Mobil versiya
Müxalifətin payız PLANLARI
Tarix: 08-08-2018 | Saat: 13:47
Bölmə:Manşet / Siyasət | çapa göndər

Müxalifətin payız PLANLARI

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar adətən yay fəslində kölgəyə çəkilir.

Yayda ölkə müxalifətinin durğunluğu daha çox fəsillə əlaqələndirilir. İsti havalar və insanların istirahətə ən çox bu fəsildə önəm verdikləri, bunun da bütün sahələrə olduğu kimi, müxalif düşərgənin fəaliyyətinə də ciddi təsir etdiyi vurğulanır.

Bəs görəsən, siyasi partiyaların payız planları varmı?

Modern.az saytı bu sualla bir neçə siyasi təşkilatlara müraciət edib.



Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu:



“Siyasi işin fəsillərə ayrılması düzgün deyil. Fəaliyyətlərin qışda və ya yayda fərqli olması kimi. Yəqin ki, payızda növbədənkənar parlament seçkiləri keçiriləcək. Belə bir ehtimallar var. Biz qanunlar çərçivəsində mübarizə aparırıq. Ona görə də gərək hər şeyi qanuna uyğun aparaq”.



Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı:



“Müsavat Partiyasının təkcə payız üçün deyil, bütün il boyu daim planları olur. Payızda daha böyük planlar reallaşacaq. Belə ki, partiyamızın qurultayı ilə əlaqəli rayon təşkilatlarında yığıncaqların, konfransların keçirilməsi nəzərdə tutulub. Ümid edirik, bunu vaxtında başa vurub həm də qurultayımızı keçirəcəyik. O cümlədən havaların istilənməsi xeyli məsələlərin qarşısını alır. Xüsusilə kütləvi tədbirlərin keçirilməsi ilə bağlı müəyyən planlarımız var. Havalar sərinlədikcə bu məsələlər bir daha müzakirə edilib dəqiq vaxtları təyin olunacaq”.



Azərbaycan Milli İstiqlal Partiyasının(AMİP) Siyasi Şurasının üzvü Əli Orucov:



“Partiya olaraq biz pərakəndə şəkildə fəaliyyət göstərmirik. AMİP-in illik və eyni zamanda kvartal, həmçinin hər ay öz iş planı olur. Bu planlara uyğun olaraq fəaliyyətimizi davam etdiririk. Düzdür, yay aylarında istirahət edirlər, aktiv təbəqə siyasi proseslərdən kənarda olur. Amma payıza doğru çox ciddi proseslərin baş verəcəyini proqnozlaşdırmaq mümkündür. Çünki ölkədə və regionda önəmli və sürətli proseslər gedir. Eyni zamanda iqtisadi vəziyyətlə bağlı durum heç də ürəkaçan istiqamətdə irəliləmir. Bu səbəbdən hesab edirəm ki, ciddi proseslərin şahidi olacağıq. Bununla bağlı partiyamız təbii ki, fəaliyyətini indidən təxmin edib. Yəni işləri daha uyğun, yerində, çevik görmək üçün özümüzü bu proseslərə hazırlayırıq”.



Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev :



“Mitinqlərin təşkil edilməsi, partiyanın qurultayının keçirilməsi, partiyada rayon təşkilatlarında olan müəyyən nöqsanları aradan qaldırmaq və güclü fəaliyyətə başlamaq bizim payız planlarımızdır. Görünür, Azərbaycanda mitinqlərə ilk başlayan Müasir Müsavat partiyası olacaq. Digər partiyalarla da danışıqlar aparılır”.



AĞ Partiyanın sədri Tural Abbaslı:



“Ümümiyyətlə yay aylarında nəinki, müxalifətdə demək olar ki, bütün siyasi sektorda durğunluq və sakitlik hökm sürür. Bunun da səbəbi aydındır ki, insanlar bu aylarda iş ilinin yorğunluğunu atmaq üçün istirahət götürürlər. Siyasilər də bu tendensiyadan kənarda deyillər. Həmçinin yay aylarında istər Azərbaycanda, istərsə də digər dövlətlərdə parlamentlər və digər siyasi strukturlar da tətilə çıxır. Bu da öz növbəsində siyasi aləmdəki aktivliyi minimuma endirir.

Biz, AĞ Partiya olaraq yeni siyasi quruluşuq, odur ki, biz hər anı səmərəli istifadə edib partiyanın qısa müddətdə daha da güclənməsi və daha yaxşı təşkilatlanmasına çalışırıq. Yəni demək olar ki, bu yay aylarında da biz fasilə etmədik və etmirik. Təbii ki, payızın gəlməsiylə siyasi aktivlik bərpa olunacaq və biz də bu proseslərdə öndə olmağa çalışacağıq. Bunun üçün də partiya daxili bəzi planlar və hədəflər müəyyənləşdirmişik, bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. Planlar və hazırlıqlar daha çox texniki-təşkilati məsələlərə aid olduğu üçün düşünmürəm ki, bu oxucularınız üçün maraqlı olar. Amma, ümumən deməliyəm ki, hazırda fəsildən asılı olmayaraq siyasi aktivliyin artıb, azalması iqtidarın bu və ya digər formadakı fəaliyyətindən asılıdır. Bizim qarşıdakı planlarımızdan biri də siyasi təşəbbüsün və ritmin iqtidardan müxalifətin əlinə keçməsidir. Yəni müxalifət olaraq biz otirub gözləməməliyik ki, hakimiyyət nə zaman siyasi hərəkətliıik yaradacaq və biz də bu prosesdə iştirak edəcəyik. Güman edirəm ki, səhnəyə daha çox yeni siyasi oyunçular çıxdıqca bu mənzərə yaranacaq”.



Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu:



“Partiyanın illik fəaliyyət istiqamətləri var. Orda fəsillərin hamısı nəzərə alınır. Bu baxımdan təbii ki, KXCP-nin də özünə görə planları mövcuddur”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024