Mobil versiya
Narkoloji Mərkəzdəki yanğında təqsirləndirilən aclıq aksiyasına başladı
Tarix: 05-09-2018 | Saat: 11:50
Bölmə:Manşet / Gündəm | çapa göndər

Narkoloji Mərkəzdəki yanğında təqsirləndirilən aclıq aksiyasına başladı


Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirlən Məhəmməd Məmmədov məhkəməyə ərizə ilə müraciət edərək, istintaq və məhkəmənin ədalətli aparılmamasına etiraz edib və sentyabrın 4-dən aclıq aksiyasına başladığını bildirib. M.Məmmədov məhkəmə zalından çıxarılmasını istəyib. Hakim ona zaldan çıxarılmağa icazə verməyib.

Prosesdə dindirilən təqsirləndirilən şəxs həkim Afət Məmmədova özünü hadisədə təqsirli bilməyib və heç kimdən rüşvət almadığını deyib: “Xəstəxanada Mamed dayının oğlunun xahişi ilə ona dükandan siqaret, çay alıb verirdim. Bilsəydim ki, buna görə məhkəmə qarşısına çıxarılacağam, heç vaxt etməzdim. Hadisə vaxtı təkmilləşdirmə kursuna getmişdim. Ora getdiyimdən xəstələrin yanında olmurdum".

Təqsirləndirilən T.Məmmədhəsənov və M.Abdullayev indiki mərhələdə ifadə verməkdən imtina edib. Zərərçəkmişin hüquqi varisi kimi tanınan Məhbubə Dəmirova isə əri ilə onun əmisi oğlunun öldüyünü deyib: “Ərim yanğından 3 gün əvvəl orda müalicəyə başlamışdı. Deyirdi qocalmışam, nəvəm olacaq, qoy bu işlərin daşını atım. Özü ilə 400 manat apardı, hadisə baş verəndən sonra pulumu geri qaytardılar”.

Prosesdə yanğın zamanı mərkəzdə müalicə olunan Hüseyn Səfərəliyev ifadəsində bildirib ki, səhər tualetdən qayıdanda dəhlizdə tüstü görüb: "Kimsə birdən qışqırdı ki, bura yanır. Adamları oyatmağa qaçdım. Korpusumuzun qapısı mismarlanıb bağlanmışdı. Digər ikincisi açıq idi. Lakin içəridə olanlar pəncərələrin “raşotka”larını sındırıb çıxırdı. Qapının yanında xəstənin birinin kül olduğunu gördüm”.

Məhkəmə prosesi sentyabrın 7-də davam etdiriləcək.

Qeyd edək ki, bu ilin martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib. Görülən tədbirlərlə Narkoloji Mərkəzdə "alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları" diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub. İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən M.Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib. Bu məqsədlə mart ayının 2-si saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi mərkəzi tərk etdiyini göstərib. M.Məmmədov Cinayət Məcəlləsinin (CM) 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, eləcə də kompleks məhkəmə psixiatrik, psixoloji və narkoloji ekspertizalar təyin olunub. Daha sonra Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və mühəndis Mahir Abdullayev saxlanılıb və barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hər 3 şəxs barəsində CM-nin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Məlumata görə, şöbə müdiri A.Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata ayrılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024