Mobil versiya
Mədəni irsimizin daşıyıcıları
Tarix: 28-02-2019 | Saat: 12:48
Bölmə:Manşet / Ölkə | çapa göndər

Mədəni irsimizin daşıyıcıları




Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzi bu sahədə uğurla fəaliyyət göstərən nümunəvi müəssisələrdən biridir

Azərbaycan qədim və olduqca zəngin mədəni irsə malik olan bir ölkədir. Tarix boyu dünya mədəniyyəti ölkəmizin, xalqımızın bəşəriyyətə bəxş etdiyi dahi şairlərin, bəstəkarların, elm, mədəniyyət və incəsənət xadimlərinin əsərlərindən bəhrələnmişdir. O cümlədən, Azərbaycan mədəniyyətinin inkişafında Şamaxının xüsusi rolu olmuşdur. Bu, əsasən Şamaxının erkən şəhər kimi formalaşması, min ildən yuxarı qədim Şirvanşahlar dövlətinin paytaxtı olması, bir sıra xarici ölkələrlə ticarət və mədəniyyət əlaqələri qurması ilə bağlıdır. Əbəs yerə deyildir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev də Şamaxıya, onun tarixinə, mədəniyyətinə hər zaman xüsusi diqqətlə yanaşmışdır. Öz çıxışlarının birində Ulu Öndər demişdir: “Şamaxı Azərbaycanın ən qədim elm və mədəniyyət mərkəzlərindən biridir”.



İncəsənət növlərinin tədrisi yüksək səviyyədədir

Bu gün də Şamaxıda mədəniyyət sahəsinin, incəsənət təhsilinin inkişafı xüsusi diqqət mərkəzində saxlanılır, bu sahəyə böyük qayğı göstərilir. Bu məqsədlə hazırda rayonda Heydər Əliyev Mərkəzi, Heydər Əliyev Parkı, Tarix Diyarşünaslıq muzeyi, Mirzə Ələkbər Sabirin ev muzeyi, Dövlət Rəsm qalereyası, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzi, 1 mərkəzi kitabxana, 2 şəhər, 37 kənd kitabxana filialı, 1 rayon Mədəniyyət Mərkəzi, 6 folklor evi, 1 sənətkarlıq evi, 7 diyarşünaslıq klubu, 11 folklor klubu, 6 sənətkarlıq klubu fəaliyyət göstərir.



Qeyd etmək lazımdır ki, sadaladığımız bu mədəniyyət müəssisələrinin sırasında Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin özünəməxsus yeri vardır. İstedadlı tarzən Namiq Rzazadənin rəhbərlik etdiyi İncəsənət Təhsili Mərkəzi rayonda musiqi, təsviri sənət, xoreoqrafiya və incəsənətin digər növlərinin tədrisi baxımından müstəsna əhəmiyyət kəsb edir. İncəsənət Təhsili Mərkəzinin müasir tələblərə cavab verən möhtəşəm binası Şamaxı şəhərinin mərkəzində Heydər Əliyev Fondu tərəfindən inşa edilmişdir. 2013-cü il mayın 16-da Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin binasının açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir. Bina üç mərtəbədən, 57 otaqdan, 170 nəfərlik konsert zalından, kiçik konsert salonu, rəqs zalından və bir neçə yardımçı otaqlardan ibarətdir. Burada 111 müəllim, 18 texniki işçi çalışır və 517 nəfərlik şagird təhsil alır. Mərkəz bütünlüklə invertar-avadanlıqları, musiqi alətləri ilə təchiz edilmiş və burada şagirdlərin rəsm, xoreoqrafiya və musiqi təhsili almaqları üçün hər bir şərait yaradılmışdır.



İncəsənət vurğunu

Vurğulamaq lazımdır ki, bu gün Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin təkcə adına görə deyil, həm də birmənalı olaraq səmərəli fəaliyyəti ilə həqiqətən də rayonun ictimai-mədəni həyatında cərəyan edən hadisələrin mərkəzi, bəlkə də təşəbbüs mənbəyi olmasında Mərkəzə rəhbərlik edən Namiq Rzazadənin də danılmaz xidmətləri vardır. Namiq müəllim istedadlı tarzən olmaqla bərabər, həm də peşəkar incəsənət xadimi, öz işini sevən bir pedaqoqdur. Demək olar ki, öz həyatını bütünlüklə mədəniyyətimizin, incəsənətimizin inkişafına həsr etmiş Namiq Rzazadənin tükənməz enerjisi, onun bu sahəyə vurğunluğu əhatəsində olan hər kəsə dərhal sirayət edir. Məhz bu səbəbdən də bu gün Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində fəaliyyət göstərən xalq çalğı alətləri orkestrı, nağaraçalanlar ansamblı, xor kollektivi, rəqs qrupları və rəssamlıq şöbəsi artıq sadəcə öz rayonlarında deyil, bütün ölkədə tanınır və sevilirlər. Adı çəkilən kollektivlər mütəmadi olaraq həm rayon səviyyəli, həm də respublika miqyaslı tədbirlərdə müvəffəqiyyətlə çıxış edir və hər dəfə böyük rəğbətlə qarşılanırlar. Bir maraqlı məqamı da qeyd edək ki, Mərkəz ənənəvi olaraq hər ilin may ayında Ümümmilli lider Heydər Əliyevin anadan olması münasibətilə hesabat rəsm sərgisi və konsertini Bakı şəhəri R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçirir.

Xocalı faciəsinin anım tədbiri keçirilib



Ümumiyyətlə Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzi müxtəlif bayramlar və anım günləri münasibətilə təşkil olunan tədbirlərin keçirilməsilə də rayonun ictimai həyatında xüsusi rol oynayır. Əlbəttə, hər kəs istər ki, belə tədbirlər yalnız bayram günlərinə həsr olunsun. Lakin zamanın amansız gedişi Azərbaycan xalqının tarixinə bir çox faciəvi səhifələr də yazmışdır. Bu səhifələrin birində də amansızlığına və qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş Xocalı qətliamı yer almışdır. Bütün ölkədə olduğu kimi, 26 fevral tarixi hər il Şamaxıda da bir çox müəssisələrdə keçirilmiş anım mərasimləri ilə qeyd olunur. O cümlədən, 26 fevral 2019-cu il tarixində Şamaxı rayon İcra Hakimiyyəti rəhbərliyinin təşkilatçılığı ilə Soyqırım abidəsinin önündə anım mərasimi keçirilmişdir. Bundan sonra Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı rayon filialının tələbələrinin və şəhər 9 saylı tam orta məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya, teatrlaşdırılmış tamaşa təqdim olunmuş, sənədli film nümayiş etdirilmişdir. Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisi təşkil olunmuşdur.



Nə qədər acı da olsa, Xocalı faciəsi bizim tariximizin bir parçasıdır və biz bu tarixi hər zaman qan yaddaşımızda yaşadacağıq. Bununla belə heç şübhəsiz, ən yaxın vaxtlarda bütün ağrı-acılarımız qələbə müjdəsi ilə, torpaqlarımızın işğaldan azad edilməsi xəbəri ilə məlhəm alacaq. Bax o zaman, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin kollektivi də özünün möhtəşəm bayram konserti proqramlarından birini Azərbaycanın digər mədəniyyət beşiyi olan Şuşada təqdim edəcək.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024