Mobil versiya
Prezident: Siyasətimizi yerlərdən gələn təkliflər əsasında qururuq
Tarix: 23-04-2019 | Saat: 15:54
Bölmə:Manşet / Ölkə | çapa göndər

Prezident:


Bu il iqtisadiyyatımız 3 faiz artır, əvvəlki illərə nisbətən bu artım daha böyükdür. Düzdür, bu, bizi tam qane edə bilməz. Çünki hesab edirəm ki, potensial daha böyükdür və biz iqtisadi baxımdan daha yüksək templərlə artmalıyıq.

Bu sözləri prezidentİlham ƏliyevBakının Xəzər rayonunda Mərdəkan-Qala avtomobil yolunun açılışındaçıxışı zamanı deyib.

Ölkə başçısı bildirib ki, aparılan islahatlar və islahatların dərinləşməsi əlavə imkanlar yaradır:

"Son illər ərzində çox böyük işlər görülüb, işlər də göz qabağındadır. Ancaq biz indi inkişafımızın yeni mərhələsindəyik. Son prezident seçkiləri ərəfəsində mən bəyan etmişdim ki, növbəti dövr islahatlar dövrü olacaq. Çünki hər bir ölkə üçün islahatlar çox önəmlidir. İslahatlar yenilik, müasirlik, nöqsanların aradan qaldırılması, problemlərin həlli deməkdir.

Bizdə hər bir sahə üzrə çox aydın təsəvvür və iş proqramı var. Ona görə islahatların dərinləşməsi nəticəsində əldə edilmiş nailiyyətlər əlbəttə ki, vətəndaşların rifah halını yaxşılaşdırır.

Baxın, bu ilin üç ayında büdcə daxilolmaları böyük dərəcədə artıb. Yəni, vergi və gömrük orqanları plandan əlavə 200 milyon manatdan çox vəsait toplayıblar. Nəyin hesabına? İslahatlar hesabına. Nəyin hesabına? Şəffaflıq hesabına, aparılmış siyasət nəticəsində.

Sahibkarlar da razıdır, çünki bu gün sahibkar da bilir ki, dövlətin vergisini ödəməlidir, tam ödəməlidir və ondan başqa heç kimə heç bir ödəniş edilməməlidir. Mən indi görürəm ki, sahibkarlarda da bu işlərə böyük inam var”.

Dövlət başçısı daxil olan əlavə gəlirlərin hansı istiqamətdə xərcləndiyini də açıqlayıb:

"Biz daxil olan əlavə gəlirləri, ilk növbədə, sosial məsələlərin həllinə yönəldirik. Düzdür, infrastruktur layihələri də lazımdır, biz oraya vəsait ayırmasaydıq, belə yollar çəkilə bilməzdi. Ancaq indiki şəraitdə biz vəsaiti daha çox insanların rifah halının yaxşılaşdırılması üçün yönəldirik.

Minimum əməkhaqqı, minimum pensiya təxminən 40 faiz artırılıb. Mən bu yaxınlarda demişəm, artım faiz baxımından böyük olsa da, bizi qane edə bilməz. Çünki biz daha da yüksək həddə çatmalıyıq və bunu etmək üçün daha da fəal işləməliyik.

Sosial müavinətlər orta hesabla iki dəfə, köçkünlərə, şəhid ailələrinə verilən müavinət, tələbə təqaüdləri 50 faiz artıb. Bir çox önəmli fərman və sərəncamlar imzalanıb ki, insanların rifah halını, biznes mühitini yaxşılaşdırır və bu istiqamətdə işlər davam etdiriləcək. Çünki minimum əməkhaqqı, minimum pensiyanın qaldırılması daimi proses olmalıdır.

Azərbaycan indi inkişafın yeni mərhələsindədir və bundan sonra iqtisadi artım çox sürətli olacaq. Nəzərə alsaq ki, bizim neft-qaz sahəsində apardığımız siyasət öz bəhrəsini verir, yaxın gələcəkdə Cənub Qaz Dəhlizi işə düşəcək. Bu, əlavə gəlir gətirəcək və gəlir də vətəndaşların rifah halının yaxşılaşmasına yönəldiləcək.

Əlbəttə ki, islahatlar hərtərəfli olmalıdır - həm iqtisadi sahədə, sosial sahədə, siyasi sahədə, həm də idarəetmə sahəsində. Bu sahələrdə hələ ki, təkmilləşməyə böyük ehtiyac var. Biz öz siyasətimizi yerlərdən gələn təkliflər əsasında qururuq.

Bu ilin yanvarında dördüncü regional inkişaf proqramı qəbul edilib. Bu proqramın qəbul edilməsində yerlərdən gələn müraciətlər əsas rol oynayır. Çünki vətəndaşları narahat edən problemlər var ki, biz onları bilməliyik və həll etməliyik. Bizim məqsədimiz budur, siyasətimiz də bundan ibarətdir. Əminəm ki, ölkə qarşısında duran bütün vəzifələr, problemlər öz həllini tapacaq”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024