Mobil versiya
Region – Ağcabədi Sosial-iqtisadi inkişafa dair dördüncü Dövlət Proqramının icrasına hazırıq
Tarix: 04-02-2019 | Saat: 11:42
Bölmə:Manşet / Ölkə / Seçilənlər-2 | çapa göndər

Region – Ağcabədi Sosial-iqtisadi inkişafa dair dördüncü Dövlət Proqramının icrasına hazırıq




Bu deviz altında aia.az (Azərbaycan İnformasiya Agentliyi) xəbər və informasiya saytı yeni layihəsini həyata keçirir. Layihənin gedişində regionların üçüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramının yekunları və dördüncü Dövlət Proqramının icrasına hazırlıq işləri ilə bağlı rayon və bölgələrimizdə mövcud vəziyyət ətrafında araşdırmalar aparılacaq, əldə olunan uğur və nailiyyətlərdən, həmçinin görüləcək işlərdən bəhs olunacaq.

Layihənin bugünkü seçimi Ağcabədi rayonudur.

Ağcabədi rayonu Kür-Araz ovalığının Mil və Qarabağ düzlərində yerləşir. Bərdə, Zərdab, Füzuli, Ağdam, Xocavənd, Beyləqan rayonları ilə həmsərhəddir. Rayonunun mərkəzi Ağdam dəmir yolu stansiyasından 45 km, Bakıdan 300 km aralı, Qarqar çayının hər iki sahilindədir.



Ağcabədi 1930-cu ildə Sovet hakimiyyəti Azərbaycan ərazisini inzibati ərazilərə bölən zaman rayon statusu almış, 1963-cü ildə ləğv edilərək Ağdam rayonuna verilmişdir. 1965-ci ildə Ağdamın tərkibindən ayrılmış və yenidən rayon statusu almışdır..

Əhalinin sayı – 134500 (2018-ci ilə olan məlumat) nəfər.

Sahəsi – 1756 km².

Əhalinin orta sıxlığı – 76 nəfər / kv km.

İnzibati mərkəzi – Ağcabədi şəhəri.

Regionların 3-cü sosial-iqtisadi inkişafı Dövlət Proqramında Ağcabədi rayonu üzrə nəzərdə tutulmuş bütün tədbirlər uğurla həyata keçirilib. Rrayon daha da inkişaf edərək abad bir diyara çevrilib, sakinlərin maddi rifah halı əhəmiyyətli dərəcədə yüksəlib.Bu barədə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov yanvar ayının 29-da keçirilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda etdiyi çıxışında məlumat verib.

Mühüm sahə olan pambıqçılığın sürətli inkişafı təmin edilib

Aqrar sahənin inkişaf etdirilməsi üçün yaradılan münbit şərait, ölkə rəhbərliyi tərəfindən müəyyən edilmiş və uğurla həyata keçirilən iqtisadi kurs və mühüm dövlət tədbirləri Ağcabədi rayonunda da öz müsbət nəticələrini verib. O cümlədən, rayonun iqtisadiyyatının əsasını təşkil edən və ümumiyyətlə kənd təsərrüfatının mühüm sahəsi olan pambıqçılığın sürətli inkişafı təmin edilib. Şahin Məmmədov konfransdakı çıxışında xüsusi olaraq qeyd edib ki, fermerlərin, sadə kənd adamlarının torpağa bağlılığı artdıqca, onlar Ölkə Prezidentinin qayğısını daha çox hiss edir, dövlətin bu sahəyə dəstəyindən bəhrələnirlər.



Qeyd etmək lazımdır ki, son illər ərzində Ağcabədi rayonunda pambıq istehsalı 10 dəfə artaraq 23,3 min tona çatıb, hər hektardan orta məhsuldarlıq isə 1,5 dəfə artaraq 23,3 sentner təşkil edib. Mövsümi işlərə 22 min nəfərə yaxın kənd sakini cəlb olunub və onlar pambıqçılıqdan yüksək gəlir əldə ediblər. Əlbəttə ki, yüksək məhsuldarlığı təmin edən əsas amillərdən biri də müasir kənd təsərrüfatı texnikasının tətbiqidir. Bu baxımdan demək lazımdır ki, ötən il Ağcabədi rayonuna da xeyli miqdarda kənd təsərrüfatı texnikaları verilib ki, bu da uğurların əldə olunmasında mühüm rol oynayıb. Həmçinin Ağcabədi RİH-nin başçısı öz çıxışında daha bir maraqlı məqama toxunaraq bildirib ki, Prezident İlham Əliyevin kənd təsərrüfatı sahəsində xidmətləri olan şəxslərin təltif edilməsi ilə bağlı müvafiq Sərəncamı ilə rayonda fəaliyyət göstərən fermerlərdən Tofiq İsmayılov və İsgəndər Hüseynov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunublar. Bu isə rayonun əhalisi tərəfindən pambıqçılara verilən yüksək qiymət kimi dəyərləndirilir və daha çox məhsul əldə etmək üçün sağlam rəqabət yaradır.

Kənd təsərrüfatının digər ənənəvi sahələrində də əhəmiyyətli yüksəliş müşahidə olunur

Kənd təsərrüfatı üçün ənənəvi sahələrdən biri olan baramaçılığın inkişafına göstərilən dövlət dəstəyi Ağcabədidə də bu sahənin yenidən dirçəldilməsini şərtləndirib, kümçülərdə böyük ruh yüksəkliyi yaradıb. Nəticədə rayonda 2018-ci ildə əvvəlki ilə nisbətən 2,2 dəfə çox - 37 ton barama istehsal olunaraq təhvil verilib, kümçülər 330 min manatdan artıq gəlir əldə ediblər. Cari ildə isə hədəf barama istehsalının 50-60 tona çatdırılmasıdır. Rayonda baramaçılığın yem bazasının yaradılması istiqamətində də işlər davam etdirilib, son üç ildə 389 min tut tingi əkilib.



Həmçinin ötən il Ağcabədi rayonunda taxılçılıq sahəsində də çox böyük uğurlar əldə edilib. Belə ki, əhali təsərrüfatlarında buğdanın məhsuldarlığı hektarda 46,6 sentner olmaqla, rayon üzrə 107 min ton taxıl istehsal edilib.

Bundan başqa, rayonda heyvandarlıq sahəsinin də inkişafı diqqət mərkəzində saxlanılıb. Bu sahənin inkişaf etdirilməsi məqsədilə rayon ərazisində “Aqat Aqro” MMC, “BMS Aqro” MMC iri heyvandarlıq təsərrüfatı, Təzəkənd ərazisində çox sayda kiçik ailə fermer təsərrüfatları, “ATENA” süd emalı zavodu fəaliyyət göstərir. 2018-ci ildə kənd təsərrüfatına, ümumilikdə 55 min nəfərdən çox işçi cəlb olunub ki, bu da rayon üzrə məşğul əhalinin 51 faizini təşkil edir.

Sosial layihələrin icrası sürətlə davam edir

Ötən il Ağcabədidə abadlıq və quruculuq işləri, sosial layihələrin icrası da sürətlə davam etdirilib, 45 mindən artıq şəhər əhalisi fasiləsiz içməli su ilə təmin edilib, qazlaşdırmanın səviyyəsi 92 faizə çatıb, kəndlərarası avtomobil yolları çəkilib. Ağcabədi şəhərinin Heydər Əliyev, Üzeyir Hacıbəyli prospektlərində, Xəlfərəddin küçəsində abadlıq işləri davam etdirilib. Heydər Əliyev prospektində səkilərdə təmir-bərpa işləri aparılaraq 9200 m2 tamet, 380 p/m bardür düzülüb, Üzeyir Hacıbəyli prospektində hasarlarda 750 m2 hörgü, 1200 m2 suvaq, 3500 p/m ağlay bəzək daşları, 1200 m2 ağlay, 5700 pm ekran həşiyələri və kürsü karnizi, 1400 m2 dekarativ üzlük vurulub. Xəlfərəddin küçəsində 1024 p/m səki yanlarına bardür düzülüb, 1450 m2 hasarlara suvaq, hasar və sütunlara 1216 m2 ağlay vurulub, 4470 p/m ekran haşiyələri və kürsü karnizi işlənib, hasarlarda 500 m2 hörgü işləri aparılıb, 1050 m2 tamet döşənib (rəqəmlər 15.10.2018 tarixinə olan məlumatları əks etdirir – red.).



2018-ci ilin yanvar ayından “RCİ-İnkişaf 2014” MMC ilə bağlanmış müqavilə əsasında Ağcabədi Rayon Kommunal Xidməti və Mənzil istismarı İdarəsinin balansında olan Üzeyir Hacıbəyli prospekti 25 saylı, Vaqif küçəsi 7, 9 və 13 saylı çoxmərtəbəli yaşayış binalarının əsaslı təmir işləri həyata keçirilib. Məşğulluq idarəsinin göndərişi əsasında 70 nəfər işçi fərdi əmək müqaviləsi əsasında müvəqqəti işlə təmin olunmuşdur. Binaların fasadı, blok girişi, pəncərə blokları, yardımçı binalarının əsaslı təmir, pilləkən və pilləkən məhəccərləri təmir olunub. Şəhərin Heydər Əliyev və Üzeyir Hacıbəyli prospektlərində, eləcə də İsmət Qayıbov və Nəsimi küçələrində prospektində ümumilikdə 25 çoxmənzilli yaşayış binalarında əsaslı təmir işləri həyata keçirilib.

Bu il tikintisi başa çatdırılacaq ictimai xidmətlər sahəsində inqilabi layihə olan “ASAN xidmət” mərkəzinin istifadəyə verilməsi nəinki rayonun, həmçinin bölgənin əhalisinə böyük töhfə olacaqdır. Bütövlükdə son beş ildə rayona 614 milyon manat investisiya qoyulub, ümumi məhsul buraxılışı 2,7 dəfə, kənd təsərrüfatı məhsullarının istehsalı isə 1,9 dəfə artıb.

Xoşbəxt uşaqlar – uğurlu gələcəyin quruclarıdır

Ağcabədi rayonu haqqında danışarkən xüsusi olaraq qeyd etmək istədiyimiz bir məqam da vardır ki, bu da rayon rəhbərliyinin uşaq və gənclər məsələlərini hər zaman böyük diqqət və qayğı içərisində saxlaması ilə bağlıdır. Gənc nəslin düzgün təlim-tərbiyəsi, onların sağlam fiziki və mənəvi mühitdə formalaşmaları cəbhəyanı bölgələrdə xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda da uşaqların şən və firavan yaşamaları sadəcə olaraq onların təbii haqqıdır. Məhz bu baxımdan da Ağcabədi rayonunda uşaq və gənclər məsələləri daima xüsusi diqqət mərkəzində saxlanılır. Elə ötən bayram günlərində rayonun müxtəlif yerlərində uşaqlar üçün keçirilmiş bayram tədbirləri də bu diqqət və qayğının əyani göstəricisidir.



Belə ki, 31 dekabr 2018-ci il tarixdə Ağcabədi şəhər 8 saylı körpələr evi-uşaq bağçasında bayram şənliyi keçirilmişdir. Bayram şənliyində çıxış edənlər uşaqları 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə təbrik etmişlər. Bayram şənliyi böyük coşqu ilə keçmiş, musiqiçilərin hazırladıqları musiqi proqramı uşaqların marağına və sevincinə səbəb olmuşdur. Şənliyin sonunda uşaqlara Yeni il hədiyyələri verilmişdir. Tədbirdə 70-dən çox uşaq iştirak etmişdir.

Həmçinin, 01 yanvar 2019-cu il tarixdə Ağcabədi rayon Y.Məmmədov adına Mədəniyyət Mərkəzində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə Ü.Hacıbəyli adına şəhər İncəsənət məktəbinin kollektivinin məktəblilər üçün hazırladıqları “Qış nağılı” adlı bayram şənliyi keçirilmişdir. 85 nəfər balaca fidanın iştirakı ilə keçirilən konsert proqramında səsləndirilən Yeni ilə həsr olunmuş mahnılar, şerlər uşaqların böyük marağına və sevincinə səbəb olmuşdur. Tədbirdə “Şaxta baba” və “ Qar qız “ qonaqları salamlamış, onlara 2019-cu ildə can sağlığı arzulayaraq, uşaqlara yeni il hədiyyələri paylamış və bayramlarını təbrik etmişlər.

Bayram günlərində uşaqlar üçün keçirilən ən əhəmiyyətli tədbirlərdən biri də 01 yanvar 2019-cu il tarixdə baş tutmuşdur. Həmin gün Ağcabədi rayon Gənclər Mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurası və Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisinin birgə təşkilatçılığı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə bayram şənliyi keçirilmişdir. Şənlik “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”ndə təhsil alan uşaqların ifasında maraqlı səhnəciklər, rəqslər və müsiqi nömrələri ilə davam etdirilib. Şənliyə Şaxta baba və Qar qızın qoşulması uşaqları daha da sevindirib və bayram tədbirini onlar üçün unudulmaz edib. Şənliyinin sonunda uşaqlara hədiyyələr paylanıb.

Qeyd edək ki, uşaqlar üçün təşkil olunan bu bayram tədbirlərində Ağcabədi Rayon İcra Hakimiyyətinin rəhbər vəzifəli işçiləri, YAP Ağcabədi rayon təşkilatını təmsil edən məsul şəxslər, ictimai təşkilatların, təhsil qurumlarının rəhbərləri və nümayəndələri, ictimaiyyət nümayəndələri və valideyinlər iştirak etmişlər.

“Region” layihəsinin Ağcabədi rayonuna həsr etdiyimiz bugünkü buraxılışını isə, yenə də Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda etdiyi çıxışının sonunda Ölkə Prezidentinə xitabən söylədiyi sözlərlə bitirmək istəyirik:

“Cənab Prezident, Sizin müntəzəm olaraq bölgələrə səfərləriniz, o cümlədən cəbhəyanı ərazilərdə olmağınız əhali arasında torpağa bağlılığı, qurub-yaratmaq həvəsini, sabaha inamı və ölkənin işıqlı gələcəyinə ümidi artırır. Biz ağcabədililər Sizin böyük diqqət və qayğınıza bundan sonra da əməli işlərimizlə cavab verəcək, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının, müstəqil dövlətimizin gələcəyi üçün apardığınız möhtəşəm siyasətin həyata keçirilməsində Sizi daim dəstəkləyəcəyik.”

aia.az
Abbas Abbasov
Elbrus Bağırov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə