Mobil versiya
Abşeron – sahibkarlığın inkişafı rayon iqtisadiyyatını gücləndirir
Tarix: 25-10-2018 | Saat: 14:36
Bölmə:Manşet / Ölkə | çapa göndər

Abşeron – sahibkarlığın inkişafı rayon iqtisadiyyatını gücləndirir


İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş vəzifələrin effektiv icrası baxımından fəaliyyəti yüksək qiymətləndirilir

Ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində əldə olunmuş dinamik iqtisadi inkişaf son illər ərzində digər bölgələrimiz kimi, Abşeron rayonunun da hərtərəfli inkişafı üçün əlverişli zəmin yaradıb. Qeyd olunmalıdır ki, rayon rəhbərliyi də yaranmış imkanları son dərəcə səmərəli şəkildə dəyərləndirərək, Abşeronun inkişafı üçün böyük işlər görmüşdür.

Rayon rəhbərliyi tərəfindən bütün potensiallar səfərbər edilib




Bu gün Abşeron rayonunun kənd və qəsəbələri, Xırdalan şəhəri günbəgün gözəlləşir. Rayonda davamlı olaraq yeni, müasir infrastruktur layihələri həyata keçirilir. Küçələr, yollar, parklar abadlaşdırılır və yeniləri salınır. Sevindirici haldır ki, abşeronlular da bütün bu proseslərə hər zaman böyük ruh yüksəkliyi ilə qatılırlar. Birmənalı olaraq demək lazımdır ki, Abşeron rayonu bu gün sürətli və geniş quruculuq yolundadır. Bunu son illərin sosial-iqtisadi inkişaf göstəriciləri, statistik rəqəmlər də təsdiqləyir. Hazırda regionlarımızın sosial-iqtisadi inkişafına dair qəbul olunmuş Dövlət Proqramları Abşeron rayonunda da uğurla həyata keçirilməkdədir. Əlbəttə ki, bu proseslər ilk növbədə Abşeron Rayon İcra Hakimiyyətinin səmərəli və məqsədyönlü fəaliyyəti sayəsində təmin olunurlar. Bu məqsədlə rayonun bütün potensialı səfərbər edilib. Əbəs yerə deyildir ki, rayon ictimaiyyəti, bütün abşeronlular Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş vəzifələrin effektiv icrası baxımından fəaliyyətini çox yüksək qiymətləndirirlər.

İnkişaf dinamikası yüksələn xətlə dəyişir





Bu gün Abşeronda formalaşmış işgüzar mühit, quruculuq tendensiyası barədə rəy söyləyən ictimaiyyət nümayəndələrinin böyük əksəriyyəti bu fikirdədir ki, məhz İradə Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunduqdan sonra nisbətən qısa müddət ərzində qazanılan uğur və nailiyyətlər rayonun tərəqqisinə son dərəcə müsbət təsir göstərib. Artıq uzun müddətdir ki, Abşeronda əksər sahələrin fəaliyyətində davamlı olaraq böyük canlanma müşahidə olunmaqdadır. Abadlıq işləri, əhalinin sosial-məişət problemlərinin həlli, yeni təhsil və səhiyyə müəssisələrinin tikintisi və yolların rekonstruksiyası istiqamətində görülən işlər sakinlərin də böyük razılığına səbəb olub. Rayonun bugünkü yeniləşmə və yüksəliş yoluna çıxmasının təməlində hər şeydən əvvəl iqtisadi sahədə qazanılan nailiyyətlər, artan maddi imkanlar dayanır. Qeyd etmək lazımdır ki, rayonda dövlət köməyindən, məqsədli investisiyalardan, özəl təşəbbüslərdən də bacarıqla istifadə olunur.

Son bir neçə ildə Ölkə Prezidentinin birbaşa təşəbbüsü və himayəsi sayəsində Abşeron rayonu ərazisində mühüm infrastruktur layihələri həyata keçirilmiş, möhtəşəm tikililərin təməli qoyulmuş və uğurla başa çatdırılmışdır. İstifadəyə verilən və yenidən qurulan səhiyyə və təhsil müəssisələri, uşaq bağçaları, yollar, yol ötürücüləri və yol qovşaqları, idman qurğuları, parklar, inzibati binalar rayonun simasını tamamilə dəyişmişdir.

Tikinti sektoru rayonun iqtisadiyyatında xüsusi çəkiyə malikdir



Son bir neçə ildə Abşeron rayonunda tikinti-quruculuq işlərinin də intensivliyi nəzərəçarpacaq dərəcədə artıb. Həm də sevindirici haldır ki, bu işlər böyük zövqlə, Abşeronun tarixi memarlıq ənənələrinə uyğun olaraq həyata keçirilir. Xüsusilə son iki ildə rayon ərazisində inşaat işlərinin həcmi daha da artmış, sahibkarlar tərəfindən rayonun Xırdalan şəhəri, Saray, Ceyranbatan qəsəbələri və Masazır kəndi ərazisində çoxmənzilli yaşayış binalarının tikintisi işləri davam etdirilmişdir.

Ötən il Xırdalan şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılmışdır. Azərbaycan hökuməti ilə Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi, dəyəri 108 milyon manat olan layihə çərçivəsində 2 il ərzində 168 kilometr uzunluğunda içməli su xəttinin, 110 kilometr uzunluğunda isə kanalizasiya xəttinin çəkilməsi nəzərdə tutulur. Layihənin icrasına başlanıldığı 2017-ci ilin iyul ayından bugünə qədər artıq on kilometrlərlə su və kanalizasiya xətləri çəkilib və hazırda bununla bağlı işlər davam etməkdədir. Həmçinin ötən il Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ayrılmış vəsait hesabına Novxanı kəndində yeni magistral içməli su və kanalizasiya xətləri çəkilib istifadəyə verilmiş, Pirəkəşkül, Qobustan kəndlərində içməli su çəkilişi işləri başa çatdırılmış, Mehdiabad və Digah qəsəbələrində isə kanalizasiya xətlərinin yenilənməsi işləri davam etməkdədir.

Yolunuz açıq olsun




Abşeron əhalisinin xüsusi razılığına səbəb olan məqamlardan biri də son illər rayon ərazisində yol tikintisi bağlı irimiqyaslı işlərin görülməsidir. Belə ki, “Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq və ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ayrılmış vəsait hesabına ötən il Mehdiabad-Digah-Məmmədli, Mehdiabad-Novxanı və Lökbatan-Qobu yollarının əsaslı yenidən qurulması işləri həyata keçirilmişdir. Novxanı kəndindən Sumqayıt şəhərinə gedən 2,5 kilometrlik yolda rayonun daxili imkanları hesabına genişləndirmə işləri aparılaraq asfalt örtük verilmişdir. Bakı-Şamaxı, Bakı-Quba magistral avtomobil yollarının Abşeron rayonundan keçən hissəsində 7 yerdə yerüstü piyada keçidi quraşdırılmışdır. Bundan əlavə, rayonun daxili imkanları hesabına Xırdalan, Ceyranbatan, Saray, Masazır, Hökməli, Məmmədli, Novxanı yaşayış məntəqələrində daxili yollarda asfaltlama işləri həyata keçirilmişdir.

İş adamlarına əlverişli şərait yaradılıb



Statistik məlumatlarda da təsdiq olunur ki, son 7 ildə Abşeron rayonu bdcədən dotasiya almadan, yerli gəlirlər hesabına öz xərclərini maliyyələşdirir. Bu vəziyyət əlbəttə ki, yerli vergi daxilolmalarının artımından xəbər verir. Bu isə, öz növbəsində rayonda sahibkarlığın yüksək inkişaf səviyyəsinin əsas göstəricisidir. Sözsüz ki, belə bir göstəriciyə nail olmaq üçün ilk növbədə rayonda iş adamları üçün əlverişli şərait yaradılmalı, sahibkarlığın inkişafı stimullaşdırılmalıdır. Heç şübhəsiz Abşeron rayonunda bu şərtlərə əməl edilir və nəticə də göz qabağındadır. Təkcə 2017-ci il ərzində sahibkarlar tərəfindən rayonun müxtəlif sahələrinə 179 milyon manat dəyərində özəl investisiya qoyulmuşdur. 68 hüquqi, yaxud fiziki şəxs tərəfindən həyata keçirilən və ümumi dəyəri 250 milyon manat olan investisiya layihələrinin icrası nəticəsində rayonda 4 minə yaxın yeni iş yerinin yaradılması təmin ediləcəkdir. Yenə də 2017-ci il ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonun inzibati və təhkim olunmuş ərazilərində fəaliyyət göstərən sahibkarlara investisiya layihəsi üçün 26 milyon manat güzəştli kredit verilmişdir. Bu layihələrin icrası nəticəsində 658 yeni iş yeri yaradılmışdır.

Təsadüfi deyildir ki, bu il Abşeron rayonu üzrə öz xərclərindən əlavə, 23 milyon manat vəsaitin dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulmuşdur.

Əminliklə demək olar ki, Abşeron rayonunun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması bundan sonra da uğurla davam etdiriləcək və bu rayonun ölkəmizin ümumi inkişafına verdiyi dəyərli töhfələr ildən-ilə artacaqdır.



aia.az

Əli Aslanov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024