Mobil versiya
Fərman Ceyranlı iranlı həkimlə əlbir olub azərbaycanlıların böyrəyini çıxarırmış
Tarix: 05-04-2019 | Saat: 14:57
Bölmə:Manşet / Səhiyyə | çapa göndər

Fərman Ceyranlı iranlı həkimlə əlbir olub azərbaycanlıların böyrəyini çıxarırmış


Prosesdə dövlət ittihamçısı Mübariz Mirili ittiham aktını elan edib.

İttihama görə, Vahib Xudadatov böyrək çatışmazlığından əziyyət çəkən və orqan köçürülməsinə ehtiyacı olan xəstələrlə imkansızlıqdan böyrəyini satanlar arasında vasitəçilik edib. Buna görə hər iki tərəfdən pul alıb. Böyrəyini satanlar sosial şəbəkələrdə, xüsusən də “Facebook”da ortaq tanışlar vasitəsilə tapılıb, xəstələrlə, onların ailə üzvləri ilə görüşdürülüb. Böyrəyini satmaq istəyənlər əvvəlcə paytaxtdakı müxtəlif xəstəxanalarda qan analizi veriblər, sonra hər iki tərəf İranın Tehran şəhərinə - “Xomeyni xəstəxanası”nda çalışan cərrah-transplantoloq Mohsen Tahirinin yanına aparılıb, orada təkrar müayinə olunublar. Müayinədən sonra böyrək köçürülməsi əməliyyatı üçün Gürcüstandakı “Lanseti” klinikasına gediblər. Əməliyyatı Tbilisidə Mohsen Tahiri həyata keçirib. “Lanseti” klinikasının rəhbəri Fərman Ceyranlının həbsindən sonra klinikanın fəaliyyəti dayandırılıb. Bundan sonra əməliyyatlar Tacikistan Respublikasında Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “İnsan orqanları və toxumaları transplantasiyası Milli Mərkəzi”ndə aparılıb. Əməliyyatları Mohsen Tahiri həyata keçirib. İranlı həkim mütəmadi olaraq özü də Bakıya gəlib, paytaxtdakı klinikalardan birində xəstələri müayinə edib.

Böyrək köçürülən xəstənin yaxınları donorla məbləği razılaşdırdıqdan sonra əməliyyat aparılan “Lanseti” klinikasının baş həkimi Fərman Ceyranlıya 8 min, iranlı həkimə isə 10 min dollar pul ödəyiblər. Xəstələrlə donorlar arasında vasitəçilik edən Vahib Xudadatova isə bu xidmətinə görə 500 manatdan 2 min manata qədər pul verilib. Bununla yanaşı, donorlarla böyrəyi alanlar arasında notarial qaydada müqavilə imzalanıb. Həmin müqavilədə göstərilib ki, guya bu adamlar yaxın qohumdurlar, biri digərinə böyrəyini verir.




Təqsirləndirilən Vahib Xudadatov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində taksi sürücüsü işlədiyini, günahsız olduğunu deyib: “Xəstələri həkimlə mən tanış etmişəm, onları öz maşınımla İrana, Gürcüstana aparıb-gətirmişəm. Buna görə də mənə pul veriblər. Hər bir şeyin şahidi, sübutu var. Heç kim heç nəyə məcbur edilməyib. Adamlar özləri öz aralarında razılaşıblar, könüllü şəkildə böyrəklərini satıblar, pullarını da alıblar”.

V.Xudadatov ifadəsində bütün bu proseslərin necə başlanmasından danışıb. Deyib ki, qızı Gülər 2007-ci ildən böyrək çatışmazlığından əziyyət çəkib, 2015-ci ildə qızı və həyat yoldaşı Zəminə ilə birgə ATV-də Zaur Baxşəliyevin verilişinə çıxaraq, donor tapılmasını və övladının müalicəsinə maddi yardım göstərilməsini istəyib. Müxtəlif şəxslərin köməyi ilə 24 min manat toplanıb. Həmin ərəfədə Beyləqandan olan Elman Ağayev adlı bir nəfər onun mobil telefonuna zəng vuraraq 10 min manata böyrəyini qızına verə biləcəyini deyib: “Razılaşdıq. Birlikdə İrana həkim Mohsen Tahirinin işlədiyi xəstəxayana getdik. İranlı həkim müayinə edəndən sonra əməliyyatın mümkün olduğunu dedi. Bizə dedi ki, İranda xarici ölkə vətəndaşlarının orqanlarının köçürülməsinə icazə verilmir, əməliyyatı Gürcüstanda aparacağam, orada belə əməliyyatlara qadağa yoxdur”.

V.Xudadatovun ifadəsinə görə, Gürcüstanda Fərman Ceyranlının rəhbərlik etdiyi klinika olduğunu öyrənib, orada orqan köçürülməsinə icazə verildiyini dəqiqləşdirib. Fərman Ceyranlı rəhbərlik etdiyi müəssisədə bu əməliyyatın həyata keçirilməsi üçün 8 min dollar pul istəyib: “2015-ci ilin fevralında iranlı həkim tərəfindən “Lanseti”də qızıma Elman Ağayevin böyrəyi köçürüldü. Buna görə İranlı həkimə 10 min dollar, Fərman həkimə isə 8 min dollar verdim”.




Təqsirləndirilən şəxs deyir ki, bundan bir müddət sonra Mohsen Tahiri ona zəng vurub, Yaşar adlı şəxsin telefon nömrəsini verib, onu və ona böyrəyini verəcək şəxsi Tehrana gətirməyi xahiş edib. Yaşara da eyni üsulla Gürcüstanda böyrək köçürülüb. Buna görə V.Xudadatova 250 manat pul verilib. Bundan sonra isə V.Xudadatov mütəmadi olaraq həmin işlə məşğul olmağa başlayıb.

Böyrəyini imkansızlıqdan satdığını deyən zərərçəkmiş Rüstəm Yumaqujin ifadəsində deyib ki, V.Xudadatov ona əlillik dərəcəsi ilə təqaüd almasına kömək edəcəyini vəd edib, amma yerinə yetirməyib: “Rəngsaz işləyirəm. “Birja” qəzetində körpə uşağa qan lazım olduğunu oxuyub, o nömrəyə zəng elədim. Biləcəridə görüşəndə Sahib özünü uşağın dayısı kimi təqdim elədi, dedi ki, sabah uşağın atası ilə görüşdürəcək. Ertəsi gün görüşdük, mən yoldaşımla getmişdim. Orada bir nəfər də vardı, Əli. Sahib dedi ki, uşağa donor tapılıb, bu adamın qızına böyrək lazımdı, satmağa razısanmı? Maddi vəziyyətim ağır olduğuna görə razılaşdım”.


R.Yumaqujinin xarici pasportu, hərbi bileti olmayıb. Bunları qısa müddətdə qarşı tərəf həll eləyib. Böyrəyini verdiyi Hasilə adlı qızın atasından 9 min pul alıb, onun 1100 manatını Vahibə verib: “Biləcəridə kirayə qalırdım. Vəziyyətim çox ağır idi, həm kirayə pulu ödəyirdim, həm də aliment. İmkanım yox idi, ona görə də, razılaşdım. 9 min manata danışdıq. Bundan sonra gəlib Respublika Xəstəxanasında qan verdim”.

Təqsirləndirilən V.Xudadatov deyib ki, zərərçəkən özü “Facebook”da böyrəyini satması barədə elan vermişdi, onu oradan tapıb.

İmkansızlıqdan böyrəyini satmaq məcburiyyətindıə qaldığını deyən Ramin Həmidov isə buna görə 11 min manat pul aldığını, heç kimdən şikayətçi olmadığını deyib.

Məhkəmə prosesi aprelin 12-də davam edəcək.

İnarə Rafiqqızı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024