Mobil versiya
Meliorasiya sistemləri istismara tam hazır vəziyyətdədir
Tarix: 20-02-2019 | Saat: 16:03
Bölmə:Manşet / Ölkə | çapa göndər

Meliorasiya sistemləri istismara tam hazır vəziyyətdədir




Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin əməkdaşları bu hazırlığı təmin etmək üçün bütün işləri vaxtında həyata keçirirlər

Məlum olduğu kimi, Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatında istifadəyə yararlı olan 4.5 mln. hektar torpaq sahəsindən 3.2 mln. hektarı əkinçilik üçün suvarma tələb edən sahələrdir. Bu səbəbdən də respublikamızda böyük meliorasiya və su təsərrüfatı kompleksi yaradılmışdır. Uzun illər ərzində iri su anbarları, hidroqovşaqlar, suvarma və kollektor-drenaj sistemləri, nasos stansiyaları və digər obyektlər tikilib istifadəyə verilmişdir. Bu illər ərzində suvarılan torpaqların ümumi sahəsi 2.6 dəfədən çox artmışdır.

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC –su ehtiyatlarının idarə olunması yüksək səmərəliliklə həyata keçirilir



“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC meliorasiya və su təsərrüfatı sahəsində idarəetməni təkmilləşdirmək, su ehtiyatlarından istifadənin səmərəliliyini artırmaq, torpaqların meliorasiyası və irriqasiyası ilə bağlı işlərin təşkilini yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Meliorasiya və Su Təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 23 fevral 2006-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin əsasında yaradılmışdır. Üzərinə düşən vəzifələri səmərəli şəkildə həyata keçirmək üçün ASC-nin tərkibində bir çox tabe qurumlar, struktur bölmələri və digər təsisatlar yaradılmışdır. Bunlardan Su anbarlarının, hidroqovşaqların və magistral kanalların istismarı idarələri, Suvarma sistemləri idarələri, Kollektorların istismar idarələri, Meşə meliorasiya idarələri, Su anbarlarının, hidroqovşaqların və magistral kanalların istismarı idarələri, Meliorasiya idarələri, Mexaniki suvarma idarələri, Qış otlaqlarının su təminatı sistemlərinin istismarı idarələri, Subartezian quyularının istismarı idarələri, Melioservis idarələri və bir çox digər ixtisaslaşmış idarələr bilavasitə yerlərdə suvarılan torpaqların su ilə təminatı funksiyalarını həyata keçirirlər. O cümlədən ASC-nin tərkibində fəaliyyət göstərən 13 hidroqovşağ, su anbarları və kanallarının istismar idarələri də kifayət qədər böyük həcmdə işlər həyata keçirməklə əkin torpaqlarının suvarma suyu ilə təminatı məsələsinin həllində əhəmiyyətli mövqeyləri tuturlar. Bundan başqa, magistral kanalların istismarı idarələri su qəbuledicilər vasitəsi ilə su mənbələrindən qəbul edilən suları ayrı-ayrı rayonlara xidmət edən paylayıcı kanallara verilməsini həyata keçirir, kanal və onun üzərindəki əlaqələndirici, nizamlayıcı və su tullayıcı qurğuların təmir və bərpası ilə məşğul olur. Göründüyü kimi, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin fəaliyyəti həqiqətən də çoxşaxəlidir və kifayət qədər mürəkkəb əməliyyat və prosedurların mütəmadi olaraq həyata keçirilməsini tələb edir.



2018-ci ilin uğurlu layihələri

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən ötən illərdə olduğu kimi 2018-ci ildə də bir sıra uğurlu layihələr işlənib həyata keçirilib. Belə ki, ötən il Kür, Araz və onlara qovuşan dağ çayları boyunca salınan torpaq mühafizə bəndlərinin 133 km-lik hissəsində möhkəmləndirmə işləri görülüb və 3890,0 kbm həcmində daş və beton məmulatları ilə sahilbərkitmə işləri yerinə yetirilib. Suvarma sistemlərində və kollektor-drenaj şəbəkələrində 62,0 mln.kbm həcmində lildən təmizləmə işləri görülüb, 5837 hidrotexniki qurğu, 5203 subartezian quyusu, 276 nasos stansiyası təmir edilib. Çay məcralarında 17,2 mln.kbm həcmində məcratəmizləmə işləri aparılıb, 10,3 min kbm şax-daş və faşın, 2,9 min kbm qabion bəndlər quraşdırılıb və daş-beton bəndlərdə 18,4 min kbm həcmində təmir işləri yerinə yetirilib. Görülən tədbirlər nəticəsində suvarılan torpaq sahələri əsasən suvarma suyu ilə tam təmin edilib. Respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1392,8 min hektar sahədə orta hesabla 3,2 dəfə suvarılıb. 2018-ci il ərzində bütün mənbələrdən olan vəsaitlər hesabına 16 ədəd yeni və 28 ədəd keçid obyektlərində layihələndirmə, əsaslı tikinti-quraşdırma, yenidənqurma və bərpa işləri görülüb.




Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarәsinin göstərdiyi xidmətlər yüksək səviyyədədir

ASC-nin yuxarıda qeyd etdiyimiz funksiyalarını icra edən struktur bölmələrindən biri də Azər İsmayılovun rəhbərlik etdiyi Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarәsidir. Vurğulamaq istərdik ki, Salyan şəhərində yerləşən bu idarənin göstərdiyi xidmətlərdən onun əhatə dairəsində fəaliyyət göstərən bütün fermerlər, şəxsi təsərrüfat rəhbərləri və ümumiyyətlə su istifadəçiləri razılıq edirlər. Əldə etdiyimiz məlumatlarda bildirilir ki, idarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin hər zaman saz vəziyyətdə saxlanması daim diqqət mərkəzindədir. Çünki idarənin özünün də fəaliyyət səmərəliliyini yalnız bu yolla təmin etmək olar. Həmçinin idarənin işi ilə bağlı təqdim olunan açıqlamalarda bildirilir ki, torpaq sahələrinin meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə kollektor dren şəbəkəsi mütəmadi olaraq təmizlənir, elektrik mühərriklərinin, nasos aqreqatlarının, hidrotexniki qurğuların, nasos stansiyalarının, hidropostların əsaslı və cari təmiri həyata keçirilir, suvarma sistemlərinin lildən təmizlənmə işləri görülür.

Təbii ki, bütün bunlar Azər İsmayılovun rəhbərlik etdiyi Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarәsinin səmərəli fəaliyyətindən xəbər verir və bu səmərəliliyin gələcəkdə daha da artacağına dair heç bir şübhə yeri qoymur. Eyni zamanda da, Azər İsmayılovun Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı bu əminliyin daha da möhkəmlənməsinə zəmin yaradır.

aia.az
Orxan Həsənov
Aynur Əsədova



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024