Mobil versiya
“Baku Medical Plaza”ya qarşı “ulduz taktikası” tətbiq olunur
Tarix: 04-05-2019 | Saat: 13:12
Bölmə:Manşet / Səhiyyə | çapa göndər

“Baku Medical Plaza”ya qarşı “ulduz taktikası” tətbiq olunur




Klinikaya qarşı mənfi rəyin formalaşdırılması üçün tanınmış sənət adamının izləyici auditoriyasından istifadə edildi

Son günlər ölkə mətbuatında ictimai müzakirəyə çıxarılan mövzulardan biri də “Baku Medical Plaza”da (BMP) bu yaxınlarda yaşanmış xoşagəlməz hadisə ilə əlaqəli oldu.

Hadisənin xronoloji təfsilatları

Artıq xəbər verildiyi kimi, 17 illik evlilik müddətində övladı olmayan Lətafət Şirəliyeva BMP-da aparılmış müalicə nəticəsində hamilə qalıb, mart ayının 12-də qeysəriyyə əməliyyatı keçirilməklə övladını dünyaya gətirib. Əməliyyatdan sonra Lətafət xanımın körpəsi kafi vəziyyətdə evə yazılıb. Təxminən 10 gün sonra Lətafət Şirəliyeva həkiminə zəng edərək qarın nahiyəsində ağrılarının olduğunu bildirib. Həkimin dəvətilə klinikaya gələn xəstə özü etiraf edib ki, bu ağrıların qeysəriyyə sonrası normal hal olduğunu düşünərək ağrıkəsici dərmanlardan istifadə edib. Xəstəyə MRT müayinəsindən keçməsi məsləhət görülüb. Lakin xəstə növbə gözləmək istəmədiyi üçün, müayinədən imtina edərək klinikadan gedib. 3 gün sonra yenidən həkiminə zəng edərək temperaturun olduğunu dedikdə, həkim onun dərhal müayinə olunmalı olduğunu bildirib. Lətafət Şirəliyeva aprelin 3-də klinikaya gəldikdə KT müayinəsi nəticəsində appendisitinin partladığı, infeksiyanın orqanlarına yayıldığı və sepsis olduğu aşkarlanıb. Dərhal reanimasiya şöbəsinə yerləşdirilib. Təcili cərrahiyyə əməliyyatı olunaraq abseslər təmizlənib, drenaj qoyulub. İnfeksiya nəticəsində bağırsaqlarında çürümə prosesi getdiyi üçün, aprelin 8-də ikinci dəfə əməliyyat olunaraq bağırsaq möhtəviyyatın xaric edilməsi təmin edilib və stoma çıxarılıb. Peritonit, septik şok, kəskin tənəffüs çatışmazlığı, ağ ciyərlərin kəskin respirator distressindromu diaqnozları ilə reanimasiyaya yerləşdirən L.Şirəliyevanın vəziyyəti kritik olsa da, keçirdiyi cərrahiyyə əməliyyatından sonra orqanlarının vəziyyəti bərpa edilib. Lakin xəstənin immun sistemi zəiflədiyindən, hazırda immun sisteminin qaldırılması və qan dəyərlərin normallaşdırılması istiqamətində tibbi protokollara uyğun müalicə davam edir. Xəstə hazırda reanimasiyadadır. Septik şok davam edir. Vəziyyəti son dərəcə kritik ağır olsa da, klinikanın bütün tibb personalı L.Şirəliyevanın səhhətinin yaxşılaşması üçün əllərindən gələni etməkdədirlər.

Qeyd edək ki, yuxarıda təqdim etdiyimiz məlumatlar tam rəsmi olaraq “Baku Medical Plaza”nın marketinq şöbəsinin rəhbəri Aysel Rizayeva tərəfindən hadisə ilə bağlı mətbuata verilmiş açıqlamada öz əksini tapmışdır. Aydındır ki, bu informasiyanın dürüstlüyü istər ölkənin Səhiyyə Nazirliyi, istərsə də digər səlahiyyətli orqanları tərəfindən hər zaman yoxlanıla bilər. Digər tərəfdən də, açıqlamanın həqiqətə uyğun olmadığı halda xəstə Lətafət Şirəliyevanın həyat yoldaşı və digər yaxınları da bu bəyanata öz etirazlarını bildirərdilər. Buna görə də BMP-dan təqdim olunan məlumatın obyektivliyinə şübhə etməyə heç bir əsasımız yoxdur. Bəs belə olduğu halda, görəsən növbəti yüksək rezonanslı qalmaqal yaratmaq həvəsində olanların əllərində nə kimi dəlillər var?

Məsələ bundadır ki, mətbuatda yayımlanan və hətta BMP-nın mövqeyi ilə ziddiyyət təşkil edən şərh və açıqlamaları belə incələyərkən, L.Şirəliyevanın (Lətafət xanım, sizin tezliklə şəfa taparaq ailənizə, körpənizə yenidən qovuşmağınız üçün Allaha dualar edirik – red.) düşdüyü vəziyyətə görə klinikanın məsuliyyət daşımalı olduğuna dəlalət edə biləcək heç bir konkret fakta rast gəlmək olmur. Ola bilsin ki, məhz bu səbəbdən də “kampaniya” təşkilatçıları öz məqsədlərinə çatmaq üçün tanınmış sənət adamına müraciət etməli olublar. Heç şübhəsiz sosial şəbəkələrdə özünün kifayət qədər izləyicisi olan tanınmış müğənninin istənilən bir ünvana yönəldəcəyi “tənqidi fikirləri” ictimai diqqəti cəlb etməyə bilməz. Xüsusən də bu şəxs öz fikirlərini kəskin ittiham formasında ifadə edərsə. İnanın ki, bu zaman həmin müğənninin hansısa real faktlara əsaslanıb-əsaslanmadığı, söylədiklərinin neçə faizinin həqiqətə uyğun olduğu barədə əksər insanlar heç düşünmürlər belə. Hətta onun, özünün dedikləri barədə hər hansı elmi anlayışa sahib olub-olmadığı da önəmli olmur. Əsas odur ki, bu şəxs cəmiyyətdə tanınır və müəyyən bir kontingent üçün onun söyləyəcəyi fikirlər məqbul qəbul edilir.

Təbii ki, bu zaman əvvəlcədən xüsusi diqqətə alınan məqamlardan biri də BMP-ya qarşı irəli sürülən ittihamların eynilə şou aləmində olduğu tərzdə, yəni bir qədər daha emosional, bir qədər daha kəskin formada və bir qədər daha çılğın ifadələrlə səsləndirilmə imkanlarına bağlı olub. Gəlin razılaşaq ki, bu gün bizim əksər səhnə ulduzlarımız məhz bu bacarıqları ilə daha tez-tez gündəmə gəlirlər...

Vəssalam. Bütün bu deyilənləri nəzərə almaqla münasib sənət adamı seçdikdən sonra, qalır bircə həmin şəxsə baş vermiş hadisə barədə müəyyən təhrif olunmuş informasiyanı aşılamaq. Bu da necə deyərlər, məsələnin texniki cəhətidir. Bundan sonra “amansız həkimlər”ə qarşı haqlı qəzəb hissləri aşıb-daşan sənətçinin cəmi bir neçə ötkəm kəlməsi artıq daha geniş hücumlar üçün yararlı mühitin formalaşmasına kifayət edir. Elə nəzərdən keçirdiyimiz halda da müəyyən mətbu orqanlarının “Baku Medical Plaza”ya qarşı yönəldilən böhtan kampaniyası çərçivəsində təşkil olunan hücumları məhz tanınmış sənət adamının sosial şəbəkələrdə yayılan ittiham xarakterli çıxışından sonra reallaşdırıldı.

Əlbəttə, bu arada belə bir məqamı da nəzərdən qaçırmaq olmaz ki, bütün bu hay-küyün yaranmasında maraqlı olan şəxs, yəni faktiki olaraq klinikaya qarşı düzənlənən “qara piar” kampaniyasının sifarişçisi elə həmin sənət adamının özü də ola bilər. Lakin indilik bu variantı təsdiqləmək üçün heç bir konkret əsasımız yoxdur.

Lakin istənilən halda, hesab edirik ki, insan həyatı, insan sağlamlığı kimi mövzuları hər hansı kampaniyanın təşkili üçün istifadə etmək bütün cəmiyyətə qarşı hörmətsizlik və bütün insanlığa qarşı biganəliyin ifadəsidir.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024