Mobil versiya
Azərbaycanda orqan nəqlinin 10 ili - 12 minə böyrək, 45 minə qaraciyər əməliyyatı...
Tarix: 18-12-2018 | Saat: 11:13
Bölmə:Manşet / Səhiyyə | çapa göndər

Azərbaycanda orqan nəqlinin 10 ili - 12 minə böyrək, 45 minə qaraciyər əməliyyatı...


Son vaxtlar transplantasiya - insan orqanizminin bir hissəsinin digər insana köçürülməsi xəbərlərinə tez-tez rast gəlirik. Xəstənin həyatını başqa cür xilas etmək mümkün olmadıqda ona digər bir insandan orqanın köçürülməsi təcrübəsi ilk dəfə 1933-cü ildə Ukraynada gerçəkləşib. İlk köçürülən orqan böyrək olub.

İnsanlar üzərində təcrübədən əvvəl isə 1902-ci ildə avstriyalı alim E.Ulman tərəfindən itlər üzərində böyrək köçürülməsi əməliyyatları aparılıb. Ancaq heyvanlar üzərində əldə olunan nəticələr insanlarda eyni effekti verməyib. İlk dövrlərdə böyrək köçürülən xəstələrin demək olar ki, hamısı az yaşayıb. Yalnız 1954-cü ildə amerikalı həkimlər Bostonda ilk yüksək nəticəli transplantasiya əməliyyatına imza atıblar.



Orqan köçürülməsində Cavadzadə imzası



Azərbaycanda isə bir insanın orqanının başqa bir şəxsə köçürülməsi faktı akademik Mirməmməd Cavadzadənin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə 1971-ci il martın 4-də nəinki Azərbaycanda, eləcə də Cənubi Qafqazda və Yaxın Şərqdə ilk dəfə xəstəyə böyrək köçürülüb. Ölmüş insandan götürülmüş böyrəyin xəstəyə köçürülməsi urologiyada yeni bir mərhələ kimi qiymətləndirilib. Sonradan bu nəailiyyətə görə, o, 1974-cü ildə SSRİ dövlət mükafatına layiq görülüb. Mərhum akademikin rəhbərliyi ilə 1983-cü ilə kimi Azərbaycanda 30-a yaxın böyrəkköçürmə əməliyyatı aparılıb. Akademik Mirməmməd Cavadzadə həm canlıdan, həm də meyitdən transplantasiya əməliyyatını icra edib.

Sovet hakimiyyətinin dağılması ərəfəsində yaranan durğunluq, tibbi avadanlıqların köhnəlməsi, işin risklilik dərəcəsi Azərbaycanda transplantasiya əməliyyatlarının dayandırılmasına səbəb olub.



Qanunların dililə orqan nəqli



Müstəqilliyin ilk illərində bütün sahələrdəki gerilik səhiyyədən də yan keçməyib. Buna baxmayaraq, orqan transplantasiyası əməliyyatlarının icrası üçün bir çox addımlar atılıb. Belə ki, 1999-cu ildə “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” qanun qəbul olunub, 2000-ci ildə isə Nazirlər Kabinetinin qəbul etdiyi qərara görə, transplantasiyasına icazə verilən orqan və ya toxumaların siyahısı tutulub.


Daha sonra Nazirlər Kabineti 2011-ci il noyabrın 17-də insan orqanları və toxumalarının transplantasiyası ilə bağlı bir neçə qərar qəbul edib. “İnsan orqan və ya toxumalarının transplantasiyası Qaydaları və Şərtləri”nə əsasən, insan həyatının xilas edilməsi və sağlamlığının bərpası üçün digər tibbi üsullardan istifadə etmək mümkün olmadıqda, cərrahiyyə əməliyyatı aparmaqla xəstədə olmayan və ya zədələnən orqan, toxumaların donorun və ya insan meyitinin orqan və toxumaları ilə əvəz edilməsinə yol verilir. Orqan və toxumaların transplantasiyası donorun və resipiyentin yazılı razılığı əsasında həyata keçirilir. Resipiyent 18 yaşına çatmayıbsa, transplantasiyaya onun valideynləri və ya qanuni nümayəndəsi tərəfindən yazılı razılıq verilir. Transplantasiya yalnız ixtisaslaşdırılmış tibb müəssisəsində cərrahiyyə əməliyyatı tələblərinə riayət edilməklə həyata keçirilə bilər. Transplantasiyaya 18 yaşına çatmayan şəxslərin donor qismində cəlb edilməsi (sümük iliyinin transplantasiyası istisna olmaqla), resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliyi olan şəxslərdən orqan və toxumaların götürülməsi, resipiyentin qulluq tabeliyində və ondan fiziki, mənəvi, maddi cəhətdən asılı olan və ya həbsdəki şəxslərdən, hərbi əsirlərdən və ruhi xəstələrdən orqan və toxumaların götürülməsi, insan orqanlarının alqı-satqısı və onların transplantasiya məqsədi ilə götürülməsinə məcbur edilməsi, donor və resipiyentin razılığı olmadan tibb işçilərinin transplantasiya barədə məlumat yaymaları qadağan edilir.


Nazirlər Kabinetinin təsdiq etdiyi “İnsan orqan və toxumalarının transplantasiyasının həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı”na görə, akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası, Mərkəzi Gömrük Hospitalı, akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Oftalmologiya Mərkəzi və Mərkəzi Neftçilər Xəstəxanası, Respublika Diaqnostika Mərkəzində transplantasiya əməliyyatları həyata keçirilə bilər.


“Transplantasiya üçün insan orqan və ya toxumalarının götürülməsi, hazırlanması (konservasiyası) və saxlanması Qaydaları”na görə isə şəxs donorluqla bağlı münasibətini bildirmədikdə, ölümündən sonra yaxın qohumlarının və ya qanuni nümayəndələrinin icazəsi ilə onun orqan və toxumalarının götürülməsinə yol verilir. Şəxs sağlığında donorluqdan yazılı şəkildə imtina edərsə, ölümündən sonra ondan transplantasiya məqsədi ilə orqan götürülməsinə yol verilmir. Meyitdən transplantasiya məqsədi ilə orqan və toxumaların götürülməsinə qanunvericiliyin tələbləri gözlənilməklə, həkim konsiliumu tərəfindən bioloji ölümün baş verməsini və baş-beyin fəaliyyətinin tam dayanmasını təsdiq edən inkaredilməz faktın olmasından sonra tibb müəssisəsinin baş həkimi tərəfindən icazə verilir. Donorun ölüm aktının təsdiq edilməsində transplantoloqun və ya transplantologiya işinin təşkilində bu və ya digər formada fəaliyyət göstərən hər hansı bir şəxsin iştirakı qadağandır.

Donordan transplantasiya üçün cüt orqanlardan birini, tək orqan və ya toxumalardan isə donorun həyatı üçün təhlükəli hallar, yaxud onun sağlamlığında bərpaolunmaz pozuntular yaratmayacaq miqdarda və həcmdə götürmək olar. Hazırda “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna canlı və ölü donor anlayışı əlavə edilir. Aparılan işlər çərçivəsində yaxın vaxtlarda Azərbaycanda meyitdən orqan götürülməsinin mümkün olacağı bildirilir.



Azərbaycanda orqan nəqlinin yeni erası...



Müstəqil Azərbaycanın tarixində bir insanın orqanının başqa bir şəxsə köçürülməsi əməliyyatı 2005-ci ildə akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasında professor Kamal Abdullayevin rəhbərliyi, iranlı mütəxəssislərin iştirakı ilə bir neçə böyrək transplantasiya əməliyyatı icra olunub. Amma bu da davamlı olaraq icra edilməyib.

Azərbaycanda qaraciyərin köçürülməsinə Mərkəzi Neftçilər Xəstəxanasında 12 dekabr 2008-ci ildə başlanılıb. Bu orqan ilk dəfə doktor Mircəlal Kazımi tərəfindən Rasim Məmmədov adlı xəstəyə köçürülüb. Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantologiya Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir edilib və lazımi avandalıqlarla təchiz olunub. Heydər Əliyev Fondunun mərkəzə hədiyyə etdiyi “CUSA Excel” avadanlığı əməliyyatların daha uğurla aparılmasına geniş imkanlar açıb. Bu nadir avadanlıq ultrason və aspirator funksiyaları nəticəsində qaraciyər transplantasiyası zamanı cərrahiyyə prosedurunu asanlaşdırır və toxumaların zədələnməsinin qarşısını alır.



10 illik transplantologiya tarixi...



Beləliklə, 12 dekabr 2018-ci ildə Azərbaycanda qaraciyər transplantasiyası əməliyyatlarının 10 ili tamam oldu. Bu barədə Modern.az-a danışan Mərkəzi Gömrük Hospitalında Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi bunu ölkəmiz üçün böyük hadisə sayır:


“Transplonotologiya elmin elə bir sahəsidir ki, burada hadisə təkcə əməliyyatla bitmir. Bizdə əməliyyatdan əvvəl, əməliyyat vaxtı və əməliyyatdan sonrakı periodda xəstəni təqdib edən milli komanda yox idi. Cənab Prezidentin də hər zaman söylədiyi kimi insan kapitalına yatırım yatırmaq siyasəti gənclərin xaricdə təhsil alaraq, ölkəyə qayıdışında özünü göstərdi. Bizlər illər əvvəl xaricə təhsil üçün göndərildik və geri qayıtdıqda, bunun bəhrəsini xəstələrimizi sağaltmaqla gördük. 2008-ci ilin oktyabrında Mərkəzi Nfetçilər Xəstəxanasının rəhmətlik baş həkimi Fəxrəddin Cavadovun dəvətilə Azərbaycana qayıtdım və orqan əməliyyatlarına başlamaq üçün hazırlıqlar görüldü. Nəhayət, 12 dekabr 2008-ci ildə ilk qaraciyər transplanasiyası əməliyyatı tərəfimzidən icra olundu. Bu dövrdən sonra isə artıq transplontoloji əməliyyatlar davamlı keçirilməyə başladı. Həmin dövrə qədər orqan köçürülməsinə ehtiyacı olan xəstələrin 100 faizi xarici dövlətlərə transplontoloji əməliyyatlar üçün gedirdilər. Bu isə xəstələr üçün fiziki və mənəvi əziyyət, eyni zamanda ciddi mənada maddi yük idi. Çünki xaricdəki qiymətlər bizdəki hazırkı əməliyyat qiymətlərindən 4-5 dəfə yüksəkdir.

İldən-ilə məliyyatlarımızın sayı artdı. Nəticə etibarilə azərbaycanlı mütəxəssislərdən ibarət komanda tam formalaşdı. 2011-ci ildə isə bu komanda ilk dəfə böyrək transplantasiya əməliyyatını Naxçıvan Muxtar Respubliaksında Naxçıvan Diaqnostika Mərkəzində icra elədi. O dövrdən bu günə qədər ən mürəkkəb əməliyyatlar bizim komanda tərəfindən icra olunur.

Tərəfimzidən ilk dəfə uşaqlar üzərində qaraciyər transplantasiyası, ilk dəfə olaraq eyni xəstə üzərində həm böyrək, həm qaraciyər transplantasiyası həyata keçirilib. Bugünədək 600-dən çox insana komandamız tərəfindən qaraciyər və böyrək köçürülüb. Bunların içərisində həm uşaqlar, həm də böyük xəstələr var. Təəssüflər olsun ki, bu əməliyyatlar yalnız və yalnız canlı qohum donordan istifadə edilərək icra olunur. Hələ ki meyit orqanlarından köçürülmə icra olunmur. Həm həkim, həm də vətəndaş olaraq inanıram ki, yaxın gələcəkdə qanunvericilikdə dəyişiklik olacaq. Çünki hökumət və Səhiyyə Nazirliyi bunun üzərində işləyir. Qanuna dəyişiklik edildikdən sorna meyit orqanlarından da istifadə edə biləcəyik. Ümumilikdə nəticələrimiz qənaətbəxşdir. Nəticələrin yüksək olma səbəblərinin göstəricilərindən biri də ondan ibarətdir ki, qaraciyər transplantasiya əməliyyatı bölməmiz Avropa qaraciyər transplantasiya reystrinə həqiqi üzv kimi qəbul edilib. Bilirsiniz bu üzvlük adi məsələ deyil. Avropada həmin reystrin qurucularından və icraçı müdirlərindən biri Fransadan, digəri Almaniyadan gələn professorlar bizim nəticələrimizi audit etdi. Bundan sonra bizi üzv kimi qəbul etdilər. İndiki dövrdə böyrək transplantasiya əməliyyatlarımızın nəticələri Amerika böyrək transplantasiyası Assosasiyasının nəticələrinə yaxındır. Hətta nərəzə alaq ki, bizə müraciət edən xəstələrin bir çoxu xəstəliyin ağırlaşmış formasında gəlir”.



Orqan köçürülən xəstələrin sayı və qiymətlər



Şöbə müdiri Azərbaycanda həyata keçirilən orqan transplantasiyalarının statistikasını da açıqlayıb:

“2018-ci il başlayandan bugünədək 13 xəstəyə qaraciyər, 79 xəstəyə böyrək köçürülüb. Qaraciyər köçürülənlərdən 4 nəfəri uşaq, böyrək köçürülənlərdən isə 17 nəfəri uşaqdır.

10 il ərzində Azərbaycanda 614 şəxsə orqan nəql edilib. Xəstələrdən 146 nəfərinə qaraciyər, 468 nəfərinə böyrək köçürülüb”.

Transplantasiya qiymətlərinə gəlincə, Mərkəzi Gömrük Hospitalından saytımıza verilən məlumata görə, böyrək əməliyyatı 12 min, qaraciyər əməliyyatı isə 45 min manata həyata keçirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024