Mobil versiya
“Könüllülər Parlamenti – Azərbaycan, 2019” layihəsinin açılış mərasimi keçirilib
Tarix: 18-02-2019 | Saat: 10:57
Bölmə:Siyasət | çapa göndər

“Könüllülər Parlamenti – Azərbaycan, 2019” layihəsinin açılış mərasimi keçirilib


Bu gün Milli Məclis və “ASAN Könüllüləri” Təşkilatının birgə əməkdaşlığı ilə “Könüllülər Parlamenti – Azərbaycan, 2019” layihəsinin açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Daha sonra tədbirdə çıxış edən Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov layihənin əhəmiyyətindən danışıb. O qeyd edib ki, 2012-ci ildə Prezident İlham Əliyevin fərmanı ilə yaradılan “ASAN Xidmət” artıq dövlətdaxili deyil, beynəlxalq hüquqi reallığa çevrilib:

“Bir çox ölkələr “ASAN Xidmət”in təcrübəsindən yararlanmaq istəyir. Çox qısa müddətdə milyonlarla şəxs “ASAN Xidmət”ə müraciət edib. Tək Azərbaycan Respublikası vətəndaşları deyil, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də bu xidmətlərdən yararlanır. Sizin gələcək fəaliyyətiniz üçün burada qazanacağınız təcrübə böyük rol oynayacaq”.

Tədbirdə çıxış edən “ASAN Xidmət”in İnsan resursları və təlim şöbəsinin müdiri Orxan Dəmirli isə qeyd edib ki, “ASAN Könüllüləri” hazırda 17 mindən çox könüllünü özündə birləşdirir.

“Bu, bir hərəkata çevrildi. Hərəkat çərçivəsində yüzlərlə layihə həyata keçirilib. Ümumilikdə bu layihələr “ASAN Könüllüləri”nə daxil olmayan gəncləri də əhatə etdi. Təqribi hesablamalara görə, 50 min gənci əhatə edən tədbirlər həyata keçirdik”.

O.Dəmirli bildirib ki, “Əsgərə məktub”, “ASAN məktub” layihələri cəmiyyətdə bütün təbəqələrdən olan şəxslərin iştirakını təmin edib: “Həmin layihələr cəmiyyətimizdə çox tanınır və hamı bu layihələrə qoşulur. “Könüllülər Parlamenti” layihəsini də həyata keçiririk. Bu layihə nəticəsində fəal gənclərə imkan yaradılır ki, onların siyasi, qanunvericilik proseslərində iştirakları təmin olunsun. 1300-ə yaxın gənc bu layihədə iştirakçı olmaq istədi. 4 gün davam edən bu layihə çərçivəsində onlar qanunvericilik proseslərini öyrənəcəklər. Qanun layihələri irəli sürüb Milli Məclisin komitələrinin iclaslarında iştirak edəcəklər. Onların Milli Məclisin deputatları ilə görüşləri olacaq”.

Daha sonra çıxış edən Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev deyib ki, 2012-ci ildən fəaliyyət göstərən “ASAN Xidmət” bir brenddir: “ASAN Xidmət” dünyada Azərbaycanla bağlı çox gözəl bir imic formalaşdırıb, o cümlədən daxildə vətəndaşlar üçün böyük imkanlar açıb, vətəndaş və dövlət münasibətlərini tamamilə fərqli bir formasını yaradıb".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə