Stalinin üçüncü “həyat yoldaşı” -rəhbərin qısqanıb sürgün etdiyi, geri çağırdığı Valentina...
Tarix: 23-01-2019, 16:16 | Saat: 15:47:00
Bölmə:Karusel / Seçilənlər-4 | çapa göndər

Stalinin üçüncü “həyat yoldaşı” -rəhbərin qısqanıb sürgün etdiyi, geri çağırdığı Valentina...


29 il SSRİ-yə rəhbərlik edən İosif Stalinin siyasi fəaliyyəti haqqında ictimaiyyətə KİV vasitəsi ilə az-çox məlumat verilsə də, rəhbərin şəxsi həyatı tam məxfi saxlanılıb. Ancaq zaman-zaman “tam məxfi” qrifli qovluqlar açıldıqca “xalqlar atası”nın kabinetdən kənar həyatı haqqında ictimaiyyət yetərincə geniş məlumatlara malik olub və bu məlumatlar böyük maraqla qarşılanıb.

Yenixeber.org: Sözsüz ki, rəhbərin şəxsi həyatında qadınlara olan münasibəti daha çox diqqəti cəlb edib. İosif Stalin rəsmi şəkildə iki dəfə nikahda olub. Birinci həyat yoldaşı Kato Svanidze 22 yaşında vərəm xəstəliyindən vəfat edib. İkinci həyat yoldaşı, Bakıda anadan olan Nadejda Alliluyeva isə 31 yaşında özünü güllələyib.

Bunlar Stalinin ailə vəziyyətinin rəsmi tərəfləridir. Qeyri-rəsmi isə rəhbərin şəxsi həyatında qadınların - məşuqələrin sayı heç də az olmayıb. Qeyri-rəsmilər siyahısında yalnız bir qadın qeyri-rəsmi olaraq Stalinin üçüncü “həyat yoldaşı” adlandırılıb – Valentina İstomina...

Onun haqqında heç kim, hətta Kreml məmurları belə “Stalinin məşuqəsi” ifadəsini işlətməyə cəsarət edə bilməyib. O, Stalinin həyatında olan bütün qadınların arasında rəhbər tərəfindən ən çox etibar edilən və ən cox etimad göstərilən şəxslərdən birinə çevrilib.

Valentina İstominaya qarşı ən adi kobud bir rəftar, yaxud xoşagəlməz baxışlarla ona nəzər yetirmək Stalin tərəfindən ciddi cəzalarla nəticələnib. Stalin onu qoruyub, qısqanıb. Sözün əsl mənasında Stalin kimi sərt xarakterli bir adam bu sibirli xanımı görməyəndə darıxıb. Hər şey isə adi bir hadisədən başlanıb...

Stalinin səhhətində həmişə problemlər olub. O tez-tez infeksion xəstəliklərdən, mədə problemlərindən, həzm sisteminindən əziyyət çəkib. Bütün bunlara baxmayaraq, rəhbər həkimlərin qadağalarına fikir verməyib. İçib, çəkib, yağlı və qızardılmış yeməklərdən imtina etməyib. Mütəmadi olaraq məclislər təşkil edən Stalin gecədən keçənə qədər silahdaşları ilə süfrə arxasında əyləşərək sağlamlığı haqqında düşünməyib. Həkimlərlə ünsiyyətdən qaçan Stalin bir çox hallarda ona təyin olunmuş dərmanların qəbulundan da imtina edib.

Növbəti dəfə Stalin güclü soyuqdəymədən özünü çox narahat hiss edəndə həmin vaxt Stalinin Kremldəki mənzilində adi xidmətçi kimi çalışan Valentina onu müalicə etmək qərarına gəlib. Növbədə olduğu gün adəti üzrə Stalinə çay aparan Valentina bu dəfə sahibinə müxtəlif müalicəvi bitkilərdən dəmlənmiş çay aparıb və həmin çayın xəstəliyin aradan qaldırılmasında faydalı olacağına Stalini inandıra bilib. Stalin çayı içdikdən sonra Valentina öz yun şalı ilə sahibini bürüyüb. Az bir müddətdən sonra özünü rahat hiss edən Stalin xidmətçini çağırtdıraraq minnətdarlığını bildirib. Bu hadisədən sonra Valentina İstominanın xidməti iş yeri dəyişdirilib. Vaxtının əsas hissəsini “Yaxın bağ”da keçirən Stalin Valentinanın orada işləməsinə dair göstəriş verib.

Adi bir əyalət qızına rəhbər tərəfindən xüsusi etimad göstərilməsi Stalinin yaxın ətrafında olan insanlarda müxtəlif fikir və müəmmalar yaratsa da, bu münasibətlər haqqında fikir söyləməyə heç kim cürət etməyib. Münasibətlər isə günü-gündən daha sıx və daha yaxın olub...

Stalinin Valentinaya olan etibarı mühafizə, xidmət və tibb personalında, o cümlədən Kreml məmurlarında təəccüb doğurub. İstominanın bağda işə başlaması Stalinin bütün xidmət personalında səlahiyyətlərin yenidən müəyyənləşməsinə səbəb olub. Stalinin qidalanması, həkimlərin təyin etdiyi dərmanların saxlanılması və Stalinə verilməsi, hətta rəhbərin yataq otağının hazırlanması yalnız Valentinaya həvalə olunub və etibar edilib.

Bu münasibətlər müəyyən qısqanclıqlar yaratsa da, heç kim Stalinin istəyinə qarşı çıxa bilməyib.

Valentina xoş münasibəti, gözəlliyi ilə hamının diqqətini cəlb edib. Lavrenti Beriya və Stalinin şəxsi mühafizəsinin rəhbəri general Vlasik bu gözəllikdən yan keçə bilməyiblər. Müxtəlif yollara əl atıb Valentinanı ələ keçirmək istəyənlər, onunla bir yataqda olmaq arzusuna düşənlər Stalinin sədaqətli sevgilisini yoldan çıxara bilməyib. Bütün bu təkliflər haqqında Valentina Stalini heç vaxt məlumatlandırmayıb. Hətta Lavrenti Beriyanın hədə-qorxusu haqqında da sahibinə danışmayıb.

Belə məsələlərdə Valentina daha hiyləgər vasitələrə əl atıb. Beriya istədiyinə nail olmaq üçün Valentinanı kinoya baxmağa dəvət edəndə kəskin şəkildə rədd cavabı alıb. Elə bu təklifdən dərhal sonra Valentina Stalinə kinoya baxmaq istəyini bildirib. Bu istəyi böyük məmnunluqla qəbul edən Stalin Valentinanı filmlərə baxmaq üçün ayrılmış xüsusi otağa dəvət edib.

Hadisədən xəbər tutan Beriya az sonra özünü həmin otağa yetirib. Bu icazəsiz gəliş Stalinin heç də ürəyindən olmayıb və təxminən əmr formasında Beriyanı otağı tərk etməsini sərt şəkildə ifadə edib:

- Lavrenti, artıq filmin yarısı keçib, gecikmisən, sonra baxmağa vaxt taparsan.

- Yoldaş Stalin, elə bu hissədən baxmaq da maraqlıdır.

- Lavrenti, otağı tərk elə.

Sözsüz ki, istər Beriyanın, istərsə də general Vlasikin Valentinanı ələ keçirmək cəhdləri haqqında Stalinin məlumatı olub. Bu cəhdlər Stalini çox narahat edib. Çünki rəhbər hədsiz dərəcədə qısqanc olub. Bu qısqanclıqdan Valentina zövq alsa da, sonda ona baha başa gəlib. Stalin ona rahatlıq verməyən qısqanclığından heç bir günahı olmayan Valentinanı Maqadana sürgün edib. Bəli, rəhbərin qısqanclığı məhz bu qədər kəskin olub.

Valentina İstominanın sürgün həyatı çox da uzun çəkməyib. Qısa bir müddətdən sonra, 1952-ci ildə Stalinin səhhətində ciddi problemlər yarananda o İstominanın təcili olaraq Moskvaya, bağa qayıtması haqqında göstəriş verib.

Uzun illər Stalinin şəxsi mühafizəsində çalışan zabitlərdən biri həmin ərəfəni belə xatırlayıb: “Valentina İstominanın yoxluğu Stalinə pis təsir etmişdi. Bəlkə də öz daxilində onu sürgünüə göndərdiyi üçün peşimançılıq hissləri keçirirdi. Ancaq o belə hissləri heç vaxt biruzə verməzdi. Səhhəti ağırlaşanda Stalin özünü çox yalqız hiss edirdi. Həkimlərin yazdığı müalicədən və dərmanlardan da imtina etmişdi. Valentinanın qayıdışından sonra isə hər şey dəyişdi. Stalinin göstərişi ilə onu geri qaytardılar. O, hərbi təyyarə ilə Moskvaya qayıtdı. Birbaşa bağa gəldi. Otağa girən kimi özünü Stalinin üstünə atdı. Hər ikisi susurdu və hər ikisi ağlayırdı. Mən bu illər ərzində Stalinin ağlamağının ikinci dəfə şahidi olurdum”.

Stalinin şəxsi mühafizəsində çalışan Qriqori Puşkaryov öz xatirələrində Stalin-İstomina münasibətləri haqqında yazıb: “Valentina olduqca cəlbedici xanım idi. İri gözləri, uzun kiprikləri, yaraşıqlı bədən quruluşu ilə hamını valeh edirdi. Bütün mühafizəçilər onu sevirdi və xətrini çox istəyirdilər. Bu Stalinin də diqqətindən yayınmamışdı. Aralarında çox isti və mehriban münasibət var idi. Onlar birlikdə olanda Stalin kənardan çox sevincli və xoşbəxt görünürdü. Stalin Valentinanın ona göstərdiyi qayğıdan xüsusi zövq alırdı. Hətta yatağının hazırlanmasını da ona tapşırırdı. Stalin adətən gecə yarıyadək işləyirdi. Bu müddətdə Valentina da yatmırdı, onun yataq otağına keçməsini gözləyirdi. Əgər gecənin yarısında belə Stalinə nə isə lazım olurdusa, onun yataq otağına keçmək səlahiyyəti yalnız Valentinaya verilmişdi. Dəfələrlə şahidi olmuşduq ki, Valentina gecədən xeyli keçmiş, bəzi hallarda isə səhərə yaxın Stalinin yataq otağından çıxır. Bu münasibətlərdə yəqin ki, böyük bir sevgi var idi”.

Bu sevgi Stalinin sonuncu sevgisi olub. Stalin ömrünün son günlərinə qədər bu sevgi ilə yaşayıb. Onun ölümündən sonra da Valentina öz sədaqətini, sahibinə olan istəyini çəkinmədən nümayiş etdirib. Stalinin qızı Svetlana öz xatirələrində həmin anları olduğu kimi əks etdirib: “Valentinanın atamla vidalaşması dəhşətli bir səhnə idi. O, atamın meyiti uzadılmış divanın qarşısında diz çöküb başını onun sinəsinə qoymuşdu. Kəndlərdə olan yaşlı qadınlar kimi ağı deyərək hönkür-hönkür ağlayırdı. Otağa yığışanlar isə onu sakitcə seyr edirdilər. Heç kim Valentinanı atamın meyidindən ayırmağa cəhd göstərmirdi. Atamın meyidini də Valentina yudu, onu geyindirdi. Mənə elə gəlirdi ki, heç bir kişinin qanuni həyat yoldaşı öz ərini belə hörmətlə son mənzilə yola sala bilməz. Valentina isə bunu bacardı”.

Stalinin ölümündən sonra Valentina İstominaya qalıb işləmək təklifi olunsa da o, təqaüdə çıxıb. Jurnalistlərdən, müsahibələrdən yayınan Valentina 1995-ci ildə Moskvada dünyasını dəyişib. Öz ölümü ilə Valentina İstomina Stalinlə bağlı bir çox sirrləri də aparıb. Deyilənlərə görə, Stalinin sonuncu sevgisinin qəhrəmanı olan Valentinadan bir qız övladı da olub. Beriya Stalinin dəfnindən sonra söylədiyi bir ifadədə də cütlüyün övladının olmasını bir daha təsdiqləyib: “O qız gələcəkdə Stalinin qızı olmağı ilə öyünə bilməyəcək, qeyri-qanuni doğulduğuna görə utanacaq...”
İlham Cəmiloğlu



5214 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

19-03-2019
18-03-2019
«    Март 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
{sape_links}{sape_article}