Mobil versiya
Azərbaycan müharibəyə hazırlaşır - Sensasion iddialar
Tarix: 24-05-2019 | Saat: 11:09
Bölmə:Manşet / Gündəm | çapa göndər

Azərbaycan müharibəyə hazırlaşır


Mayın 20-dən etibarən başlayan Azərbaycan ordusunun müxtəlif qoşun növlərinin, qisim, birlik və birləşmələrin cəlb edilməsi ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri bu gün başa çatır. 4 gün davam edən təlimlərdən düşmən Ermənistan ciddi şəkildə narahat olmağa başlayıb.

Erməni mətbuatında Azərbaycanın hücuma hazırlaşdığı barədə xəbərlər dərc olunmaqdadır. Hətta erməni baş nazir Nikol Paşinyanın hücum planından narahat olduğunu ermənilərin özləri təsdiqləyirlər.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Azərbaycanın Ermənistandakı mövcud durumdan yararlanmasını vacib sayır: "Təlimlər üçün ən əlverişli zamandır. Çünki Ermənistanın özündə qarışıqlıqdır. Paşinyan ”Qarabağ klanı" ilə faktiki savaşa girişib. Açıq deyim ki, biz bu savaşın qızışmasında daha çox maraqlı olmalıyıq. Çünki vaxtilə 90-cı illərdə Azərbaycanda xaos, hakimiyyət boşluğu olanda erməni separatçıları Rusiyadakı bəlli mərkəzlərin dəstəyi ilə torpaqlarımızı işğal etdi.

Eyni situasiya Ermənistan üçün də yarana bilər. Diplomatik və hərbi təzyiqlərimizi artırmalıyıq. Təlimlər də təzyiqin bir növüdür. Fikir verin, Paşinyan insanları məhkəmənin qarşısında yığışmağa çağırmışdı, amma sonradan fikri dəyişdi. Qorxdu ki, təlimlər keçirilir və Azərbaycan bundan istifadə edə bilər. Genişmiqyaslı təlimlərin davamlı olmasının çox ciddi siyasi və hərbi məqsədi var. Biz Ermənistana psixoloji və hərbi təzyiqləri artırmalıyıq. Eyni zamanda təlimlərin sayını da artırmaq lazımdır".

Hərbi icmalçı Ramil Məmmədli bu təlimlərin önəmindən danışıb: "Orduda təlim və məşqlər real döyüşdə qələbənin - uğurun əsasını təşkil edir. Bu, qəbul olunmuş düsturdur. Azərbaycan ordusu da onun qarşısına qoyulan vəzifənin icrası üçün ilbəil təlimlərin sayını artırır. Son illərdə isə ordumuz ildə bir neçə dəfə irimiqyaslı təlimlər keçirir. Bu təlimlər hərbi birləşmələrin əlaqəli döyüş aparmaq bacarığını daha da təkmilləşdirir və işğal edilmiş torpaqlarımızın azad edilməsi üçün başlanacaq hərbi əməliyyatlarda qələbə çalacağımıza ümid verir. O ki qaldı təlimlərin niyə bu günlərdə keçirilməsinə, əlbəttə ki, bununla bağlı konkret fikir söyləmək mümkün deyil. Lakin düşünürəm ki, Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımların hər birində siyasi çalarlar olur. Bu təlimi də biz Ermənistana, onu dəstəkləyən qüvvələrə ismarış kimi də qiymətləndirə bilərik. Yəni bu iri miqyaslı təlimləri təsadüfi kimi qiymətləndirmək də sadəlövhlük olardı”.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emil Həsənli Azərbaycanın hər an müharibəyə başlamaq hüququnun olduğunu bildirib: "Azərbaycan hər il bu cür təlimlər keçirir. Bunun üçün güclü ordumuz, büdcəmiz və ali baş komandanımızın tətbiq etdiyi plan var. Bu plana uyğun olaraq hər il genişmiqyaslı təlimlər keçiririk. Ermənistan tərəfin narahatlığına gəlincə, Azərbaycanın BMT-nin nizamnaməsinin bəndlərinə uyğun olaraq, hüquqi var ki, torpaqlarını istədiyi vaxt işğaldan azad etsin. Hər bir dövlətin olduğu kimi, Azərbaycanın da suveren hüquqi var. 2016-cı ilin aprel döyüşləri çox şeyi sübut etdi. Hamımız onu gözləyirik ki, əməliyyatlar başlasın. O əməliyyat olarsa, bu dəfə Ermənistan daha ağır zərbə alacaq, ordumuz Qarabağı azad edəcək”. "Yeni Müsavat”


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024