Mobil versiya
Su ehtiyatları strateji əhəmiyyət kəsb edən milli sərvətimizdir
Tarix: 25-01-2019 | Saat: 12:16
Bölmə:Karusel / Manşet / Gündəm / Seçilənlər-2 | çapa göndər

Su ehtiyatları strateji əhəmiyyət kəsb edən milli sərvətimizdir




Şakir İmanovun rəhbərlik etdiyi Yuxarı Qarabağ kanalının İstismarı idarəsinin əməkdaşları kanalın fasiləsiz funksionallığını təmin etmək üçün bütün zəruri işləri vaxtında həyata keçirirlər

Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatında istifadəyə yararlı olan 4.5 mln. hektar torpaq sahəsindən 3.2 mln. hektarı əkinçilik üçün suvarma tələb edən sahələr olduğundan və ölkəmizdə kifayət qədər su ehtiyatı olmadığından xalqımızın gərgin əməyi nəticəsində respublikamızda böyük meliorasiya və su təsərrüfatı kompleksi yaradılmışdır. Uzun illər ərzində iri su anbarları, hidroqovşaqlar, suvarma və kollektor-drenaj sistemləri, nasos stansiyaları və digər obyektlər tikilib istifadəyə verilmiş, suvarılan torpaqların ümumi sahəsi 2.6 dəfədən çox artmışdır.

Ölkənin su ehtiyatlarının idarə olunması “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən yüksək peşəkarllıqla həyata keçirilir




“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC meliorasiya və su təsərrüfatı sahəsində idarəetməni təkmilləşdirmək, su ehtiyatlarından istifadənin səmərəliliyini artırmaq, torpaqların meliorasiyası və irriqasiyası ilə bağlı işlərin təşkilini yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Meliorasiya və Su Təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 23 fevral 2006-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin əsasında yaradılmışdır. Üzərinə düşən vəzifələri səmərəli şəkildə həyata keçirmək üçün ASC-nin tərkibində bir çox tabe qurumlar, struktur bölmələri və digər təsisatlar yaradılmışdır. Bunlardan Su anbarlarının, hidroqovşaqların və magistral kanalların istismarı idarələri, Suvarma sistemləri idarələri, Kollektorların istismar idarələri, Meşə meliorasiya idarələri, Su anbarlarının, hidroqovşaqların və magistral kanalların istismarı idarələri, Meliorasiya idarələri, Mexaniki suvarma idarələri, Qış otlaqlarının su təminatı sistemlərinin istismarı idarələri, Subartezian quyularının istismarı idarələri, Melioservis idarələri və bir çox digər ixtisaslaşmış idarələr bilavasitə yerlərdə suvarılan torpaqların su ilə təminatı funksiyalarını həyata keçirirlər. O cümlədən ASC-nin tərkibində fəaliyyət göstərən 13 hidroqovşağ, su anbarları və kanallarının istismar idarələri də kifayət qədər böyük həcmdə işlər həyata keçirməklə əkin torpaqlarının suvarma suyu ilə təminatı məsələsinin həllində əhəmiyyətli mövqeyləri tuturlar. O cümlədən, magistral kanalların istismarı idarələri su qəbuledicilər vasitəsi ilə su mənbələrindən qəbul edilən suları ayrı-ayrı rayonlara xidmət edən paylayıcı kanallara verilməsini həyata keçirir, kanal və onun üzərindəki əlaqələndirici, nizamlayıcı və su tullayıcı qurğuların təmir və bərpası ilə məşğul olur. Bu idarələrdən biri də Yuxarı Qarabağ kanalının istismarı idarəsidır.

Ölkənin ikinci ən böyük kanalı



Yuxarı Qarabağ kanalı 1958-ci ildə istismara verilmişdir. Respublikada Samur-Abşeron kanalından (182 km) sonra uzunluğuna görə ikinci yeri tutur. Yuxarı Qarabağ kanalı Qarabağ və Mil düzlərini suvarmaqla Bəhramtəpə su qovşağı yaxınlığında Araz çayınadək davam edir. Mənbəyini Mingəçevir su anbarı və Kür çayından götürür. Kanal Qarabağ zonasının, Mil düzünün (qismən Muğan düzünün) 122 min hektar sahəsini su ilə təmin edir. Maksimal suburaxma qabiliyyəti 112 kubmetrsaniyədir. Kanal düzən Qarabağın 110 min hektar əkin sahəsini suvarma suyu ilə təmin edir ki, bundan da 86 400 hektarı öz axını ilə, 23 600 hektarı isə mexaniki üsulla, yəni nasoslar vasitəsilə suvarılır. Kanal Yevlax, Mingəçevir, Goranboy, Tərtər, Bərdə, Ağcabədi, Beyləqan, Ağdam və İmişli rayonlarını bol suvarma suyu ilə təmin edir. Bundan başqa, yay aylarında Araz çayında suyun səviyyəsi aşağı düşdükdə, su çatışmazlığı yarandığı vaxt Qarabağ kanalı vasitəsilə 25-30 kub/san Bəhramtəpə suqovşağına su verilir. Yay vaxtı bu suyun Bəhramtəpə Hidroqovşağına verilməsi respublikanın İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Cəlilabad rayonlarının təsərrüfatlarını su problemindən xilas edir.

38 ilin təcrübəsi keyfiyyətli işə ən etibarlı zəmanətdir

Yuxarı Qarabağ kanalının İstismarı İdarəsinin vəzifəsi Meliorasiya və Su Təsərrüfatı ASC-nin təsdiq etdiyi limit əsasında Yuxarı Qarabağ Kanalı vasitəsilə axıdılan suyu təsərrüfatlara çatdırmaq və kanalın texniki vəziyyətini daim saz saxlamaqdan ibarətdir.



Yuxarı Qarabağ kanalı 172,4 kilometr uzunluğunda torpaq kanaldır. Baş qurğu giriş və çıxış qapılarından və 1,1 kilometr uzunluğunda tuneldən ibarətdir. Kanal üzərində 14 ədəd səviyyəqaldırıcı qurğu, 45 ədəd paylayıcı qurğu, 1 ədəd akvedük, 3 ədəd dükker, 3,3 kilometr uzunluğunda beton örtüklü cəldaxıdan və 1 ədəd sudüşürən vardır. Bundan başqa, kanalda qəza hadisələrinin qarşısını almaq məqsədilə çaylarla kəsişən hissələrdə, həm də 4 yerdə (Korçay, Tərtərçay , İncəçay və Qarqarçay) sutullayıcı qəza qapıları, kanal üzərində 33 körpü, altında isə 23 ədəd selötürücü qurğu vardır. Bütün bu hidrotexniki qurğuların saz və işlək vəziyyətdə qalmalarını isə Yuxarı Qarabağ kanalının İstismarı İdarəsi təmin edir. Kanalın fasiləsiz funksionallığını təmin etmək məqsədilə təcrübəli meliorator Şakir İmanovun rəhbərlik etdiyi Yuxarı Qarabağ kanalı istismar idarəsi tərəfindən mütəmadi olaraq böyük həcmdə işlər həyata keçirilir. Bu məqsədlə bəndlərin və qurğuların cari və əsaslı təmir işləri həyata keçirilir, hidravilik mexanizmlərdə yaranan problemlər aradan qaldırılır. Həmçinin idarə şlüz qapılarının əsaslı təmiri, beton kanalın dağılmış hissələrinin bərpası, hidrotexniki qurğuların, hidrometrik postların, idarənin balansında olan mülki və inzibati binaların təmiri kimi işləri də həyata keçirir. Bundan başqa kanalların lildən təmizlənməsi, daşqına və selə qarşı mübarizə tədbirlərinin görülməsi də idarənin funksiyalarına aiddir. Su kanalının istismarı idarələrinin fəaliyyətində spesifik cəhətlərdən biri də budur ki, həmin bu fəaliyyət öz təsirini bilavasitə yerli sakinlərin, torpaqda çalışan insanların işində göstərir. İstər fermer təsərrüfatı olsun, istərsə də sadəcə həyətyanı sahə - fərq etməz, bütün hallarda torpağa, əkin və heyvanlara su lazımdır. Odur ki, Yuxarı Qarabağ kanalı istismar idarəsinin bütün kollektivinin işi də daim yerli sakinlərin diqqətini özünə cəlb edir. Sevindirici haldır ki, əksər hallarda fermerlər və yerli sakinlər idarənin işindən razılıq edirlər. Aldığımız açıqlamalarda xüsusi olaraq vurğulanır ki, Şakir İmanovun rəhbərlik etdiyi Yuxarı Qarabağ kanalı istismar idarəsi təsərrüfatların su təminatı ilə bağlı bütün məsələləri vaxtında və effektiv şəkildə həll edir. Bu səbəbdən də torpaqların suvarılmasında demək olar ki, heç bir problem yaranmır.

Sonda bir məqamı da xüsusi olaraq qeyd etmək istərdik ki, ömrünün 38 ilini ölkəmizdə su təsərrüfatı və meliorasiya işinin inkişafına həsr edən Şakir İmanov ona tapşırılan vəzifələrin öhdəsindən hər zaman layiqincə gəlib. Eyni zamanda vurğulamaq lazımdır ki, Şakir İmanovun fəaliyyəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilmişdir. Belə ki, 2017-ci ildə Su təsərrüfatı və meliorasiya işçilərinin Peşə Bayramı Günü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla “Tərəqqi” medalı ilə təltif olunanlar arasında Yuxarı Qarabağ kanalının İstismarı İdarəsinin rəisi Şakir İmanovun da adı yer almışdır

aia.az
Abbas Abbasov
Elbrus Bağırov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024