Mobil versiya
Rusiyadakı faciə Azərbaycanda da təkrarlana bilər - Köhnə binaların qaz təhlükəsi / SOS
Tarix: 07-01-2019 | Saat: 10:36
Bölmə:Manşet / Cəmiyyət | çapa göndər

Rusiyadakı faciə Azərbaycanda da təkrarlana bilər - Köhnə binaların qaz təhlükəsi / SOS



Dekabrın 31-də Maqnitoqorsk şəhərində çoxmərtəbəli yaşayış binasının blokunda qaz sızmasından partlayış baş verdi. Hadisə nəticəsində 120 nəfərin yaşadığı bina çökdü. Son məlumatlara görə, çökmə zamanı binada olanlardan 37 nəfər dünyasını dəyişib. 4 nəfərin isə vəziyyəti ağır olaraq qalır.

Azərbaycanda da bu kimi köhnə binaların sayı onlarladır. Həmin binaların özü kimi kommunal xətləri də köhnədir. Ekspertlər bildirirlər ki, bu baxımdan Bakıda da oxşar hadisənin baş vermə ehtimalı var. Bəs bu cür hadisələrdən qorunmaq üçün nə etmək lazımdır?

BakuPost-un məlumatına görə "Yeni Müsavat”a danışan ekspert Nüsrət Qasımov bildirdi ki, qaz sızmasından qorunmaq üçün ilk növbədə detektor cihazlarının quraşdırılması vacibdir. Ekspertin sözlərinə görə, xüsusilə birinci mərtəbədə yaşayan şəxslər bu cihazlardan istifadə etməlidirlər: "Çünki hazırda Bakıda xeyli sayda köhnə binalar var. Bu binaların kommunal xətləri, qaz kəmərləri də həddindən artıq köhnədir. Həmin kəmərlərin çoxu yerin altındadır. Məlum olduğu kimi Bakının kanalizasiya sistemi yaxşı durumda deyil. Yerin altındakı qaz kəmərlərinə kanalizasiya suları, qrunt sular da təsir göstərir. Eyni zamanda, yer altında olan elektrik xətləri kəmərlərə təsir göstərir. Bütün bunların nəticəsində isə çürümə prosesi gedir. Ona görə də binaların zirzəmilərinə də detektor cihazı qurulmalıdır. Azərbaycanda son illərdə xeyli sayda binalar, villalar tikilib. Baxırsan ki, 100 minlərlə pul xərcləyib villa tikirlər, detektor cihazı qoymurlar. Bu, yanlış addımdır. İlk növbədə detektor cihazlarının qoyuluşuna nəzarət olmalıdır. Avropa ölkələrində binaları tam olaraq detektorla təmin edirlər. Bu cihazlar istənilən tez buxarlanan maddələrə qarşı reaksiya verir. Detektor cihazlarının sayğacın yanında xüsusi klapanı olur. İçəridə sızma olan zaman həmin klapana siqnal ötürülür və qazın mənzilə verilişi avtomatik olaraq dayanır. Ona görə də xarici ölkələrdə bu cür cihazların qoyulması məcburidir. Eyni zamanda yanğına qarşı siqnalizasiya da quraşdırılmalıdır. Bu cihazların qiyməti təxminən 40 manatdır. 1929-30-cu illərdən qalma qaz kəmərləri, əlbəttə ki, uzun müddət dözməyəcək. Borularda sızma varsa, evin içərisinə də yol tapır. Bu yaxınlarda Binəqədidə 28 yaşlı oğlan sanitar qovşağında siqaret çəkdiyi yerdə yanmışdı. Partlayış baş vermişdi. İnsanlar anlamalıdırlar ki, 1-ci mərtəbədə yaşayırlarsa, detektor cihazı qoymalıdırlar. İkincisi də qaza qatılan xüsusi maddənin sayəsində, sızma zamanı ətrafa qoxu yayılır. ”Adarand" adlanan bu maddəni hər min kubmetr qaza yay aylarında 8, qışda isə 16 qram vururlar. Bu qoxunu hiss edən zaman Fövqəladə Hallar Nazirliyinə məlumat vermək lazımdır. Lakin hələ də belə şeylərin fərqinə varmayanlar var. Birincisi sanitar qovşaqda siqaret çəkmək olmaz, ikincisi də qazın qoxusunu hiss edən zaman hərəkətə keçib, müvafiq qurumlara zəng etmək lazımdır".

Ekspert telekanallarda məsələ ilə bağlı maarifləndirmə işinin aparılmasını da vacib saydığını dedi: "Bu cür hadisələr baş verir, ancaq televiziyalarda maarifləndirmə işlərinin aparılmasına, müzakirələrin təşkilinə rast gəlmirik. Belə hadisələrdən sonra mütəxəssislər dəvət edilməli, müzakirələr aparılmalıdır. Sovet dönəmində hansı ölkədə belə hadisə olardısa, bunun geniş müzakirələri aparılardı. Ancaq indi bu, kimsəni maraqlandırmır. Müzakirələr olarsa, camaat nəticə çıxarıb, maariflənər. Yalnız mətbuatın sayəsində insanlar maariflənirlər. 2016-cı ildə 470 zəhərlənmə hadisəsi olmuşdu. 2017-ci ildə mətbuatda aparılan maarifləndirmə nəticəsində bu rəqəm 250, 2018-ci ildə 158-ə endi. Buradan görünür ki, maarifləndirmənin böyük faydası var.

Qaz xətlərinin təmirini, cihazların quraşdırılmasını hər kəsə etibar etmək olmaz. Bu işləri görmək üçün ustaların xüsusi lisenziyaları olmalıdır. Eyni zamanda vətəndaş özü də cihazlara müdaxilə edib, quraşdırmağa cəhd göstərməli deyil. Bizdə bu cür məsələlərə də laqeydlik var. 90 ilə yaxındır ki, Bakı şəhəri qazlaşdırılıb. Ona görə də Rusiyada baş verən hadisə, burada da təkrarlana bilər. Cihazlarla düzgün davranmayanların sonu faciə ilə nəticələnir. Qazla işləyən axımlı su qızdırıcıları yanmayan divarda quraşdırılmalıdır və divardan ən azı 2 sm aralı olmalıdır. Mətbəxlərə gəlincə isə yaşayış binalarında qaz plitələri quraşdırılan mətbəxlərin hündürlüyü 2,2 metrdən az olmamalıdır. Nəfəsliyi və ventilyasiya kanalı olmalıdır. Bundan əlavə, mətbəxin həcmi dördgözlü plitələr üçün 15 kubmetrdən, üçgözlü plitələr üçün 12 kubmetrdən, ikigözlü plitələr üçün 8 kubmetrdən az olmamalıdır. Nəhayət, mətbəxdə quraşdırılan qaz plitəsi ilə qarşı divar arasında ən azı 1 metr məsafə olmalıdır".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024