Mobil versiya
“Azərpoçt” MMC – göstərilən xidmətlər yüksək standartlara uyğundur
Tarix: 29-05-2019 | Saat: 12:36
Bölmə:Manşet / Gündəm | çapa göndər

“Azərpoçt” MMC – göstərilən xidmətlər yüksək standartlara uyğundur



Ölkənin milli poçt operatoru olaraq, “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti hazırda respublika ərazisində ən geniş xidmət şəbəkəsinə malik olmaqla, əhalinin bütün təbəqələrinə və eləcə də hüquqi şəxslərə münasib qiymətlərlə ənənəvi və qeyri-ənənəvi poçt xidmətlərinin və poçt-maliyyə xidmətlərinin göstərilməsini həyata keçirir. Poçt şöbələrinin müasir standartlara uyğun kompüterləşməsi, texniki avadanlıqlarla təchizatı və informasiya texnologiyalarının ən son nailiyyətlərinin bu sahədə geniş tətbiqi göstərilən xidmətlərin yüksək keyfiyyətinə və etibarlılığına tam təminat verir. Bu gün respublikamızda milli poçt operatoru olan “Azərpoçt” MMC ilə yanaşı, 60-dan çox özəl poçt operatoru vasitəsilə hüquqi və fiziki şəxslərə sürətli və kuryer poçt xidmətləri göstərilir. Lakin Azərbaycan poçtu bugünkü səviyyəyə çatana qədər keşməkeşli və eyni zamanda şərəfli bir yol keçməli olmuşdur.

Tarixə bir nəzər

Ölkəmizdə müasir formada poçtun yaranması XIX əsrin əvvəllərinə təsadüf edir. Belə ki, 1818-ci ildə Gəncə şəhərində ilk poçt kontoru açılıb. Növbəti 100 il ərzində poçt rabitəsi şəbəkəsi genişlənərək demək olar ki, Azərbaycanın bütün ərazisini əhatə edib. Ölkəmizin Rusiya, İran, Gürcüstanla poçt əlaqələri qurulub. Nəhayət Azərbaycanda ilk poçt rabitəsinin yaranmasından 100 il sonra, 1918-ci il oktyabr ayının 6-da Poçt və Teleqraf Nazirliyi yaradılıb.

Şərti olaraq Azərbaycan poçtunun inkişafında növbəti bir mərhələ kimi, Sovet hakimiyyətinin İkinci Dünya Müharibəsinə qədərki dövrünü, yəni 1920-1940-cı illəri qeyd etmək olar. Bu dövrdə respublikada iqtisadiyyatın və mədəniyyətin inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşması poçt xidmətlərinə olan tələbatı daha da artırıb. Nəticədə, 1920-ci ilə nisbətən poçt rabitəsi şəbəkələrinin sayı 9 dəfə artaraq 524-ə çatdırılıb. Poçt müəssisələrinin 402 ədədi və ya 76,7%-i kəndlərdə yerləşirdi. Poçt marşrutlarının məsafəsi 1940-cı ildə 2,6 dəfə artaraq 6767 km təşkil etmişdi.



Azərbaycan poçtunun ən çətin və həm də ən şərəfli dövrü İkinci Dünya Müharibəsi illərinə təsadüf edir ki, bu illərdə xüsusilə poçtalyonların fədakarlığını qeyd etmək yerinə düşərdi. Bu dövrdə poçt işçilərinin üzərinə ikiqat məsuliyyət düşürdü, çünki poçt göndərişlərinin həcminin artması və əsgər məktublarının vaxtında ünvanlara çatdırılması bütün mənalarda məsuliyyət və iradə tələb edirdi. Bu çətinliklərə baxmayaraq, müharibə illərində poçt işçiləri öz üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirirdilər. 1945-ci ildə Bakıda Beynəlxalq Poçt Ekspedisiyası təşkil edilməsi beynəlxalq poçt göndərişlərinin hərəkətinə, qorunub saxlanmasına və çatdırılmasına daha yaxşı nəzarət edilməsi imkanı yaratmış oldu.

Müharibədən sonrakı illərdə iqtisadiyyatın digər sahələrində olduğu kimi, poçt sahəsinin inkişafında da əhəmiyyətli işlər görülüb. Belə ki, 1970-ci ildə respublikada poçt rabitəsi müəssisələrinin sayı 3 dəfə artaraq 1590-a, o cümlədən kənd yerlərində 1171-ə çatıb. Bundan başqa, məktub korrespondensiyasının sayı 3 dəfə, bağlamalar 2 dəfə, qəzet və jurnallar 6,5 dəfə, poçt marşrutlarının məsafəsi 3 dəfə artaraq 20023 km, avtomobil marşrutlarının sayı 9 dəfə artaraq 1705 min km təşkil edib.

Müstəqillik dövrü – “Azərpoçt” İB-dən MMC-yə

XX əsrin sonunda keçmiş SSRİ-nin dağılması və respublikamızın müstəqillik əldə etməsi ilə poçt rabitəsinin inkişafında da yeni mərhələyə start verilib. Müstəqilliyin ilk illərində digər qonşu ölkələrdə olduğu kimi, Azərbaycanda da poçt rabitəsi özünün ən çətin dövrlərindən birini yaşayıb. Lakin 1997-ci il yanvar ayının 1-dən etibarən poçt rabitəsinin elektrik rabitəsindən ayrılaraq müstəqil bir qurum kimi fəaliyyətə başlaması ilə poçt rabitəsi özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Beləliklə 1997-ci ildə “Azərpoçt” İstehsalat Birliyi kimi işini davam etdirdi. Həyata keçirilən məqsədyönlü tədbirlər və uğurlu kadr islahatları çərçivəsində 1997-ci ilin mart ayında poçt rabitəsinin qısamüddətli “Dirçəliş və inkişaf proqramı” qəbul olunub, dekabr ayında isə “1998-2003-cü illər üçün poçt rabitəsinin inkişaf konsepsiyası” təsdiq edilib. 1999-cu ildən “Azərpoçt” Dövlət Müəssisəsi kimi fəaliyyət göstərib. Nəticədə 2000-ci ildən etibarən poçt rabitəsi yenidən rentabelli fəaliyyət göstərməyə başlayıb. 2002-ci ildə poçt rabitəsi xidmətlərinin göstərilməsi proseslərini tənzimləyən ilk milli “Poçt rabitəsi Qaydaları” hazırlanaraq, müvafiq qaydada qeydiyyatdan keçirilib və istifadə üçün poçt rabitəsi müəssisələrinə göndərilib. 07.10.2004-cü il tarixindən “Azərpoçt” DM Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzdində fəaliyyət göstətərn milli operator kimi, 31.08.2009-cu il tarixindən isə “Azərpoçt” DM-nin təşkilatı-hüquqi forması dəyişdirilərək “Azərpoçt” MMC kimi fəaliyyətini davam etdirib.

Beynəlxalq əlaqələr beynəlxalq uğurlara zəmin yaradır

Azərbaycan Poçt Administrasiyası 1991-ci ildə Regional Rabitə Birliyinə (RRB), 1992-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT), 1993-cü ildə Ümumdünya Poçt İttifaqına (ÜPİ), 2000-ci ildə Poçt və Telekommunikasiya Administrasiyalarının Avropa Konfransı təşkilatına (CEPT) üzv qəbul edilib. Azərbaycan poçtunun ən böyük uğurlarından biri kimi ölkəmiz ÜPİ-nin 2004-cü ildə Buxarestdə keçirilən 23-cü Konqresində ilk dəfə olaraq, bu təşkilatın ali orqanı olan Administrativ Şuraya, 2008-ci ildə Cenevrədə keçirilən 24-cü Konqresində təşkilatın hər iki ali orqanına - Administrativ Şuraya və Poçt İstismarı Şurasına, 2016-cı ildə İstanbulda keçirilən 26-cı Konqresində isə yenidən Poçt İstismarı Şurasına üzv seçilib.



“Azərpoçt” MMC 1998-ci ildən etibarən ÜPİ-nin EMS (sürətli poçt) Kooperativinin üzvü, ÜPİ Poçt Texnologiyaları Mərkəzinin məhsullarının aktiv istifadəçisidir. Belə ki, “Azərpoçt” MMC öz fəaliyyətində 2001-ci ildən “IPS.light” izləmə sistemini, 2005-ci ildən IFS/STEFI beynəlxalq pul köçürmələri sistemini, 2013-cü ildən Qlobal monitorinq sistemini, 2016-cı ildən “IPS.Post” yeni izləmə sistemini tətbiq etməklə, bu sistemlərin imkanlarından faydalanmaqdadır.

2010-cu ildə Azərbaycan Mərkəzi Bankı tərəfindən milli poçt operatoruna maliyyə xidmətlərinin göstərilməsi üzrə razılıq (lisenziya) verildikdən sonra “Azərpoçt” MMC Beynəlxalq ödəniş sistemləri olan SWIFT-ə, 2011-ci ildən “MasterCard” ödəniş sisteminə, ölkə daxilində isə XÖHKS-ə, AZİPS, HÖP-ə və digər ödəniş sistemlərinə qoşularaq bu sistemlərin imkanlarından istifadə edir. “Azərpoçt” MMC-nin beynəlxalq sahədəki uğurlarından biri də ÜPİ-nin EMS Kooperativi tərəfindən sürətli poçt xidmətlərinin keyfiyyəti üzrə dünyanın 160-dan artıq poçt operatoru arasında keçirilən yarışlarda “Azərekspresspoçt” RM-nin ardıcıl 9 dəfə qızıl səviyyəli Sertifikatına layiq görülməsidir.




Azərbaycanın yerləşdiyi əlverişli geostrateji mövqe, ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində respublikamızda regional və beynəlxalq nəqliyyat dəhlizlərinin formalaşması və Bakının iri nəqliyyat-logistika mərkəzinə çevrilməsi beynəlxalq elektron ticarət məhsullarının poçt vasitəsilə daşınma və çatdırılması baxımından ölkəmiz üçün yeni imkanlar açıb. Hazırda Azərbaycan Poçtunun ölkələrarası elektron kommersiyanın həyata keçirilməsi üçün regional tranzit poçt mərkəzi (HUB) kimi fəaliyyət göstərməsi sahəsində layihə həyata keçirilir. Bu məqsədlə “Azərpoçt” MMC və geniş beynəlxalq avia daşıma imkanlarına malik “Silk Way” Aviaşirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb və 2016-cı ilin iyul ayından fəaliyyətə başlanıb.

Rəhbərlik etibarlı əllərdədir

Təbii ki, yuxarıda qeyd olunanlar bu gün “Azərpoçt” MMC tərəfindən həyata keçirilən çoxşaxəli fəaliyyətin yalnız bir hissəsidir. Bununla belə, hətta bu kiçik hissənin də əslində malik olduğu böyük miqyasları yazı vasitəsilə təsvir etmək mümkün deyildir. Bütün bunlar isə, poçt rabitəsinin reallıqda çox mürəkkəb və əhatəli bir sahə olduğuna dəlalət edir. Heç şübhəsiz bu sahənin fasiləsiz və effektiv işləkliyini təmin etmək üçün də sistemin bacarıqlı və səriştəli rəhbərlik tərəfindən idarə olunması tələb olunur. Məhz bu baxımdan da təxminən bir il bundan öncə “Azərpoçt” MMC-nin Baş direktoru vəzifəsinə Emin Əfəndiyevin təyin olunması geniş ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı. Poçt rabitəsi üzrə mütəxəssislər isə, bu təyinatı son dərəcə düzgün və vaxtında atılmış addım kimi qiymətləndirirlər.




Qısa arayış:

Əfəndiyev Emin Ramiq oğlu 1970-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1987-1992-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun İnşaat mühəndisi ixtisası üzrə Mülki sənaye tikinti fakültəsində, 1994-1996-cı illərdə Bakı Ali Menecer kollecində Bankir-mühasib ixtisası üzrə təhsil almışdır. Əmək fəaliyyətinə 1992-ci ildə Azərbaycan Respublikası Material Ehtiyatları Nazirliyinin “Azərtikinti materialları” idarəsində böyük mühəndis vəzifəsindən başlamışdır. Daha sonra iqtisadçı, baş mühasibin müavini və baş mühasib vəzifələrində çalışmışdır.

1996-2004-cü illərdə Rossiyskiy Kredit BKB Rusiya-Azərbaycan birgə bankında mütəxəssis, şöbə müdiri, department müdiri, idarə heyətinin sədrinin müavini və idarə heyətinin sədri vəzifələrində işləmişdir.

2004-2009-cu illərdə AZAL SKB idarə heyətinin sədrinin müavini olmuşdur.

2009-2015-ci illərdə Kapital Bankda filial müdiri vəzifəsində çalışmışdır.

2015-2018-ci illərdə Bank MBA-Moskva Azərbaycan Beynəlxalq Bankının Rusiya Federasiyasındakı törəmə bankında idarə heyətinin sədri vəzifəsində işləmişdir.

2018-ci ilin aprel ayından “Azərpoçt” MMC-nin Baş direktoru vəzifəsinə təyin olunmuşdur.

Əldə etdiyimiz məlumatlara əsaslanaraq deyə bilərik ki, Emin Əfəndiyev indiyədək tutduğu vəzifələrin hər birində özünü peşəkar mütəxəssis və təcrübəli idarəçi kimi təqdim edə bilmişdir. Bu gün də onun malik olduğu bu keyfiyyətlər “Azərpoçt” MMC-nin ən səmərəli şəkildə işləkliyinin təmin olunmasına yönəldilib.




Təəssüflər olsun ki, öz işinin peşəkarı olan, xalqına və dövlətinə sədaqətlə xidmət edən bir çox digər rəhbər vəzifəli şəxslər kimi, Emin müəllimin də fəaliyyəti bəzi “ədalət carçıları”nın şəxsi planları ilə uyğun gəlmir. Məsələ bundadır ki, hər bir peşəkar ilk növbədə ona tapşırılmış sahənin işləkliyini və inkişafını təmin etmək barədə düşünür. Bu məqsədlərə mane olan amillər isə təbii ki, aradan qaldırılmalıdır. Bu baxımdan təbii ki, “Azərpoçt” MMC-nin yeni rəhbərinin yürütdüyü mütərəqqi kadr siyasəti müəssisənin şöbələrində illərdən bəri oturuşmuş, yeniliklərə açıq olmayan, müasir tələblərə cavab verə bilməyən köhnə kadrların maraqları ilə ziddiyyət yarada biləcək. Məhz bunun da nəticəsi olaraq bu gün bəzi saytlarda Emin Əfəndiyevə qarşı şər və böhtan kampaniyalarının aparıldığını görürük. Bununla bağlı dəyərli həmkarlarımıza demək istərdik ki, kimlərinsə maraqlarını müdafiə etməyə qərar verməzdən öncə, ən azından bu maraqların cəmiyyətimizin ümumi mənafeyinə nə qədər uyğun olub-olmadığını da araşdırıb, nəzərə alsınlar.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024