Mobil versiya
Milli İncəsənət Muzeyi – tariximiz, qürurumuz, sərvətimiz
Tarix: 17-05-2019 | Saat: 12:36
Bölmə:Manşet / Gündəm / Seçilənlər-1 | çapa göndər

Milli İncəsənət Muzeyi –



Artıq 83 ildir ki, Rüstəm Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyi öz səmərəli fəaliyyətilə Azərbaycan incəsənətinin təbliği işinə misilsiz tövhələrini verməkdədir

Rüstəm Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyi – Azərbaycanın ən böyük incəsənət muzeyidir və muzeydə on səkkiz mindən çox eksponat saxlanılır. Muzeydə Qədim Şərq və Azərbaycan, Rusiya və Qərbi Avropa incəsənətinin müxtəlif dövrlərini əhatə edən incəsənət əsərləri nümayiş etdirilir. Muzey kolleksiyasında olan dəyərli sənət nümunələrinin Kanada (1966), Kuba (1967), Suriya (1968), Fransa (1969), Çexoslovakiya (1970), Əlcəzair (1970), İraq (1971) və sair ölkələrdə sərgisi təşkil edilib.1936-cı ildə əsası qoyulmuş muzey, 1943-cü ildən realist teatr-dekorasiya sənətinin yaradıcılarından biri olan Rüstəm Mustafayevin adını daşıyır.

Tarixin səhifələrində

1920-ci ildə Azərbaycan Dövlət Muzeyinin tərkibində təsviri sənətlər bölməsi yaradılmışdı. Həmin bölmədə toplanmış əsərlərin, xüsusilə rəngkarlıq nümunələrinin dəyəri nəzərə alınaraq, 1936-cı ildə həmin bölmənin əsasında ayrıca bir muzeyin - Azərbaycan Dövlət İncəsənət Muzeyinin yaradılması qərara alınmışdı. Əvvəlcə incəsənət bölməsi keçmişdə Hacı Zeynalabdin Tağıyevin sarayı olmuş, indiki Azərbaycan Tarix Muzeyinin binasında yerləşirdi. Muzeyin rəsmi açılışı 1937-ci ildə baş tutdu. Daha sonra muzey, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin beşinci mərtəbəsində yerləşdirildi.



Azərbaycan Dövlət İncəsənət Muzeyi 1943-cü ildən Azərbaycanda realist teatr-dekorasiya sənətinin yaradıcılarından biri olan Rüstəm Mustafayevin adını daşımağa başlayır. 1950-ci illərin əvvəllərindən başlayaraq muzey, Bakıdakı bir neçə tarixi binada müvəqqəti sərgi və ekspozisiyalar təşkil edir. Həmin dövrdə muzeydə çalışmağa başlayan gənc sənətşünaslar Rasim Əfəndiyev, Nürəddin Qayıbov, Mürsəl Nəcəfov, sonradan Böyük Vətən Müharibəsində həlak olmuş qəhrəman Mehdi Hüseynzadə və başqaları Azərbaycan sənətşünaslığının təməllərini formalaşdırdılar. Sonrakı uzun illər ərzində muzeyə Azərbaycanın Xalq Rəssamları və SSRİ dövlət Mükafatı Lauretları olan Salam Salamzadə, Kazım Kazımzadə, İbrahim Zeynalov kimi şəxsiyyətlər rəhbərlik etmişlər. 2010-cu ildən isə, Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru vəzifəsində Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev çalışır.

1951-ci ildə Azərbaycan SSR Kommunist Partiyası MK-nın I katibi Mircəfər Bağırov “De Burun sarayı” kimi məşhur olan tarixi binanı muzeyə verdi. Çkalov 9 (keçmiş Sadovaya, hazırda Niyazi küçəsi) ünvanında yerləşən bu sarayda əvvəllər “Kaspi Tərəfdaşlığı” Səhmdar Cəmiyyəti və Azərbaycan İnqlab Komitəsi yerləşmişdi. Yeni binaya köçdükdən sonra muzeyin yeni ekspozisiyası tərtib olundu və bu ekspozisiyada muzeyin fondunda olan ən gözəl sənət nümunələrinin nümayişinə başlanıldı. Bundan sonra muzey həm də sənətşünaslıq tədqiqatlarının aparıldığı böyük bir mərkəz kimi fəaliyyət göstərməyə başladı. Həmçinin muzey müxtəlif mədəni tədbirlərin: rəssamlar və musiqiçilərin yaradıcılıq gecələrinin, ziyalılarla görüşlərin təşkilinə start verdi.



Müstəqillik illərində başlanmış yeni həyat

SSRİ-nin süqutundan sonra Azərbaycan höküməti və prezidentinin qərarı ilə 1888-ci ildə “Marrinski qadın gimnaziyası” kimi inşa edilmiş, daha sonra isə şəhər komitəsinin yerləşdiyi tarixi bina da muzeyə verildi. Yeni binada muzeyin ikinci korpusu yaradıldı. Bundan sonra Azərbaycan Milli İncəsənət Muzeyi XIX əsrdə inşa edilən iki yanaşı tarixi binada fəaliyyətini davam etməyə başladı. Burada çox sayda qiymətli sənət əsərinin yerləşdirilməsi və ekspozisiyanın ildən-ilə zənginləşdirilməsi bu sənət məbədinə marağı daha da artırıb. Zaman keçdikcə təbii aşınmalar nadir sənət nümunələrinin toplandığı bu binanın təmiri zərurətini yaradıb. Əvvəllər burada belə genişmiqyaslı təmir işləri aparılmayıb. Prezident İlham Əliyevin Sərəncamı ilə muzeydə əsaslı təmir və yenidənqurma işləri görülüb. “Mariinski Qadın Gimnaziyası” adlanan ikinci korpus 2009-cu ilin sentyabrında istifadəyə verilib.



7 iyun 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə muzeyin birinci və ikinci korpuslarını birləşdirən yeni keçid korpusun açılışı edildi. Muzeyin mövcud binaları arasında mərkəzləşdirilmiş giriş yaratmaq üçün inşa olunmuş keçid korpusunun binası memarlığın həm ampir, həm də barokko üslublarının istifadə edildiyi tarixi memarlıq abidəsidir. Xüsusi sifariş edilmiş güzgülər, çıraqlar və sobalar bu məkana gözəllik verir.

2014-2018-ci illərdə isə muzeyin “De Burun malikanəsi” adlanan korpusunda İtaliya və Azərbaycan mütəxəssislərinin birgə səyləri ilə əsaslı təmir işləri həyata keçirilib. Ötən ilin dekabrayının 18-də Azərbaycan Milli İncəsənət Muzeyinin üçüncü korpusunun əsaslı təmir və yenidənqurmadan sonra açılışı oldu. Artıq xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda şəxsən iştirak etmiş, binada yaradılan şəraitlə tanış olmuşdular.



Bərpa-təmir işlərinə başlamazdan əvvəl muzey binasında xüsusi tədqiqat aparılıb. Binanın fiziki və texniki vəziyyəti öyrənilib. Ölkə əhəmiyyətli bu memarlıq abidəsinin tavan və divarlarında mövcud yapma rəsm bəzək və digər işlər ilkin vəziyyətə gətirilib. Memarlıq və bəzək elementləri təmizlənib, bərkitmə işləri yerinə yetirilib. Uzun illər ərzində cari təmir işləri aparmaqla tavan və divarlarda yeddi qat üst-üstə vurulan boya xüsusi texnologiya ilə təmizlənərək birinci rəng qatı müəyyən edilib. Əsas giriş qapıları və bir çox daxili qapılar təmizlənərək bərpa olunub. Milli İncəsənət Muzeyində yeni yaradılan şərait sərgi zallarında yerləşdirilən əsərlərin bütün təsiredici amillərdən - nəmişlik, temperatur, ultra şüalar və digər amillərdən qorunmasını və təhlükəsizliyini təmin edir, bununla bərabər, muzeyə gələn insanların rahatlığına, eyni zamanda, baxdıqları əsərlərdən zövq almalarına şərait yaradır.Binanın memarlığı və qədimliyi saxlanılmaqla həm texniki, həm də texnoloji baxımdan lazım olan innovativ və yeni funksionallığı təmin edilib. Yenidənqurma və əsaslı təmir işləri ilə yanaşı, binada ekspozisiya zalları genişləndirilib, binanın seysmik davamlılığı artırılıb.

Muzeyin kolleksiyasına Azərbaycan və dünya incəsənətinin nadir inciləri daxildir

Bu gün on səkkiz mindən çox eksponatın saxlanıldığı Milli İncəsənət Muzeyində rəngkarlıq, qrafika, heykəltəraşlıq və tətbiqi sənət nümunələri nümayiş olunur. Üçüncü korpusda isə 2 mindən çox eksponat saxlanılır.Muzeyin ümumilikdə 60 otaqda təşkil olunmuş daimi ekspozisiyasında 3000-dən çox əsər sərgilənir.



İkinci korpusda 8 otaq antik və orta əsrlər Azərbaycan incəsənətinə, 30 otaq isə Azərbaycan rəssam və heykəltəraşlarının yaradıcılığına həsr olunub. Bu otaqlarda XVIII, XIX, XX əsr Azərbaycan sənətkarlarının işləri ilə yanaşı, orta əsrlərin müxtəlif dövrlərinə aid xalq tətbiqi sənət nümunələri, xüsusilə Azərbaycan xalçalarının müxtəlif qruplarına aid olan nadir növləri, həmçinin arxeoloji qazıntılar zamanı əldə edilmiş unikal sənət əsərləri, orta əsr geyimləri, məişət əşyaları sərgilənir. Kişi və qadın kəmərlərinin, həmçinin silahların sərgiləndiyi ayrıca zallar vardır. Bu zallarda sərgilənən sənət nümunələri qiymətli metallardan hazırlanmaqla, qiymətli və yarı-qiymətli daşlarla bəzədilmişdir.
Əlbəttə ki, muzeydə dünya incəsənəti nümunələri də nümayiş etdirilir. Ekspozisiya planına əsasən kolleksiyanı Qərbi Avropa, o cümlədən İtaliya, Hollandiya, Almaniya, Fransa, həmçinin Rusiya və Çin, Türkiyə, İran və Hindistan da daxil olmaqla Şərq incəsənəti təşkil edir. Birinci korpusda 7 otaq Avropa incəsənətinə, 10 otaq rus incəsənətinə, qalanları isə İran, Türkiyə, Yaponiya və sair dövlətlərin incəsənətinə həsr olunub.
Muzeydə aparılan təmir-bərpa işlərindən sonra, ilk dəfə olaraq Fransa zallarında fransız impressionistlərin əsərlərini görmək mümkündür. Bundan başqa, muzeyin ekspozisiyasında Rusiya avanqardı ilə yanaşı, avanqard çini məmulat və əsərləri də seyr etmək imkanı vardır. Dünyanın istənilən muzeyi burada təqdim olunan əsərlərlə fəxr edə bilər.



İncəsənətə həsr olunmuş ömür

Az öncə də qeyd etdiyimiz kimi, 2010-cu ildən Azərbaycan Milli İncəsənət MuzeyinəƏməkdar incəsənət xadimi Çingiz Fərzəliyev rəhbərlik edir.1943-cü il noyabrın 20-də, Bakı şəhərində anadan olmuş Çingiz Fərzəliyev rəssamlıq sənətinin incəliklərinə V.İ.Surikov adına Moskva Dövlət Akademik Bədii İnstitutunun boyakarlıq fakültəsində təhsil alarkən yiyələnib. 1975-ci ildən SSRİ Rəssamlıq İttifaqının üzvüdür. 1996-cı ildən respublika, ümumittifaq və beynəlxalq sərgilərin iştirakçısıdır. 2004-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında boyakarlıq kafedrasının müdiridir. Azərbaycan incəsənətinin inkişafı və təbliği işinə kifayət qədər böyük tövhələri olmuş Çingiz Fərzəliyevin xidmətlərihər zaman istər Azərbaycan dövləti, istərsə də xarici ölkələrdə yerləşən müxtəlif qurumlar tərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki, Çingiz Fərzəliyev2006-ci ildə “Azərbaycanın Əməkdar incəsənət xadimi” fəxri adınalayiq görülmüşdür. 2008-ci ildəAzərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru;
2009-ci ildə Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü;
2012-ci ildən Özbəkistan Rəssamlıq Akademiyasının fəxri professoru;
2015-ci ildə İngiltərinin Kembric Universitetinin Beynelxalq Bioqrafik İnformasiya Mərkəzinin fəxri professoru və 2015-ci ildən “Humay” Milli Mükafatı Akademiyasının üzvü seçilib.



Həmçinin Çingiz Fərzəliyev 2010-ci ildən Təsviri sənət Dövlət Ekspert Komissiyasının sədridir.

Çingiz müəllimin bu günədək layiq görüldüyü təltifatların da sırasında kifayət qədər mötəbər mükafatlar yer alıb. Bunlardan İngiltərinin Kembric Universitetinin Beynelxalq Bioqrafik Informasiya Mərkəzinin təsis etdiyi “İncəsənətdə görkəmli şəxsiyyət” mükafatını (2014),Avstriya Respublikası qarşısındakı xidmətlərinə görə təltif olunduğu "Böyük Şərəf Ordeni"ni (2015), "Avropa Nəşr Mətbuat Evi"nin "İlin ən yaxşı vətənpərvər tədqiqatçı alimi” qızıl medalını (2015) göstərmək olar. Lakin təbii ki, Çingiz Fərzəliyevin özünün bu təltifatlar sırasında daha yüksək dəyər verdiyi mükafat, onun 2018-ci ildə Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərinə görə təltif olunduğu “Şöhrət” ordenidir.
Bunu da qeyd edək ki, Çingiz Fərzəliyevinmüəllifi olduğu "Natürmort haqqında hər şey" (Bakı 2004),"Portret haqqında hər şey" (Bakı 2005),"Mənzərə haqqında hər şey" (Bakı2006),"Azərbaycan rəngkarlığının antologiyası" (Bakı 2007),"Azərbaycan Milli İncəsənət Muzeyi" (Bakı2010),"Azərbaycan xalq sənəti" (Bakı 2013)kimi əsərlər bu sahədə yaradıcılıq, tədris və ya elmi tədqiqat işləri ilə məşğul olan mütəxəssislər tərəfindən kifayət qədər yüksək qiymətləndirilirlər.

Biz də Rüstəm Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyinin başda Çingiz müəllim Fərzəliyev olmaqla, bütün kollektivinə yeni yaradıcılıq uğurları diləyirik və hər kəsi bu bənzərsiz mədəniyyət ocağını bir daha ziyarət etməyə çağırırıq.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-03-2024