Mobil versiya
Cəlilabad – iqtisadi inkişaf yeni dinamika alıb
Tarix: 11-06-2019 | Saat: 14:08
Bölmə:Manşet / Ölkə / Seçilənlər-1 | çapa göndər

Cəlilabad – iqtisadi inkişaf yeni dinamika alıb





Rayonun icra hakimiyyətinin rəhbərliyi yerli sakinlərlə keçirilən görüş və qəbulların mütəmadi və səmərəli xarakter daşımasını xüsusi diqqət mərkəzində saxlayır

Birmənalı olaraq demək lazımdır ki, ötən ilin fevral ayında Cəlilabad RİH-nin rəhbərliyinə Namiq Zeynalovun təyinatı bu rayonun iqtisadi inkişafına yeni təkan vermiş oldu. Eyni zamanda həmin vaxtdan rayonun ictimai-siyasi həyatında daha intensiv canlanma, vətəndaşların ictimai fəallığının artması müşahidə olunmağa başlandı. Təbii ki, bütün bu aktivlər öz təzahürünü rayonun iqtisadi göstəricilərində də tapır. Bu göstəricilərin bir qismi də Cəlilabad RİH-nin 11.05.2019-cu il tarixində keçirilmiş və 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş şura iclasında təqdim olunub.

Təkcə kartof satışından fermerlərin 9 mln dollardan artıq gəlir götürəcəkləri proqnozlaşdırılır




Rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar bölmənin inkişaf etdirilməsi üçün Cəlilabadda ötən il və cari ilin ilk rübü ərzində bütün imkanlardan maksimum istifadə edilib, kənd əməkçilərinə nümunəvi xidmət göstərilib. Bunun nəticəsidir ki, hazırda 62,6 min hektar taxıl, 1624 hektar paxlalı bitkilər, 1500 hektar üzüm, 4800 hektar kartof, 420 hektar çiyələk əkilmiş və həmin sahələr yüksək aqrotexniki qaydada becərilmişdir. Keçən il 5000 hektar sahədə kartof əkilmiş, hər hektardan 221 sentner məhsul götürülərək 110,5 min ton kartof istehsal edilmişdir. Bu il əkilmiş 4800 hektar kartof sahəsindən 110 min tondan artıq məhsul götürüləcəyi gözlənilir. Həmçinin istixana şəraitində 1500 hektar sahədə kartof becərilmiş, 35 min ton faraş məhsul istehsal edilmiş və Rusiya Federasiyasına 25 min ton kartof ixrac edilmişdir. Bu il kartof satışından fermerlərin büdcəsinə 9,1 milyon ABŞ dolları məbləğində vəsaitin daxil olacağı ehtimal edilir.

Pambıq yığımında rekord göstərici əldə olunub




Məlumdur ki, son illərdə Cəlilabad rayonunda pambıqçılığın inkişafı xüsusi diqqət və qayğı ilə əhatə olunub. Rayonda 2018-ci ildə 505 hektar sahədə pambıq əkilmiş və 1446,6 ton və ya əvvəlki ilə nisbətən 446,6 ton çox məhsul istehsal edilmişdir. Ümumi məhsuldarlıq hər hektardan 28,65 sentner olmuşdur ki, bu da respublika üzrə ən yüksək göstəricidir. Pambıqçılığın yenidən bərpa edilməsi nəticəsində 200 nəfərdən çox sakin işlə təmin edilmiş, fermerlərə 947,7 min manat vəsait ödənilmişdir. Əlavə olaraq istehsalçılara son məhsula görə 146,6 min manat subsidiya verilmişdir. Cari ildə isə 507 hektar sahə keyfiyyətlə şumlanmış, aqrotexniki qaydalara uyğun hazırlanmış və istehsalçılarla müqavilələr bağlanmışdır. Sahələrə çiyid səpini optimal müddətdə başa çatdırılmış və normal çıxış alınmışdır. Əkin suyuna olan tələbatı ödəmək üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 mart tarixli Sərəncamına əsasən rayonda 20 subartezian quyusunun qazılması planlaşdırılmış və 2018-ci il 31 avqust tarixli Sərəncamı ilə rayon ərazisindəki “İncəçay”, “Cəfərxanlı”, “Üçtəpə”, “Bəylər” və “Alıcı” su anbarlarında təmir-bərpa işlərinin aparılması məqsədilə 4,5 milyon manat vəsait ayrılmışdır. Bununla əlaqədar həmin bəndlərdə torpaqbərkitmə işləri görülmüş, dəmir-beton konstruksiyalar quraşdırılmış, siyirtmələr və suaxıdıcı borular dəyişdirilmişdir. Hazırda son tamamlama işləri görülən bəndlərin istifadəyə verilməsi əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasında mühüm rol oynayacaqdır.

Əhalinin məşğulluğu təmin edilir



Bu gün Cəilabadda kənd təsərrüfatının və sənayenin inkişaf etdirilməsi əhalinin məşğulluğunun təmin olunmasına da müsbət təsir göstərməkdədir. Belə ki, təkcə cari ilin birinci rübündə 2545 yeni iş yeri açılmış, 755 nəfər ictimai işlərə, 341 nəfər isə özünüməşğulluq proqramına cəlb edilmişdir. Yaz mövsümündə Cəlilabad-Uzuntəpə və Cəlilabad-Qarazəncir-Bayxanlı avtomobil yolunun ətrafında 20 mindən çox bəzək ağacı və gül kolları əkilmiş, Cəlilabad-Biləsuvar avtomobil yolunun kənarında tarlaqoruyucu meşə zolaqları salınmışdır. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən hazırda 10 kənddə modul tipli məktəb tikilir. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən 5 il ərzində Cəlilabad şəhərinin Yeni yaşayış massivində 624 şagird yerlik tam orta məktəbin, habelə 15 orta, ümumi və ibtidai məktəbin tikilməsi, Cəlilabad peşə liseyinin və 4 tam orta məktəbin təmir edilməsi nəzərdə tutulmuşdur. Əlbəttə ki, bu göstəricilər də vətəndaşların məşğulluğu məsələsinin müsbət həllinə əhəmiyyətli təsir göstərən amillərdəndir.

Əhali ilə mütəmadi keçirilən qəbul-görüşlər rayonda sosial problemlərin həllini və iqtisadi inkişafı təmin edir



Aydındır ki, istənilən bir rayonda qarşıda duran vəzifələri uğurla həyata keçirmək üçün, ilk növbədə sadə vətəndaşların mövcud problemlərilə maraqlanmaq, onların həllinə çalışmaq və məhz bu yolla da rayonda əhali ilə icra strukturları arasında qarşılıqlı hörmət və etimad əsasında qurulmuş birliyə nail olmaq lazımdır. Birmənalı olaraq demək olar ki, Cəlilabad RİH-nin başçısı Namiq Zeynalovun da fəaliyyəti əsasən məhz bu prinsiplər üzərində qurulub. Belə ki, icra başçısı mütəmadi olaraq rayonun müxtəlif ərazilərində vətəndaşlarla qəbul-görüşlər keçirir. Bu görüşlər zamanı vətəndaşların şikayət və təkliflərini dinlənilir, mövcud problemlərin operativ həlli üçün müvafiq tədbirlər görülür. Eləcə də cari ilin təkcə may ayı ərzində rayonun Zəhmətabad, Məşədilər, Komanlı, Şükürlü, Kürdlər, kənd sakinləri ilə səyyar qəbul-görüşlər keçirilib. Sonuncu belə qəbul-görüş isə 30 may 2019-cu il tarixində rayonun Kürdlər kəndində keçirilmişdir.Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov ölkədə Prezident İlham Əliyev tərəfindən aparılan sosial-iqtisadi islahatlardan danışmış, Cəlilabad rayonunda aparılan abadlıq və quruculuq işləri haqqında vətəndaşlara məlumat vermişdir. Bütün digər qəbul-görüşlərdə olduğu kimi, bu görüşdə də rayon sakinlərinin rəy və təklifləri, müraciət və şikayətləri rayon rəhbərliyi tərəfindən dinlənilib, vətəndaşlara müvafiq izahatlar verilib. Vətəndaşlar Kürdlər kəndinin qazlaşdırılması, kənd ərazisində olan elektrik dirək və naqillərin yeniləri ilə əvəz edilməsi, Xanılı kəndində həkim məntəqəsinin inşa edilməsi və kənddaxili yolların təmir edilməsi haqqında müraciət etmişlər. Sakinlər tərəfindən qaldırılan məsələlər qanunvericiliyə uyğun, operativ həlli üçün qeydiyyata götürülərək, əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.



Bütün bu sadaladığımız işlər bu gün Cəlilabadda gedən dinamik iqtisadi-sosial inkişafı təmin edən proseslərin sadəcə bir hissəsini əks etdirir. Bununla belə, yalnız bu prosesləri müşahidə etməklə də belə bir qənaətə gəlmək olur ki, Cəlilabad RİH-nin başçısı cənab Namiq Zeynalovun rəhbərliyi altında rayonun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması istiqamətində işlər yüksək effektivliklə həyata keçirilməkdədir. Lakin təəssüflər olsun ki, bəzi media qurumları bütün bu quruculuq işlərini görməzdən gələrək, RİH- nin, eləcə də sadalanan işlərə cəlb olunan digər müəssisə və təşkilatların fəaliyyətlərinə nədənsə ləkə yaxmağa çalışırlar. Həm də bəzən bu cəhdlər elə ağlasığmaz ittihamlarla müşayiət olunur ki, yazılan böhtanlara gülməkmi, yoxsa qəzəblənməkmi lazım olduğunu belə müəyyən edə bilmirsən. Məsələn, rayonda gedən bu dinamik quruculuq işlərinin, RİH başçısının mütəmadi olaraq əhali ilə keçirdiyi qəbul-görüşlərin fonunda Namiq Zeynalovu kabinetindən çıxmayan bir məmur kimi təqdim etməyə qərar verən mətbu orqanının bu cəhdini necə qiymətləndirə bilərik..?

Aydındır ki, belə yazıların əsasında konkret sifarişlər durur. Amma gərək sifarişi də icra edəndə, ən azından məntiqə, reallığa zidd olmayan mülahizələr irəli sürəsən. Yox, əgər beləsini də tapa bilmirsənsə, bu zaman ümumiyyətlə sussan daha yaxşıdır.


Abbas Abbasov
Elbrus Bağırov
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024