Mobil versiya
Məmmədyarovla Mnatsakanyanın Vaşinqton görüşündən gözləntilər - “Nə qədər həyasız olasan ki…”
Tarix: 20-06-2019 | Saat: 12:29
Bölmə:Manşet / Siyasət | çapa göndər

Məmmədyarovla Mnatsakanyanın Vaşinqton görüşündən gözləntilər -


İyunun 20-də Vaşinqtonda Azərbaycan Xarici işlər naziri E.Məmmədyarov ilə Ermənistanın XİN başçısı Zöhrab Mnatsakanyan arasında görüş keçiriləcək. ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə bir araya gələcək nazirlər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə edəcəklər.


Sözügedən görüşdən əvvəl isə Azərbaycan XİN rəhbəri və ABŞ dövlət katibinin köməkçisi, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri arasında görüşlər keçirildi.


Vaşinqton görüşləri əhəmiyyət daşıyırmı? Bu görüşlərdən hansı nəticə hasil olacaq?


Deputat Asim Mollazadənin fikrincə, ABŞ-ın danışıqlar prosesində təşəbbüsü üzərinə götürməsi çox müsbət haldır. O, Modern.az-a bu haqda danışıb:


“Bu məqam əslində digər ölkələrin münaqişənin həllini öz monopoliyasına götürmək məsələsini azaldıb. Bununla yanaşı, yenə də beynəlxalq ictimaiyyətdən real qiymətləndirmə gözləyirik. Azərbaycanın əraziləri işğal altındadır. BMT-nin qətnamələrinə əməl olunmur. Biz gözləyirik ki, Ermənistan sülh istiqamətində ciddi addım atsın. Bu olmasa, ərazilərimizdə gərginlik artacaq. Azərbaycan torpaqlarının işğalı ilə barışmayacaq. Mənə elə gəlir ki, ABŞ hakimiyyətində hazırda ermənilərlə bağlı olmayan qüvvələr təmsil olunur. Biz Amerikadan beynəlxalq hüquq normalarına əsaslanaraq münaqişənin həlli üçün Ermənistanı sülhə məcbur etmək istiqamətində xüsusi addımlar gözləyirik”.


Deputat Aqil Abbas isə qətiyyətlə vurğulayıb ki, aparılan danışıqlar münaqişənin vaxtını uzatmağa xidmət edir:


“Erməni tərəfi və ATƏT həmsədrləri çalışırlar ki, Azərbaycanı nəticəsiz danışıqlara çəkərək, vaxt qazansınlar. Çünki Azərbaycanın inkişafı, hərbi cəhətdən güclənməsi, ölkə başçısının ünvanladığı mesajlar onları qorxudur. Bu qüvvələr sadəcə düşünürlər ki, vaxtı uzadıb, vəziyyətdən necə çıxacaqlarını götür-qoy etsinlər. ATƏT 26 ildə nə edib ki, bundan sonra da neyləsin…

Elmar Məmmədyarovun diplomatik təcrübəsinə söz ola bilməz. Ona görə, nazirimizə məsləhət verə bilmərəm. Sadəcə, öz fikrimi çatdırmaq istəyirəm ki, Azərbaycan düşmənin qarşısında konkret məsələ qoymalıdır. Ermənilərə çatdırmaq lazımdır ki, münaqişə müzakirə olunur, torpaqlarımızdan çıxırsınız, ondan sonra oturub stol arxasında qaçqın və məcburi köçkünlərin öz yerlərinə qaytarılmasını müzakirə edirik. Ancaq bu halda Dağlıq Qarabağın statusu haqqında düşünmək olar. Əgər tədbir adına tədbir keçiriləcəksə, sonda da şəkil çəkdirib, ayrılacaqlarsa, müzakirələrin mənası yoxdur”.


Xocalıdan olan deputat Elman Məmmədov düşünür ki, bu görüşlərin də münaqişənin həllində müsbət təsiri olmayacaq:


“Azərbaycan tərəfi olaraq, bizim görüşlərdəki tələb və təklifimiz məlumdur. Azərbaycanın torpaqları 30 ilə yaxındır ki, işğal altındadır, biz işğalçı dövlətin qoşunlarının ərazilərimizdən çıxarılmasını, ərazi bütövlüyümüzün təmin olunmasını tələb edirik. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bəyan edib ki, mövqeyimiz dəyişməzdir.

Amma ermənilərin də mövqeyi var. Onların mövqelərini keçmiş və indiki rəhbərləri həyasızcasına, tərbiyəsizcəsinə bəyan edirlər. Deyirlər ki, bir qarış da geri çəkilmək niyyətində deyillər, guya hansısa ölkənin torpağını işğal etməyiblər, “tarixi”, “böyük Ermənistan” torpaqlarını “azad ediblər”. Hər görüşdə də buna oxşar bəyanatlar səsləndirirlər. İndiki halda danışıqların nəticəsiz qalacağını əminliklə deyə bilərik”.


Deputatın sözlərinə görə, Ermənistan rəhbərliyi Azərbaycanın hər gün artan gücü qarşısında acizliyini, , zəifliyini dərk edir:


“Onların vasitəçilərə və beynəlxalq qurumlara dediyi bir söz var: “Biz arxayınıq ki, Azərbaycanı müharibə etməyə qoymayacaqsınız...”. Ermənilər Azərbaycanın hərbi sahəyə ayırdığı vəsaiti artırmasını, ən müasir silahlar almasını, Türkiyə ilə birgə təlimlər keçirməsini qabardılar, hay-küy salırlar. Nə qədər həyasız və tərbiyəsiz olmaq lazımdır ki, Azərbaycanın ərazilərini işğal edəsən, sonra belə deyəsən...

Təəssüf ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri də ermənilərin mövqeyini təsdiqləyir. Deyirlər ki, güc, hərbi yolla problemin həlli mümkünsüzdür. Bu, ermənilərin xeyrinədir. Çünki onlar torpaqlarımızı işğal edib, ərazilərimizdə oturublar, “Bizə dəyməyin...” – deyib, hay həşir salırlar.

Bütün dünyaya işğalçının da işğala məruz qalanın da kim olduğu məlumdur. Niyə işğalçıya və işğala məruz qalana münasibət eyni olmalıdır? Ona görə də belə görüşlərdən müsbət nəticə gözlənilmir. Bu, yalnız vaxt uzatmaqdır və ermənilərin xeyrinə işləyir. Azərbaycanın səbri çoxdan tükənib, ermənilərin axmaq, həyasız hərəkətlərinə dözməməliyik. Azərbaycan Ordusu düşməni darmadağın edərək ərazilərindən çıxarmalıdır. Ordumuz buna qadirdir”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024