Mobil versiya
SƏSİNƏ EVLƏNMƏK TƏKLİF ETDİYİM QADIN...
Tarix: 25-08-2018 | Saat: 16:28
Bölmə:Yazar2 | çapa göndər




( Diktor Mintac Elsevərə)


Tural TURAN


O, səsinin bədizlərinə-naxışlarına vurulduğum ilk qadınlardandır. Üzr istəyirəm, xanımlardan... İlk dəfə telefonda eşitdim səsini-Fuad Cəfərli ona təzə yazdığı şeirini oxuyurdu. Axşamçağıydı. Fuadın ağzında şeir, mənimkində dişləmə qənd... Fuad oxuyub bitirdi. O da jaləli, şehli səsi ilə sağ ol şairim-dedi. Sonra mənimlə danışdı. Səsin sehrinə düşmüşdüm. Uşaqlığımın səsi idi. Danışa-danışa üzümü çimdikləyirdim. Yuxu ilə Fuadın əllərimə zillənən gözləri arasında qalmışdım. Deyəsən, yuxudan keçmişdi, elə ayıqlıqdan da...

On-on iki yaşlarında hər dəfə günün od ələyən vaxtı qoyun sağımdan yayınmaq, onun səsinə qulaq asmaq üçün əl damımızdakı televizorun qənşərində ayaqlarımı yerdən sərib üstündə otururdum. Dinşəyirdim. Səsi ilə nikah bağlamaq istədiyim tək-tük qadınlardan idi Mintac. Bəli, Elsevəri deyirəm. Hər qoyun sağımı vaxtı səsinə elçi düşürdüm. Verilişin vaxtını da atamgil təyin edirdi: arıq-axsaq balalarının əmişindən sonra - sağım üstü... İlk dəfə adını bilmədiyim, səsinə vurulduğum qadınla beləcə tanış olmuşduq. Qısa xəyali dialoqumuz da olmuşdu o vaxt: -Salam, mən Mintac - səsi gəlinlikli qız. -Sa...ss... Sa...salam, mən də səsinə ayaqlarımı və ağzımın heliyini sərdiyim Tanrıköy uşağı. -Necəsən şair uşaq? -Ss... səsiniz kimi. O vaxt hər veriliş başlayanda beləcə salamlaşırdıq. Sonra kadrarxası mətni oxuyur, səsi ilə haqqında veriliş hazırladığı adamları qüsullayırdı...

İndi səsi gəlinlikli xanımla qulaq-qulağa pıçıldaşırdıq. Səsdən ana-bala, sözdən nişanlı, sifətdən ögey adamlar kimiydik. Əvvəlcə bir şeir oxudum. Uşaq da bağışlasın, səsimin xırıltısını bəyəndi. Səsimə ilk dəfə bəylik kostyumunu da ilk dəfə onda Mintac xanım geyindirdi. Həmin telefon danışığından -şeirdən sonra yazdıqlarımı hər yerdə ürəklə oxumağa başladım.

Həmin axşam səsinin taleyinə şeir yazdım Mintacın. Təkrar zəng vurdum. Özünə oxudum. Elə məlahətli- məlahətli əclafsan- dedi ki, lap əclaf olmağım gəldi. Bu bir kəliməlik "əclaf"lıqda nələr yox idi ki: doqquzluğa ünvanlanmış söz yumağı, dirəkdən dönən alın yazısı, nakam məhəbbətin yumruqları ilə uzaq soyuq küncdən çıxardığı xoşbəxtlik "nəşvi-yuvarlağı"...

Sonradan Mintac Elsəvərin səsi boyundan kiçik ekran layihələrində eşidilməyə başladı. Açığı, Mintac kimi bitmiş, hətta davamedici zamanları nağıllaşdıran bir adamın səsinin boyundan kiçik ekran işlərində "dikdaban geyinməsi" ürəyimi ağrıdırdı. Çünki Mintac Elsəvər elə-belə səs tipi deyil. Boyu yüksəkdi, həm də çox yüksəkdi. İntihar ipindən yüksəkdə duracaq qədər... Ağrılı mətnlərdə iniltili səsinin əlinə qumbara verərək təlatümlü qəhrəmanlarının üzərinə şux yeriyəcək qədər... Neçə-neçə mətnlərin, ssenarilərin səsinə evlənmək təklifi edəcək qədər...

Sizi bilmirəm, mən bu səsi tanrısal televiziya layihələrində görmək istəyirəm. Bu səsi istəsəniz də kölələşdirmək olmaz. Hətta Mintac istəsə də bunu bacarmaz. Vallah, heç səsdən əlil tanrının özü də bacara bilməz.

Mintacın səsinin oturmalı olduğu taxtda oturanlar utanırmı görəsən? O səsin bakirəliyini pozmayın, fahişə qırtlaqlar. Bəlkə də onun səsi ilə böyüməyəcək deyə neçə-neçə uşaq ana bətnində intihar edir. Bəlkə də neçə -neçə Peykanlı, Tanrıköy uşaqları ayaqlarını ekranın önünə sərib öz sehrli səsini gözləyir?!.

Mintac Elsevər Azərbaycanın səs sərvətidir. Onun səsi elə bil ki, axar sudur.

Bu gecə səsini və on-on iki yaşındakı həmin Tanrıköy uşağını yuxuda görmüşəm, Mintac xanım. Ona görə də bu yazını səsinizə danışdım ki, xeyirə calansın...

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024