Mobil versiya
Badamdar bələdiyyəsi – sakinlər qarşılıqlı əməkdaşlığa cəlb edilir
Tarix: 06-12-2018 | Saat: 15:32
Bölmə:Manşet / Ölkə | çapa göndər

Badamdar bələdiyyəsi – sakinlər qarşılıqlı əməkdaşlığa cəlb edilir




Ölkənin ən gənc təsisatlardan biri olan yerli özünüidarəetmə orqanları müstəqillik illəri ərzində özünəməxsus inkişaf yolu keçmiş, respublikamızda geniş vüsət alan hərtərəfli quruculuq işlərində, o cümlədən sosial, iqtisadi, ekoloji və digər layihələrin, çoxsaylı regional proqramların reallaşmasında mühüm rol oynamışlar. Həmçinin dövlətimiz tərəfindən bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi daim diqqətdə saxlanılaraq çoxsaylı tədbirlər həyata keçirilmiş, bir sıra yeni normativ hüquqi aktlar qəbul edilmişdir.

Bu gün özünün səmərəli fəaliyyətilə seçilən yerli özünüidarəetmə orqanlarından biri də Bakının Səbail rayonunun Badamdar bələdiyyəsidir. 21633 nəfər vətəndaşın yaşadığı ərazini əhatə edən Badamdar bələdiyyəsinin sədri Əsədov Həbib Həsən oğludur.

Badamdar bələdiyyəsinin işi sakinlərlə birgə əməkdaşlıq əsasında qurulub



Məlum olduğu kimi, bələdiyyələrin başlıca vəzifələri vergilərin yığılması, ərazinin abadlaşdırılması və yaşıllaşdırılması, əhalinin müəyyən sosial-məişət problemlərinin həlli ilə bağlıdır. Diqqətəlayiq haldır ki, Həbib Əsədovun rəhbərliyi altında Badamdar bələdiyyəsi bir çox məqamlarda yerli sakinlərlə birgə əməkdaşlıq əsasında fəaliyyət göstərir. Bu isə əlbəttə ki, ilk növbədə qurumun rəhbəri tərəfindən işin düzgün qurulduğundan xəbər verir. Xüsusilə ərazilərin təmiz saxlanması, yaşıllıqların qorunması kimi məsələlərdə belə əməkdaşlıq daha effektiv şəkildə özünü göstərir. Qəsəbənin ərazisində yolların abadlaşdırılması, məktəblərin və məktəbəqədər müəssisələrin binalarının təmiri, qaz, su, elektrik xətlərinin təzələnməsi istiqamətində mütəmadi olaraq məqsədyönlü iş aparlır. Bundan başqa, qəsəbədə məskunlaşmış qaçqın və məcburi köçkünlərə, şəhid ailələrinə yardımlar göstərilir. Ərazidəki hərbi hissədə xidmət edən əsgərlər də bələdiyyənin diqqətindən kənarda qalmırlar, onların sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün də müəyyən tədbirlər görülür. Həmçinin qəsəbədəki kənd təsərrüfatı məhsulları yarmarkasında əhaliyə bu məhsulların bazardakından ucuz qiymətə satışı təşkil edilmiş və hazırda bu iş davam etdirilir. Amma əlbəttə ki, görülən işlər öz ifadəsini konkret rəqəmlərdə tapanda, təqdim olunan məlumatlar da daha inandırıcı və obyektiv olur.



Bələdiyyənin fəaliyyəti təqdirəlayiqdir

Badamdar bələdiyyəsinin fəaliyyətində diqqəti cəlb edən cəhətlərdən biri də qurumun mütəmadi olaraq keçirilən iclaslarıdır. Belə ki, bu iclaslarda bələdiyyənin əsas fəaliyyət istiqamətləri müəyyənləşdirilir, cari məsələlər müzakirə olunur, problemlərin həlli yolları araşdırılır. O cümlədən bu il Həbib Əsədovun sədrliyi altında keçirilmiş iclaslarda da Daimi Komissiyalar tərəfindən irəli sürülmüş bir sıra məsələlər müzakirə edilmiş, hüquqi aktların qəbul olunması üçün rəy və təkliflər hazırlanmışdır. Bələdiyyə tərəfindən qəbul edilmiş müvafiq aktlar qanunauyğun olaraq, nəzarət qaydasında baxılması üçün Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə göndərilmişdir. İlin ilk 9 ayı ərzində Badamdar bələdiyyəsinə 100-əqədər məktub və 30-dan artıq ərizə daxil olmuşdur. Müxtəlif məsələlərlə bağlı bələdiyyə tərəfindən sosial-məişət, təsərrüfat quruculuğu ilə əlaqədar 150 vətəndaş qəbul edilmiş, onları maraqlandıran məsələlərə aydınlıq gətirilmiş, şikayətlərin həlli üçün tədbirlər görülmüşdür. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında “Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, daxil olan məktub, ərizə və şikayətlərin hər birinə vaxtında baxılmış, nəticəsi barədə onlara məlumat verilmişdir. Bundan başqa 9 ay ərzində bələdiyyə tərəfindən 144 nəfərə maddi yardım göstərilmişdir. Müqəddəs Qurban bayramı münasibətilə qəsəbə sakinlərindən olan imkansız, tənha, şəhid ailələr və s. ailələrə qurban əti paylanmışdır. Həmçinin bələdiyyə üzvləri rayonda keçirilən iməcliklərdə yaxından, fəal iştirak etmişlər.



Yerli Demokratiya Həftəsi

Məlum olduğu kimi, hər il noyabr ayında Azərbaycanda Yerli Demokratiya Həftəsi keçirilir. Bu həftənin keçirilməsində məqsəd bələdiyyə-vətəndaş münasibətlərini daha da sıxlaşdırmaq, yerli məsələlərin həllində vətəndaşların təklif, irad və şikayətlərini dinləmək, yerli özünü idarəetmə prosseslərində əhalinin rolunu, iştirakının və həmrəyliyinin artırılması, fikir mübadilələrinin aparılması və qarşılıqlı öhdəliklərin müəyyən olunması yolu ilə Bələdiyyə işinin təkmilləşdirilməsinə dəstəyini gücləndirməkdir.



Qeyd etmək lazımdır ki, Badamdar bələdiyyəsində Yerli Demokratiya Həftəsi xüsusi coşqu ilə keçirilir. Bələdiyyə üzvlərinin yerli əhali ilə görüşləri təşkil edilir, sakinlərin irəli sürdükləri təklif və rəyləri dinləmək üçün “Qaynar telefon” xətti yaradılır, müraciətlərin qəbulu məqsədi ilə “Bələdiyyə poçtu” qutuları quraşdırılır. Qəsəbənin müxtəlif yerlərində həftənin keçirilməsini əks etdirən şüarlar, plakatlar asılır ki, bu da təşviqat baxımından əhalinin aktivliyinin artmasına səbəb olur.

Sevindirici haldır ki, Badamdar bələdiyyəsinin fəaliyyətində belə aktivlik sadəcə bir həftə ərzində deyil, bütün il boyu müşahidə olunur. Biz də öz növbəmizdə Səbail rayonunun Badamdar bələdiyyəsinin bütün əməkdaşlarına, eləcə də şəxsən bələdiyyə sədri Həbib Əsədova öz işlərində yeni-yeni müvəffəqiyyətlər arzulayırıq.

aia.az
Elbrus Bağırov
Abbas Abbasov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024