Mobil versiya
Binədə avtobusu qatara çarpan sürücü dərman qəbul edibmiş - MƏHKƏMƏDƏ ORTAYA ÇIXDI
Tarix: 19-04-2019 | Saat: 16:43
Bölmə:Manşet / Cəmiyyət | çapa göndər

Binədə avtobusu qatara çarpan sürücü dərman qəbul edibmiş


Binədə qatarla avtobusun toqquşmasına görə dispetçer Mübariz Fərəcov və sürücü Əlixan Şirəliyevin məhkəməsi davam edib.

Bakupost.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda ittiham aktını elan edilib.

Sürücü Ə.Şirəliyev özü qismən təqsirli bilib. Dispeçer Mübariz Fərəcov isə heç bir günahının olmadığını deyib. Onlar mülki iddianı qəbul etməyib.

Avtobusun sürücüsü Ə Şirəliyev deyib ki, hadisə olan gün iş günü olmayıb: "Günortaya yaxın çölə çıxdım. Elşən adlı sürücü tanışım dedi, özünü yaxşı hiss etmir. Onun yerinə 1-2 reys işə çıxdım. Avtobusu götürəndə dispeçer Mübariz içkili olub-olmadığımı yoxladı. Heç bir problem olmadı. Binəyə gəldim, camaatı götürdüm. Dəmiryoluna çatanda şlaqbaum açıq idi, qatarı isə görmürdüm. Avtobus qatara dəyəndə hiss elədim. Hadisə olan kimi camaatı düşürməyə başladım. Yolun kənarda duranlar da kömək elədi. Axırıncı özüm düşdüm. Sonra ordakı polislə xəstanaya getdik".

Prokuror deyib ki, ekspertizanın rəyinə görə, Ə.Şirəliyev hadisə günü kəskin intoksikasiya yaradan preparat qəbul edib.
Təqsirləndirilən şəxs bildirib ki, hadisə zamanı qarşısını görsə də, adam çox olduğu üçün sağ tərəfi görməyib.

Məhkəmədə oda ortaya çıxıb ki, sürücü Ə.Şirəliyev yol nəqliyyat hadisəsi ilə bağlı daha əvvəl də mənsuliyyətə cəlb edilib.
Dispeçer Mübariz Fərəcov isə səhhətində problem olduğunu bildirib və ifadə vermək üçün vaxt istəyib.

Məhkəmə aprelin 30-da davam edəcək.

Xatırladaq ki, "Azərbaycan Dəmiryolu Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nümayəndəsi məhkəməyə mülki iddia təqdim edib.

QSC təqsirləndirilən şəxsdən dəymiş zərər olaraq 53 min manatlıq mülki iddia qaldırıb.

Qeyd edilib ki, ötən il oktyabrın 1-də saat 14:30 radələrində paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində qorunan dəmir yolu keçidində yük qatarı ilə Şirəliyev Əlixan Əlibala oğlunun 160 nömrəli marşrut üzrə idarə etdiyi "Ayşən LTD" MMC-yə məxsus "Daewoo" markalı 10-TG-106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun qatarla toqquşması nəticəsində 2006-ci il təvəllüdlü Dadaşzadə Yusif Tahir oğlu və 1962-ci il təvəllüdlü Əliyev Şakir Pənah oğlu vəfat edib, 40 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bildirilib ki, fakta görə Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Ə.Şirəliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaqla həmçinin, qəzaya səbəb olan sürücünün hadisə baş verən gün tibbi müayinədən keçirilmədən reysə buraxılması müəyyən edildiyindən "Ayşən LTD” MMC-də dispetçer işləyən M.Fərəcov Cinayət Məcəlləsinin 265-1.3-cü (Ümumi istifadədə olan nəqliyyat vasitəsinin istismara verilməsi qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra M.Fərəcov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Cinayət işində 38 zərərçəkmiş var.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024