Mobil versiya
Milli Qəhrəmanın bacısı qızını öldürən şəxs gizlədilir - Mərhumun əri ölkə başçısına MÜRACİƏT ETDİ
Tarix: 25-04-2019 | Saat: 09:20
Bölmə:Manşet / Ölkə | çapa göndər

Milli Qəhrəmanın bacısı qızını öldürən şəxs gizlədilir -



Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin bacısı qızı Lalə Salman qızı İmaməliyeva 2018-ci ilin iyun ayının 9-da baş vermiş yol-nəqliyyat hadisəsində həlak olsa da, qəzanı törədən sürücü bu günə kimi məsuliyyətə cəlb edilməyib.

Bu barədə Modern.az-a mərhumun həyat yoldaşı Mahir Əjdər oğlu İmaməliyev məlumat verib. Göndərdiyi şikayət məktubunda M.İmaməliyev hadisəni araşdıran Nizami Rayon Polis İdarəsinin müstəntiqi Elşən Bədirzadənin fəaliyyətindən narazılıq edib.

"Müstəntiq Elşən Bədirzadənin öz vəzifə səlahiyyətindən və mövqeyindən sui-istifadə edərək qeyri-obyektiv araşdırma aparmış, hadisəni törədən şəxsin əsl kimliyini gizlətmiş, olay yerinin görüntülərini mənə göstərməmiş və beləliklə də əsl cinayətkarı hadisədən kənarda saxlamışdır”,- deyə Mahir İmamiləyev bildirib.


Şikayətçinin sözlərinə görə, həyat yoldaşı 1982-ci il təvəllüdlü Lalə İmaməliyeva ötən il 9 iyun tarixində saat 09:00 radələrində Bakı Baş Gömrük İdarəsinin sabiq rəisi, general Vüsal Novruzova məxsus çamaşırxanalardan birinin 85-CA-611 dövlət qeydiyyat nişanlı "Opel Combo" markalı avtomobili vurub.

"Bakı şəhəri Heydər Əliyev prospektində sürətlə hərəkət edən həmin avtomobil Nizami RPİ-nin 23-cü PB-nin yaxınlığında dövlət yol patrul xidmətinin əməkdaşının "dayan” əmrinə tabe olmamış və bu zaman həyat yoldaşım Lalə İmaməliyevanı vurmuş və o, hadisə yerindəcə ölmüşdür”.

Mahir İmamiləyev bildirib ki, o, zərərçəkmiş şəxsin hüquqi varisi kimi hadisəni törədən sürücünün kimliyi barədə məlumat almaq üçün dəfələrlə iş üzrə araşdırma aparan Nizami RPİ-nin müstəntiqi Elşən Bədirzadəyə müraciət edib.

"Lakin müstəntiq şəxsi maraqlarını güdərək, hələ də hadisəni törədən əsl şəxsi gizlədib məsuliyyətə cəlb etmir. Hadisənin baş verdiyi ərazidə olan "təşlükəsiz şəhər kameraları”nın görüntüsünün mənə göstərilməsini dəfələrlə tələb etsəm də, buna da məhəl qoyulmur. Belə olan halda hadisəni törədən şəxsin əsl kimnliyi naməlum qalır. Bununla yanaşı, müstəntiq Elşən Bədirzadə mənimlə görüşündə birbaşa açıq-aşkar üzümə "get əlindən nə gəlir elə, bunların arxasında hörmətli insanlar durur və bu səbəbdən də mən hadisəni törədən şəxsi tuta bilmərəm” deyərək, məni iş materialları ilə tanış etmir”.

Şikayətçinin sözlərinə görə, hazırda iş Nizami Rayon Məhkəməsinin icraatındadır:

"Mən bu işi aparan hakim Mətanət Hacıyevaya ədalətli araşdırmaya görə və vəkilim Emin Məmmədova müstəntiq tərəfindən pozulmuş hüquqlarımı qoruduğuna görə minnətdaram. Hakim müstəntiqin etməli olduğu işi edir və uzun müddətdir ki, əsl cinayətkarı müəyyən etməyə çalışır, müxtəlif dövlət orqanlarına sorğular göndərib. Əminəm ki, hadisəni törədən əsl şəxs gizlədilir”.

Mahir İmamiləyev bildirib ki, o, dəfələrlə bu işlə bağlı Baş prokuror Zakir Qaralova, Daxili İşlər naziri Ramil Usubova müraciət etsə də, reaksiya olmayıb:
"Ümid edirəm ki, haqq səsimi eşidən saytlar bu şikayəti dərc edəndən sonra həmişə vətəndaşının yanında olan Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse- prezident Mehriban xanım Əliyeva məsələyə diqqət ayıraraq, hadisənin ətraflı araşdırılması üçün müvafiq göstəriş verəcəklər”.

Şikayətçi ölkə başçısından həyat yoldaşının ölümü ilə bağlı işin düzgün araşdırılması, günahkar şəxs və ya şəxslərin cəzalandirilmasını xahiş edib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024