Mobil versiya
Azərbaycan Dəmir Yolları – ölkəmizin tranzit potensialı artır
Tarix: 14-06-2019 | Saat: 10:15
Bölmə:Manşet / Ölkə / Seçilənlər-1 | çapa göndər

Azərbaycan Dəmir Yolları – ölkəmizin tranzit potensialı artır




Məlum olduğu kimi, dəmiryolu nəqliyyatını fərqləndirən əsas cəhətlər müxtəlif yükləri kütləvi şəkildə uzaq məsafələrə yüksək sürətlə və digər nəqliyyat vasitələri ilə müqayisədə qat-qat ucuz aparması, həmçinin hərəkətinin müntəzəmliyidir. Bunu da qeyd etmək lazımdır ki, tarixi o qədər də qədim olmayan dəmiryolu nəqliyyatının yaranması sənaye inqilabı dövründən başlanmışdır.

Getdikcə daha çox qloballaşan müasir dünyada dəmiryolu nəqliyyatı ölkələrin hüdudlarını sürətlə aşaraq, dövlətlərarası əməkdaşlığın sərhədlərini davamlı olaraq genişləndirir. Artıq dəmiryolu nəqliyyatı özü də sözün əsl mənasında qlobal xarakter kəsb etməyə başlayır. Ayrı-ayrı ölkələrin iqtisadiyyatlarının qarşılıqlı asılılığının günü-gündən artdığı, regionlararası və qitələrarası mal dövriyyəsinin səviyyəsinin durmadan yüksəldiyi bir dövrdə dəmiryolu nəqliyyatı iqtisadi inkişafın əsas təkanverici elementinə çevrilməkdədir. Bu reallıqlar nəzərə alınaraq Azərbaycan Respublikasında dəmiryolu sisteminin inkişaf etdirilərək ən müasir tələblərə uyğun səviyyədə qurulması dövlətimiz tərəfindən prioritet istiqamət kimi müəyyənləşdirilib.

Tarixə qısa bir baxış




Azərbaycanda ilk dəmir yolunun çəkilməsi və sonradan inkişaf etdiriməsi birbaşa neft daşınması ilə əlaqədar olmuşdur. Belə ki, 1847-ci ildə ilk qazma quyusunun meydana gəlməsi, neftin qazma üsulu ilə çıxarılmasının daha da inkişaf etdirilməsi, xüsusən XIX əsrin 70-ci illərinin əvvəllərində alış-veriş sisteminin ləğvi ilə əlaqədar neftçıxarma kəskin surətdə artdı. Neftçıxarmanın gur şəkildə artdığı bir şəraitdə neft daşınmasının təkmilləşdirilməsi məsələsi aktual şəkil aldı. Həmin vaxt əsas neftçıxarma rayonlarından (Sabunçu, Suraxanı, Balaxanı) neftin Bakı neftayırma zavodlarına və Xəzər dənizi vasitəsilə Rusiyanın mərkəzi rayonlarına daşınması olduqca primitiv üsulla, karvan üsulu ilə, ağac çənlərdə və tuluqlarda icra edilirdi ki,onların da sayı 10 minə çatırdı. Belə bir üsul olduqca baha başa gəlirdi və neft işinin gələcək inkişafına ciddi maneə, əngəl yaradırdı. Bakının neft sənayeçiləri daha çox gəlir götürmək üçün dəmir yolu xəttlərinin və boru kəmərlərinin çəkilməsində olduqca maraqlı idilər. Beləliklə, mübaliğəsiz demək olar ki, Bakıda və Azərbaycanda dəmir yolunun çəkilməsinin əsil səbəbkarı Bakı nefti və onun sənaye emalı məsələsi olmuşdur. Belə ki, neft sahibkarlarının mədənlərlə neftayırma zavodları arasında dəmir yolunun çəkilməsi haqqında dəfələrlə Nazirlər Komitəsinə müraciətlər etmişdilər. Nəhayət ki, onların təkidli tələbləri öz bəhrəsini verir. Nazirlər Komitəsinin çar II Aleksandrın iştirakı ilə 1878-ci il iyunun 16-da keçirilən iclasında neft sahəsində dəmir yolunun tikintisi layihəsi təsdiq olunur. Uzunluğu cəmi 20 km olan Bakı-Sabunçu-Suraxanı dəmir yolunun inşası 20 yanvar 1880-ci ildə başa çatmışdır. Həmin tarixi dövrdən başlayaraq Azərbaycan dəmir yolu yük daşınmasına olan tələbatın artdığını nəzərə alaraq inkişaf etmiş və təkmilləşmişdir.



Hazırda baş yolların ümumi uzunluğu 2910,1 km, istismar uzunluğu 2132 km-dir ki, onlardan da 802,3 km-i ikiyolludur. Yolun ümumi istismar uzunluğunun 1241,4 km-i və ya 59,7%-i elektrikləşdirilmiş, 837,9 km-i, yəni 40,3%-i tepolovoz dartısı ilə işləyir. 1527,7 km-i avtomatlaşdırılmış işarəvermə sistemi ilə təchiz edilmişdir.

Dəmiryolu nəqliyyatı Azərbaycanın beynəlxalq ticarətdə rolunu əhəmiyyətli dərəcədə artırır



Azərbaycanın son dərəcə əlverişli coğrafi mövqeyi ona Avropa və Asiyanı birləşdirən unikal nəqliyyat-kommunikasiya sisteminə sahib olmaq imkanı verib. Eyni zamanda da Azərbaycan dövləti bu imkanları layiqincə qiymətləndirərək, xüsusilə son illər ölkəni mühüm tranzit və loqistika mərkəzinə çevirən nəhəng layihələr həyata keçirməkdədir. Bu isə öz növbəsində Azərbaycanın beynəlxalq ticarətdə rolunun əhəmiyyətli dərəcədə artmasını və beynəlxalq arenadakı mövqelərinin daha da möhkəmlənməsini təmin edir. Son dövrlərdə getdikcə sürətlənən qloballaşma və dövlətlərarası inteqrasiya prosesləri ayrı-ayrı ölkələrin, həmçinin Azərbaycanın dəmiryolu sistemi qarşısında yeni mürəkkəb vəzifələr qoyur. Məhz bu vəzifələrin öhdəsindən effektiv şəkildə gələ bilmək üçün Azərbaycan dövləti tərəfindən ardıcıl əhəmiyyətli addımlar atılır. Təsadüfi deyildir ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşdırılmasının əsas təşəbbüskarı rolunda da məhz Azərbaycan dövləti çıxış edib. Belə ki, Bakı-Tbilisi-Qars dəmir yol xətti regionun nəqliyyat xəritəsini bütövlükdə yeniləmək iqtidarındadır.

Digər tərəfdən də bu gün ölkənin dəmir yolu sisteminin tam yenilənməsi və müasir standartlara uyğunlaşdırılması zərurəti daha qabarıq formada ortaya qoyulub. Təsadüfi deyil ki, xüsusilə son bir neçə ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkənin sosial-iqtisadi inkişafının təmin olunması məqsədilə məhz dəmiryolu sistemində köklü dəyişikliklərə nail olunması məsələsi ciddi nəzarətə götürülüb.

ADY – rəhbərlik peşəkarlara həvalə olunub




Ölkə Prezidenti tərəfindən “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyində 2015-ci ildə edilən dəyişiklik bir daha sübut etdi ki, dövlət tərəfindən bu sahədə dəqiq müəyyənləşdirilmiş hədəflərdən biri də dəmir yolu nəqliyyatını ölkə iqtisadiyyatı inkişafının lokomotivinə çevirməkdən ibarətdir. Belə ki, Cavid Qurbanov olduqca həlledici, həssas bir məqamda ADY QSC-yə sədr təyin olundu.

Qısa arayış:

Cavid Qurbanov 1958-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olmuşdur. 1975-ci ildə Kəlbəcər rayon orta məktəbini bitirdikdən sonra 1975-1976-cı illərdə Kəlbəcər şəhərində elektroenergetika sahəsində çalışmışdır. 1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olmuşdur. 1977-1979-cu illərdə ordu sıralarında hərbi xidmət etdikdən sonra 1979-cu ildə 26 Bakı Komissarı nəşriyyatında kuryer vəzifəsi ilə əmək fəaliyyətinə yenidən başlamışdır. 1980-1981-ci illərdə "Azəryollayihə" Layihə İnstitutunda texnik-cizgiçi, 1982-1987-ci illlərdə



"Azərnəqliyyattikinti" Trestinin avtobazasında mexanik, baş mexanik, rəis müavini vəzifələrində çalışmışdır. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. 1987-1992-ci "Elektromexanizasiya" Trestinin 4 saylı Avtonəqliyyat Kontorunda direktor, 1992-1993-cü illərdə Respublika İxtisaslaşdırılmış "Avtonəqliyyat" Birliyində baş direktor, 1993-1994-cü illərdə "Azəravtoyol" Dövlət Şirkətində Prezident vəzifəsində işləmişdir. 1995-ci ildə "Azərərzaqnəqliyyat" Birliyində direktor, 1996-1997-ci illərdə Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin Təchizat şöbəsində rəis, 1997-2001-ci illərdə "Azərdəmiryolservis" İstehsalat Birliyində rəis kimi çalışmışdır. 2003-cü ildən "Yolnəqliyyatservis" Departamentinin rəisi, 2004-cü ildən Nəqliyyat Nazirliyi "Yolnəqliyyatservis" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəisi olmuşdur. 2007-ci ilin fevral ayından "Yolnəqliyyatservis" Departamentinin "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti olması ilə əlaqədar olaraq, "Azəryolservis" ASC-nin sədri vəzifəsini tutmuşdur. Texniki elmləri namizədidir.



123 saylı Kəlbəcər Seçki Dairəsindən III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib və Milli Məclisin İqtisadi Siyasət daimi Komitəsinin üzvüdür.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

9 fevral 2015-ci ildən bu günə qədər "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədridir.

12 oktyabr 2016-cı il tarixindən Cavid Qurbanov Azərbaycan Voleybol Federasiyasının prezidenti seçilib.

18 sentyabr 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.



Bu təyinat hər şeydən öncə ölkə prezidentinin kadr siyasətinin düzgünlüyünün daha bir bariz nümusi idi. Cavid Qurbanovun nəqliyyat sistemində topladığı çoxillik təcrübə və bundan əvvəlki sahələrdəki fəaliyyətinin nəticələri onun ölkənin dəmir yolu sistemində qısa zamanda ciddi müsbət dəyişikliklərə nail olmasına səbəb oldu. Məhz ADY QSC-də rəhbərliyin dəyişdirilməsindən sonra müşahidə edilən proseslər bu sahənin tezliklə ölkə iqtisadiyyatının ən gəlirli sahələrindən birinə çevrilməsinə zəmin yaratdı. Artıq bu gün ölkə daxilində dəmiryolu nəqliyyatının inkişafı baxımından bir sıra uğurlu layihələr həyata keçirilməkdədir. O cümlədən, may ayının 21-də Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib, yeni inşa edilən Bakı sərnişin - Sabunçu dəmir yolu xətti üzrə görülən işlərlə tanış olub. “Azərbaycan Dəmir Yolları” QSC sədri Cavid Qurbanov isə mətbuata verdiyi açıqlamasında bildirib ki, bu marşrut üzrə dəmir yolu xəttinin uzunluğu bir istiqamət üzrə 13,5 kilometrdir: “Bakı sərnişin - Sabunçu dəmir yolu xətti üzərindəki Bakıxanov, Koroğlu, Keşlə və Nərimanov dayanacaqları tamamilə yenidən qurulub. Artıq Sabunçu dəmir yolu vağzalı kompleksi sərnişinlərə xidmət göstərməyə tam hazırdır”. QSC sədrinin sözlərinə görə, hazırda dəmir yolu daha sürətli nəqliyyat vasitəsi hesab olunur: “Gələcəkdə dəmir yolu xətlərinin Əhmədli, Zirə, Pirallahı, həmçinin Heydər Əliyev adına Beynəlxalq Hava Limanına qədər uzadılmasını düşünürük və bu yollar davamlı olaraq tikiləcək”.

Beynəlxalq əlaqələr möhkəmlənir

Aydındır ki, bu gün dəmiryolu nəqliyyatının inkişafını yalnız ölkə daxilində layihələrin reallaşdırılması ilə təmin etmək olmaz. Məhz bu səbəbdən də ADY rəhbərliyi ən müxtəlif beynəlxalq tədbirlərdə yaxından iştirak edir. Bu günlərdə Almaniyanın Münhen şəhərində keçirilən “Nəqliyyat və logistika” sərgisində iştirak edən Azərbaycan dəmiryolçularından ibarət nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər keçirib. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun “Ukrayna Dəmir Yolları” SC-nin İdarə Heyətinin sədri cənab Yevgeniy Kravtsovla görüşündə iki qurum arasında əlaqələr, Trans-Xəzər Beynəlxalq Nəqliyyat marşrutu və Cənub-Qərb Beynəlxalq Nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Bildirilib ki, ölkələrimizin tranzit potensialının artırılması istiqamətində görülən işlər Azərbaycan və Ukrayna dəmir yolları arasında işbirliyinin perspektivlərini daha da genişləndirir.




“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri cənab Cavid Qurbanovun Avstriyanın “ÖBB-Holding AG”ın Baş İcraçı Direktoru cənab Andreas Matta və “ÖBB Rail Cargo Group” un İdarə Heyətinin üzvü cənab Tomas Karql ilə görüşündə isə Avropa-Asiya istiqamətində yükdaşımalar sistemində Azərbaycanın artan rolu və gələcək əməkdaşlığın perspektivləri diqqət mərkəzində olub. Bildirilib ki, Azərbaycanla Avstriya arasında əlaqələrin genişləndirilməsi hər iki ölkənin dəmir yolları arasında əməkdaşlığın intensivləşdirilməsinə səbəb olub. Avropa nəqliyyat sistemində aparıcı rol oynayan Avstriya dəmir yollarının nümayəndələri Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsindən sonra Avropa ilə Asiya arasında yükdaşımalar sistemində yeni arxitekturanın formalaşması və Azərbaycanın artan rolunu diqqət mərkəzinə çəkərək, daşımaların təhlükəsizliyinin, sürətinin və rəqabət qabiliyyətliliyinin yüksəldilməsini qeyd ediblər. Asiyadan yüklərin Avropaya çatdırılması üçün ənənəvi marşrutlardan daha faydalı olan Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin imkanlarının geniş olduğunu bildirən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov hazırda Avropaya yüklərin daşınması üçün istifadə edilən marşrutlardan fərqli olaraq, Azərbaycan ərazisindən keçən marşrutların vaxt, qiymət və səmərəlilik baxımından daha üstün olduğunu, Azərbaycanda mövcud olan dəmir yolu nəqliyyatı sisteminin bütün müasir tələblərə cavab verməsini və lazımi logistik şəraitin yaradılmasını, yüklərin sürətli və keyfiyyətli daşınmasına təminat verdiyini diqqətə çatdırıb. Tərəflər Avropa-Asiya arasında artan yük dövriyyəsini nəzərə alaraq, Azərbaycan üzərindən keçən nəqliyyat dəhlizlərinin böyük əhəmiyyət daşıdığını vurğulayıb və iki ölkənin dəmir yolları arasında əməkdaşlığın inkişaf etdirilməsini müzakirə ediblər.



Bütün bu deyilənlər əlbəttə ki, birmənalı olaraq“Azərbaycan Dəmir Yolları” QSC-nin səmərəli fəaliyyətindən xəbər verir. Əminliklə demək olar ki, sədr Cavid Qurbanovun rəhbərliyi altında bu göstərici getdikcə daha da yüksələcək.


aia.az

Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024