Mobil versiya
Bu Azərbaycan universitetinin diplomu Türkiyədə TANINMIR - SƏBƏBLƏR
Tarix: 13-10-2018 | Saat: 15:45
Bölmə:Təhsil | çapa göndər

Bu Azərbaycan universitetinin diplomu Türkiyədə TANINMIR - SƏBƏBLƏR


“Azərbaycanda əczaçılıq, stomatoligiya və bəzi tibbi ixtisalardan məzun olanların diplomları Türkiyədə daha çox araşdırılır. Hətta Azərbaycan Dövlət Tibb Universitetinin elə ixtisasları var ki, onları Türkiyə Ali Təhsil Şurası təsdiq etmir. Bu da akademik saatların, kredit saylarının Türkiyə standartlarına cavab verməməsindən qaynaqlanır”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Global Kariyera İnstitunun direktoru Orxan Həsənoğlu deyib. Onun sözlərinə görə, Türkiyə Yüksək Öğretim Kurulunda (Türkiyə Ali Təhsil Şurası) diplomların uyğunluğunu yoxlayan xüsusi şöbə var:

“Xarici ölkələrdə təhsil alan Türkiyə vətəndaşları, yaxud Türkiyədə diplomundan istifadə etmək istəyən xarici ölkə vətəndaşları əvvəlcə həmin şöbənin saytına müraciət edirlər. Tələb olunan sənədləri təqdim edərək YÖK-ün aiddiyatı departamentindən denklik sənədi (uyğunluq kağızı) alırlar. Azərbaycan universitetlərinin vermiş olduğu diplomlar qəbul olunur və onlara uyğunluq statusu verilir. Lakin YÖK-ün aidiyyatı şöbəsi müraciət olunan vətəndaşın sənədləri ilə bağlı özlərinin qəbul etdiyi qərarın əsasını aiddiyyatı fakültəyə göndərirlər. Məsələn, Azərbaycanda pedaqoji fakültədən məzun olan tələbənin akademik transkripti Türkiyədə YÖK-ün müqavilə bağladığı universitetlərin birinə göndərilir. Həmin universitet təsdiq edir ki, bu vətəndaşın keçmiş olduğu ixtisasın kredit sayları Türkiyədəki standartlara cavab verir.Əsas məsələ digər ölkələrdəki akademik saatların Türkiyədəki mövcud qaydalara uyğun gəlməsidir. Akademik saatlar Türkiyədəki mövcud standartlara cavab verirsə, şübhəsiz ki, diplomlar təsdiq olunur”.

Orxan Həsənoğlu bildirib ki, Türkiyə Azərbaycandakı bir sıra ixtisasların diplomlarını tanımır:

“Əczaçılıq, stomatoligiya və bəzi tibbi ixtisalardan məzun olanların diplomları daha çox araşdırılır. Hətta Azərbaycan Dövlət Tibb Universitetinin elə ixtisasları var ki, onları Türkiyə Ali Təhsil Şurası təsdiq etmir. Bu da akademik saatların, kredit sayının Türkiyə standartlarına cavab verməməsindən qaynaqlanır. Azərbaycan ali məktəblərindən Tibb Universiteti xaric olmaqla, akademik saatların və kreditlərin uyğun gəldiyi bütün diplomlar Türkiyə Cümhuriyyəti tərəfindən tanınır".

Müsahibimiz Apostil möhrünün vacibliyindən söz açaraq, Türkiyəyə üz tutacaq şəxslərə xüsusi tövsiyə verib:

"Apostil möhrünün (Apostil bir sənədin gerçəkliyinin (orijinallığının) təsdiq edilərək başqa bir ölkədə qanuni olaraq istifadəsini təmin edən sənəd təsdiq sistemidir) diplomda olmağı sadəcə Türkiyədə deyil, digər xarici ölkələrdə də diplomun dəyərini artırır. Azərbaycan universitetlərini bitirənlər diplomlarına Apostil möhrü vurdurmadan ölkədən ayrılmasınlar. YÖK Apostik möhrünə olduqca ciddi yanaşır. Diplomların təsdiq olunmasıyla bağlı Azərbaycan vətəndaşları bank hesabına 150 TL ödəniş edirlər. Şəxs özü və ya etibarnamə verdiyi hər hansı bir vətəndaş YÖK-ə müraciət edə bilər. Təqdim olunan sənədlər ciddi şəkildə yoxlanılır.

Azərbaycanla bağlı ayrımseçkilik, hər hansı süründürməçilik halları yoxdur. Sadəcə olaraq məzunların təhsil aldıqları ixtisasda mövcud olan akademik saatlar əsas götürülür. Azərbaycanda diplomların ratifikasiya şöbəsi bunla bağlı öz daxilində qərar qəbul edirsə, YÖK məzunun sənədlərini onun ixtisasına uyğun aidiyyatı fakültələrə göndərərək onlardan təsdiq yazısı alır”.

Qeyd edək ki, Türkiyədə yaşayan bir çox azərbaycanlı Türkiyə Cümhuriyyətinin Azərbaycan Universitetlərinin verdiyi diplomları təsdiq etmədiyini iddia edir.

Apostil sənədi haqda xatırlatma:

Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2004-cü il tarixli Sərəncamı ilə apostilin verilməsi üçün məhkəmələrin, prokurorluq və ədliyyə orqanlarının verdiyi, o cümlədən Azərbaycan Respublikasının ərazisində notariat qaydasında təsdiq olunan və vətəndaşlıq vəziyyətinin dövlət qeydiyyatına dair sənədlər üzrə səlahiyyətli orqan qismində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, digər sənədlər üzrə isə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi müəyyən edilib.

Xarici İşlər Nazirliyi tərəfindən apostil yalnız sənədin əslinə verilə bilər.

Apostil sənədi imzalamış şəxsin imzasının həqiqiliyini, bu şəxsin hansı qismdə çıxış etdiyini və lazım gəldikdə həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini (əgər sənədi vermiş orqanın möhürünün, ştampının və vəzifəli şəxslərinin imza nümunələri məlumdursa) təsdiq edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024