Mobil versiya
Ağdama yeni nəfəs gəldi
Tarix: 22-11-2018 | Saat: 11:48
Bölmə:Manşet / Ölkə | çapa göndər

Ağdama yeni nəfəs gəldi



Üç ay öncə Ağdam RİH-nə başçı təyin olunmuş Vaqif Həsənov qarşıya qoyulmuş vəzifələrin səmərəli icrası üçün bütün resurs və potensialları səfərbər edə bilmişdir

Bu gün Azərbaycanda gedən dinamik inkişaf, əsaslı quruculuq işləri ərazisinin bir hissəsi müvəqqəti işğal altında olan Ağdam rayonundan da yan keçmir. Bilavasitə cəbhə bölgəsində yerləşməsinə rəğmən, Ağdam rayonu bu gün sürətlə inkişaf edir və ölkəmizin ümumi inkişafına dəyərli tövhələrini verir. Əlbəttə ki, mövcud şəraitdə bu rayonda gedən quruculuq işləri ilk növbədə yerli sakinlərin mübarizliyi, rəşadəti və öz torpaqlarına sonsuz məhəbbətləri hesabına həyata keçirilir. Eyni zamanda da Ağdam Rayon İcra Hakimiyyətinin bütün əməkdaşlarının fədakar əməyi, müvafiq dövlət proqramlarının yüksək səviyyədə həyata keçirilməsi məqsədilə rayon rəhbərliyinin göstərdiyi səylər xüsusi olaraq qeyd olunmalıdır.

Yeni rəhbərlik yeni inkişaf taktikası deməkdir



Quzanlıdan aldığımız məlumatlarda bildirilir ki, məhz son bir neçə ayda Ağdamın istər ictimai həyatında, istərsə də iqtisadiyyatında əvvəllər çox da diqqəti cəlb etməyən bir canlanma, yüksək dinamiklik müşahidə olunmaqdadır. Rayon ictimaiyyətinin ümumi rəyi isə belədir ki, bu pozitiv hərəkətlilik Ağdam Rayon İcra Hakimiyyətinə yeni başçısının təyin olunması ilə bilavasitə əlaqəlidir. Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli tarixli Sərəncamı ilə Ağdam Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə Vaqif Həsənov təyin edilib.

Qısa arayış:



Həsənov Vaqif Bəhram oğlu 18 fevral 1959-cu ildə Ağdam rayonunda anadan olmuşdur. 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. 1977-1979-cu illərdə hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə 1977-ci ildə Bərdə Kolxozlararası Tikinti idarəsində fəhlə kimi başlamışdır. 1980-1987-ci illərdə 26 Bakı Komissarı adına Neft Qaz Çıxarma İdarəsinin elektrik çilingər, 1987-1989-cu illərdə 26 Bakı Komissarı adına Neft Qaz Çıxarma İdarəsinin Mənzil Kommunal Təsərrüfatının partiya təşkilatının katibi işləmiş, 1989-1991-ci illərdə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun dinləyicisi olmuşdur. 1991-ci ildə 26 Bakı Komissarı adına Neft Qaz Çıxarma İdarəsinin partiya komitəsinin katibi, 1991-1995-ci illərdə Ə.Ç.Əmirov adına Neft Qaz Çıxarma İdarəsinin Xüsusi şöbəsinin rəisi, 1995-2001-ci illərdə H.Z.Tağıyev adına Neft Qaz Çıxarma İdarəsinin Mənzil Kommunal Təsərrüfatının rəisi, 2001-2005-ci illərdə H.Z.Tağıyev adına Neft Qaz Çıxarma İdarəsinin Kadrlar şöbəsinin rəisi, 2005-2006-cı illərdə N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin rəisin ümumi məsələlər üzrə müavini, 2006-2011-ci illərdə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini, 2011-2013-cü illərdə Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini, 2013-2018-ci illərdə isə Bakı şəhəri Xəzər Rayon İcra hakimiyyəti başçısının birinci müavini vəzifələrində çalışmışdır.

Qeyd olunmalıdır ki, hələ də ərazisinin böyük bir hissəsi müvəqqəti olaraq işğal altında olan Ağdam rayonunda bütün çətinliklərə baxmayaraq, sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində kifayət qədər böyük işlər görülür. Rayon rəhbərliyinə təyin edilmiş Vaqif Həsənov isə görülən işlərin həm həcmini, həm də effektivliyini artırmaqda tam qərarlıdır. Əldə etdiyimiz məlumatlarda da təsdiq olunur ki, Ağdam RİH-nin yeni başçısı ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş öhdəlik və vəzifələrin səmərəli icrasını təmin etmək üçün mövcud olan bütün resurs və potensialları səfərbər edə bilmişdir.

Bütün göstəricilər inkişafdan xəbər verir



2018-ci il Ağdam sakinləri üçün bir çox uğurlarla yaddaqalan olacaq. Belə ki, ötən müddət ərzində Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan və Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yollarının tikintisi başa çatdırılaraq sakinlərin istifadəsinə verilib. Quzanlı qəsəbəsində akademik Xudu Məmmədov adına küçəyə asfalt-beton örtük salınıb. Muğam Mərkəzinin tikintisi yekunlaşıb. 360 şagird yerlik orta məktəb binasının inşası davam etdirilir. İmamqulubəyli kəndində tibb məntəqəsinin tikintisinə başlanılıb.

Həmçinin rayonun kənd təsərrüfatı sahəsində də göstəricilər ürəkaçandır. İlin ötən doqquz ayı ərzində 44 min 655 ton buğda, 7505 ton arpa, 80 min 728 ton tərəvəz, 5923 ton kartof, 15 min 118 ton şəkər çuğunduru istehsal edilib. Bundan başqa rayon kümçüləri tərəfindən 17,1 ton barama tədarük olunub. Hazırda 3100 hektar sahədə becərilən pambığın yığımı davam etdirilir. Rayonda heyvandarlığın, xüsusilə cins mal-qaranın inkişaf etdirilməsi məqsədilə 1859 baş heyvan süni yolla mayalandırılıb, 1119 baş sağlam bala alınıb.



Sakinləri daha çox sevindirən bir məqam da sosial-məişət problemlərinin həlli, həyat şəraitinin durmadan yüksəlməsilə bağlıdır. Əhalinin təbii qaz, elektrik enerjisi, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində rayonda xeyli işlər görülüb, təhsil, mədəniyyət, səhiyyə kimi sahələrdə kifayət qədər uğur əldə edilib.

Qarşıda isə Quzanlı qəsəbəsi 360 şagird yerlik məktəbin, boks və taekvando məktəblərinin, Ağdam Atçılıq Kompleksinin, İmamqulubəyli kənd körpələr evi-uşaq bağçasının və İmamqulubəyli kənd tibb məntəqəsinin tikintisinin başa çatdırılması, Quzanlı qəsəbəsində Heydər Əliyev adına parkın yenidən qurulması, Evoğlu, Zəngişalı, Üçoğlan kənd tam orta məktəbinin, Qaradağlı və Birinci Baharlı körpələr evi-uşaq bağçalarının təmir edilməsi kimi vəzifələr durur.

Rayon rəhbərliyi hər zaman sakinlərin yanındadır

Qarşıda duran vəzifələri uğurla həyata keçirmək üçün isə, ilk növbədə sadə vətəndaşların mövcud problemlərilə maraqlanmaq, onların həllinə çalışmaq və məhz bu yolla da rayonda əhali ilə icra strukturları arasında yenilməz birliyə nail olmaq lazımdır. Sevindirici haldır ki, Ağdam RİH-nin başçısı Vaqif Həsənovun da fəaliyyəti məhz bu istiqamətə yönləndirilib. Belə ki, icra başçısı vəzifəyə təyinat aldığı üç ay ərzində mütəmadi olaraq müxtəlif ərazilərdə məskunlaşmış rayon sakinləri ilə görüşlər keçirmiş, vətəndaşların şikayət və təkliflərini dinləmiş, yaranan problemlərin operativ həlli üçün müvafiq tədbirlər görmüşdür. Təkcə oktyabr ayı ərzində İkinci Alıbəyli, Yeni Ergi, Birinci Dördyol köçkün qəsəbə sakinləri ilə, habelə Sumqayıt və Mingəçevir şəhərlərində məskunlaşan Ağdamlı məcburi köçkünlərlə, eləcə də Əhmədağalı və Xındırıstan kənd sakinləri ilə səyyar qəbul-görüşlər keçirilib. Sonuncu belə görüş isə bilavasitə bu yazı çapa hazırlanan vaxt, noyabrın 21-də Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən köçkün qəsəbəsində baş tutmuşdur. Qeyd olunmalıdır ki, təhsil, mədəniyyət, köçkün inzibati ərazi dairəsi nümayəndələrin və digər xidmət sahələri rəhbərlərinin də iştirak etdiyi həmin görüşlər məcburi köçkün əhalinin, digər sakinlərin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkanlar yaradır.



Heç şübhə etmirik ki, Ağdam rayonunun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması bundan sonra da uğurla davam etdiriləcək.

aia.az

Aydan Həsənova
Murad Hüseynov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024