Mobil versiya
Cəzasız qalan tarixi qanlı olay
Tarix: 21-01-2016 | Saat: 00:05
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər

Cəzasız qalan tarixi qanlı olay

23 aylıq azadlığı dadan bir xalqı amansız repressiyalar, ateizm, sürgünlər, milli adəti, ənənəsi, kimliyi və varlığını məhv etmək siyasəti, “xalqlar dostu” adıyla 70 il aparılmışdır. Rusiyanın əsas siyasəti gələcəkdə torpaqlarımızda Rusiyanın silah anbarına çevriləcək Ermənistanı yaratmaq və ərazisini genişləndirmək idi. NATO-ya, Qərbə meydan oxuyan, Avropanı lərzəyə salan faşist Almaniyasını darmadağın edən Sovet ordusu saysız-hesabsız itkilər hesabına başa gələn Əfqanıstan müharibəsində uduzmuşdu. Ermənistandan soydaşlarımızın çıxarılması, Sumqayıt hadisələri, Topxana meşəsinin qırılması- bunlar hamısı Moskvanın fitnəsi idi. 70 il Kommunist əsarətində saxlanılmış bir xalqın ayağa qalxması İmperiya tərəfindən yolverilməz idi. Vilnus, Tiflisdən daha qanlı bir hadisənin baş verməsi üçün Bakıda ciddi bir plan hazırlanırdı. Bu hadisədə Sovet tanklarının qabağına çıxanlar azad Azərbaycanı görmək istəyənlər idi. Ancaq təəssüf ki, onlar bunu görmədilər.

Bizi əmin etmişdilər ki, Bakıya girən ordu heç kəsə atəş açmayacaq. Atsalar da güllələr xalostoy olacaq. Bu 20 Yanvar gecəsinin canlı şahidi olmuş İlhamın 26 il öncə atama danışdıqı kiçik hüzünlü hekayəsidir. Biz həmin gün AXCP qərargahına yığışmışdıq. Axşam ordunun Bakıya girməsinə mane olmaq üçün müxtəlif istiqamətlərdə toplaşdıq. Çox keçmədi güllə səsləri eşitdik. Yoldaşlarımın bir çoxu güllə yarası aldı. Yanımda durmuş dostum da yaralanmışdı. O, huşsuz halda sayıxlayırdı: “ Güllələr xalastoy deyil. Tankın qabağına getməyin!”

Çox çətinliklə yaralıları xəstəxanaya çatdırdıq. Hamını eyni vaxtda əməliyyat etmək mümkün deyildi. Bizdən qan alıb yaralılara köçürürdülər. Onların açıq yaralarından qan qayıdıb yenidən yerə tökülürdü. Gördüyüm mənzərə o qədər ağır idi ki ...

Bu qanlı gecədə mən neçə dostumu, yoldaşımı itirdim. Qərargaha qayıdanda çox gec idi. Elçibəyin otağına getdim. O, tək idi. Məni görən kimi- “Uşaqlar hanı?” soruşdu. Heç nə deyə bilmədim. O, bir az mənə baxdı. Sonra dizini yerə qoyub üzünü əlləri ilə örtdü. Uşaq kimi ağlamağa başladı. Biz Sovet ordusunu öz ordumuz bilib hamılıqla aldanmışdıq.

Düz 26 ildir ki 20 Yanvar şəhidlərinin ruhu bizi ittiham edir.. “ Biz dünyamızı dəyişmişik. Əlimizdən bir şey gəlmir. Siz yaşadığınız halda, niyə bizi qətlə yetirənlərdən heç kimi müttəhimlər kürsüsündə əyləşdirmədiniz?! Niyə heç kim cəzalanmadı?! 26 ildir ki 20 Yanvarda soydaşlarımızı itirib siyasi bir silah, tarixi, publisistik və ədəbi mövzu kimi bu fəciədən yararlananlar var. Nə qədər ki bu tarixi olaya görə heç kim cəzalanmayıb, bunu ilbəil ağırlaşan ağır yük kimi çiyinlərimizdə daşıyacağıq.

Rövşən Şirxanlı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024