Mobil versiya
Daha bir məmur diplomsuz çıxdı - Şəkidə
Tarix: 07-01-2016 | Saat: 16:51
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər

Daha bir məmur diplomsuz çıxdı - Şəkidə
Daha bir məmur diplomsuz çıxdı
Azərbaycanın bu gün artıq dünyanın ən nüfuzlu idman ölkələrindən birinə çevrildiyini təsdiq edən ən əhəmiyyətli dəlillərdən biri də, ötən il dünya idmanı tarixində ilk dəfə keçirilmiş Avropa Oyunlarına məhz ölkəmizin ev sahibliyi etməsi oldu. Məlum olduğu kimi bu gün ölkəmizdə dövlətin daima diqqət mərkəzində saxladığı və xüsusi qayğı göstərdiyi prioritet sahələrdən biri də məhz gənclər və idman sahəsidir. Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi gənçlər və idman siyasəti sayəsində bu sahədə olan uğurlarımız ilbəil artır. İdmançılarımızın mötəbər beynəlxalq yarış və turnirlərdə təcrübəsi artdıqca, ildən-ilə nailiyyətlərimiz də yüksəlir, ölkəyə gələn medalların sayı artır. Əlbəttə ki, bütün bu uğur və nailiyyətlər də ilk növbədə ölkə rəhbərliyinin idmanın inkişafına göstərdiyi böyük diqqət və qayğının nəticəsidir. Təsadüfi deyildir ki, müxtəlif tədbirlər çərçivəsində Bakıya səfər edən ən nüfuzlu beynəlxalq idman təşkilatlarının rəhbərləri də möhtərəm prezidentimizin bu istiqamətdə fəaliyyətini çox yüksək qiymətləndirmiş və bir çoxları isə öz ölkələrində belə inkişafı müşahidə etmədiklərini etiraf etmişlər.

Bu baxımdan əlbəttə ki, ölkədə fəaliyyət göstərən bütün idman təşkilatlarının da əsas vəzifələri ölkə rəhbərliyinin həyata keçirdiyi gənçlər və idman siyasətini dəstəkləmək, bu sahədə daha dinamik inkişafa və daha böyük nailiyyətlərə nail olunması məqsədilə bütün qüvvə və resursları səfərbər etməkdən ibarət olmalıdır. Lakin təəssüflər olsun ki, bu səfərbərlik bəzən hətta Gənclər və İdman Nazirliyinin (GİN) tabeliyində fəaliyyət göstərən qurumların belə heç də hamısında müşahidə olunmur.

Bu xüsusda bizimdovr.az-a daxil olan məlumatlarda deyilir ki, Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İsgəndərovun da bu vəzifəyə hansı yolla təyin olunması bəzi müəammalar doğurur. Məsələ bundadır ki, məlumatı verən mənbənin iddiasına görə, Vüqar İsgəndərovun bu vəzifəyə keçmək üçün təqdim etdiyi ali təhsil haqqında diplomu əslində saxtadır. Daha dəqiq desək, mənbə idarə rəisinin ümumiyyətlə ali təhsilinin olmadığını, diplomu isə, yaxın xarici ölkələrdən birində əldə etdiyini vurğulayır. Həmçinin bildirilir ki, Vüqar İsgəndərovun vəzifəyə təyinatı Ülvi Quliyevin və Füzuli Musayevin səyləri nəticəsində baş tutmuşdur. Eyni zamanda da, məlumatda idarə rəisinin bu təyinata qədər Şəki Rayon İcra Hakimiyyətinin sabiq başçısı Əşrəf Məmmədovun yanında şəxsi mühafizəçi qismində çalışdığı (qeyri-rəsmi) bildirilir. Ola bilsin ki, Vüqar İsgəndərovun özünü əlbəyaxa döyüş növlərindən biri üzrə ikiqat dünya çempionu adlandırması, Əşrəf Məmmədovun kifayət qədər güclü təəssürat altına düşməsinə səbəb olmuşdur. Qeyd edək ki, apardığımız araşdırma nəticəsində Vüqar İsgəndərovun ali təhsil haqqında diplomunun həqiqətən də TQDK-da qeydiyyata alınmadığı müəyyən olunmuşdur. Bu arada isə, redaksiyamıza daxil olan məlumatlarda Şəki şəhər Gənclər və İdman idarəsinin fəaliyyətində yer almış çoxsaylı nöqsanlardan, o cümlədən idarənin rəhbərliyi tərəfindən yol verilən dövlət vəsaitlərinin mənimsənilməsi və digər korrupsiya hallarından bəhs olunur. Açıqlamalarda ilk növbədə qeyd olunur ki, bu idarəyə hər il rayonda idmanın inkişafı məqsədilə ayrılan dövlət vəsaitlərinin məqsədyönlü xərclənməsi təmin olunmur. İdarə rəhbərliyi tərəfindən yuxarı instansiyalara təqdim olunmaq üçün hazırlanan hesabat sənədlərində şişirdilmiş rəqəmlər göstərilir, təşkilinə böyük məbləğlərdə vəsaitlərin sərf olunduğu qeyd olunan yerli əhəmiyyətli yarış və turnirlər isə əksər hallarda yalnız kağız üzərində keçirilir.

Ümid edirik ki, Gənclər və İdman Nazirliyinin rəhbərliyi tərəfindən yazıda təqdim etdiyimiz məqamlar diqqətə alınacaq və məsələyə aydınlıq gətirilməsi üçün müvafiq araşdırma aparılacaqdır.

Ayrıca olaraq, məsələyə dair Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İsgəndərovun da mövqeyini öyrənmək istərdik.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024