Mobil versiya
Nevzorov: “Həyatımda gördüyüm ən cəsur əsgər bu azərbaycanlı idi”
Tarix: 26-12-2018, 12:12 | Saat: 15:47:00
Bölmə:Hadisə | çapa göndər

Nevzorov: “Həyatımda gördüyüm ən cəsur əsgər bu azərbaycanlı idi”


Rusiyanın ən məşhur telejurnalistlərindən biri olan Aleksandr Nevzorov vaxtilə, 1992-93-cü ildə Qarabağ müharibəsini işıqlandırmaq üçün cəbhə xəttində olub, hərbi əməliyyatların gedişini işıqlandırıb, əsgər və komandirlərlə görüşüb.

A.Nevzorov Qarabağ müharibəsi vaxtı Goranboydan material hazırladığı vaxtlardan danışarkən deyib: “Həyatımda gördüyüm ən cəsur əsgər bir azərbaycanlı idi. Onun adı Vəzir idi. O, çirkli gödəkçəli, balacaboy, balıq iyi verən bir adam idi. Adi, ağsaç bir kişi. Goranboy batalyonu uduzanda panika başlandı. Mən əsgərlərin onları cəbhədən geri aparan avtobuslara necə doluşduğunu öz gözümlə gördüm. Adamlar avtobusa oturub getmək uğrunda bir-birilə dalaşırdılar. Birdən mən Vəziri gördüm. O, "UAZ" maşınında oturmuşdu, adamların tərk etdiyi yerə sürürdü. Orada dəhşətli bir cəhənnəm qarışıqlığı vardı. Yerdə təxminən 500 ölü əsgər sərilmişdi. Ermənilər hücuma keçmişdilər, hər şey titrəyir, uçub dağılırdı. Mən o dəhşətli yerə getmək istəyən bu adamı görəndə ondan soruşdum: "Dəlisən?". O cavab verdi: "Yaralılar ordadırlar". Və biz o tərəfə birlikdə getdik. Biz ora çatanda düşmənin azərbaycanlıları bu qədər tez necə məğlub edə bildiyi mənə aydın oldu. Məlum oldu ki, təkcə ermənilər yox, ermənilərin xeyrinə muzdla Pskov əsgərləri vuruşurlar azərbaycanlılara qarşı.

Vəzirin maşını zərbə aldı, biz güllələrdən yayınmaq üçün aşağı əyildik. Elə orada Pskov paraşütçüləri məni tanıyıb dedilər: "Yaxşısı budur biz tərəfə keçəsən. Bəs bu azərbaycanlını nə edək?". Mən dedim: "Buraxın getsin!". Onlar mənimlə razılaşdılar və başqalarını xəbərdar etdilər ki, qaçan adamı güllələməsinlər. Amma Vəzir qaçmadı. Əvvəlcə o, sınıq-salxaq maşınına girib bir az oturdu, sonra silahını çıxardı, mənə tərəf çevrilib əlimi sıxdı, sonra getdi. O addım-addım elə gedirdi ki, Şekspirin heç bir qəhrəmanı o cür gedə bilməzdi! O öz gedişilə göstərirdi ki, heç vaxt qaçmazdı. Güllə səslərini eşidəndə də addımlarını yeyinlətmirdi. Əsgərlər səmaya atəş açırdılar".


Orucov Vəzir Surxay oğlu 26 dekabr 1956-cı il Tərtər rayonunun Xoruzlu kəndində doğulub. Vəzirin valideynləri Qərbi Azərbaycanın Dərələyəz mahılından idilər. Ermənilərin təzyiqlərinə məruz qalaraq öz doğma yurdlarını tərk edərək 1950-ci ildə Tərtər rayonunun Qarağaclı kəndinə köç edirlər. Sonra Xoruzlu kəndini özlərinə yurd yeri seçirlər. Vəzir orta təhsilini buradakı orta məktəbdə alır. 1974-cü ildə Bakı Yüngül Sənaye Texnikomuna daxil olur və bir ildən sonra hərbi xidmətə çağrılır. 1977-ci ildə ordudan tərxis olunaraq, yarımçıq qalmış təhsilini davam etdirir. Vəzir Orucov ilk əmək fəaliyyətinə Tərtər Çörək Zavodunda başlayır. 1984-cü ildə Rusiyanın Arxangelsk vilayətinə köçür. 1992-ci ildə doğma torpağında gedən döyüşlərdə iştirak etmək üçün Vətənə dönür. 1992-ci ilin may ayının 4-də Tərtər özünümüdafiə batalyonuna daxil olur. Siravi döyüşçü kimi mübarizəyə başlayan Vəzir, batalyon komandirinin müavini vəzifəsinədək yüksəlir. O, batalyonun kəşfiyyat bölməsinin rəhbərliyini öz üzərinə götürür. Batalyonun başlayacağı bütün döyüş əməliyyatlarından azı bir gün əvvəl özünün seçdiyi bir qrup döyüşçü ilə düşmən arxasına keçir, onların canlı qüvvəsi və texnikası barədə dəqiq məlumatlar gətirirdi. Onun həmişə uğurla keçən əməliyyatları döyüş yoldaşlarını ruhlandırır, onları qələbəyə səsləyirdi. Vəzir Orucov Marquşevan, Levonarx, Madagiz, Akoip Komori, Sərsəng su anbarı, Drombon, Çıldıran, Vaqauz kəndləri uğrunda gedən döyüşlərdə şəxsi şücaət göstərərək, düşmənin bir çox planını puça çıxarır. O, 1 sentyabr 1992-ci ildə Çıldıran kəndi uğrunda gedən döyüşdə ağır yaralanır. Bir müddət müalicə aldıqdan sonra yenidən cəbəhəyə qayıdır. O, cəsur bir döyüşçü kimi həmişə döyüş əməliyyatlarının önündə gedirdi. Yoldaşları onu əfsanəvi qəhrəman kimi tanıyırdılar.


22 mart 1993-cü il... Döyüşlər Ağdərə yaxınlığında Qlobus yüksəkiliyi uğrunda gedirdi. Zirvənin itirilməsi Ağdərə qəsəbəsinin işğalı demək idi. Yüksəkliyin ələ keçirilməsi Vəzirə və onun silahdaşlarına həvalə olundu. Vəzir adəti üzrə düşmən arxasına keçib gözlənilməz zərbə vurmaq istəyirdi. Lakin macal tapmadı. Snayper atəşi qəhrəman Vətən oğlunu haqladı. O, əbədi gözlərini yumdu. Evlidir. Bir oğlu yadigar qalıb. Azərbaycan Resbublikası Prezidentinin fərmanı ilə Orucov Vəzir Surxay oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.


Əntiqə Rəşid



aia.az



5134 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

22-07-2019
21-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031