Mobil versiya
Milli dəyər daşıyıcılarını qoruyaq!
Tarix: 01-08-2018 | Saat: 12:20
Bölmə:Manşet / Gündəm / Seçilənlər-1 | çapa göndər

Milli dəyər daşıyıcılarını qoruyaq!



Elmira Axundovaya qarşı olunan həmlələr böyük hesabla, bütövlükdə sivil cəmiyyətimizə qarşı yönəlmiş hücumlardır...

Bəzi insanlar var ki, onlar haqqında çox yazmaq, çox fikir söyləmək istəyirsən. Amma hər dəfə də ən son anda müxtəlif bəhanələrlə bunu təxirə salırsan. Həm də bu bəhanələri kimin üçünsə deyil, məhz özün üçün ortaya gətirirsən ki, növbəti dəfə öz qərarsızlığına haqq qazandırasan. Əsil səbəb isə bu olur ki, barəsində yazmaq istədiyin insana layiq olacaq bir yazı ortaya çıxara bilməyəcəyindən ehtiyat edirsən.

Mən də uzun müddətdir ki, Xalq yazıçısı, filologiya elmləri namizədi, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elmira xanın Axundova barədə əsaslı bir yazı üçün məlumatlar toplayıram. Etiraf etmək lazımdır ki, Elmira xanımın keçdiyi mənalı, xalqa və dövlətçiliyimizə xidmətə həsr olunmuş ömür yolu son dərəcə maraqlı hadisələrlə, epizod və faktlarla çox zəngindir. Lakin Elmira Axundova kimi peşəkar nasir, publisist və ədəbiyyatşünas alim barədə yazılı material hazırlamaq üçün hansısa faktlar və hadisələrlə tanış olmaq kifayət etmir. Bu addımı atmaq üçün, müəllif özünün həm də mənəvi cəhətdən hazır olduğuna əmin olmalıdır. Şəxsən mən həmin yazının dərc olunacağı gün özümü Elmira xanım qarşısında imtahan verirmiş kimi hiss edəcəyimə tam əminəm...

Müasir publisistikamızın aparıcı siması

Amma bütün bu dediklərimin bugünkü yazıya heç bir aidiyyatı yoxdur. Yəni bu yazıda Elmira xanım barədə geniş ictimaiyyətə məlum olmayan heç bir fakt və ya məqam yer almayıb. Əksinə, mən artıq çoxdan hamıya bəlli olan həqiqətləri, həm də mənə məlum olmayan səbəblərdən kimlərsə tərəfindən unudulmasına, ən azından arxa plana çəkilməsinə cəhd göstərilən həqiqətləri bir daha diqqət mərkəzinə gətirmək və Elmira Axundovanın müasir Azərbaycan ədəbiyyatı və publisistikası üçün nə dərəcədə əhəmiyyətli bir sima olduğunu bir daha vurğulamaq istəyirəm. Əgər bunda hansı məqsəd güddüyümü anlamayanlar olarsa, bunu da izah edə bilərəm. Məsələ bundadır ki, son vaxtlar ölkə mətbuatının bəzi təmsilçiləri Elmira Axundovaya qarşı müəyyən qüvvələr tərəfindən məqsədyönlü şəkildə hazırlanan böhtan kampaniyalarına qoşulur, kimlərinsə əlində alətə çevrilirlər. Amma bu insanlar başa düşmürlər ki, Elmira xanıma qarşı olunan bu həmlələr, əslində müasir ədəbi-publisistikamıza, jurnalistikamıza, yəni böyük hesabla bizim özümüzə qarşı yönəlmiş hücumlardır.

Danlmaz xidmətlər


Gəlin Elmira Axundovanın bəzi xidmətlərini, müasir elmimizə və Azərbaycan ədəbiyyatının dünyada tanıdılması işinə verdiyi tövhələri bir daha xatırlayaq.

Elmira xanım özünün ilk bədii tərcüməsini - Hüseyn İbrahimovun "Nəcibənin ürəyi" hekayəsini 1978-ci ildə, ilk elmi məqaləsini isə 1979-cu ildə rus dilində "Literaturnıy Azerbaydjan" jurnalında çap etdirmişdir. 1990-1998-ci illərdə "Literaturnaya qazeta"nın, 1993-2000-ci illərdə "Azadlıq" radiostansiyasının Münhen bürosunun Azərbaycan üzrə müxbiri olmuşdur. "Türk dünyası" jurnalının publisistika şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Onun tərtib və tərcümə etdiyi "Azərbaycanın gənc nəsri" antologiyası hələ 1984-cü ildə "Yazıçı" nəşriyyatında kütləvi tirajla buraxılmışdır. Burada gənc Azərbaycan nasirlərinin seçmə hekayələri toplanmışdır. Bu isə, milli ədəbiyyat nümunələrimizin keçmiş SSRİ məkanında təbliği baxımından çox əhəmiyyətli bir addım kimi qiymətləndirilməlidir. Həmçinin Elmira xanım 1984-cü ilin mayında Moskvada keçirilən gənc yazıçıların 8-ci Ümumittifaq müşavirəsində olmuş, Azərbaycan Yazıçılar İttifaqının bir sıra ədəbi tədbirlərinin təşkilati hazırlığında və keçirilməsində bilavasitə iştirak etmişdir.

Məhsuldar yaradıcılıq və ictimai-siyasi fəaliyyət


Elmira Axundova son illər ərzində də bədii publisistika janrında məhsuldar yaradıcılığı ilə seçilir: onun rus dilində "Fərmanla əfv edilmişdir..." (2000), "Poliqrafçının ölümü" (2001), "Həqiqət anı" (2003), "Əlövsət Quliyev: o tarix yaradırdı" (2003, şərikli), "Bu bizik" (2003), "Yaşamaq əyyamı" (2003) kitabları kütləvi tirajla buraxılmışdır. Bu gün də Elmira xanım xarici və rus mətbuatında müntəzəm çıxışlar edir, milli-mənəvi dəyərlərimizin, müasir ədəbiyyatımızın tanıdılması və təbliği yönümündə vacib işlər görür.

Həmçinin Elmira xanımın ictimai-siyasi fəaliyyəti də kifayət qədər əhatəli və məhsuldardır. Belə ki, o, 1995-ci ildən Azərbaycan Prezidenti yanında əfv komissiyasının üzvü, həmçinin Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. Əlbəttə ki, Elmira xanımın bütün bu xidmətləri həm xalqımız, həm də dövlətimiz tərəfindən hər zaman kifayət qədər yüksək qiymətləndirilib. Belə ki, Elmira Axundova 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1984), Azərbaycan Respublikasının Xalq yazıçısı, Bakı Slavyan Universitetinin tərcümə nəzəriyyəsi və təcrübəsi kafedrasının dosentidir.

2003-cü ildə isə Elmira Axundova göstərdiyi xidmətlərə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Dediyim kimi, bütün bu sadalanan faktlar Elmira Axundovanın həyat və fəaliyyəti barədə artıq hamıya və çoxdan məlum olan həqiqətlərdir. Bütün bunları bir daha xatırlatmaqda isə, mənim bir məqsədim var. Yaxşı olardı ki, bu gün Elmira xanıma qarşı haqsız və yersiz hücumları düzənləyən və onları dəstəkləyən insanlar bir də öz fəaliyyətlərinə diqqətlə nəzər salsınlar. Bəlkə o zaman başa düşərlər ki,bir kəsi tənqid etmək hüququna malik olmaq üçün, ən azından həmin insanın bu Vətənə göstərdiyi xidmətlərin bir hissəsi qədər də özləri faydalı iş görmüş olmalıdırlar.

aia.az

Elşad Hsənov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024