Mobil versiya
Əbülfəs Qarayev: Bakı mədəniyyətlərarası dialoq siyasətini dəstəkləyir
Tarix: 12-10-2018 | Saat: 14:20
Bölmə:Gündəm | çapa göndər

Əbülfəs Qarayev: Bakı mədəniyyətlərarası dialoq siyasətini dəstəkləyir


Azərbaycan mədəniyyətlərarası dialoq siyasətini hərtərəfli dəstəkləyir və həyata keçirir.

Trend-in məlumatına görə, bunu Mərakeşin paytaxtı Rabatda Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə İslam Təşkilatının (ISESCO) 13-cü konfransında iştirak edən Azərbaycanən mədəniyyət naziri Əbülfəs Qarayev TASS agentliyinə müsahibəsində bildirib.

Ə.Qarayev qeyd edib ki, ölkəmizin siyasəti tolerantlığa, müxtəlif milli və dini icmaların mədəni dəyərlərini anlamağa və onlara hörmət bəsləməyə yönəlib: “Azərbaycan beynəlxalq təşkilatlarla, o cümlədən ISESCO ilə əməkdaşlığa çox ciddi yanaşır və bu təşkilatın fəal iştirakçısıdır. Biz çoxlu konfranslar, “dəyirmi masa”lar keçirir, təhsil proqramlarını reallaşdırırıq. ISESCO-nun bundan əvvəlki, 12-ci Baş Konfransı 2015-ci ildə Bakıda keçirilib. Bugünkü hesabat məruzəsində və nümayəndələrin çıxışlarında qeyd edildiyi kimi, həmin konfrans uğurlu olub”.

Nazir vurğulayıb: “Bu gün Azərbaycan ISESCO-nun Baş Konfransının sədri səlahiyyətlərini təhvil verir, lakin fəal əməkdaşlığımız, əlbəttə, davam edəcək. Biz istəyirik ki, səsimiz eşidilsin, uğurlarımız hamıya məlum olsun. Təbii ki, biz sivilizasiyaların dialoqunun, mədəniyyətlərin dialoqunun inkişafına, ümumbəşəri dəyərlər naminə İslam aləmi ilə Qərb dünyasının bir-birini daha yaxşı anlamasına yönəlmiş siyasətimizi davam etdirəcəyik”.

Onun sözlərinə görə, son üç ildə ISESCO-nun Baş Konfransına rəhbərlik edən Azərbaycan bir sıra iri tədbirlər keçirib. Nazir sözünə davam edərək deyib: “Məsələn, 2017-ci ildə Bakıda çoxsaylı iştirakçıları olan IV İslam Həmrəylik Oyunları keçirilib. Mənim fikrimcə, bu Oyunlar çox uğurlu olub”.

Ə.Qarayev qeyd edib ki, Azərbaycan mədəniyyətlərarası dialoq siyasətini də hərtərəfli dəstəkləyir və həyata keçirir: "Azərbaycan Prezidenti İlham Əliyev 2008-ci ildə mədəniyyətlərarası dialoq çərçivəsində Qərb və Şərq dünyası arasında əlaqələrin həyata keçirilməsi təşəbbüsünü irəli sürüb. Biz mədəniyyətin müxtəlif sahələrini təmsil edən təşkilatları mədəniyyətlərarası dialoq üzrə ümumdünya forumunun həmtəsisçiləri kimi birləşdirməyə nail olduq. Tədbirin tərəfdaşları qismində ISESCO, Avropa Şurası, UNESCO, BMT Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı çıxış edirdi. Keçən ildən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı da tərəfdaşlara qoşulub.

Bu o deməkdir ki, Azərbaycanın tolerantlığa, müxtəlif milli və dini icmaların mədəni dəyərlərini anlamağa və onlara hörmət bəsləməyə yönəlmiş siyasəti sülh işinə və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir”.

Nazir deyib: “2009-cu ildə ISESCO-nun qərarı ilə Bakı İslam Mədəniyyəti Paytaxtı elan edildi. 2018-ci ildə isə bu fəxri ada Azərbaycanın Naxçıvan şəhəri layiq görüldü. Bu, bizim üçün böyük hadisədir və Azərbaycan mədəniyyətinin səviyyəsini, onun müxtəlifliyini bütün dünyaya göstərmək imkanı verir.

İslam aləminin və Avropanın mədəni paytaxtları arasında mədəni dialoq təşəbbüsünü məhz Azərbaycan irəli sürüb. Bu, ölkələr arasında dostluq körpüləri qurmağa şərait yaradıb. Düşünürəm ki, bu, ən düzgün yoldur – mədəniyyət birləşdirməli və qovuşdurmalıdır”.

Nazir Azərbaycan mədəniyyətini fəal təbliğ edən, mədəniyyətlərarası proseslərin və mübadilələrin hərəkətverici qüvvəsi olan Birinci vitse-prezident, birinci xanım Mehriban Əliyevanın rolunu xüsusi qeyd edib.

Ə.Qarayev əlavə edib ki, Azərbaycan əhalisinə tarixən xas olan dözümlülük və tolerantlıq keyfiyyətləri çoxəsrlik inkişaf dövrünü yaşayıb: "Hazırda respublikada müsəlmanlar, yəhudi və xristian icmaları dinc yanaşı yaşayır, bir-birinə hörmət bəsləyir. Biz insanlar arasında ünsiyyət məkanı olan mədəniyyətlərarası dialoq forumları, sivilizasiyalararası dialoq forumlar keçiririk. Buna görə də bu gün Azərbaycan ümumbəşəri dəyərlərin birləşdiricisi rolunu öz üzərinə götürə bilər”.

Nazir çıxışının sonunda deyib ki, Avropa ilə Asiyanın, Qərb və Şərq dünyasının qovuşuğunda yerləşən Azərbaycan özünün sülhyaratma, vasitəçilik və sivilizasiya imkanlarını təklif edən platforma ola bilər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024