Mobil versiya
ADU-da Məzunlar Assosiasiyasının təsis konfransı keçirilib
Tarix: 02-05-2019 | Saat: 15:28
Bölmə:Təhsil | çapa göndər

ADU-da Məzunlar Assosiasiyasının təsis konfransı keçirilib


Azərbaycan Dillər Universitetində (ADU) bu təhsil ocağını müxtəlif illərdə bitirmiş məzunların iştirakı ilə Məzunlar Assosiasiyasının təsis konfransı keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, əvvəlcə ADU rəhbərliyi və konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin xatirəsini yad edərək, universitetdəki büstü önünə tər-çiçəklər qoyublar. Daha sonra konfrans iştirakçıları universitetdəki yeniliklərlə, strukturla tanış olublar. Konfransda Azərbaycan Respublikasının dövlət himni və “Gaudeamus” tələbə himni səsləndirilib, ADU-nun fəaliyyətini və uğurlarını əks etdirən videoçarx nümayiş olunub.

ADU-nun rektoru, akademik Kamal Abdulla məzunları universitetdə görməkdən məmnun olduğunu bildirib. Kamal Abdulla deyib ki, Dillər Universiteti məzunlar üçün doğma ocaqdır: “Universitetin məzunları arasında regionların müxtəlif yerlərindən gələn məktəb müəllimlərimiz, yüksək mövqe tutan insanlar var. Burada Azərbaycan ziyalılarının yüksək təbəqələrindən olan məzunları görürəm. Milli Məclisin, Azərbaycan hökumətinin üzvlərini, nazirləri, ömürlərini Azərbaycan diplomatiyasına həsr etmiş insanları, mədəniyyət xadimlərini salamlayıram. Biz onlarla fəxr edirik. Siz oxuduğunuz vaxtdan Dillər Universiteti xeyli dəyişib. Bu, dəyişiklik üzü müsbətə doğrudur. Ulu öndər Heydər Əliyevin hakimiyyəti zamanı və ondan sonra da bu siyasəti ləyaqətlə davam etdirən prezidentimiz İlham Əliyevin birbaşa müdaxiləsi və səyi nəticəsində Azərbaycan təhsil sistemi kökündən dəyişib və sürətlə inkişaf ritminə düşüb. Bu gün həmin Dillər Universiteti mənən yenilənmiş təhsil sisteminin bir halqası kimi bütün cəmiyyətimizin diqqət mərkəzindədir. Dillər Universiteti 1973-cü ildən – ayrıca universitet kimi fəaliyyət göstərdiyi vaxtdan öz gözəl ənənələrini ləyaqətlə davam etdirir. Bilirəm ki, hamınızın qəlbi riqqət və şəfqətlə doludur. Hamınız bu gün xüsusi hisslər keçirirsiniz. Bəlkə də bu auditoriyalardan kimsə dərsdən qaçıb, ilk məhəbbətini, ilk dostluğunu burada tapıb. Ən müxtəlif hisslər bizim hamımızı birləşdirir. Mənim həyatımın mənalı dövrü bu universitetin çərçivəsində keçib. 1983-cü ildən 2000-ci ilədək burada kafedra müdiri kimi çalışmışam. Bu görüşün 1 may tarixini seçməyimizin də rəmzi mənası var. Ulu öndərin anadan olmasının 96-cı ildönümü yaxınlaşır. Güman edirəm ki, burada Assosiasiyanın yaradılması həmin tarixlə səsləşən hadisədir. Bu universitet ulu öndərin bilavasitə yaratdığı universitetdir. Mən inanıram ki, universitet onun tövsiyələrindən, Azərbaycan xalqına verdiyi töhfələrdən biri kimi öz məsuliyyətini, rolunu cəmiyyət, ölkə daxilində və xaricində yaxşı başa düşəcək”.

Rektor Məzunlar Assosiasiyasının təsis olunması münasibətilə bu təhsil ocağının məzunu olmuş Baş nazir Novruz Məmmədovun təbrik məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

ADU-nun məzunu olmuş mədəniyyət naziri Əbülfəs Qarayev assosiasiyanın yaradılmasını məntiqli, düzgün və uzaqgörən qərar kimi dəyərləndirib:

“Dünyadakı məzunlar assosiasiyaları müxtəlif layihələrin gerçəkləşməsində, insanların bir-birinə dəstək olmasında çox böyük rol oynayır. Bu universitetin yaradılması ulu öndərin uzaqgörənliyini, böyük siyasi düşüncə sahibi olduğunu sübut edir. Bu ali təhsil ocağının yaradılması Azərbaycan xalqının dünya miqyasına çıxması üçün böyük bir tramplin yaratdı. Bunun nəticəsində artıq dünyada Azərbaycanı təmsil etməyə və böyük uğurlar qazanmağa başladı. Müstəqilliyin qədrini bilmək lazımdır. Bu gün burada qurulan əlaqələr, ikili diplomlar, müxtəlif ölkələrlə tədris proqramlarının birgə həyata keçirilməsi yalnız müstəqilliyin nəticəsi kimi qəbul olunmalıdır. Prezidentimizin apardığı siyasət nəticəsində Azərbaycanda bu qədər beynəlxalq tədbirlər keçirilir. Bu gün könüllülük proqramı çərçivəsində ADU-nun tələbələri beynəlxalq tədbirlərdə minlərlə qonaqların qarşısına çıxır, onları müşayiət edir, dostluqlar yaradırlar. Bu universitetin məsuliyyəti olduqca böyükdür. Çünki bura artıq böyük elmi araşdırma və təhsil ocağına çevrilib. Burada işləyən müəllimlər yüksək səviyyəli, peşəkar insanlardır. Tələbələrin vəhdəti, onların güc birliyi, sözsüz ki, bu universitetin daha geniş şəkildə fəaliyyətini təmin etməyə lazımi vasitədir”.

Sabiq xarici işlər naziri Hüseynağa Sadıqov assosiasiyanın çox önəmli işlər görə biləcəyini söyləyib: “Dünyada mövcud olan məzunlar assosiasiyaları ilə əməkdaşlıq edib müəyyən təcrübələr qazanmaq və həyata keçirmək olar. Təhsil sistemi xalq üçün əhəmiyyətlidir. Assosiasiya məzunların işlərini koordinasiya etməlidir, hazırda təhsil alan tələbələrimizə yardım göstərməlidir. Məzunların Assosiasiyasının fəaliyyətində uğurlar arzu edirəm”.

Tədbirdə Milli Məclisin deputatları Cavanşir Feyziyev, Sevinc Fətəliyeva, Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov, AzTv-nin əməkdaşı Dilarə Səlim, Bruklin Azərbaycan Dostluq Assosiasiyasının prezidenti Marietta Yusim-Rozental, ADU-nun professorları Məsməxanım Qazıyeva, Sərxan Abdullayev çıxış edərək yenidən universitetdə toplaşaraq tələbə yoldaşları, müəllimləri ilə görüşdən böyük sevinc hissi yaşadıqlarını bildiriblər. Çıxışçılar assosiasiyanın təsis olunmasının əhəmiyyəti barədə fikirlərini bölüşüb, gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd Novruz Aslanov adına orta məktəbdə pedaqoji təcrübədə keçmiş ADU-nun tələbəsi Aysel Səlimanova rektor Kamal Abdullanın təşəbbüsü ilə keçən tədris ilindən başlayaraq universitetin bir qrup tələbələrinin pedaqoji təcrübə keçmək üçün ölkəmizin müxtəlif bölgələrində fəaliyyət göstərən məcburi köçkün məktəblərinə göndərilməsi ilə bağlı layihədən danışıb. Tələbə pedaqoji təcrübə dövründə qazandığı təcrübələrini və xoş təəssüratlarını paylaşıb.

Daha sonra assosiasiyanın idarə heyətinin üzvlərinin seçim prosesi səsvermə yolu ilə aparılıb. Hüseynağa Sadıqov assosiyasının sədri seçilib.

Qeyd edək ki, Məzunlar Assosiasiyası Azərbaycan Dillər Universiteti məzunlarının təklifi və universitet rəhbərliyinin təşəbbüsü ilə könüllü üzvlük əsasında yaradılmış ictimai və sosial təşkilatdır. Assosiasiyanın yaradılmasında məqsəd ADU məzunlarının ümumi marağı əsasında onun üzvlərinin sosial, mədəni və işgüzar maraqlarının öyrənilməsinə və imkan daxilində ödənilməsinə səy göstərmək, məzunların harada olmasından asılı olmayaraq, onlarla əlaqə yaratmaq, vaxtaşırı görüşlər keçirməklə dünyanın bütün ölkələrinə yayılmış məzunları bir araya gətirmək, onların sahibkarlıq, işgüzarlıq, elmi və yaradıcı fəallıqlarının inkişafına təsir göstərmək, habelə üzvlərinin hərtərəfli maraqlarının daha mükəmməl şəkildə ödənilməsinə çalışmaqdır. Assosiasiyanın ən şərəfli vəzifəsi öz məzunları vasitəsilə Azərbaycan Dillər Universitetinin nüfuzunun Azərbaycanda və dünyada daha da artmasına kömək etmək, müəllim və tələbələrə maddi və mənəvi yardım göstərmək, xeyriyyəçiliklə məşğul olmaqdır. Assosiasiyanın fəaliyyətinin əsas istiqamətləri məzunlar arasında dostluq və əməkdaşlıq münasibətlərinin yaradılması, möhkəmləndirilməsi və onların universitetin müasir həyatına cəlb edilməsi, tələbələr və məzunlar arasında əlaqələrin yaradılması və möhkəmləndirilməsi, tələbələr və müxtəlif nəsillərdən olan məzunlar arasında əməkdaşlıq ruhunun möhkəmləndirilməsi, universitetin maraq və dəyərlərinin bütövlüyünün qorunması, məzunların intellektual potensiallarının effektivliyinin artırılması, xüsusilə rayon məktəblərində çalışan məzunların yenidən hazırlanması və təkmilləşdirilməsi, məzunların və tələbələrin peşə hazırlığının artırılmasının dəstəklənməsi, məzunlar üçün qəbulların, təqdimatların, seminarların, banketlərin, mətbuat-konfranslarının, görüşlərin təşkili, Assosiasiyanın üzvlərinin yaradıcı, ixtiraçı və sahibkarlıq fəaliyyətlərinin dəstəklənməsindən ibarətdir. Assosiasiyanın fəxri üzvləri statusu təsis edilir və bu üzvlüyə ölkənin ictimai–siyasi, iqtisadi, elmi və mədəni həyatında xüsusi xidmətləri olan məzunlar İdarə heyətinin dəvətilə qəbul edilirlər. Universitetin rektoru tutduğu vəzifəsinə görə Assosiasiyanın fəxri üzvü olur.

Tədbir bədii hissə ilə davam edib. ADU-nun tələbələri Şahverən Babayev “Ey vətən” və “Dədə Qorqud”, Sabir Qasımov isə italyan mahnılarını oxuyublar, həmçinin Çin rəqsi də nümayiş olunub.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024