Mobil versiya
Bərdə - qədim mədəniyyət beşiyinin müasir siması
Tarix: 06-03-2019 | Saat: 14:41
Bölmə:Manşet / Ölkə | çapa göndər

Bərdə - qədim mədəniyyət beşiyinin müasir siması




Bərdə şəhər 4 saylı Uşaq incəsənət məktəbi bu sahədə uğurla fəaliyyət göstərən nümunəvi müəssisələrdən biridir

Danılmaz həqiqətdir ki, Azərbaycan xalqı çox qədim və olduqca zəngin mədəni irsə malik olan bir xalqdır. O cümlədən, Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında qədim Bərdənin də özünəməxsus və əvəzolunmaz rolu olmuşdur. Əlbəttə ki, Bərdənin 3 min illik tarixə malik olması və bu tarixin 5 əsrini məhz paytaxt olaraq yaşaması bu şəhərdə elm, mədəniyyət və incəsənətin inkişafına güclü təkan vermişdir. Bu gün də müasir Bərdə mədəni irsimizin təbliği və qorunması işinə öz dəyərli tövhələrini verməkdədir.

Bərdədə musiqi tədrisi yüksək səviyyədədir

Ənənəvi olaraq, Bərdədə mədəniyyət sahəsinin, incəsənət təhsilinin inkişafı xüsusi diqqət mərkəzində saxlanılır, bu sahəyə böyük qayğı göstərilir. Bu məqsədlə hazırda rayonda Heydər Əliyev Mərkəzi, Tarix Diyarşünaslıq muzeyi, Dövlət Rəsm qalereyası, 32 Mədəniyyət evi, 1mərkəzi kitabxana, 4 şəhər, 52 kənd kitabxana filialı, Uşaq incəsənət məktəbi, 3 şəhər və 3 kənd Uşaq musiqi məktəbləri, çox sayda klublar və digər müəssisələr fəaliyyət göstərir.



Qeyd etmək lazımdır ki, sadaladığımız bu mədəniyyət müəssisələrinin sırasında Bərdə şəhər 4 saylı Uşaq incəsənət məktəbinin özünəməxsus yeri vardır. Aysel xanım Bayxanovanın rəhbərlik etdiyi Bərdə şəhər 4 saylı Uşaq incəsənət məktəbi rayonda musiqi tədrisi baxımından müstəsna əhəmiyyət kəsb edir. Məktəbin müasir tələblərə cavab verən möhtəşəm binası Bərdə şəhərinin mərkəzində Heydər Əliyev prospektində yerləşir. Məktəb bütünlüklə invertar-avadanlıqları, musiqi alətləri ilə təchiz edilmiş və burada şagirdlərin fortepiano, nağara, klarnet, violin, tar, kamança, saz və qarmon ifaçılığı, eləcə də xanəndəlik ixtisasları üzrə musiqi təhsili almaqları üçün hər bir şərait yaradılmışdır. Ayrı-ayrı ixtisaslar üzrə beynəlxalq təcrübələrə əsaslanan tədris vəsaitlərindən səmərəli istifadə olunması, müəllimlərin peşəkarlıq hazırlığının yüksəldilməsi isə Bərdə şəhər 4 saylı Uşaq incəsənət məktəbində musiqi təhsilinin səviyyəsinin daim yüksəlməsinə xidmət edən məqamlardır.

Öz işinin peşəkarı



Vurğulamaq lazımdır ki, bu gün Bərdə şəhər 4 saylı Uşaq incəsənət məktəbinin səmərəli fəaliyyəti ilə həqiqətən də rayonun ictimai-mədəni həyatında cərəyan edən hadisələrin mərkəzi olmasında məktəbin direktoru Aysel Bayxanovanın danılmaz xidmətləri vardır. Aysel xanım peşəkar incəsənət xadimi, öz işini sevən bir pedaqoqdur. Demək olar ki, öz həyatını bütünlüklə mədəniyyətimizin, incəsənətimizin inkişafına həsr etmiş Aysel Bayxanovanın tükənməz enerjisi, onun bu sahəyə vurğunluğu əhatəsində olan hər kəsə dərhal sirayət edir. Məhz bu səbəbdən də bu gün Bərdə şəhər 4 saylı Uşaq incəsənət məktəbində fəaliyyət göstərən musiqi kollektivləri sadəcə öz rayonlarında deyil, bütün regionda tanınır və sevilirlər. Əldə olunan uğurların əsas səbəbi də budur ki, tədrisin səviyyəsinin yüksəldilməsi, təlim prosesinə yeni metodoloji təlim üsullarının tətbiqi, tədris proqramlarının yerinə yetirilməsi, şagirdlərin repertuar seçimində milli dəyərlərin qorunması, dünya musiqi incilərinə yiyələnmək, ixtisas və fənnlərin tədrisi metodikasının təkmilləşdirilməsi kimi məsələləri Aysel Bayxanova daim diqqət mərkəində saxlayır.



Məlumdur ki, dövlət başçısının müvafiq fərmanları ilə təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrasına uyğun olaraq, Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən bir sıra bədii təhsil müəssisələri indiyədək əsaslı təmir olunmuşdur və bu proses indi də davam edir. Hər yeni tədris ilində isə, musiqi məktəblərinin istifadəyə verilməsi artıq bir ənənə halını alıb. Məhz bu tədbirlərin nəticəsidir ki, bu gün Azərbaycanın musiqi sədaları dünyanın ən mötəbər konsert salonlarından gəlir, mədəniyyətimizin tanınma coğrafiyası getdikcə genişlənir. Dövlətin uğurlu siyasəti, görülən işlər musiqi mədəniyyətimizin inkişafına xidmət edir

İnanırıq ki, Aysel Bayxanovanın rəhbərliyi altında Bərdə şəhər 4 saylı Uşaq incəsənət məktəbinin həm müəllim, həm də şagird kollektivi bundan sonra da daha yüksək nəticələri ilə seçiləcəklər.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024