Mobil versiya
ASK –20 il sahibkarlarla çiyin-çiyinə
Tarix: 07-03-2019 | Saat: 12:55
Bölmə:Manşet / Gündəm / Seçilənlər-1 | çapa göndər

ASK –20 il sahibkarlarla çiyin-çiyinə




Məmməd Musayev: “Ötən illərdə keçid dövrünü geridə qoyan respublikanın iqtisadi inkişafı son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub”

Bu sözləri Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti rəhbərlik etdiyi qurumun Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə birlikdə fevral ayının 8-də “Biznes islahatları” mövzusunda keçirdiyi seminarda deyib.Birgə seminarın təşkil olunmasında məqsəd, biznes mühitinin əlverişliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması istiqamətində Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında həyata keçirilən islahatların sahibkarlara birbaşa çatdırılması olub.

Milli inkişaf prioritetləri düzgün müəyyənləşdirilib




Birgə seminarda çıxış edən ASK prezidenti Məmməd Musayev həmçinin bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən milli inkişaf prioritetləri düzgün müəyyənləşdirilərək, ölkənin bütün potensialı intellektual resursların, insan kapitalının gücləndirilməsi istiqamətində səfərbər edilib:“Son illərdə ölkədə sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydalar xeyli liberallaşdırılmış, sahibkarlığa dövlət maliyyə yardımı mexanizmi işə salınmış, ölkədə bəzi məhsullara ixrac rüsumları ləğv edilmiş, idxalda rüsumların 15 faizlik maksimal həddi müəyyənləşdirilmişdir. Bu baxımdan ölkə iqtisadiyyatının, xüsusilə də özəl sektorun inkişafında keyfiyyətcə yeni mərhələ başlanıb. Bu mərhələdə sahibkarların fəaliyyətinə əsassız və qanunsuz müdaxilələrin, bürokratik yoxlamaların aradan qaldırılması, liberal biznes mühitinin formalaşdırılması xüsusi diqqət mərkəzindədir. Sahibkarlıq subyektləri üçün yoxlamaların 2021-ci ilədək dayandırılması öz müsbət nəticələrini verməkdədir. Bu gün keçirilən seminarın da əsas məqsədi cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən islahatların sahibkarlara birbaşa çatdırılması, onların aparılan islahatlarda rolunun müzakirəsi ilə bağlıdır. Mən, sahibkarları seminarda aktiv olmağa, təkliflərlə çıxış etməyə səsləyirəm. Ümidvaram ki, seminar ölkəmizdə aparılan iqtisadi islahatların icrasına töhfə verəcəkdir.”

Gənclərin məşğulluğu dövlətin sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən biridir



Məlum olduğu kimi, vətəndaşların, xüsusilə əhalinin gənc təbəqəsinin məşğulluğu, yeni iş yerlərinin açılması kimi məsələlər də Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən daim diqqət mərkəzində saxlanılan mövzulardır. Eyni zamanda da qurumun əsas məqsədi öz üzvlərinin mövcud potensialından istifadə edərək dövlət-özəl sektor əməkdaşlığı mexanizmləri vasitəsi ilə respublikamızda daha əlverişli biznes mühitin yaradılması prosesində və dayanıqlı inkişafın təmin olunmasında yaxından iştirak etməkdir. Hər bir dövlətin makroiqtisadi siyasətinin əsas məqsədlərindən biri əməkqabiliyyətli əhalinin məşğulluğunu yüksək səviyyədə təmin etməkdən ibarətdir. Məşğulluq siyasəti, xüsusilə gənclərin məşğulluğu dövlətin sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən biridir. Məhz bu fikirlər bu ilin yanvar ayının 23-də Bakı şəhərində Azərbaycan Sahibkarlar Konfederasiyasının və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə “Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və perspektivlər” mövzusunda keçirilmişkonfransda ASK prezidenti Məmməd Musayev tərəfindən səsləndirilmişdi. Konfransı giriş sözü ilə açan Konfederasiya prezidenti qeyd etmişdi ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin iqtisadi qüdrəti günbəgün yüksəlir:“Aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində ölkəmiz son illər sürətli inkişafa nail olmuş, xalqımızın rifah halı yaxşılaşmış, dövlətimizin dünyada nüfuzu artmışdır. Aparılan islahatlar dünyanın aparıcı iqtisadi mərkəzləri tərəfindən də yüksək qiymətləndirilir. Uğurlu sosial-iqtisadi siyasət nəticəsində yoxsulluğun və işsizliyin səviyyəsi 5 faiz həddinə düşmüş, ölkəmizdə əsaslı surətdə infrastruktur layihələri həyata keçirilmiş, biznes mühitin əlverişliyinin artırılması istiqamətində davamlı islahatlar həyata keçirilməkdədir. Hazırkı mərhələdə qarşıda duran başlıca məqsədlərdən biri milli iqtisadiyyatın rəqabət qabiliyyətliyinin yüksəldilməsi və dünya iqtisadi sisteminə səmərəli inteqrasiyasına nail olmaqla ölkəmizin dinamik sosial-iqtisadi inkişafının davamlılığını təmin etməkdir”. M.Musayev öz cıxışının sonunda belə bir məqamı da vurğulayıb ki, bu gün ölkələrin zənginliyi onların insan ehtiyatlarının səviyyəsi ilə müəyyən olunur. Məhz bu səbəbdən də respublikamızda gənclərin məşğulluğunun təmin edilməsi, onların peşəkar səviyyədə bilik və bacarıqlarının artırılması, ölkədə daha güclü kadr potensialının yaradılması, gənc sahibkarlar üçün əlverişli biznes mühitinin formalaşdırılması kimi mövzulara toxunan bu kimi tədbirlərin keçirilməsi mühüm əhəmiyyətə malikdir.

Qabaqcıl beynəlxalq təcrübələr uğurla tətbiq olunur



Əlbəttə ki, Azərbaycan Sahibkarlar Konfederasiyasının fəaliyyəti təkcə ölkəmizin hüdudları ilə məhdudlaşa bilməz. Müasir dövrdə beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, xarici partnyorların, biznes tərəfdaşlarının tapılması sahibkarlıq fəaliyyətinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə ASK-nın xarici dövlətlərdə, o cümlədənİspaniya Krallığında, Bolqarıstan Respublikasında, Moldova Respublikasında, Çexiya Respublikasında, Macarıstan Respublikasında, Polşa Respublikasında, Ukrayna Respublikasında, Birləşmiş Ərəb Əmirliklərində, Fransa Respublikasında, Albaniya Respublikasında, Danimarka Krallığında və Çin Xalq Respublikasındaaçılmış rəsmi nümayəndəlikləriuğurla fəaliyyət göstərməkdədirlər. Eyni zamanda da bir çox beynəlxalq qurum və təşkilatlar Azərbaycan Sahibkarlar Konfederasiyası ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirirlər. Bu baxımdan fevralayının 14-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Avropa İttifaqının (Aİ) Bakıdakı nümayəndəliyi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən ictimaiyyət nümayəndələrinin iştirakı ilə təşkil olunmuş “Qida Təhlükəsizliyi haqqında” Qanun layihəsinin ictimai müzakirəsinə dair dəyirmi masa da həm ölkə sahibkarlarının, həm də xarici iş adamlarının böyük marağına səbəb olub. Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanda qida təhlükəsizliyinin təkmilləşdirilməsi istiqamətində AQTA tərəfindən təklif edilən “Qida Təhlükəsizliyi haqqında” qanun layihəsində göstərilən əsas prinsiplər və yanaşmalar barədə qida sənayesini təmsil edən maraqlı tərəfləri, eləcə də istehlakçıları məlumatlandırmaq, eyni zamanda, müzakirələrdə səsləndiriləcək fikir və rəylərin layihənin yekun variantında öz əksini tapmasıdır.
Azərbaycan qida məhsullarının beynəlxalq standartlara uyğun keyfiyyət və təhlükəsizlik tələblərinə cavab verməsi vacib şərtlərdəndir. Bu baxımdan “Qida Təhlükəsizliyi haqqında” Qanunu islahatlar istiqamətində böyük bir addım kimi qiymətləndirmək olar. Azərbaycanın qida təhlükəsizliyi sistemini qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdıracaq və Aİ-nin ərzaq qanunvericiliyində göstərilən bütün əsas prinsipləri özündə əks etdirən yeni qanun qida sektorunda rəqabət qabiliyyətinin gücləndirilməsinə və qida təhlükəsizliyi sisteminin gücləndirilməsinə öz töhvəsini verəcəkdir.ASK prezidenti Məmməd Musayev tədbirdə çıxış edərək bildirmişdir ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunun qəbulu kənd təsərrüfatı və qida sektorunda fəaliyyət göstərən sahibkarlar üçün çox mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu sahənin tənzimlənməsi, qanun layihəsinin hazırlanması, bu sahədə ixtisaslaşmış dövlət orqanının yaradılması bazar münasibətlərinin daha güclənməsinə, sahibkarların həm daha məsuliyyətli olmasına, həmçinin onların gəlirlərinin artmasına səbəb olacaqdır. Bu gün kənd təsərrüfatı, qida məhsullarının istehsalı və satışı Azərbaycanda qeyri-neft sektorunun ən əsas sahələrindədir. Burada yaranmış münasibətlərin qanunvericilik səviyyəsində tənzimlənməsi sözsüz ki, münasibət iştirakçılarının da xeyrinə olacaqdır. Daha sonra Məmməd Musayev, seminarın əhəmiyyətinə toxunaraq, sahibkarları qanun layihəsinin müzakirəsində aktiv olmağa səsləyib, layihənin təkmilləşdirilməsində seminarın dəyərli tövfə verəcəyinə inandığını qeyd edib.

İyirmi il sahibkarların yanında

Məlum olduğu kimi, bu gün Azərbaycan iqtisadiyyatının böyük hissəsi - 80 faizdən çoxu özəl sektorda formalaşır. Əlbəttə ki, sahibkarlığın inkişaf etdirilməsi yönümündə iş adamlarımızın qarşılaşdıqları müxtəlif problemlərin aidiyyatı üzrə dövlət qurumlarının diqqətinə çatdırılmasında, eləcə də bu problemlərin həlli yollarının tapılmasında ölkə sahibkarlarının, iş adamlarının ümumi maraqlarını təmsil edən bir qurum kimi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası olduqca mühüm bir funksiya daşımaqdadır.



Məlumat üçün bildirək ki, ASK 5 mart 1999-cu ildə təsis edilmiş, 9 aprel 1999-cu il tarixdə dövlət qeydiyyatından keçmişdir. Artıq 20 ildir ki, Konfederasiya müvafiq dövlət hakimiyyəti orqanları, bələdiyyə qurumları və digər təşkilatlar qarşısında sahibkarlıq subyektlərinin hüquqlarını, əmlak və digər qanuni mənafelərini müdafiə etmək, Sahibkarlığa Kömək Dövlət Proqramlarının istiqamətlərinə müvafiq olaraq, bazar infrastrukturunun daha da möhkəmlənməsinə və sahibkarlığın inkişafına kömək etmək kimi vacib funksiyaları həyata keçirir. Azərbaycan Sahibkarlar Konfederasiyası ölkədə sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və milli iqtisadiyyatın inkişafına istiqamətlənən bütün qərar və proqramların icrasında fəal iştirak edir. Hazırda Konfederasiyanın tərkibinə 6000-dən artıq sahibkarlıq subyekti, o cümlədən 70-yə qədər iqtisadi və sosial yönümlü assosiasiya, holdinq, birlik, ittifaq və qeyri-hökumət təşkilatı, iri şirkətlər, banklar, sığorta təşkilatları və qrupları daxildir. Bu gün ASK Azərbaycanda sosial-iqtisadi siyasətin müəyyənləşdirilməsi və əmək münasibətlərinin tənzimlənməsi üçün 26 may 2008-ci il tarixdə üçtərəfli qaydada Nazirlər Kabineti, Həmkarlar İttifaqları və ASK arasında imzalanmış Baş Kollektiv Sazişdə işəgötürənlərin təmsilçisi kimi sosial tərəfdaş olaraq öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Həmçinin ASK Beynəlxalq İşəgötürənlər Təşkilatının, Ümumdünya QHT Assosiasiyasının, Beynəlxalq Sənayeçilər və Sahibkarlıq Konqresinin üzvüdür. Konfederasiya ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İran, Türkiyə və Misir və İsrailin Azərbaycandakı səfirlikləri, sosial-iqtisadi yönümlü beynəlxalq təşkilatlar, eləcə də respublikamızın xarici ölkələrdəki səfirlikləri ilə sıx əməkdaşlıq edir.

Qurum öz liderinə tam etimad göstərir



Artıq xəbər verildiyi kimi, ASK-nın 19 dekabr 2018-ci il tarixində keçirilmiş V Qurultayında, açıq səsvermə nəticəsində, qurultay nümayəndələrinin yekdil qərarı ilə Məmməd Musayev yenidən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti seçilib.Qeyd edək ki, iqtisadi elmlər namizədi Məmməd Musayevhəm də 2001-ci ildən hal-hazıradək “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin Sədri vəzifəsində çalışır. Məhz onun təşəbbüsü ilə 1995-ci ildə Türkiyə Respublikasının ən böyük kənd təsərrüfatı bankı olan “Ziraat” Bankı və Aqrar Sənaye Bankının birgə təsisçiliyi ilə “Azər-Türk Bank” Birgə Səhmdar Kommersiya Bankı yaradılmışdır. Qardaş Türkiyə Respublikasının ən iri sığorta şirkətlərindən biri olan “Başak” Sığorta Şirkəti ilə birgə “Başak-İnam” Sığorta şirkəti də M.Musayevin təklifi ilə yaradılmışdır.Hazırda Məmməd müəllimin rəhbərlik etdiyi “Aqrarkredit” Səhmdar Kredit Təşkilatı, “Kənd Təsərrüfatının Kreditləşdirilməsi üzrə Beynəlxalq Konfederasiya” (CİCA), Azərbaycan Sahibkarlar Konfederasiyası, Kənd Təsərrüfatı Kreditləri üzrə Avrasiya Assosiasiyası (EURACA), Sakit Okean Ölkələrinin Kənd Təsərrüfatı Kreditləri üzrə Beynəlxalq Təşkilat (APRAKA), Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mikro Maliyyə Assosiasiyası, “Bakı Banklararası Valyuta Birjası”, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) üzvüdür.Ayrıca olaraq qeyd etmək istərdik ki, Məmməd Musayev bu sahədə fəaliyyət göstərdiyi müddət ərzində regionlarda sosial-iqtisadi inkişafın təmin edilməsi üçün kənd yerlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə kreditlərin verilməsi və bununla yeni iş yerlərinin açılması, əhaliyə göstərilən maliyyə-kredit xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması və bu sahədə mövcud olan ən mütərəqqi üsulların tətbiq edilməsi istiqamətində xeyli işlər görmüşdür.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024