Mobil versiya
“Mənə hədə-qorxu gəlmişdilər” - Sabiq nazir qardaşının məhkəmə işi
Tarix: 20-12-2018 | Saat: 14:40
Bölmə:Cəmiyyət | çapa göndər

“Mənə hədə-qorxu gəlmişdilər” - Sabiq nazir qardaşının məhkəmə işi


Bakı Ağır Cinayətlər Məhkəməsində Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

aia.az Report-a istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə Ə.Əhmədov özünü təqsirli bilməyib.

Daha sonra zərərçəkmiş qismində Sumqayıt Texnologiyalar Parkının satış şöbəsinin rəisi Rəşad Tahirov ifadə verib. O söyləyib ki, Ə.Əhmədovu arvadının əmisi oğlu olan digər zərərçəkmiş Hörmət Əskərovun vasitəsilə tanıyıb.

R.Tahirov qeyd edib ki, armatur və digər tikinti məhsullarının satışı ilə bağlı birgə biznes qurmaq haqqında Ə.Əhmədovla danışıb, ilkin razılıq əldə olunub: "Bir həftə sonra Əvəz mənə zəng edib Hörmətin ona borcu olduğunu və pulun da məndə olduğunu dedi. Mən də Hörmətin mənə verəcəyi olduğunu söylədim. Daha sonra Əvəzə Hörmətin əvəzindən pul verməyəcəyimi bildirdim. Axşam Hörmət zəng edib uşaq kimi ağlayırdı. O bildirdi ki, "pulu verməsən, məni öldürəcəklər". Bir qədər sonra yenə Əvəz zəng edib "Hörmətə zamin dur, sənin sözünlə onu buraxım" dedi. Mən də ona bir az vaxt verməyini, pulu tapıb qaytaracağını ifadə etdim. İki gün sonra kafedə Hörməti gördüm, mənə 1 milyon manatdan çox borcu var idi, onu istədim. Yenə ağlamağa başladı, üz-gözünü göstərdi, Əvəzin onu döydüyünü, onun təhlükəli adam olduğunu bildirdi. Xahiş etdi ki, Əvəzdən onun üçün yenə vaxt istəyim. Həmin müddət ərzində ikimizin də pulunu qaytaracaq. Hörmət Əvəzə 140 min dollar verəcəyi olduğunu dedi. Sonra Əvəzin ona yazdığı SMS-ləri göstərdi. SMS-də Əvəz ikimizi də söyüb hədələmişdi. Bundan bir neçə gün sonra Əvəz tez-tez mənə zəng edib hədələyərək pulu istəyirdi, mən də telefonu birdəfəlik söndürdüm".

Onun sözlərinə görə, hadisədən bir neçə gün sonra mənə Bakı Şəhər Baş Polis İdarəsinin polkovniki Şövqi Əhmədov ona zəng edib, idarəyə çağırıb: "Mənə dedi ki, "sən Əvəzə söz vermisən, pulu qaytar". Bir qədər sonra ora Əvəz də gəldi. İkisi də məni söyüb hədələməyə başladı. Hətta Şövqi Əhmədov məni ölkədən çıxışıma STOP qoymaqla hədələdi. Mən də qorxduğum üçün onların dedikləri ilə razılaşdım. Daha sonra Əvəzin diktəsi ilə məcbur olub ona 140 min dollar verəcəyimə dair izahat yazdım. Pulu qaytarana kimi isə iki evimin sənədlərini Əvəzə verdim".

R.Tahirov söyləyib ki, bir həftə ərzində 60 min dollar düzəldib Ə.Əhmədova qaytarıb: "Daha sonra pul tapa bilmədiyim üçün dostlarım Habillə Dəyanətə hadisəni danışıb borc pul istədim. Habil mənlə Əvəzin yanına getdi, onlar çoxdan tanış idilər. Əvəz bu dəfə məndən 220 min dollar tələb etdi. Axırda 140 min dollara razılaşdıq. Bir ay ərzində həmin pulu düzəldib Əvəzə verdim. Ondan sonra Hörmət də Rusiyaya qaçdı”.

Daha sonra zərərçəkmiş ona verilən sualları cavablandırıb. Məhkəmənin "niyə hadisədən bir il sonra şikayət etdin” sualına belə cavab verib: "Əvəz Əhmədovun qardaşı Əhməd Əhmədov Naxçıvanın daxili işlər naziri vəzifəsindən çıxandan sonra şikayətlər yazmağa başladım. Çünki ondan əvvəl qorxurdum, mənə hədə-qorxu gəlmişdilər".

Ə.Əhmədov zərərçəkmiş R.Tahirova sual verərək deyib ki, H.Əsgərovun ona bir milyondan çox borcu olduğunu bildiyi halda, niyə onun sözü ilə biznes qurmağa razılaşıb. R.Tahirov isə H.Əsgərovun dələduz olduğunu bilmədiyini qeyd edib.

Ə.Əhmədov bildirib ki, o, R.Tahirova 100 min pul verib, həftədə 8-12 min manat qazanc əldə edəcəklərinə dair biznes razılığına gəliblər: "Pulu də bir müddət sonra Hörmətə verdim və geri qaytarmadı. Hörmətdən pulumu istəyəndə yanımda Rəşada zəng etdi. Rəşad da pulun onda olduğunu və verəcəyini bildirdi".

R.Tahirov isə belə bir söz demədiyini deyib.

Daha sonra digər zərərçəkmiş Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidmətinin sabiq rəisi Hörmət Əskərov dindirilib.

O, ifadəsinə başlamadan öncə məhkəmədən xahiş edib ki, ona R.Tahirova olan 1 milyon manat borcu ilə bağlı suallar verilməsin.

H.Əskərov bildirib ki, 1998-ci ildən tanıdığı Ə.Əhmədovdan bir neçə dəfə pul götürüb qaytarıb: "Sonuncu dəfə də 100 min dollar alıb Hətəmə verdim, o da yoxa çıxdı. Mən də pulu Əvəzə qaytara bilmədim. Bir neçə gün sonra Əvəz məni yanına çağırıb pulunu tələb etdi. Onunla "ParkPlyus” restoranında görüşdük. Sonra məni yuxarı çıxartdı, orada bir otağa saldı. İçəridə başqa 4-5 nəfər də var idi. Qapı açıq qalmışdı, məni döyməyə başladı. Əvəz dedi ki, pulu verməsən, səni buradan buraxmayacağam. Sonra telefonumu alıb bir-bir hamıya zəng edib mənim 100 min dollar borcum olduğunu deməyə başladılar. Həmin adamlar da mənim işçilərim idi. Sonra Rəşada zəng etdi, nə danışdıqlarını mən bilmədim, amma danışandan sonra məni buraxdı. Ordan çıxıb hərbi hissəyə getdim".

Məhkəmənin növbəti iclası dekabrın 26-na təyin edilib.

İttiham aktına əsasən, Ə.Əhmədov iki nəfərdən - Rəşad Tahirov və Hörmət Əskərovdan 140 min dolları hədə-qorxu ilə almaqda təqsirləndirilir.

Belə ki, 2016-cı ildə H.Əskərovun Ə.Əhmədova borcu olub. Ə.Əhmədov da faizlə borcunu geri almaq məqsədi ilə onun ofisə gəlib, girov saxlayıb. Daha sonra Ə.Əhmədov H.Əskərovun qohumu R.Tahirova zəng edib, ondan hədə-qorxu ilə 140 min dollar pul tələb edib.

H.Əskərov daha əvvəl Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti rəisi, tibb xidməti polkovniki olub. 2015-ci ilin dekabr ayında nazir Zakir Həsənov onu vəzifəsindən azad edib.

H.Əskərov da dələduzluq ittihamı ilə həbs edilib və hazırda ibtidai istintaqı davam etdirilir. Onun barəsində bu iş üzrə digər zərərçəkmiş R.Tahirova qarşı dələduzluq etmə ittihamı irəli sürülüb.

H.Əskərov R.Tahirovun arvadının qohumudur.

Ə.Əhmədovun barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 145.2.5-ci (azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Ə.Əmədov bir neçə dövlət orqanında çalışıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024