Mobil versiya
“Bu dəfə Oqtay Əsədov hədəfə götürülüb, qara yaxırlar”
Tarix: 14-03-2019 | Saat: 16:03
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Bu dəfə Oqtay Əsədov hədəfə götürülüb, qara yaxırlar”


Milli Məclisin mətbuat xidməti və deputatlar spikerin ailəsinə məxsus olduğu deyilən Moskvadakı obyekt haqda yazılanları yalanladı.

Bir neçə gündür ki, Rusiya polisinin Moskvada, Bakı küçəsi - 29 ünvanında yerləşən obyektdə keçirdiyi əməliyyatla bağlı media orqanları xəbərlər tirajlayır.

Həmin obyektin Azərbaycan parlamentinin spikeri Oqtay Əsədovun ailəsinə məxsus olmasına dair iddialar var.

Moskva polisinin Narkotik Nəzarəti İdarəsinin əməkdaşlarının əməliyyat keçirdiyi qeyd olunan ünvanda "Kapriz” adlı sauna-striptiz klub yerləşır.

Klubun spikerin ailə üzvlərindən birinin adına rəsmiləşdirildiyi iddia edilir. Bu barədə təqdim olunan sənədlər sosial şəbəkələrdə, bəzi KİV-lərdə yayılıb.

Sənədlərdə klubun təsisçisi olan "Arizarum Qrup” MMC-nin təsisçisi də elə Zemfira Əsədovadır. Səs-küy yaradan bu xəbər barədə nə Azərbaycan Milli Məclisinin mətbuat xidməti, nə də Oqtay Əsədovun özü və ailəsi hər hansı açıqlama ilə çıxış etməyib.

Azpolitika.info yazıb ki, Moskva şəhəri, Bakı küçəsi 29 ünvanında "Kapriz” adlı qadınlar üçün striptiz-klubla yanaşı, tamamilə başqa istiqamətdə "Kapriz” adlı sauna-hamam fəaliyyət göstərir. Spikerin xanımının adına olan da həmin klub deyil, sauna-hamamdır.

"Polisin narkotiklə bağlı əməliyyatı da Oqtay Əsədovun xanımına aid olduğu iddia olunan obyektdə yox, məhz bu striptiz klubda, həm də 2014-cü ildə keçirilib”, - deyə məlumatda bildirilib.

Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu "Yeni Müsavat”a bildirdi ki, ittihamlar kökündən yanlışdır. O, sosial şəbəkələrdə hər yayılan yalana reaksiya verməyə ehtiyac görmədiyini açıqladı.

Deputat, "Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə Oqtay Əsədovu 20 ildir tanıdığını qeyd etdi.

Onun sözlərinə görə, parlament sədrinin prinsipial, dövlətçiliyə sadiq, təcrübəli insan olmasının şahididir: "Bu gün Azərbaycanda müxtəlif ünvanlar hədəfə götürülüb. Təsadüfi deyil ki, onların bir çoxu deputatlardır. Gah filan yerdə əmlakını guya ortaya çıxarırlar, gah hansısa hərəkətini göstərirlər.

Bütün bunları da foto və ya video çəkilişlə əsaslandırmağa, insanları inandırmağa çalışırlar. Biz jurnalistlər insanları sensasiyaya alışdırmışıq. Ancaq fikirləşmirik ki, bu "informasiya” montaj ola bilər.

Dəfələrlə belə hallarda sübut olunub ki, həmin tirajlanan şəkil oranın deyil, özlərindən qondarıblar. Ümumiyyətlə, dünya feyk xəbərlərdən əziyyət çəkir. Hətta bununla bağlı tədbir də keçirildi".



B.Sadıqov qeyd etdi ki, bu dəfə ayrı-ayrı deputatlar yox, Milli Məclisin sədri hədəfə götürülüb: "Bunu Bakıda yox, Moskvada ediblər ki, yalan daha çox ayaq açıb yerisin. Bu, jurnalist işi deyil. Məmurlardan qurtarmışıq, indi deputatları qaralamağa keçmişik.

Mən sosial şəbəkələrin sosial şəbədəyə çevrildiyini hesab edirəm. Burada o qədər məsuliyyətsizlik, şər-böhtan var ki, adam təhqirləri oxuyanlara məəttəl qalır.

Azərbaycanı sevməyən düşmən ölkələrin xüsusi xidmət orqanları sosial şəbəkəyə "informasiya”nı ötürür, bilir ki, bəzi avam jurnalistlər araşdırmamış saytlarına qoyub tirajlayacaq. Düşmən dövlətlərin necə ideoloji savaş apardığını yaxşı bilirik.

Ona görə də hər saxtakarlığı "xalis qızıl” kimi qiymətləndiririksə, onda peşəkarlığımıza şübhə ilə yanaşıram. Biz belə hallara qarşı həqiqəti söyləməklə car çəkməliyik.

Eyni zamanda belə hallar olanda etirazımızı bildirməliyik, bu "informasiya”nı ifşa etməliyik. Çünki məkrli qüvvələrin atdığı addımlardır. Oqtay Əsədov kimi dövlətə sadiq insanların imicinə kölgə salmağa cəhd edilir.

Mən həmkarlarıma çağırış edirəm ki, sosial şəbəkələrdə hər yayılan xəbərə uymasınlar, özlərini və media qurumlarını nüfuzdan salmasınlar, biz prinspial olmalıyıq".

Deputat Fərəc Quliyev bildirdi ki, Azərbaycan rəhbərliyinə qarşı xüsusi təşkil olunmuş hücumlar var: "Ona görə bu məsələ məni təəccübləndirmədi. Çünki dövlətə qarşı xaricdən məkrli hücumlar olur.

Son zamanlar bu məlumatlar ayrı-ayrı məmurlara hesablansa da, yekunda Azərbaycan dövlətinə qarşıdır, islahatların qarşısını almağa yönəlikdir.

Oqtay müəllim bacarıqlı şəxsdir, şəffaf fəaliyyəti var. Ona atılan böhtana son qoyulmalıdır, ictimai qınaq olmalıdır".

"Yeni Müsavat”



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024