Mobil versiya
Melioratorlarımız üçün bayram bayrama qarışacaq
Tarix: 3-06-2019, 13:10 | Saat: 15:47:00
Bölmə:Manşet / Ölkə / Seçilənlər-2 | çapa göndər

Melioratorlarımız üçün bayram bayrama qarışacaq


Bu il iyun ayının 5-də Azərbaycanın melioratorları üçün ikiqat sevincli gün olacaq. Bir tərəfdən onlar bütün xalqımız kimi müqəddəs Ramazan ayının bitməsini bayram edəcək, digər tərəfdən də hər il olduğu kimi, özlərinin peşə bayramlarını qeyd edəcəklər.

Məlum olduğu kimi, 2007-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə iyunun 5-i “Meliorator günü” kimi təsis edilmişdir. Qeyd etmək lazımdır ki, həmin tarix melioratorların peşə bayramı kimi heç də təsadüfi olaraq seçilməmişdir. Belə ki, məhz 1996-cı il iyunun 5-də ulu öndər Heydər Əliyev MDB məkanında ilk dəfə olaraq “Meliorasiya və irriqasiya haqqında” Qanunu imzalamışdır. Azərbaycanda müasir meliorasiya və irriqasiyanın təməlinin hələ keçən əsrin əvvəllərində qoyulmasına baxmayaraq, bu sahənin inkişafı Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrdən başlamışdır. Ulu öndərin şəxsi təşəbbüsü ilə bu sahədə böyük quruculuq işləri aparılmış, güclü istehsal bazasına, tikinti və istismar təşkilatlarına, elmi-tədqiqat, layihə-axtarış institutlarına malik ixtisaslaşdırılmış meliorasiya infrastrukturu yaradılmışdır. Artıq müstəqillik dövründə təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bir çox layihələr Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində vaxtında başa çatdırılmış, yeni proqramların icrasına başlanmışdır.

Təbii ki, melioratorlar da onlara dövlət tərəfindən göstərilən bu yüksək diqqət və qayğının müqabilində hər yeni gün ötən gündən daha effektiv çalışmağa, qarşıya qoyulan tapşırıq və vəzifələrin öhdəsindən ləyaqətlə gəlməyə çalışırlar. Elə növbəti peşə bayramlarını da Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin kollektivi bir çox konkret nailiyyətlərlə qeyd edəcəklər.

Ötən il bir sıra önəmli açılışlar reallaşdı

Məlum olduğu kimi, 2018-ci ilin Meliorator günündə, yəni iyunun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək yolu ilə kəsişmə qurğusunun və ondan sonrakı 4,95 kilometrlik hissəsinin açılış mərasimi keçirilmişdi. Həmin vaxt tikinti işlərinin tamamlanması ilə Goranboy rayonunun 8000 hektar torpaq sahəsinə suvarma suyu çatdırıldı. Bundan sonra, sanki bu bayram açılış mərasimi ilə bir tendensiyanın əsası qoyuldu. Blə ki, cəmi dörd ay sonra Lerik rayonunda 1100 metr uzunluğunda çirkab su kollektor xəttinin çəkilməsi və çirkab sutəmizləmə qurğusunda mexaniki avadanlıqların quraşdırılması işləri yekunlaşdı. 2018-ci il 15 oktyabr tarixində isə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerik şəhərinin içməli su sisteminin və kanalizasiya şəbəkəsinin əhalinin istifadəsinə verilməsi mərasimində iştirak etdi.




Bundan az müddət sonra Arazın yeni qolundan torpaq sahələrinə suvarma suyunun verilməsi üçün paylayıcı kanalların tikintisi üzrə 1-ci mərhələdə İmişli və Biləsuvar rayonlarının 16 min 863 hektar yeni suvarılan torpaq sahələrinə suvarma suyunun çatdırılması üçün 37 kilometr paylayıcı kanalların tikintisi üzrə işlər yerinə yetirildi.

Kanalda betonlama işlərinin başa çatdırılması ilə əlavə olaraq 13 min 145 hektar yeni suvarılacaq torpaq sahələrinə suvarma suyunun çatdırılması təmin olundu. 2018-ci il oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Araz çayının yeni qol kanalının istifadəyə verilməsinin açılış mərasimi keçirildi.



Həmçinin ötən ilin payızında aqroparkların və iri təsərrüfatların yaradılması məqsədilə Goranboy, Şabran və Xaçmaz rayonlarının ərazisində həmin təsərrüfatlar yaradılan ərazilərə suvarma suyunun verilməsi üçün nəqledici boru kəməri çəkildi, torpaq sahəsinin meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün kollektor-drenaj şəbəkəsinin tikintisi üzrə işlər görüldü.

2018-ci il oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə “Ulu Aqro” MMC-nin Qax Aqroparkının açılış mərasimi keçirildi.

Cari ildə daha 80 min hektar su ilə təmin olunacaq




Təqdim olunan statistik məlumatlara görə, 2018-ci ildə meliorativ tədbirlər görməklə 100 min hektar torpağa su verilməsi təmin edilmişdi. Bu il isə, artıq verilən təkliflərə görə ən azı daha 80 min hektara suyun verilməsi nəzərdə tutulur. Bundan əlavə, 300 subartezian quyusunun qazılması planlaşdırılıb ki, bu istiqamətdə də işlər artıq tam sürətlə aparılır. Bu subartezian quyularının qazılması kəndlərdə həm içməli suya olan tələbatı ödəyir, həm də ki, kənd təsərrüfatına xidmət göstərir. Qeyd edək ki, bu məlumatlar Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında etdiyi çıxışında öz əksini tapıb. Dövlətimizin başçısı bildirib ki, həm 2017-ci ildə 100 min hektara, həm də keçən il 100 min hektara suyun verilməsi kənd təsərrüfatına çox böyük dəstəkdir.

ASC-nin rəhbərliyi tərəfindən vətəndaşların problemlərinə diqqətlə yanaşılır




Mərkəzi İcra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin aprel və may aylarında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə 24 aprel 2019-cu il tarixində Bərdə şəhərində Bərdə, Yevlax, Ağdam, Tərtər rayonlarının sakinlərini və mayın 22-də Kürdəmir şəhərində Kürdəmir və Ucar rayonlarının sakinlərini fərdi qaydada qəbul edib. Bərdədə keçirilən qəbulda 37 vətəndaşın, Kürdəmirdə isə daha 56 vətəndaşın müraciət və şikayətlərinə baxılıb. Müraciətlər əsasən suvarma suyundan əziyyət çəkən fermerlərin su təchizatının yaxşılaşdırılması, yeni subartezian quyularının qazılması, nasos stansiyalarının qurulması və təmiri, suvarma kanallarının lildən təmizlənməsi və s. kimi məsələlərlə bağlı olub. Qəbul zamanı hər bir vətəndaşın müraciəti Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə tərəfindən diqqətlə dinlənilib, qaldırılan məsələlərin bir qismi elə yerində öz həllini tapıb, digər müraciətlər üzrə ASC-nin məsul işçilərinə müvafiq tapşırıqlar verilib. Araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb. Həmçinin mayın 22-də ASC sədrnin müavini Zakir Quliyev Ağdaşda 15 və digər müavini Rafiq Aslanov isə Göyçayda 11 vətəndaşı fərdi qaydada qəbul ediblər.



Göründüyü kimi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin istər rəhbərliyi, istərsə də işçi kollektivi dövlətimiz tərəfindən qarşıya qoyulmuş tapşırıq və öhdəliklərin vaxtında və səmərəli icrası üçün əzm və fədakarlıqla çalışırlar. Biz də bütün melioratorlarımızı qarşıdan gələn Ramazan bayramı və əlbəttə ki, 5 iyun “Meliorator günü” münasibətilə səmimi qəlbdən təbrik edir, onlara bu çətin və şərəfli işlərində yeni-yeni nailiyyətlər arzulayırıq!

aia.az
Abbas Abbasov
Elbrus Bağırov



5100 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-06-2019
14-06-2019
«    Июнь 2019    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930