Mobil versiya
Vətənə xidmətdə keçən ömür
Tarix: 11-12-2018 | Saat: 14:46
Bölmə:Manşet / Gündəm | çapa göndər

Vətənə xidmətdə keçən ömür



Milli Məclisin deputatı Ağalar Vəliyev barədə indiyədək ölkə mətbuatında çox yazılıb, çox fikirlər söylənilib. Əlbəttə ki, bu fikirlər heç də həmişə birmənalı səslənməyib. Təəssüflər olsun ki, bəzən qısqanclıq, həsəd və paxıllıq kimi hisslər müəyyən insanları obyektivlikdən uzaqlaşdırır, onları haqsızlığa belə təhrik edir. Amma nəhayətdə yaxşını yaman kimi təqdim etmək mümkünsüz bir işdir. Hər kəsin öz əməlləri, öz işi onun kimliyini, daxili aləmini nümayiş etdirən ən dəqiq və etibarlı meyarlardır.

Böyük etimad




Əmək fəaliyyətinə 41 il əvvəl Yevlax Dəmir-Beton Məmulatları Zavodunda fəhlə kimi başlayan və direktor vəzifəsinədək yüksələn, sonralar “Azəravtoyol” İstehsalat Birliyinin Yevlax “Körpütikinti” Kombinatının baş direktoru, Yevlax 2 saylı Yol Təmir Tikinti Trestinin rəisi vəzifələrində çalışan Ağalar Vəliyevin keçdiyi zəngin və mənalı ömür yolu onun seçdiyi amallara, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş dövlətçilik ideyalarına sadiqliyin parlaq nümunəsidir. Ağalar Vəliyev hansı müəssisədə, hansı vəzifədə çalışmağından asılı olmayaraq həmişə yüksək peşəkarlıq və səriştəlilik nümayiş etdirib, bütün kollektivə örnək olub.

Məhz tikinti sahəsində uğurlu fəaliyyəti, yüksək peşəkarlığı, işgüzarlığı və geniş istehsalat təcrübəsi nəzərə alınaraq 1996-cı ildə Ağalar Vəliyevə ulu öndər Heydər Əliyev tərəfindən böyük etimad göstərilib. Ulu öndərin 19 iyun 1996-cı il tarixli sərəncamı ilə Ağalar Vəliyev “Azəraqrartikinti” Dövlət Şirkətinin prezidenti vəzifəsinə təyin olunub. 1998-ci ildən həmin şirkətin bazasında yaradılmış respublika əhəmiyyətli “Azəraqrartikinti” Səhmdar Cəmiyyətinin prezidenti, hal-hazırda həmin cəmiyyətin Müşahidə Şurasının sədri vəzifəsində çalışır.



Əminliklə demək olar ki, “Azəraqrartikinti” Səhmdar Cəmiyyəti icra etdiyi müqavilələrin həcminə və mürəkkəbliyinə görə respublikada ön sıralarda olan tikinti təşkilatlarından biridir. Cəmiyyətdə yüksək ixtisaslı kadr potensialı cəmləşmişdir. Onun icra aparatında və filiallarında öz peşəsinin vurğunu olan yüzlərlə yüksək ixtisaslı mühəndis, memar və digər peşə sahibi çalışır.

Bacarıqlı rəhbər, peşəkar inşaatçı

Bu gün “Azəraqrartikinti” Səhmdar Cəmiyyəti respublikanın tikinti kompleksində öz dəst-xətti və xüsusi çəkisi olan respublika əhəmiyyətli təşkilatlardan biridir.

Məhz “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsində Ağalar Vəliyevin yüksək erudisiyaya və hərtərəfli biliyə malik səriştəli mühəndis olması özünü daha bariz şəkildə göstərib. Belə ki, onun rəhbərlik etdiyi kollektiv tərəfindən ötən 20 ildə yüzlərlə müxtəlif təyinatlı obyektlər tikilib, yaxud yenidən qurulub. Bunlara misal olaraq Heydər Əliyev Sarayında, Milli Məclisdə aparılmış bərpa və yenidənqurma işlərini, parlamentin yeni korpusunun, Hesablama Palatası üçün yeni inzibati binanın tikintisini göstərmək olar. Ona həvalə olunan Azərbaycan Milli



Elmlər Akademiyasının əsas binasında, həmçinin AMEA-nın Tarix Muzeyində, Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində aparılan tikinti, bərpa və yenidənqurma işlərini, AMEA Mərkəzi Elmi Kitabxanasının, AMEA-nın Milli Ensiklopediya Mərkəzinin, Bakı şəhərində Apelyasiya Məhkəməsi üçün inzibati binanın, Kənd Təsərrüfatı və Ədliyyə Nazirliyinin bir sıra obyektlərinin, Bakı şəhərinin rayonlarında xeyli sayda məktəblərin və uşaq bağçalarının, Şəmkir-Gəncə magistral su xəttinin, Goranboy və Göygöl rayonlarının su və kanalizasiya şəbəkələrinin, Bakı şəhərində və respublikanın müxtəlif şəhər və rayonlarında məcburi köçkün soydaşlarımız üçün salınan qəsəbələrdə xeyli sayda çoxmərtəbəli və fərdi yaşayış evlərinin tikintisini də “Azəraqrartikinti” ASC vaxtında və yüksək keyfiyyətlə başa çatdırıb.



Təsadüfi deyil ki, Ağalar Vəliyevin fəaliyyəti ölkə rəhbərliyi tərəfindən də hər zaman yüksək qiymətləndirilib. Belə ki, Prezident İlham Əliyev respublikanın tikinti kompleksində uzun illər səmərəli fəaliyyətinə görə Ağalar Vəliyevi 9 aprel 2010-cu il tarixli sərəncamı ilə respublikanın Əməkdar mühəndisi fəxri adına layiq görüb. Dövlət başçısının 10 aprel 2012-ci il tarixli sərəncamı ilə isə inşaat sahəsində səmərəli fəaliyyətinə görə Ağalar Vəliyev “Şöhrət” ordeni ilə təltif edilib.

Ötən il isə, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Ağalar Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

Seçicilərini düşünən millət vəkili

Ağalar Vəliyev öz fəaliyyətində hər zaman ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi prinsipləri və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələri rəhbər tutub. Onun tərəfindən ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasətinin dəstəklənməsi və onun hüquqi bazasının möhkəmləndirilməsi istiqamətlərində xeyli işlər görülüb.



O cümlədən 2017-ci il ərzində deputat tərəfindən təsdiq olunmuş iş planına uyğun olaraq 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsinə daxil olan qəsəbə və kəndlərin seçiciləri ilə müntəzəm görüşlər keçirilmiş, vətəndaşların qəbulu, onların yazılı və şifahi şikayətlərinə baxılması məsələləri fəaliyyətin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Hesabat dövrü ərzində Ağalar Vəliyevin seçicilərlə 12 görüşü olmuşdur. Bu görüşlərdə 2000-dən artıq seçici iştirak etmiş, onlardan 68 nəfəri fərdi qaydada dinlənilmişdir. Görüşlər zamanı seçicilər tərəfindən Goranboy, Ağdam və Tərtər rayonlarının yaşayış məntəqələrində abadlıq və quruculuq işlərinin genişləndirilməsi, məhəllədaxili yolların asfaltlaşdırılması, əhalinin enerji daşıyıcıları və kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması və sakinlərin digər sosial problemləri ilə bağlı bir sıra məsələlər müzakirə olunmuşdur.



Lakin Ağalar Vəliyevin fəaliyyəti təbii ki, sadəcə olaraq seçiciləri qəbul etmək və onların qaldırdıqları məsələləri müzakirə etməklə məhdudlanmır. Əksinə, deputat öz seçicilərinin problemlərinin operativ şəkildə həllinə nail olmaq üçün konkret əməli tədbirlər görür. O cümlədən, ötən il ərzində də adı çəkilən rayonların ərazilərində seçicilərin sifarişlərinin yerinə yetirilməsi istiqamətində xeyli abadlıq və quruculuq
işləri görülmüşdür. Belə ki, Goranboy rayonunun təmas xəttində yerləşənTapqaraqoyunlu kəndinin erməni silahlı qüvvələri tərəfindən mütəmadi olaraq atəşə tutulması nəticəsində sıradan çıxmış F.Rüstəmov adına tam orta məktəbin 645 kv. metr dam örtüyü yenisi ilə əvəz olunmuş, sinif otaqlarının təmiri və əlavə tədris korpusunun tikintisi başa çatdırılmışdır. Həmçinin Milli Məclisin plenar iclaslarında 2018-ci ilin büdcə müzakirəsi zamanı Ağalar Vəliyev tərəfindən Goranboy rayonunun 14 məktəbinin əsaslı təmir olunmasına və 12 kəndin qazlaşdırılmasına köməklik göstərilməsi üçün Nazirlər Kabinetinə müraciət olunmuşdur. Bundan başqa millət vəkilinin köməkliyilə Goranboy şəhərində su-kanalizasiya sisteminin əsaslı təmiri üçün 12 ədəd iri həcmli beton boru və Tərtər şəhərində Diyarşünaslıq Muzeyinin tikintisi üçün 50ton sement göndərilmişdir. Ağdam rayonunun Quzanlı qəsəbəsində təməlqoyma mərasimində Ölkə Prezidentinin şəxsən iştirak etdiyi, bütün müasir tələblərə cavab verən Muğam Mərkəzinin tikintisi də Ağalar Vəliyevin bilavasitə dəstəyi ilə davam edir.

Xeyriyyəçilik ənənələri davam etdirilir

Ümumilikdə 2017-ci il ərzində millət vəkilinin ünvanına müxtəlif məsələlərlə bağlı 13-ü kollektiv olmaqla 61 yazılı, o cümlədən bilavasitə seçicilərdən 51 müraciət daxil olmuşdur. Xüsusilə sosial-iqtisadi problemlərlə bağlı yazılı müraciətlərin böyük əksəriyyəti mövcud imkanlar daxilində təmin olunmuş, bəzi, o cümlədən kollektiv şifahi müraciətlər rəsmiləşdirilərək müvafiq tədbirlərin görülməsi üçün aidiyyati orqanlara görülmüş və icrası nəzarətdə saxlanılmışdır. A.Ağayev tərəfindən Milli Məclisin qəbul şöbəsində, Bakı şəhərindəki və Goranboy, Ağdam, Tərtər rayonlarındakı deputat ofislərində, eləsə də səyyar qaydada keçirilən 15 görüşdə 25-i kollektiv müraciət olmaqla 48 seçici fərdi qaydada dinlənilmiş və onların qaldırdıqları məsələlərin həlli istiqamətlərində əməli tədbirlərin görülməsi təmin edilmişdir.



Həmçinin 2017-ci il ərzində ölkə rəhbərliyinin təhsil siyasətinin və təhsil sistemində aparılan islahatların dəstəklənməsi, təlimdə nailiyyətləri olanların stimullaşdırılması məqsədilə də Ağalar Vəliyev tərəfindən bir sıra işlər görülmüşdür. Belə ki, millət vəkili tərəfindən Goranboy, Ağdam və Tərtər rayonlarının 97 saylı seçki dairəsinə daxil olan qəsəbə və kənd məktəblərinin əlaçı şagirdlərinin və 500-dən yuxarı balla ali məktəblərə daxil olan tələbələrin mükafatlandırılması təşkil edilmişdir. Belə ki, deputatın təşəbbüsü ilə cari ilin iyun ayının 21-də və sentyabr ayının 7-də yerli icra hakimiyyətləri ilə birgə ictimaiyyətin nümayəndələrinin iştirakı ilə təşkil olunan mərasimlərdə 3 rayonun 395 əlaçı şagirdinin hər birinə 100 manat məbləğində fərqlənmə təqaüdü verilmiş, 500-dən yuxarı balla ali məktəblərə qəbul olmuş 144 tələbənin hər birinə 200 manat və 600-dən yuxarı bal toplamış 68 tələbənin hər birinə 500 manat məbləğində pul mükafatı təqdim olunmuşdur. Eyni zamanda ali məktəbə 700 balla daxil olan Ağdam rayonundan məcburi köçkün Pərvin Əhmədova ailə üzvləri ilə birgə Ağalar Vəliyev tərəfindən qəbul edilmiş, ona 1000 manat məbləğində pul mükafatı, noutbuk, planşet və mobil telefon hədiyyə edilmişdir.

Respublika əhəmiyyətli qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq kontekstində noyabrın 9-da millət vəkilinin Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov ilə birlikdə Ağdam rayonuna səfəri çərçivəsində bir sıra tədbirlər, o cümlədən gənclərlə, şəhid ailələri ilə, Qarabağ Müharibəsinin veteranları ilə və Quzanlı qəsəbəsinin sakinləri ilə görüşlər təşkil olunmuşdur. Görüşlərdə qaldırılan Mərkəzi Rayon Xəstəxanasına təcili yardım maşınının ayrılması, 3 nəfər əlilin ölkə xaricinə müalicəyə göndərilməsi, 5 nəfər aztəminatlı tələbənin təhsil haqqının ödənilməsi məsələləri operativ qaydada həllini tapmış, 3 şəhid atası İmran Əliyevin ailəsi ziyarət olunmuş, şəhid ailəsinə soyuducu və televizor hədiyyə edilmişdir.



Bundan başqa Ağalar Vəliyev tərəfindən bu dövr ərzində 9 xeyriyyə tədbiri həyata keçirilmişdir. Belə ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində, Novruz və Qurban bayramları günlərində millət vəkili tərəfindən 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsinin əhatə etdiyi yaşayış məntəqələrinin 2550 şəhid, əlil və aztəminatlı ailələrinin hər birinə təxminən 10 kq civarında bütün zəruri ərzaq məhsullarından ibarət olan bayram sovqatları çatdırılmışdır.

Eyni zamanda milli dəyərlərimizə və dini adətlərimizə hörmət əlaməti olaraq millət vəkilinin təşəbbüsü və maliyyə dəstəyi ilə seçki dairəsinə daxil olan yaşayış məntəqələrində yaşayan imkansız mömin seçicilərin ölkə xaricindəki müqəddəs dini məkanların ziyarətinin təşkili məqsədilə cari ilin may ayının 12-də 30 nəfər Məşhəd ziyarətinə, avqust ayının 26-da isə 5 zəvvar Həcc ziyarətinə göndərilmişdir. İyun ayının 26-27-də Goranboy, Ağdam və Tərtər rayonlarında Ramazan bayramı münasibətilə böyük iftar mərasimləri keçirilmişdir.

Həqiqətən də bu gün Ağalar Vəliyevin fəxr edə biləcəyi nailiyyətlər kifayət qədərdir. Amma heç şübhə etmirik ki, millət vəkili indiyə qədər olduğu kimi, bundan sonra da qarşısında duran vəzifələri layiqincə yerinə yetirmək üçün bütün bilik və bacarığını əsirgəməyəcək və bununla da daha böyük uğurlara imza atacaq.

aia.az
Elbrus Bağırov
Abbas Abbasov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024