Mobil versiya
“Atamın toyundan sonra hamını bir-bir aradan götürdülər” – Rəsul Rzanın qızı
Tarix: 29-04-2019 | Saat: 11:10
Bölmə:Manşet / Gündəm / Seçilənlər-4 | çapa göndər

“Atamın toyundan sonra hamını bir-bir aradan götürdülər”


aia.az şair Rəsul Rzanın qızı, Bakı Dövlət Universiteti şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının baş müəllimi Fidan Rzayevanın kulis.az-a müsahibəsini təqdim edir:


- Atanız Rəsul Rza atasını çox erkən yaşlarında itirib. Amma bu itki həm də onların ailəlikcə Bakıya köçmələrinə səbəb olub...

- Elədir. Babam hardasa qırx yaşında rəhmətə gedib. Dörd bacı və bir qardaş nənəm Məryəm xanımla təkbaşına qalıblar. Nənəm oxumağı bacarsa da heç bir yerdə işləmirmiş. Babamın rəhmətə getməsindən sonra başsız qalan ailənin dolanışığı daha da çətinləşir. Nənəm uşaqlarını da götürüb Bakıya köçmək məcburiyyətində qalır. Nənəmə o vaxtlar ən çox köməklik göstərən elə atamdan beş-altı yaş böyük olan dayım Məmmədhüseyn olub. Atam da təbii ki, çox gənc yaşlarından işləməyə, ailəyə kömək etməyə məcbur qalıb.

- Atanız xatirələrində yazır ki, Xurşudbanu Nətavanla qohumluğu olan anası Məryəm xanım şair təbiətli qadın olub. Nənənizi necə xatırlayırsınız?

- Nənəm vəfat edən günə qədər atamgillə birgə yaşadı. Onun Nətavanla qohumluğu olub, nəsillərində Qarabağ qarışığı vardı. Nənəmi çox gözəl xatırlayıram. Biz ona nənə yox, "ciji” deyirdik. Çox mehriban, maraqlı qadın idi. Həmişə ev işlərində anama köməklik edərdi. Anamla nənəmin çox gözəl münasibətləri, mən deyərdim ki, dostluqları vardı. Onların mübahisə etdiklərini, bir-birlərindən incidikləri yadıma gəlmir. Hətta bibilərim deyirdilər ki, anam bizə qonaq gələndə, bir az oturur, sonra deyir ki, yox, durum gedim evimə.

Yəni atam da elə bir ailədə böyüyüb, bu cür qadından tərbiyə alıb. Bizim elmli, savadlı olmağımız, əslində təbiidir. Çünki biz şəhər mühitində böyümüşük və ətrafımızda savadlı insanlar, kitablar, söhbətlər olub. Amma əyalətdə doğulan, sonradan da üzərində heç bir nəzarət, təsir olmayan adamın sonradan özünü formalaşdırması, Bakıya gəlib yüksək mövqelərdə dayanması hər adamın hünəri deyildi. Mən bunu ancaq atamın fitri istedadı ilə əlaqələndirirəm. Çünki həmin dövrlərdə cürbəcür irimiqyaslı hadisələr baş verirdi. Atam sovet hakimiyyətinin yaranmasını, ondan sonrakı qadağaları, 37-ci ilin məşəqqətlərini və ikinci dünya müharibəsini görmüşdü. Həmin illərin çətinliklərini yaşamışdı.

- Valideynlərinizin toyu da 37-ci ildə olub...

- Bəli, onlar 37-ci ildə ailə qurublar. Yaşadıqları ev isə balaca daxma kimi bir yer olub. Mən oranı görməmişəm. Elə həmin evdə də toyları olub. Sonradan tutulan adamların bir çoxu da atamgilin toyunda iştirak ediblər.

- Kimlər olub?

- Hüseyn Cavid, Mikayıl Müşfiq onların toyunda olublar. Atamgilin toyu ədəbiyyat adamlarının elə axırıncı məclisi olub. Bu məclisdən sonra onların hamısını bir-bir aradan götürüblər.

- Toy günlərini pozitiv xatırlayırdılar?

- Əlbəttə. Əvvəla onlar bir-birlərini çox sevmişdilər, aralarında böyük məhəbbət vardı. Bundan başqa isə ikisi də zahirən çox gözəl idilər. Biz onlara oxşamırıq. Bilirsiniz ki, anam gəncəli qızı olub. Bir dəfə gəncəlilərin məclisində iştirak edirdim. Bir qadın məni ətrafdakılara təqdim edəndə dedi ki, görürsünüz, o, anası Nigar xanıma oxşayır. Bir yaşlı qadın isə dedi ki, yox, Nigar xanım çox gözəl qadın olub.

- Atanız ailədə xasiyyətcə necə adam idi?

- Xasiyyətcə sərt adam idi. Amma mühafizəkar deyildi. Çünki bütün qabaqcıl ideyalar, yeniliklər ilk olaraq həmişə onun tərəfindən səslənirdi. Telefon, radio, televizor kimi yeni cihazlar çıxanda, dərhal onları alıb evə gətirərdi. Amma heç vaxt heç kimdən hədiyyə, pay qəbul etməmişdi. Bunu ona görə deyirəm ki, bunun üçün onun müxtəlif səlahiyyətləri vardı. O zamanlar da hər şey qıt idi. Ət, yağ, hətta çörək almaq üçün saatlarla növbə gözləmək lazım gəlirdi. Amma atam heç vaxt özünü sadə adamlardan fərqləndirmək istəmirdi. Elə sonrakı bolluq illərində də o, burjua ömrü sürmədi. Yadıma gəlir, bizim vaxtımızda toya gedəndə qonaqlar hədiyyə aparırdılar. Anarın toyu olanda atam toya gələn qonaqların hamısına əvvəlcədən xəbərdarlıq eləmişdi ki, heç kim hədiyyə gətirməsin. Heç kim də gətirməmişdi. Çünki atamın xasiyyətini bilirdilər. O, sözü üzə vuran adam idi. Hədiyyəni alıb ata bilərdi.



- Sizə, ya bacınıza qarşı hansısa qadağaları olurdu?

- Bizə qarşı ciddiliyi vardı. Amma konkret hansısa qadağa qoyduğunu xatırlamıram. Bayramlara, müxtəlif şənliklərə gedirdik. Hətta atamla anamın ikisinin biz doğulmazdan əvvəl ortaq qəbul etdikləri qərar vardı ki, biz onlara heç vaxt ata, ana deməyəcəyik. Elə sonralar da bu qərar qüvvəsində qaldı. Biz atama Rəsul, anama isə Nigar demişik. Düzdür, arada anama mama deyə müraciət edirdik, amma atamı elə adı ilə çağırırdıq.

- Bu istəklərini nə ilə əsaslandırırdılar?

- Atam evdə demokratik mühit yaratmaq, uşaqları ilə eyni səviyyədə olduğunu göstərmək üçün belə etmişdi. Amma bununla yanaşı ata və övlad münasibətlərində müəyyən məsafələr vardı. Xüsusilə atamla aradakı pərdəni gözləyirdik. Biz hər sözü gəlib ona deyə bilməzdik. Onun da sözü bizim üçün mütləq idi.

- Məktublarında övladlarına xüsusən də Anar müəllimə qarşı çox səmimidir. Ümumiyyətlə, ata kimi sevgisini büruzə verirdi?

- Əlbəttə, hiss etdirirdi. Amma Anarla bizim aramızda hansısa fərq qoyduğunu demək olmazdı. Fərq sonradan yarandı. Anar məşhurlaşandan, yazıçı olandan sonra atamın bizimlə Anar arasında qoyduğu fərq aşkar oldu.

- Yəni hansı mənada fərq qoyurdu?

- Daha çox status baxımından. Həm də hər ikisi yazıçı idi, ümumi söhbətləri tuturdu. Anar bizə gələndə anam həmişə deyirdi ki, - evimiz elə bil Yazıçılar İttifaqının filialıdır. Orda danışdığınız söhbətləri, gəlib yenidən evdə danışırsınız. Yəni onların mövzu çərçivəsi eyni idi. Və bu cəhətdən əlbəttə ki, Anar ona bizdən daha yaxın idi. Bizə isə qızları kimi baxırdı. Bizi də çox istəyirdi. Xüsusilə kiçik bacım Təranə anadan olanda elə bil atama dünyanı vermişdilər. Təranəyə həddindən artıq bağlı idi. Mən isə ortancıl uşaq olduğumdan bir az araya düşmüşdüm (gülür). Amma anam həmişə deyirdi ki, mənim Fidana xüsusi münasibətim var, çünki o, müharibənin qızğın vaxtında anadan olub. 1943-cü ildə mən anadan olanda heç nə tapılmırmış. Atam fabrikdən bez alıb gətirər, anam da onlardan mənə bələk düzəldirmiş. Amma Anar müharibədən əvvəl doğulmuş, ipəklər içərisində böyümüşdü. Təranə də müharibədən sonrakı dinc vaxta düşmüşdü. Arada qalan mən olmuşdum.

- Atanız ikinci dünya müharibəsində xüsusi müxbir kimi fəaliyyət də göstərib...

- Atamın bir ayağı axsayırdı. Buna görə də onu cəbhəyə aparmayıblar. Amma o, öz istəyi ilə müharibəyə hərbi müxbir kimi gedib. Krımın qərbində yerləşən Kerç şəhərindən arxa cəbhəyə xəbərlər, məlumatlar ötürübdü.

- Nigar xanım atanızın ardınca cəbhəyə getmək istəyir və Səməd Vurğuna müraciət edir. Şairin cavabı isə maraqlı olur...

- Elədir. Atam cəbhəyə gedəndən sonra anam çox nigaran qalır və atamın ardınca yollanmaq istəyib. Səməd Vurğun isə anama demişdi, indi mən bir batalyon əsgəri hardan tapım ki, səni cəbhəyə qədər müşayiət eləsin.

- Atanızın iş prosesi necə idi?

- O, həmişə işləyirdi. Hətta istirahətə gedəndə də nəsə yazırdı. Onun yazmağını, rahatlığını təmin etmək gücünü yalnız anam yerinə yetirərdi. Düzdür, elə qadınlar var ki, həyat yoldaşları hansısa yaradıcı sahədə fəaliyyət göstərəndə, onlar da çalışırlar ki, ərlərinin vasitəsi ilə özlərini təsdiq etsinlər, ərlərindən geri qalmasınlar. Mən onlara da haqq verirəm. Hər kəsin öz seçimi var. Amma elə qadınlar da var ki, özlərini həyat yoldaşlarına həsr edirlər. Anamın istedadı vardı, amma özünü təsdiq etmək üçün imkanları yox idi. Üç uşaq, qaynana və bütün günü məşğul olan həyat yoldaşı, gələn-gedən hamısı anamın nəzarətində olan işlər idi. Atam o vaxtlar iclaslarda, məzuniyyətlərdə, xarici səfərlərdə çox olurdu. Evdə olan vaxtları isə bütün günü yazı yazırdı. Yazdıqlarının da on faizini çap edirdi, yerdə qalanı qaralama hesab edirdi.

- Atanızın dostlarından ən çox kimlər evinizə gələrdi?

- Daha çox gənclər gəlirdi. Fikrət Qocanın, Fikrət Sadığın, Əli Kərimin gəlişlərini xatırlayıram. Onlar da əsasən əsərlərini gətirirdilər ki, atam onlara hansısa məsləhət versin. Onların hamısı necə deyərlər atamın əlindən gəlib keçirdilər.

- Bildiyimə görə Əli Kərim rəhmətə gedəndə, atanız onun dəfn olunması məsələsində də zəhmət çəkib...

- Elə dəfn olunmasında da, sonradan adının əbədiləşdirilməsində müəyyən köməklikləri olub.



- Atanız yazdıqlarına görə o dövrdə çox tənqid olunurdu?

- Çox. O vaxtı onun haqqında millətçi, türkçü kimi cürbəcür ittihamlar, tənqidlər səsləndiriblər. Atam hər dəfə iclasdan gələndə əsəbi vəziyyətdə olurdu. Sonralar da həmin əsəblərin, gərginliklərin nəticəsində şəkər xəstəliyi tapdı. O dövrdə Yazıçılar İttifaqındakı adamlar çox qəddar idilər. Onlar bir-birlərini didməyə, parçalamağa hazır adamlar idilər.

- Baş verənləri daxilən yaşayırdı, ya evdə nələrisə danışırdı?

- Əlbəttə, danışardı. Düzdür, biz həmin dövrlərdə uşaq idik. Amma anamla söhbət edirdi. Ənvər Məmmədxanlı ilə də çox yaxın idi. O, atamın bibisi oğluydu. Biz ona həmişə əmi deyirdik. Ənvər evli olmadığı üçün bizim ailənin bir üzvü kimi yaşayıb, bizə daima gediş, gəlişi olub. Yadıma gəlir ki, əsəbiləşdiyi zaman fikirlərini onunla da bölüşərdi. Atam həmişə tənqid, haqsızlıqla üz-üzə qalıb. Yeni şeir çap olunanda formalizmdir, xalqdan uzaqdır kimi bəhanələr gətirərək onu ittiham edirdilər.

- "Rənglər” silsiləsinə görə də onu xeyli incitmişdilər.

- Həddindən artıq. Amma atam heç vaxt öz fikrindən bir addım da geri çəkilməzdi. Sovet vaxtı adamı tənqid etmək üçün səbəb tapmaq olduqca asan idi. Sosrealizmin müəyyənləşdirdiyi çərçivələr vardı ki, nələrsə ora sığışmayanda yaradıcı adamları xalq düşməni, pis adam damğası ilə damğalayırdılar. Digər tərəfdən isə həmin dövrdə cahil adamlar da çoxluq təşkil edirdi. Onlar atamın yazdıqlarını başa düşmürdülər. Qafiyəli şeirə, Əliağa Vahidin qəzəllərinə alışmış adamlar əlbəttə ki, Rəsul Rza şeirini, sərbəst şeiri, gözlənilməz təşbehləri başa düşüb, qəbul edə bilməzdilər.

- Rəsul Rzanın "Rənglər” silsiləsində və bir çox şeirlərində çox gizlin, sətiraltı insan ağrılarını hiss etmək olur. Həyatı etibarı ilə pozitiv insan idi, ya əksinə?

- Pessimizm atama yad xüsusiyyət idi. O, daha çox nikbin adam idi. Həmişə düzlüyə, doğruluğa hətta ilkin dövrlərdə kommunizmə inanırdı. İndi atama ən çox "Lenin” poemasını yazmasını irad tuturlar. Ondan əvvəl də, sonralar da Leninə aid yüzlərcə poemalar, şeirlər yazılıb. Onlar yaddan çıxıb, amma atamın yazdığı yadda qalıb. Çünki həmin poema çox böyük istedadla yazılmış parlaq əsər idi. Orda elə təşbehlər, elə gözəl misralar var ki, onlar Leninə yazılmasından asılı olmayaraq sonralar da yaşadı. Belə götürəndə Makedoniyalı İskəndər də nə qədər adam qırıb, məhv edib. Amma onun üçün də poema həsr olunub. Yəni qəhrəmanın şeirə heç bir dəxli yoxdur. Qəhrəman hər hansı bir adam ola bilər. O dövrün qəhrəmanı da Lenin idi. Və atama irad tutanların hamısı onda Leninin heykəli qarşısında səcdə edirdilər.

- Fidan xanım, atanız ən çox kimləri oxuyurdu?

- Onun mütaliə dairəsi çox geniş idi. Bizim poeziyadan ən çox sevdiyi şairlər Məhəmməd Füzuli, İmadəddin Nəsimi və Mirzə Ələkbər Sabir idi. Yazıçılarımızdan isə Mirzə Fətəli Axundov və Cəlil Məmmədquluzadəni çox qiymətləndirirdi. Rus ədəbiyyatını da bütünlüklə oxumuşdu. Dünya ədəbiyyatından o dövrdə bizə gəlib çıxan yazıçıların, şairlərin hamısının yaradıcılığını izləyirdi. Evdə də çox böyük kitabxanası vardı. Biz də daha çox həmin kitabxanadan oxuyub, öyrəndik. "İnostrannaya literatura” jurnalında yeni əsərlərin rus dilində tərcümələri çap olunan kimi biz də atamın sayəsində oxuyurduq.

- Atanızın Nazim Hikmətlə də dostluq münasibətləri olub...

- Nazim Hikmətlə atam çox gözəl dost olublar. O, hər dəfə Bakıya gələndə mütləq bizdə qonaq olardı. Onun bizə gəlişi həmişə bayrama çevrilirdi. Çünki biz hamımız Nazim Hikməti, onun şeirlərini çox sevirdik. O, özü də elə gözəl insan idi ki, ona vurulmamaq mümkün deyildi. Çox yaraşıqlı, hündürboylu, sarışın, mavi gözlü kişi idi. Nazim Hikmətin gözəl məxməri səsi vardı. Pafossuz, yaxşı şeir söyləməyi bacarırdı. Həmişə bizə gələndə o, öz şeirlərini oxuyardı. Anamın, atamın da şeirlərini çox bəyənərək dinləyərdi. Biz Moskvaya gedəndə bir dəfə Vera ilə yaşadığı evdə qonaq olmuşduq. Bir dəfə isə Yazıçılar bağı deyilən yerdə bizi qonaq eləmişdi. Süfrəni də özü hazırlamışdı.



- Rus yazıçıları, şairləri ilə münasibətləri necə idi?

- Rus şairi Mixail Svetovla, Muza Pavlovla, rejissor Andrey Tarkovskinin atası Arseni Tarkovski ilə dostluq edirdi. Arseni Tarkovskinin bir ayağı müharibədə itirmişdi. Protezlə gəzirdi. O, bizdə iki ay qonaq qalmışdı. Çünki atamın "Lenin” poemasını tərcüməsini edirdi. Onda Təranə lap balaca idi. O, da Təranəni qucağına əyləşdirib, onunla oynayırdı. Sonra bir dəfə Arseni bizi Moskvadakı bağına qonaq çağırdığını xatırlayıram. Onda Andreyin hardasa 12, 13 yaşı olardı. Atası o vaxtı onun anasından ayrılıb, ikinci dəfə evlənmişdi. O vaxtı hamı deyirdi ki, Arseni Tarkovski türk nəslindəndir. Gözləri, müəyyən cizgiləri də türkləri xatırladırdı.

- Atanız, xəstə yatsa da, ölümü gözlənilməz olur. Necə xatırlayırsınız həmin günləri?

- Dəhşətli günlər idi. Anama xərçəng diaqnozu qoyulmuşdu. Biz son ümid yeri kimi onu Moskvaya aparmağı planlaşdırırdıq. Biletlər də alınmışdı. Anamla mən və Anar getməliydik. Anar xəstəxanaya atamın yanına gedəndə ona anamı Moskvaya aparacağımızı deyir. Atam bu xəbərdən həyəcanlanır. Bəlkə də qorxur ki, anama nəsə olub, ondan gizlədirik. Bilmirəm. Elə o xəbərlə də atamın halı pisləşir, təzyiqi qalxır. Həkimlər nə qədər əlləşirlər, köməklik edə bilmirlər. On beş, iyirmi dəqiqənin içərisində atam dünyasını dəyişir.

Mən isə heç nədən xəbərsiz evdə çamadanları hazırlayırdım. Birdən telefon zəng çaldı. Zəng vuran Anarın yoldaşı Zenfira idi. Mənimlə danışanda səsinin əsdiyini hiss elədim. Soruşdum ki, nə olub? Cavab verdi ki, ata ölüb. Çaşbaş qaldım ki, axı bunun atası çoxdan ölüb. Bu kimi nəzərdə tutur? Birdən ağlıma gəldi ki, o, mənim atamı deyir. Danışa bilmədim, dəstəyi yerə tulladım. Qızım Aysel onda çox balaca idi. Rəfiqəm bizdə idi, ona dedim ki, qızımı evdən aparsın. Yoldaşım gəldi, onunla birlikdə atamgilə getdik. Qohum-əqrəba hamısı yığışıb gəldilər. Anam isə heç nədən xəbərsiz xəstəxanadaydı. O zaman ona deyib-deməməyimiz haqda xeyli düşündük. Onda mən dedim ki, anama heç nə deməyək. Anar dedi ki, necə yəni bunu gizlətmək olar? Dedim, olar! Anar bir də soruşdu ki, bəs nə vaxt deyək? Cavab verdim ki, heç vaxt!

- Razılaşdı?

- Hə. Mən bilirdim ki, anam da gedəcək. O, da ölüm ayağındadır. Əgər ona atamın ölüm xəbərini versək elə həmin an keçinəcəkdi. Anar dedi ki, mən xəstəxanaya gedib anamı aldada bilmərəm. Dedim, mən edərəm. Səhərisi gün anamın yanına getdim, heç nə olmamış kimi hal-əhval tutdum. Atamı soruşanda dedim ki, təzyiqi qalxıb, ona görə də həkimlər tərpənməsinə icazə vermirlər. Düz üç ay biz onu aldada-aldada baş verənləri ondan gizlətdik. Axıra qədər də heç nədən də xəbəri olmadı.

- Özü nəsə hiss etməmişdi?

- Axır günlərində fikirləşdim ki, artıq xəstəxanada qalmasının heç bir mənası yoxdur. Ona görə də onu evə gətirdik. Mən evdə olmayanda o, Anarla, Təranəyə demişdi ki, bəs Rəsulun məsələsini mənə niyə deməmisiniz? Vəssalam. Sonra bir də heç vaxt bu söhbətə qayıtmadı.

- Ananızın atanız üçün yazdığı "Neyləyim” şeiri də onların ölümündən sonra çox böyük məşhurluq qazandı...

- O şeiri Emin Sabitoğluna Anar vermişdi ki, musiqi bəstələsin. Atam rəhmətə gedəndən sonra Emin o şeirə musiqi bəstələdi, Akif İslamzadə isə ifa etdi. Həmin musiqinin səs yazısını Anar xəstəxanaya gətirib anama dinlətmişdi. Anam çox bəyənmişdi. Yanına kim gəlirdisə, bizə deyirdi ki, Rəsula yazılan mahnını qoyun, qulaq assınlar. İndi siz bizim vəziyyətimizi təsəvvür edin ki, biz həmin şəraitdə hər dəfə həmin mahnını dinləməli olurduq. Atam artıq yox idi, anam bundan və öz xəstəliyindən xəbərsiz son günlərini yaşayırdı. Bir yandan da ürəyə toxunan belə bir musiqi... Ona görə də mən onları itirəndən sonra həmin musiqiyə heç vaxt qulaq asa bilmədim.

- İndi necə qulaq asa bilirsiniz?

- Aradan xeyli zaman keçib. Amma bir dəfə toya getmişdik. Akif İslamzadə toyun müğənnisi idi. O, məni görəndə orkestrə işarə elədi. Həmin mahnı səslənməyə başlayanda mən gözümlə ona işarə elədim ki, oxumasın. Akif həmin an musiqini dəyişib başqa mahnı ifa etdi.

- Fidan xanım, atanızın ölümündən 38 il keçib. Bu gün atanızı necə xatırlayırsınız?

- Həm atamı, həm də anamı çox böyük hörmətlə, özləmlə, incə hisslərlə xatırlayıram. Atamla bağlı bir gülməli əhvalat da danışım. O, həm də çox zəhmli adam idi. Bir acıqlı söz deyəndə adamın bütün bədəni əsirdi. Balacaydım, bir gün mənə dedi ki, sən çox pulgirsən, bu da mənim xoşuma gəlmir. Onun sözü mənə ağır gəldi. Ağladım. Sonra onun yanına gəlib dedim: "Stalinə and içirəm ki, bir də heç vaxt pula toxunmayacam”. Hərdən anam mənə pul verib harasa yollayanda, bir kağız vasitəsi ilə pulu anamdan alırdım. Əlimi pula vurmurdum (gülür). Bu andıma düz bir il sadiq qaldım.


AİA.AZ



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-03-2024