Mobil versiya
“Dil normaları daha çox KİV-lərdə pozulur” - Qulu Məhərrəmli
Tarix: 21-02-2019 | Saat: 16:51
Bölmə:Gündəm | çapa göndər

“Dil normaları daha çox KİV-lərdə pozulur” - Qulu Məhərrəmli


Fevralın 21-i dünyada Beynəlxalq Ana dili günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatı bu tarixi 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə Beynəlxalq Ana dili günü elan edib. Bu tarix üçün məhz Fevralın 21-nin seçilməsi isə təsadüfi deyil. 1952-ci il fevralın 21,22-də Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada qanlı insident yaşanır. Polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər şəhid olur. Bu səbəbdən Banqladeş nümayəndələri həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi məhz 21 fevralın Ana dili günü adlandırılması ilə bağlı müraciət edirlər. YUNESKO-nun Baş Konfransında 21 fevral Beynəlxalq Ana dili günü elan olunur. Üzv ölkələrə bildirilir ki, həmin gün məktəblərdə, universitetlərdə Ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilsin. Beləliklə dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq məqsədilə hər il keçirilən Beynəlxalq Ana dili günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Çünki, dil ünsiyyət vasitəsi olmaqla yanaşı həm də millətin varlığının təzahürü, milli sərvəti və qan yaddaşıdır. Bu gün dünyada 5 mindən çox millət və etnik qrup olsa da onlardan cəmi 200-nün rəsmi dövləti var. Rəsmi dövlət dilinin sayı isə 70-i keçmir. Bu fakt millətin doğma dilinin öz dövlətində rəsmi dövlət dili statusuna yüksəlməsinin əhəmiyyətini bir daha göstərir. Azərbaycan bu mənada şanslı ölkələrdəndir.

Tanınmış telejurnalist, professor Qulu Məhərrəmli BakuPosta açıqlamasında Azərbaycan dilinin dövlət statuslu dillər arasında olmasının əhəmiyyətindən danışıb: "Azərbaycanda dilin tətbiq edildiyi 24 sahə var. Onun 22-də doğma Azərbaycan dili çox yüksək səviyyədə işlənir. Azərbaycan dili dövlət dilidir. Bir müstəqil dövlətin dilidir. Bu çox önəmli hadisədir”.

Azərbaycan dövlət dilin qorunması bu sahədə qəbul edilən qanunlarla tənzimlənir. Ana dilinin qorunması istiqamətində dövlət səviyyəsində mühüm addımlar atılır. Ancaq bütün bu üstünlüklərə baxmayaraq ciddi problemlər də mövcuddur. Qulu Məhərrəmli hesab edir kİ, problemin kökü məhz dil daşıyıcılarından qaynaqlanır:"Dil harda daha çox işlənirsə, dil normaları da orada pozulur. Yəni, bu, birinci növbədə mətbuatdadır. KİV-lərdə, daha çox televiziyalarda, bəzən radiolarda bunun şahidi oluruq. Mənə elə gəlir ki, bu pozuntuların qarşısının alınması üçün yeganə və mükəmməl bir yol var - biz ana dilimizi yaxşı öyrənməliyik. Onu yaxşı təbliğ etməliyik və bu dili yaxşı tədris etməliyik. Belə olan halda əlbəttə ki, biz nöqsanların qarşısını ala biləcəyik”.

Qeyd edək ki, 1995-ci ildə ilk milli Konstitusiyamızda Azərbaycan dili dövlət dili kimi qəbul edilib. Azərbaycan Konstitusiyasının 45-ci maddəsi ilə hər kəsin Ana dilindən istifadə etmək, istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ təsbit olunur. Heç kəs Ana dilindən istifadə hüququndan məhrum edilə bilməz.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024