Mobil versiya
Azərbaycan elmində BİABIRÇILIQ: “Eyni kafedranın müəllimləri bir-birinin işini oğurlayırlar”
Tarix: 04-10-2018 | Saat: 10:47
Bölmə:Manşet / Təhsil | çapa göndər

Azərbaycan elmində BİABIRÇILIQ: “Eyni kafedranın müəllimləri bir-birinin işini oğurlayırlar”


Əqli Mülkiyyət Agentliyinə 2017-ci ilin son aylarından başlayaraq, 2018-ci ilin üç rübü ərzində pozulmuş müəlliflk hüquqlarının - plagiatların bərpa olunmasına köməklik göstərilməsi məqsədi ilə yeddi müraciət daxil olub.



Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Əqli Mülkiyyət Agentliyinin mətbuat xidmətindən məlumat verilib. Qurumun açıqlamasında qeyd olunub ki, müraciətlər əsasən, ədəbiyyat, geologiya və dərs vəsaiti sahələrini (növlərini) əhatə edir:

“Qeyd edilən müraciətlərlə bağlı Agentlik tərəfindən müvafiq araşdırmalar aparılıb. Təqdim edilən sənəd və materialların təhlili, müqayisəsi həyata keçirilib və zərurət yarandığı hallarda digər aidiyyatı qurumlara sorğular göndərilib.



Agentlik bu istiqamətdə öz səlahiyyətləri çərçivəsində bütün zəruri tədbirləri həyata keçirir”.

Agentlikdən o da bildirilib ki, elmi işlərlə bağlı qeyd edilən müddət ərzində quruma müraciət daxil olmayıb.

“Elm haqqında” qanuna görə, plagiat – müəllifini, götürülmə mənbəyini göstərmədən başqasının əsərlərini, elmi kəşf və ixtirasını, səmərələşdirici təklifini, innovasiya məhsulunu tam və ya qismən mənimsəmək, yaxud özününkü kimi təqdim etməkdir.

Azərbaycanda da kifayət qədər elmi plagiat əsərlər mövcuddur.



Bu haqda Modern.az-a danışan təhsil ekspert Kamran Əsədov da elmi işlərdə plagiatların çox olduğunu düşünür. Ekspertin fikrincə, bəzən tək xaricdə yaşayan alimlərin əsərləri oğurlanmır, hətta bir institutda, bir şöbədə, bir kafedrada işləyənlərin öz həmkarlarının zəhmətinin məhsuluna yiyələnməsi halları da baş verir:



“Elə bilikli, savadlı insanlar var ki, alimlik dərəcəsi ala bilmirlər. İllərlə Azərbaycan Milli Elmlər Akademiyasının) yollarında, institutlarında süründürülürlər. Nəyə görə? Axı kənardan izləyən hər bir normal vətəndaş bilir ki, savadlı insan, biliyinə güvənən alim rüşvət verməz. Buna görə də bilik səviyyəsi güclü olan çox alimlərimiz “alim” adını ala bilmir. Lakin təzada baxın ki, çoxlarının biliyinə şübhə etdiyi, açıq-aşkar hətta “primitiv savadı olan biridir”, deyə münasibət bildirdiyi insan alimlik dərəcəsi ala bilir. Hələ Sovet dövründən Elmlər Akademiyasının ayrıca bir quruma çevrilib, təhsildən uzaqlaşması elm və təhsilin vəhdətini pozub, xüsusilə gənclərin elmi proseslərə qoşulmasına sədd çəkib. Halbuki dünyanın bir çox inkişaf etmiş ölkələrində elmi-tədqiqat mərkəzləri məhz universitetlərin nəzdində fəaliyyət göstərir. Ona görə də, tələbələr çox erkən elmi yaradıcılığa cəlb olunur. Bugünkü hər bir referat özündə sabahkı geniş tədqiqatın rüşeymini daşıyır”.



Kamran Əsədov qeyd edib ki, hazırda tələbələrin yazmalı olduğu kurs və buraxılış işləri, magistr dissertasiyaları onlara satılır. Bu, hamının bildiyi bir faktdır:



“Hesab edirəm ki, elmimiz qarşısında duran əsas problemlərdən biri dissertasiya mövzularının düzgün seçilməməsi ilə bağlıdır. Elmi əsərlərin yeniliyinin düzgün anlaşılmaması bir çox hallarda elmi tədqiqat əvəzinə ortaya tərtibat və tərcümə əsərlərinin çıxması və bu əsərlərin də dissertasiya kimi müdafiə edilməsi ilə nəticələnir. Bəzən dəfələrlə işlənmiş mövzular yeni ad altında təqdim olunur, dissertant elmə heç bir yenilik gətirmədən deyilən fikirləri təkrarlayır. Təəssüflər olsun ki, bu cür dissertasiyalar bəzən heç bir çətinliklə üzləşmədən uğurla “müdafiə edilir”. Hətta çətinlik yaransa belə, dissertant əvvəl-axır dəyərsiz tədqiqatını işə keçirə bilir. Halbuki həqiqi istedadlar elmi işlərini müdafiə etmək üçün xeyli çətinliklərlə qarşılaşırlar. Bu yerdə məşhur bir deyim yada düşür: “İstedadlara yol verin, istedadsızlar özləri özlərinə yol açacaqlar””.



Azərbaycan elmində, xüsusilə humanitar sahədə “bu mövzu Rusiyada və yaxud ərəb ölkələrində işlənib, Azərbaycanda isə işlənməyib” arqumentinin hökm sürdüyünü xüsusi vurğulayan ekspert düşünür ki, nəticədə yazılan dissertasiya işi elə həmin əsərlərin tərcüməsinə çevrilir:



“İndi dünyanın bir çox elmi tədqiqat mərkəzi arasında mübadilə imkanlarının artdığı, hər bir kəsin asanlıqla dünyanın hər hansı bir regionunda gedən elmi prosesləri izləmək şansının olduğu bir zamanda bu problem birdəfəlik həll olunmalı, Azərbaycan üçün yenilik anlamı dünya səviyyəsində yenilik gətirmə tələbatı ilə nəticələnməlidir. Bu tələbat elmimizə xas digər bir bəlanı, plagiat azarını da cilovlayar. Bəzən nəinki xaricdə yaşayan alimlərin əsərləri oğurlanır, hətta bir institutda, bir şöbədə, bir kafedrada işləyənlərin öz həmkarlarının zəhmətinin məhsuluna yiyələnməsi də baş verir. Eləcə də dünyasını dəyişmiş alimlərin haqqı da layiqincə qorunmur. Buna görə də, müəllif haqları məsələsi bir daha gündəmə gəlməli, plagiatla məşğul olanlar cəzalanmalıdır.



Plagiat problemi elm sahəsində digər ağrılı məsələni – həmmüəlliflər məsələsini ortaya gətirir. Məsələ burasındadır ki, plagiatla məşğul olan başabəla alimlər özlərini sığortalamaq üçün bəzən nüfuzlu şəxsləri özlərinə həmmüəllif olmağa razı sala bilirlər. Bununla da onlar bir tərəfdən oğurluqlarının üstünün açılmasının qarşısını alır, digər tərəfdən isə başqasının zəhməti hesabına özlərinə arxa, himayədar qazanırlar. Halbuki dünya praktikasında həmmüəlliflər tərəfindən yazılan əsərlərdə hər bir kəsin yazdığı fəsil, bölmə ayrıca göstərilir. Hesab edirəm ki, başqa bir müəllifin adını göstərmədən onun elmi işindən, monoqrafiyasından istifadə edib, özününkü kimi təqdim etmək elmi etikaya tamamilə ziddir.



Danılmazdır ki, bu gün yüksək vəzifə tutan kifayət qədər elmi dərəcəsi olanlar var. Amma onlar arasında elmi tədqiqat işindən xəbəri olmayanlar da az deyil. Bu elmin inkişafına təkan verə bilməz. Belə yolla Azərbaycan elmi nüfuz qazana bilməz. Çox təəsüflər olsun ki, gənclərin elmə gəlməsinə, faydalı elmi – tədqiqat işləri aparmasına belələri ciddi şəkildə maneə olur”.



K. Əsədovu narahat edən bir məsələ də hər il saxta elmi işlər, elmi ad alanlar üçün dövlət büdcəsindən külli miqdarda vəsaitin sərf olunmasıdır:



“Halbuki , sərf olunan vəsait düzgün istiqamətə yönəlsə, Azərbaycan elmi dünyanın ən nüfuzlu, etibarlı tərəfdaşı ola bilər. lakin bu gün plagiat alimlərimiz ucbatından Azərbaycan elmi dünyada ciddi qəbul edilmir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024