Mobil versiya
Respublika Klinik Xəstəxanası – səhiyyəmizin avanqardı
Tarix: 26-09-2018 | Saat: 13:26
Bölmə:Manşet / Səhiyyə | çapa göndər

Respublika Klinik Xəstəxanası – səhiyyəmizin avanqardı




Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası əhaliyə yüksək səviyyədə tibbi xidmətlərin göstərilməsi, insanların sağlamlıqlarının effektli şəkildə qorunması üçün ən son texnoloji avadanlıqlar və müasir tibb aparatları ilə təmin olunub

Bir həqiqətdir ki, bu gün Azərbaycanda səhiyyə xidmətlərinin yüksək səviyyədə təşkili dövlətin qarşısında duran əsas prioritet istiqamətlərdən biridir. Ölkə rəhbərliyinin və birbaşa prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən ölkəmizdə yeni tibb müəssisələrinin inşası, eləcə də mövcud səhiyyə ocaqlarının əsaslı təmir edilərək tamamilə yeni bir formatda vətəndaşlarımızın xidmətinə verilməsi artıq çoxdan bir ənənə halını almışdır. Bir müddət əvvəl əsaslı təmir olunaraq, tamamilə yeni, daha yüksək standartlar səviyyəsində öz fəaliyyətini uğurla davam etdirən tibb müəssisələrindən biri də akademik M. Mirqasımov adına Respublika Klinik Xəstəxanasıdır.

Respublika Klinik Xəstəxanasının xüsusi statusunu təsdiq edən məqamlardan biri də budur ki, hazırda bu müəssisə respublikanın əksər rayon və şəhərlərinin səhiyyə müəssələri üçün praktiki və metodiki mərkəz funksiyasını daşıyır. Bu isə, təbii ki, Xəstəxananın istər rəhbərliyinin, istərsə də bütünlükdə tibbi heyətinin üzərinə böyük məsuliyyət düşdüyündən xəbər verir.

Xəstəxananın bütün şöbələri 2015-2016-cı illərdə təmir edilərək pasiyentlərin istifadəsinə verilmişdir. Yenidən qurulan şöbələrin arasında xüsusilə Konsultativ polikinika, Şüa diaqnostika şöbəsi, Kliniki laboratoriya, Biokimyəvi laboratoriya, Fizioterapiya və tibbi bərpa şöbəsi, Endoskopiya kabineti, Hemadializ şöbəsi, Cərrahiyyə əməliyyat bloku diqqəti cəlb edir.

Respublika Klinik Xəstəxanası 1960-cı ildən fəaliyyət göstərir. Hal-hazırda 660 çarpayılıq səhiyyə müəssisəsi olan bu xəstəxana çox profilli olmaqla 23 stasionar şöbədən, 1 poliklinikadan, diaqnostik və yardımçı şöbələrdən ibarətdir. Burada xəstələrə 300 nəfərdən artıq yüksək ixtisaslı həkim və 600 nəfərdən artıq orta tibbi personal xidmət göstərir. Bu böyük kollektivə rəhbərliyi isə, Azərbaycan Respublikasının əməkdar həkimi Telman İbadov həyata keçirir. Qeyd edək ki, Telman İbadov M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi olmaqla yanaşı həm də YAP Yasamal rayon təşkilatının sədr müavini, Səhiyyə Nazirliyinin kollegiya üzvüdür.

Statistik məlumatlara görə, son bir ildə xəstəxanada 22, 6 min xəstə müalicə olunub, 7, 8 minə yaxın cərrahiyyə əməliyyatı aparılıb, 4,5 min doğuş qeydə alınıb. Həmçinin bu dövrdə səhiyyə müəssisəsində 1590 hemofiliya və 242 hemodializ xəstəsi də müalicə olunub. Xüsusilə vurğulamaq lazımdır ki, xəstəxananın elmi potensialı da yüksək səviyyədədir. Təkcə onu demək kifayətdir ki, Azərbaycan Tibb Universitetinin bir neçə kafedrası məhz bu xəstəxanada yerləşir. Hər il universitetdən rezidentlər xəstəxanada təcrübə keçirlər.

Bu gün M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası təkcə paytaxt sakinlərinə deyil, eyni zamanda Bakıda məskunlaşan qaçqın və məcburi köçkünlərə də xidmət göstərir. Həmçinin rayon və bölgələrimizdə yerləşən xəstəxanalardan təyinatla göndərilən xəstələr də burada müalicə olunurlar.

P.S. Sonda bir məqama xüsusi diqqət ayırmaq istərdik. Təəssüflər olsun ki, son vaxtlar bəzi mətbu orqanlarının səhifələrində akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının fəaliyyətilə bağlı əslində həqiqəti əks etdirməyən məlumatlar dərc olunur. Əlbəttə, bu qabaqcıl səhiyyə müəssisəsinin işi ilə yaxından tanış olmaq imkanı olmuş insanlar çox gözəl bilirlər ki, Respublika Klinik Xəstəxanası sözün həqiqi mənasında, hər il minlərlə insanın böyük ümidlə müraciət etdiyi şəfa ocağıdır. Burada işləyən həkimlər və bütün tibbi personal isə, onlara müraciət edən insanların ümidlərini doğrultmaq üçün bütün mümkün olanları, bəzən isə hətta mümkün olmayanları belə etməyə hər an hazırdırlar. Bu fədakarlıq yalnız təqdirə layiq olduğu halda bəzi həmkarlarımızın qeyri-obyektiv mövqeylərdən çıxış etmələri isə, bizdə yalnız təəssüf hissi doğura bilər. Unutmaq lazım deyil ki, ən azından araşdırma mövzusunun insan sağlamlığı ilə bağlı olduğu belə məqamlarda şəxsi ambisiyaları bir kənara qoymaq və yalnız obyektivlik, real qiymətləndirmə mövqeylərindən çıxış etmək hər bir vətəndaşın, xüsusən də hər bir KİV təmsilçisinin birbaşa mənəvi borcudur.

aia.az

Orxan Həsənov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə