisələrində tələbələrin rektor və ya prorektorlarla, bəzən isə hətta daha kiçik ranqlı rəhbər işçilərlə birbaşa təmasa girməsi həmin şəxsin nüfuzuna xələl gətirilmiş kimi qəbul edilir. Əlbəttə ki, bu, tamamilə yanlış bir yanaşmadır. Yeri gəlmişkən, belə münasibətlərin əsasən avtoritar sovet dövründə formalaşdığı da məlumdur. Lakin bu günün tələbləri tamamilə fərqli meyarlara istinad edir. Elə ADAU-nun rektoru da məhz bu kimi köhnəlmiş stereotiplərə qarşı prinsipial mövqeyi ilə seçilir. Belə ki, bu gün professor İbrahim Cəfərovu onun rektor kabinetindən daha çox məhz universitetin auditoriya və dəhlizlərində, bilavasitə tələbələrin əhatəsində görmək mümkün olduğunu desək, qətiyyən yanılmarıq. Hər fürsətdə tələbələrlə ünsiyyət qurmağa, onların problemləri ilə bilavasitə tanış olmağa üstünlük verən İbrahim müəllim universitetdə elə bir mühit yaradıb ki, bu gün bəzi tələbələr hətta doğma valideynlərinə deyə bilmədiklərini belə öz rektorları ilə bölüşürlər. Bu münasibətlər isə universitetdə əsil demokratiyanın, obyektivlik və şəffaflığın bərqərar olması üçün möhkəm zəmin yaratmış olub.




Təsadüfi deyil ki, son bir neçə ildə ən müxtəlif mənbələrdən əldə etdiyimiz məlumatlarda da ADAU-nun daha dinamik inkişaf mərhələsinin məhz İbrahim Cəfərovun bu ali təhsil müəssisəsinə rektor vəzifəsinə təyinatından sonrakı dövrə təsadüf edir. Universitetin fəaliyyətilə ilə yaxından tanış olan, bu ali təhsil ocağında müxtəlif vəzifələrdə çalışan və ya təhsil alan respondetlərimiz də təsdiq edirlər ki, bu gün ADAU-da tələbələrin müasir standartlara uyğun təhsil almaları, seçdikləri ixtisaslar üzrə əsil peşəkarlara çevrilmələri üçün bütün şərait yaradılıb.

Universitetimzi tanıdaq




Danılmaz faktdır ki, bu gün respublikanın müxtəlif rayon və bölgələrindən olan gənclər ali təhsil almaq üçün ilk növbədə məhz paytaxt Bakının universitetlərinə üz tutrlar. Əslində bu tendensiyanın özü də sovet dönəmində formalaşıb. Paytaxt həyatı gənclər üçün hər zaman daha maraqlı, daha cəlbedici olub. Paytaxtın ali məktəblərində alınan təhsil də daha üstün sayılıb. Lakin ölkəmiz öz müstəqilliyinə qovuşduqdan sonra həm regionların inkişafı, həm də digər şəhər universitetlərində təhsilin müasirləşdirilməsi baxımından vəziyyət tamamilə dəyişib. Sözsüz ki, bu gün hətta Gəncədə heç zaman olmamış insanların da bu şəhərdə gedən dinamik yenidənqurma və abadlıq işlərilə, müasirləşmə ilə ən azından televiziya kanallarında və digər KİV-də yayımlanan reportajlardan məlumatlanmaq üçün kifayət qədər imkanları var. Başqa sözlə desək, Gəncənin bu gün özünəməxsus, son dərəcə dolğun və maraqlı ictimai həyat yaşayan, olduqca gözəl və getdikcə müasirləşən bir şəhər olması heç kim üçün sirr deyil. Lakin belə tanıtım imkanlarının Azərbaycan Dövlət Aqrar Universitetində olmadığı da bir həqiqətdir.




Məhz elə bu səbəbdən İbrahim Cəfərov rektor təyin olunduqdan sonra bu problemin də həllini öz üzərinə götürdü. İlk növbədə ADAU-nun sosial şəbəkələrdə aktivliyi kəskin şəkildə artırıldı. Bu gün təkcə universitetin ümumi deyil, həmçinin ayrı-ayrı fakültə və kafedralarında sosial şəbəkələrdə aktiv profilləri mövcuddur. Lakin İbrahim müəllim bu tədbirlərlə kifayətlənmədi. Belə ki, hazırda universitetdə bilavasitə rektorun təşəbbüsü və iştirakı ilə “Azərbaycan Dövlət Aqrar Universitetini tanıdaq” layihəsi uğurla həyata keçirilməkdədir. Layihə çərçivəsində universitet rəhbərliyi ölkəmizin müxtəlif regionlarında abituriyentlərlə, rayon ictimaiyyətinin nümayəndələri və təhsil işçiləri ilə görüşlər keçirir. Belə görüşlərdə orta məktəb məzunlarına ADAU haqqında geniş və dolğun bilgilər verilir, ixtisas seçiminə tövsiyyələr söylənilir. Qeyd edək ki, son iki ay ərzində layihə çərçivəsində Ağstafa, Yevlax, Bərdə, Tovuz, Qazax, Quba, Xaçmaz, Astara və Masallı məktəbliləri ilə belə görüşlər təşkil olunub.




Layihə çərçivəsində daha bir görüş isə 25.06.2019-cu il tarixində Lənkəran rayon Mədəniyyət mərkəzində 200-ə yaxın abituriyent in iştirakı ilə keçirilib. Görüş olduqca maraqlı keçib, bir sıra suallara aydınlıq gətirilib. Əvvəlcə Azərbaycan Dövlət Aqrar Universiteti haqqında tanıtım filmi nümayiş olunub. Görüşdə rektor İbrahim Cəfərov ölkədə aqrar sahənin inkişafından və aqrar təhsilə dövlət qayğısından danışıb, ölkə iqtisadiyyatının bir hissəsini kənd təsərrüfatı təşkil etdiyini bildirib. Həmçinin aqrar sahə üzrə ixtisas seçənlər üçün kifayət qədər iş yerinin olduğunu diqqətə çatdırıb. ADAU-nun məsul katibi Telman Musayev isə təhsil müəssisəsinin mövcud uğurlarından, maddi texniki bazanın gücündən danışıb və xüsusi vurğulayıb ki, Universitet tələbələri yüksək təhsillə yanaşı, müasir standartlara cavab verən yataqxana ilə də təmin edir. Həmçinin abituriyentlərə ixtisaslar və qəbul qaydaları haqqında da ətraflı məlumat verilib. Görüşdə universitetlə, burda olan ixtisaslarla bağlı suallara aydınlıq gətirilib, dünya standartlarına cavab verən maddi texniki bazadan geniş söhbət açılıb.




Əlbəttə ki, bütün bu yeniliklər və məqsədyönlü tədbirlər öz müsbət nəticəsini verməkdədir. Tam əminliklə deyə bilərik ki, zəngin tarixi ənənələrə malik olan Azərbaycan Dövlət Aqrar Universitetinin kollektivi rektor İbrahim Cəfərovun rəhbərliyi altında hər zaman olduğu kimi, bundan sonra da qarşıda duran vəzifələrin icrasını böyük ruh yüksəkliyi ilə həyata keçirəcəck və bu yolda əldə etdiyi uğur və nailiyyətlərini daima artıracaq.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024