Mobil versiya
Hikmət NİKBİNİNİN ŞEİRLƏRİ
Tarix: 31-08-2018 | Saat: 15:35
Bölmə:Gündəm | çapa göndər








***
Bu dünyanı daşıyırsız sübhünə,
Ömrün qara rəng dənizi-gecələr...
Göylərində ehmal-ehmal sürünən
daş-dağallı Ayın rəmzi-gecələr.

...Günəş batır, gerçək olur ömrünüz !
Yaz, yay dövrü gödək olur ömrünüz...
Hər kipriyə gərək olur ömrünüz,
təbiətin qara qızı-gecələr...

Ehh...qara qız kimə gözün açır ki...
Qara qızdan Günəş niyə qaçır ki.
Şüasını qaranlığa saçır ki,
ağ da görək ağ bənizi-gecələr...

Ağ günlər də təbiətin ağ qızı...
...gah da görür, gah da görmür sağ qızın !
Səndə vurur nəbzi Ayın, ulduzun
Sevir Günəş birinizi, gecələr !

Hikmət Nikbin, say baharı, say qışı...
Ömürlərə pay baharı, pay qışı !
Ürəyimiz tələssə də yay, qışı...
Ovundurar şükr bizi gecələr.



***
Keçir ayağımın üstündə ömrüm...
Kipriklərim də sayır yaşımı, Tanrı !
Dünənimlə barış-küsdümdə ömrüm
Sabahım bəs, necə, yaxşımı, Tanrı.

Qonaq ol günümə...mən də, mən də- Tək !
...Bir canda, bir qəlbdə- təndə, təndə- Tək !
Adımı soruşsan - bəndə, bəndə- Tək !
Səni gözləyəcəm axşamı, Tanrı.

...Bir az söhbət edək əzəl taxtından
...ulduzsuz, filansız min bir vaxtından.
Dünyalı baxtından, o həyatından...
Sənsiz söhbətimin nə tamı, Tanrı.

Buludlar çayların itgin qardaşı...
Torpağa qarışır, göyə qarışır.
Sözümün gözəli Sənə yaraşır,
Çirkini də mənə oxşamır, Tanrı !

Təbiət bir rəngə qalmır, boyanmır...
Yerə axşam düşür, yerə sübh damır.
Niyə qollarımda dünya oyanmır
Verim Sənə qurban başımı, Tanrı.




***
Qaraya bürünən günün Ay- şamı !
Bu gecəm özünə niyə oxşamır...
Bəri-bəzəyidir ulduz axşamın
Nə ulduz görünür, nə Ay, buludlar.

Mənlə Ay-ulduzun arasındasız
...dəniz suyundasız, çay suyundasız.
Boyca küləklərin siz boyundasız
Yoxsa köç etməzsiz qış, yay, buludlar.

Boyum boyunuza baxdım, çatmadı...
İstədim böyüyəm, vaxtım çatmadı.
...məni tərk etmədi, məni atmadı
bir eşqin acısı...haray, buludlar !

Bu gecəm ulduzsuz, Aysız öləcək...
Hesabsız arzular saysız öləcək.
...sevdasız öləcək, paysız öləcək
neçə il içində gün, ay, buludlar.

...bu məcnun gecəmin Aydı Leylası
Bütün yaranmışa taydı Leylası !
...çox məcnun tanıdı, saydı Leylası
Bunu da tanısın...ey...vay, buludlar !

...arılar şirəyə necə tamarzı
Eləcə Aya da gecə tamarzı !
Suyundan doyunca neçə tamarzı
içə...göylər aça lay-lay, buludlar.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024