Mobil versiya
Əli İnsanovla kimlər əməkdaşlıq edəcək? - Açıqlamalar
Tarix: 07-05-2019 | Saat: 10:48
Bölmə:Manşet / Siyasət | çapa göndər

Əli İnsanovla kimlər əməkdaşlıq edəcək?


Sabiq səhiyyə naziri Əli İnsanov ötən həftə "Amerikanın Səsi”nə müsahibəsində yeni siyasi təşkilat yaradacağını elan etdi. Əli İnsanov təşkilatının partiya, birlik və hərəkat formatında təşkilat olub-olmayacağı haqda konkret fikir bildirməsə də, təşkilatın siyasi qurum olacağını bir neçə dəfə təkrarladı. Siyasi təşkilatını yaxın vaxtlarda elan edəcəyini açıqlayan sabiq nazir müxalifətdəki bir sıra qurumların adını da çəkərək müxalifət təşkilatları ilə əməkdaşlıq etməyi düşündüyünü də açıqladı.

Bəs müxalifət partiyaları Əli İnsanovun təşkilatına qoşulacaqmı və ya bu təşkilatla əməkdaşlıq edəcəkmi?

Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, Əli İnsanov hələ sadəcə sözdə yeni təşkilat yaradacağının elanını verib. Ortada konkret yaradılmış bir siyasi təşkilat hələ yoxdur: "Ona görə də yaradılmamış, məqsədini, məramını rəsmi elan etməmiş bir təşkilatla əməkdaşlıq edib-etməməklə bağlı danışmağı ciddi hesab etmirəm. Rəsmən yaradılar, baxarıq görək necə təşkilatdır, nədir, nə istəyir, nədən ötrü yaradılıb.

Bunlara aydınlıq gələndən sonra sizin sualınıza cavab verə bilərik. Hazırda isə heç adam özü dəqiq nə yaradacağını sanki bilmir. Sadəcə deyir ki, təşkilat yaradacağıq. Mən axı bu gün üçün bilmirəm ki, nə yaradılacaq. Yaradarlar, bundan sonra mövqeyimizi ifadə edərik”.

ADP sədri Sərdar Cəlaloğlu da bildirdi ki, Əli İnsanov təşkilatını yaratsın, məramnaməsini ortalığa qoysun, o təşkilat əməli mübarizə aparsın, ondan sonra həmin təşkilatla əməkdaşlığın olub-olmayacağı barədə danışmaq mümkündür: ""Təşkilat yaradacağam” bəyanatı vermək hələ təşkilatın yarandığı demək deyil. Bəlkə Əli İnsanov elə bir təşkilat yaradacaq ki, biz ona nəinki qoşulmayacağıq, hətta onun əleyhinə olacağıq? İkincisi, nəyə görə bizim qədər uzun illərin müxalifətçilik təcrübəsi olan qüvvə gedib ona qoşulmalıyıq?! Hələ təşkilat yaratmamışdan ortalığa iddia qoyur. Əməkdaşlıq edib-etməmək kimi məsələlər isə siyasi işin gedişatından asılı olacaq. Yaşayırıq görərik".

VİP sədri Əli Əliyev də oxşar mövqe bildirdi: "Əvvəla, uğurlar arzulayıram. İkincisi, Əli İnsanov təşkilatını yaratsın, prinsiplərini elan etsin, ondan sonra baxıb dəyərləndirərik. Bu gün üçün əlavə heç nə söyləyə bilmərəm”.

AĞ Partiya sədri Tural Abbaslı bildirdi ki, Əli İnsanovun müsahibəsini oxuyub: "İnsanov orada bəzi məsələlərə öz yanaşmasını izah etməyə çalışdı və bəzi bəyanatlarla çıxış etdi. Eyni zamanda elə həmin müsahibədə də özünün təşkilatını quracağını elan etdi. Sadəcə olaraq, ”təşkilat" dedikdə nəyi nəzərdə tutduğunu tam açmadı. Yəni bu sözün arxasında konkret olaraq partiyamı, siyasi birlikmi, hərəkatmı və başqa bir formatmı durduğunu qeyd etmədi. İstənilən halda təşkilat quraraq siyasi mübarizəyə qoşulmaq hər bir Azərbaycan vətəndaşı kimi Əli İnsanovun da hüququdur. O ki qaldı bizim Əli İnsanova qoşulmağımıza, belə bir məsələ bizim gündəliyimizdə yoxdur və belə bir halın müzakirəsi belə edilməyib”.

KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublu isə qeyd etdi ki, Əli İnsanovdan və ya onun hər hansı təmsilçisindən KXCP-yə yeni təşkilat barədə, əməkdaşlıq üçün heç bir müraciət yoxdur. Ona görə də bu mövzuda fikir bildirməyi doğru saymır.

"Yeni Müsavat”

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə