Mobil versiya
Aysel Əlizadə həyat yoldaşının həbsindən danışdı: “Ramini bir müstəntiq borca salıb” - MÜSAHİBƏ
Tarix: 27-07-2018 | Saat: 09:36
Bölmə:Gündəm | çapa göndər

Aysel Əlizadə həyat yoldaşının həbsindən danışdı: “Ramini bir müstəntiq borca salıb” - MÜSAHİBƏ



Yazıçı, müstəqil jurnalist Aysel Əlizadə Modern.az saytına müsahibəsində hazırda həbsdə olan həyat yoldaşı, Beynəlxalq Avropa Hərəkatının Azərbaycan nümayəndəliyinin rəhbəri Ramin Hacılı barədə söz-söhbətlərə, ittiham və iddialara aydınlıq gətirməyə çalışıb.



Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə, bu il iyunun 4-də Balakən rayonunun Mazımqara kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasının qarşısı alınıb. Belə ki, həmin tarixdə sərhəd naryadı tərəfindən dövlət sərhədində 2 nəfər Azərbaycan Respublikası vətəndaşı – 1983-cü il təvəllüdlü Hacılı Ramin Rasim oğlu və 1988-ci il təvəllüdlü Qasımov Fəxrəddin Azad oğlu saxlanılıb.

Rəsmi məlumatda bildirilir ki, R.Hacılı ölkədən çıxışına qadağa qoyulması səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrindən ölkə ərazisini tərk edə bilməməsini və sərhəd zastavasının xidməti sahəsindən dövlət sərhədini pozmaqla qanunsuz yolla Gürcüstan ərazisinə keçməyə cəhd etməsini, F.Qasımovun isə bu əməlin həyata keçirilməsində ona kömək etməsini etiraf edib.

R.Hacılı 250 min manat həddində borclarının olmasını, xaricə getməklə bu borcları işləyərək qaytarmağa çalışdığını bildirib. Onun barəsində 29, 318.1-ci (Azərbaycan dövlət sərhədini qanunsuz keçməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb, Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.



- Aysel xanım, bir müddət əvvəl həyat yoldaşınız Ramin Hacılının başına gələnlərdən dolayı, hər mənada susmağa üstünlük verdiniz, hətta sizin susmağınız “gördünüz, bu evlilik saxta idi” fikirlərinin səslənməsinə qədər gedib çıxdı. Əslində, reallıq nə idi?


- Reallıq o idi ki, mənə rəsmən yoldaşımın həbsi ilə bağlı heç bir məlumat verilməmişdi. Xəbəri saytlardan oxudum. Nə deyə bilərdim? Şok vəziyyətində idim. Zamanla sakitləşdim, gerçəkləri öyrəndim. İndi istənilən suala hazıram. Bu iki ay mənə böyük təcrübə oldu. Çox şey gördüm. Bəzilərinin düşüncəsinə görə, Ramini atmalıydım. Evliliyimizdən bu yana, çox cəhd oldu ki, biz ayrılaq. Hələ də davam edir bu cür cəhdlər. Əl çəkmirlər. İnsanlar o qədər saxta münasibətlərlə üzləşib ki, gerçək duyğulara qısqanclıqla yanaşırlar. Bizi çox şey bağlayır bir-birimizə - ortaq dəyərlər, böyük duyğular, dostluq, ilahi sevgi, yüksək amallar. Azərbaycanımız.


- Azərbaycandan nə zamansa getmək istəmisiniz?


- Bir yazım var: “Getməyək, qalaq... vətən uğruna”. Bunu yazan adam necə ölkədən getmək istəyər? Əlbəttə, zaman-zaman incidiyim, yorulduğum da olur. Həmişə ümid etmişəm ki, Azərbaycanda hər şey yaxşı olacaq. Həmişə ümid etmişəm ki, bu ölkəyə lazımıq. Buna ümid etməyə əsaslarım da olub. Baxmayaraq ki, çox neqativ hal var. Azərbaycanın son vaxtlar atdığı addımlar içimdə bir ümid yaradıb. Hər şey yaxşı ola bilər vətənimizdə. Dövlət başçısının NATO-nun Zirvə toplantısında iştirak üçün Belçikaya, daha sonra yaxınlarda Fransaya səfəri oldu. Fransa prezidenti Azərbaycana dəstək nümayiş etdirdi. Sənədlər, sazişlər imzalandı. Ondan öncə İtaliya prezidenti Azərbaycana gəldi. Daha öncə Avropa İttifaqı Şurası ilə Azərbaycan arasında yeni müstəvidə münasibətlərə start verildi, “Tərəfdaşlıq prioritetləri” sənədi paraflandı. Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaza səfəri olacağı deyilir, İrəvana, Tiflisə və Bakıya gələcəyi bildirilir. Bütün bunlar Azərbaycanın inkişaf yolunda tamamilə yeni mərhələyə qədəm qoyması və qərarlı görünməsi ilə bağlı mesaj verir. Belə olacaqsa, demək, biz boş yerə gözləməmişik, boş yerə ümid etməmişik. Boş yerə çalışmamışıq. Bu ölkə üçün çalışmaq, işləmək istəyən adamlarla dövlət arasında yaradılan uçurumların da aradan qalxacağına inanıram. Azərbaycanın qüdrətli dövlət olması üçün hər şeyi var. Təbii sərvətləri, mənəvi və intellektual potensialı, regional mövqeyi, siyasi duruşu və bu ölkəni sevən çox böyük ürəyə sahib insanları.


- Ramin Hacılının həbs xəbəri yayılan kimi, onun insanlara viza almaqda kömək etməsi, guya saxta sənəd düzəltməsi məsələsi də gündəmə gəldi. Bununla bağlı hansı düşüncədəsiniz?


- İllərdi tanıdığım adamdan söhbət gedirsə, saxta işini görməmişəm. Yanlışları ola bilər. Kimin yoxdu ki? Onu bilirəm ki, Azərbaycan vətəndaşları üçün qoyulan viza şərtləri çox ağırdı. Və Ramin bəy də bununla bağlı mediada dəfələrlə danışıb. Bəzi səfirliklərə iradını bildirib. Nəyə görə biz hər yerdə, hər işdə əziyyət çəkməliyik deyib. İndi Azərbaycanla Avropa İttifaqı arasında olan müzakirələrdə vizaların ləğvi də danışılıb. Kim istəsə rahat gedib-gələcəksə, bu qədər gərginliyə də heç səbəb qalmayacaq. Viza mövzusu biryolluq bağlanacaq və hər kəsin canı dincələcək. Mənə ölkəmin uğuru maraqlıdı. Ədalətli məhkəməsi, azad mediası, xoşbəxt insanları, uğurlu siyasəti, dünyaya çıxmalı olan mədəniyyəti. Qarabağ probleminin həlli.



- Ramin bəy haqda dostlarının yazdığı yazılarda demək olar eyni fikir yer alır. Hər kəsin problemi üçün sinəsini qabağa verən, bacardığı hər kəsə kömək edən... Vətəninə bağlı bir insan... Siz nə deyə bilərsiniz?


- Həyatımda gördüyüm ən yaxşı adamlardan biridi. Bütün yanlış və doğruları ilə gərəkli adamdı. Ramin bəy illərlə Avropa təşkilatının Azərbaycanda nümayəndəsi olmuş, illərlə xaricə tədbirlərə getmiş, ölkəsini müxtəlif görüşlərdə təmsil etmiş biri kimi, Avropaya tez-tez səfər edib. Beynəlxalq Avropa Hərəkatı bircə dəfə olsun Azərbaycan əleyhinə bəyanat verməyib. Ramin bəy ölkədəki durumu öz siyasi analitikası ilə əsaslandıra bilir, ölkəmə dəyməyin deyir. Və bunu heç vaxt heç yerdə sərgiləmir. Kimsəyə göstərmir. Bunu öz borcu kimi edir. O, “Beynəlxalq siyasi münasibətlər” ixtisası üzrə təhsil alıb. Siyasət onun üçün elmdi, ixtisasdı. Oxuduğu kitablardı. Hadisələrə tamam ayrı cür yanaşır. Ramini tanıyan hər kəs bilir ki, yüzlərlə adama kömək edib. Tələbələr olub ki, burada universitetdən qovulublar. Ramin universitet rəhbərliyi ilə danışaraq, kimlərdənsə o uşaqlar üçün kömək istəyərək, həmin tələbələri yenidən universitetə bərpa etdirib. Xaricdə təhsil almaq istəyən gənclərin viza işindən tutmuş bütün sənədləşmə prosesində, hətta təqaüd almasında, sponsor tapmasında kömək edib. Bir deyil, iki deyil. Hansını deyim. Siz onun bir dəfə dedi-qoduyla məşğul olduğunu, bir dəfə kiminsə həyatını qurdaladığını, kiminsə özəlində eşələndiyini görməzsiniz.



- Mətbuatda çıxan xəbərləri oxuyanda şok olduğunuzu dediniz. Biz onda sizinlə əlaqə saxlaya bilmədik. Yaxınlarınızdan öyrəndik ki, səhhətiniz yaxşı deyil. Necə çıxdınız o vəziyyətdən?



- Bir neçə gün çıxa bilmədim. Rəfiqələrim yanımda idi. Onların köməyi ilə çıxdım. Sonra özümü yaradıcılığa verdim. İmza gününə hazırlaşdım, yazılar yazdım, oxucularla kontakta girdim və çıxdım. Mənə görə çox adam narahat idi. Onlara bütün varlığımla çox sağ ol deyirəm. O məqamda dəstək gördüyüm yaxşı adamlara da minnətdaram. Yaxşılar pislərdən qat-qat çoxdu. Hətta ürək edib aramayan, amma narahat olan adamlara da minnətdaram. Məni dəhşətə gətirən başqa məsələdir. Əhəmiyyətli tədbir keçirəndə dəvət etməyə mətbuat orqanı tapmırsan. Necə olur adamı gözdən salmaq, nüfuzuna zərbə vurmaq üçün sıraya düzülən mətbuat orqanları pusquda dayanır? Bunun harası jurnalistikadı? Heç bir əsas olmadan “filankəs ölkədən qaçarkən yaxalandı” yazmaq nə deməkdi? Dövlət Sərhəd Xidməti ittiham irəli sürüb. Sən qarşı tərəfin rəyini bilmədən necə bu qədər bir mətbu orqanını utandıracaq rəzillikdə özfəaliyyətlə məşğul olub özünə media holdingi, mətbu orqanı deyə bilərsən? Bəzilərinə hələ də elə gəlir ki, kəndlərində dedi-qoduyla məşğuldular. Sanki paytaxtda jurnalistika adlı ciddi sahəyə göydən düşüblər və xəbəri xəbər qaydalarına uyğun verməli olduqlarını anlamırlar. Qınamıram da heç. Azərbaycan mediasını o görkəmdə, o səs tonuyla, o şivəylə adamlar təmsil etməli deyildi. Bir adam haqqında rəy bildirmək üçün onun bütün həyat yoluna baxmaq lazımdır. Qanunları bilməyənləri aldatmaq olar. Amma ağıllı adamları yox. Ortada gəzən “təhsilli savadsızlar” da bir ayrı dərddi. Kimisə dələduzluqda ittiham etməyin məsuliyyətini belə dərk etmirlər. Heç olmasa Cinayət Məcəlləsi kitabını açıb qarşılarına qoysunlar. İnsanın kiməsə borcu varsa belə, hər hansısa bir iş üçün kimsə sənə ödəniş edibsə və bu iş uzanırsa, burda heç bir cinayət tərkibi yoxdu. Bu ittihamı irəli sürən tərəf, adam, orqan, idarə özü qanunsuzluq etmiş sayılır. Dövlətlərin belə bir-birinə borcu var. Bütün dünya iqtisadiyyatı kredit və borc üzərində cərəyan edir. Hansısa ekspromt səbəbdən iş alınmırsa və yaxud səni kimsə aldadıb çətin vəziyyətə salıbsa, özün də qurbansan. Buna görə insanı beynəlxalq terrorçu kimi qələmə vermək mənəvi terrordu. Azərbaycanda ciddi hüquqçulara, yaxşı müstəntiqlərə, ədalətli hakimlərə, vətəndaş hüquqlarına sayğı göstərən polislərə və peşəkar mətbuata ehtiyac var. Adam az qalır işini-gücünü atıb hüquq təhsili alsın. Prezidentin həbs və cəza ilə bağlı prosesin humanistləşdirilməsinə dair 2017- ci il sərəncamı var. Bu sərəncam hər şeyə görə həbs etməməyə, mümkün qədər güzəştli, hüquqlar və qanunlar çərçivəsində davranmağa çağırır. Bütün polis və hüquq sistemində çalışanlar bu sərəncamın mahiyyətinə varsınlar gərək. Məsuliyyət daşısınlar. Bu sistemdə çalışan hər hansısa bir işçinin səhvi, qanunsuz davranışı, insan və vətəndaş hüququnu tapdaması dövlətin adına yazılır. Dövlətçilik anlayışına zərbə vurur. Dövləti təmsil edən hər kəs böyük məsuliyyət sahibidi. “Öncə məsuliyyət, sonra səlahiyyət”. Hüquqi dövlətin təməl prinsiplərindən biri budu. Ən kiçik görəvli belə dövlətə qarşı sevgi də yarada bilər, nifrət də.


- Ramin bəyin məcburi köçkün olması, vaqonda böyüməsi məsələsi də gündəmə gələndə, sizin adınız önə çıxır. Görəsən, Aysel Əlizadə daxmada böyüyən biri ilə necə ailə həyatı qurub?! Hər halda, səslənən iddialara cavabınız var?


- Bəli, Ramin Hacılı məcburi köçkündür. Məcburi köçkün olaraq, şəhərə gəlib vaqonda məskunlaşıblar. Hətta onun haqqında film də çəkilib. Beynəlxalq Avropa Hərəkatının prezidenti Ramin Hacılının yaşadığı evi görüb dəhşətə gəlib. Ramin Hacılının belə daxmadan çıxıb bu qədər iş görməsinə mat qalıb. Ramin qardaşı ilə birgə uşaqlıqdan çalışaraq ailəyə baxıb. Vaqonda yaşaya-yaşaya hər ikisi ali məktəbə qəbul olunub. Ramin Hacılı İqtisad Universitetinin Türk dünyası işlətmələr fakültəsini bitirib. Vaqonda yaşaya-yaşaya təhsilini heç bir müəllimə pul ödəmədən başa vurub. Repetitor yanına, hazırlığa getmədən öz gücünə oxuyub universitetə qəbul olunub. Bunun reallıqda nə qədər çətin olduğunu bilirsiz. Daha sonra atası xərçəng xəstəliyinə tutulub. Ramin yenə də o vaqonda çətin şəraitdə gündüzləri oxuyub, gecələri işləyərək atasının dərmanlarını alıb. Elə atası da o vaqonda dünyasını dəyişib. Universitet mühitində ölkədə hadisəyə çevrilən Gənclər Hərəkatı yaradıb. İndi bu adam necə ittihamlarla üz-üzə qala bilər? Ramin Hacılının şinelindən çıxan saysız gənc var. Məktəb yaradıb.
Qayıdıram sualınıza. Bilirsiz, məni niyə Ramin Hacılı ilə evlənməkdə qınayırlar?! Məmur oğlu ilə evli olsaydım, heç kəs qınamayacaqdı. Ramin varlı oğlan olmadığı üçün çox adam anlamır bunu. Aysel Əlizadə kimi tanınmış xanım yüzlərlə varlı pərəstişkarından birini seçməliymiş. Mənim üçün isə Ramin bəyin keçdiyi həyat yolu, mücadiləsi, evini, torpağını itirmiş, məhv olmuş uşaqlığına rəğmən gəlib dayandığı nöqtə, dəyərləri, saflığı, dürüstlüyü, insansevərliyi, çirkab söhbətlərdən uzaq olması, mərdliyi, bacarıq və istedadı önəmlidi. Bunlar dəyərdir. O da həmişə arxamda olub. Heç kəsdən görmədiyim qayğını ondan görmüşəm. Ramin bəy nə zamansa tanıdığı, dost, sevgili olduğu insanı da darda qoymaz. Kimsədən köməyini əsirgəməz. Mənim üçün qiymətlidir. Onu ədalətsizcə kimlərinsə ittiham etməsi adamı heyrətə gətirir. Lap problemləri var. Çıxılmaz durumdadı. Bəs bu cəmiyyət nə zaman öz işıqlı, savadlı, cəsur insanlarına sahib duracaq? Nə zaman belə oğlanları, qızları özündən biləcək? Bu necə düşüncədi? Onu suçlayan adamların özləri kimlərdi?! Ramin Hacılı ayağını ölkədən kənara qoymağa peşman olur. O dəqiqə yazırlar ki, ölkədən qaçdı. Bir həftə keçir, ölkədən “qaçmış” adam vətəninə, ailəsinin yanına dönür. Bir ağıllı adam da sual vermir ki, o yazdığınız nə idi? İlahi ədalətə inanıram. Deməyim odur ki, əlinizdən yaxşılıq gəlirsə edin, pislik gəlirsə, yenə edin, onsuz da nə etsəz, geri dönəcək. Özünüz seçin. Raminin var-dövləti yoxdu. Amma mərd ürəyi var. Pusquda durub kiminsə ailəsinin dağılmasını gözləmir. Öz ailəsi ilə məşğuldu. Əsas odur ki, hər şeyə rəğmən bir kişi olaraq xoşbəxtdi. Problemlərini də həll edəcək. Yenə də insanlara kömək edəcək. Bəs gündə bir sifət dəyişənlər necə olacaq? Kimə lazımdılar onlar? Ramin Hacılı ölkənin bütün intellektuallarını başına yığıb tədbirlər keçirib, onların tanınmasında rolu olub, maarifləndirici mühazirələr təşkil edib. Ramindən sonra o adamlar heç vaxt bir araya gəlmədilər. Ondan “nə istəyirsən” soruşanda heç vaxt özü üçün nəsə istəməyib. Filankəsə kömək edin, filankəslər üçün şərait yaradın deyib. Bunun canlı şahidləri var. Keçirdiyi tədbirlərdən nə qədər gənc bəhrələnib. Kitablar tərtib ediblər, tərcümə, müəllif kitablarının yayını. Gənclər üçün cürbəcür intellektual seminar məktəbləri yaradıblar. Bunlar tarixdi.


- Ramin Hacılının həbsinə bir vətəndaş, bir yazıçı kimi münasibətiniz necədir?


- Mən onsuz da onu həyat yoldaşı kimi yox, elə vətəndaş, ölkənin aydını kimi müdafiə edirəm. Bunu başqaları üçün də etmişəm. Onu niyə müdafiə etməyim ki? Tamamilə qanunsuz həbsdi. Heç bir sübutu, əsası, dəlili olmayan absurd ittihamdı. Ona verilən 29. 318. 1 – ci maddə məntiqi və qanuni əsasa dayanmır. 318.1 – Azərbaycan dövlət sərhədini qanunsuz keçmə maddəsidi. Bu maddəyə əsasən, dövlət sərhədini müəyyən olunmuş sənəd olmadan və ya buraxılış məntəqələrindən kənarda keçmək cinayət hesab olunur. Maddə 29 isə İctimai Təhlükə fəslinə aiddi və cinayətə cəhd adlanır. Hacılı Ramin Rasim oğlu birmənalı olaraq sərhədi keçməyib. Buna cəhd də etməyib. Onu qaçan, meşənin əngəlliklərini keçən, uçan, çaydan üzən yerdə və ya neytral zonaya yaxın, ora ayaq basanda görən olmayıb. O bölgəyə dostunun yanına qonaq gedib. Orada gecələyib. Səhər çantasını onlarda qoyub çıxıblar evdən. Sərhədə baxmağa gediblər. Yarıyolda da fikrini dəyişib geri evə qayıdıblar. Videogörüntülər çıxarılsın, telefonlarının əhatə dairəsi yoxlanılsın, Ramin bəy əslində necə həbs edilib, üzə çıxsın. Niyə etməyiblər? Tələsik qapalı məhkəmə keçirib, sayta xəbər qoyub, bütün hüquqlarını pozub həbs ediblər. İfadəsi də hazır yazılıb qoyulub qarşısına. Müstəntiq “imzalasan dostunu buraxacağıq” deyib. İmzalamasa dostunu həbs edəcəkləri ilə təhdid ediblər. O da oğlanı qorumaq üçün imzalayıb. Şişirdilən, beynəlxalq terror əməliyyatının qarşısı alınmış kimi təqdim edilən hadisə belə olub. Adama heç nədən bu boyda zərbə vurulub. Öncədən xəbər verilmiş olsaydı, özünün ailəsinə xəbər vermək hüququ pozulmasaydı, hüquqi tədbirlər görə bilərdik. Üç gün ərzində apellyasiya şikayəti verə bilərdik. Adamı blokadaya salıb, hər şeydən tam təcrid edib, saytların ümidinə buraxıb həbs ediblər. Və bu, Azərbaycan dünya ilə yeni münasibətlər müstəvisinə keçdiyi anda baş verir. Bu qurumlar, bu işçilər o qədər strateji işlərdən, ölkədə baş verənlərdən xəbərsizdilər ki, yalnız ziyanları dəyir vətənə.



- Sizcə, Ramin Hacılının həbsində hansısa kənar müdaxilənin olması mümkündürmü?


- Bilmirəm. Məncə, yox. Dövlət Sərhəd Xidmətində o qədər qanun pozuntusu baş verir ki... Qaçaqmalçılıq, narkotik keçirilməsi, cinayətkarların qaçırılması, qeyri-qanuni yollarla gedib-gəlmələr haqda o qədər məlumat yayılır. Azərbaycana olan təhlükələr də bunu göstərdi ki, onların işi ürəkaçan deyil. Şübhəli şəxslər, terrorçular, agentlər, şpionlar bura necə ayaq açır? Bütün bunların fonunda bir intellektualı, beynəlxalq təşkilatın ölkədəki nümayəndəsini mafioz kimi həbs etmək iş əmsalının göstəricisi kimi təqdim edilir. Mənə görə, Hacılı onlar üçün göydəndüşmə olub. Özlərini işgüzar göstərmək üçün, baxın, biz qaçaqmalçı, terrorçu, ölkənin ən qorxulu cinayətkarını tutmuşuq kimi duruş almağa çalışdılar. Görün nə boyda işlər görürük demək istəyiblər. Saytlarındakı xəbərə baxsaz, sizə hər şey aydın olar. “ Dövlət Sərhəd Xidməti tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir... sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasının qarşısı alınmışdır”.
20 ilin mediaçısıyam. Hansı xəbərin necə və niyə yazılmasını çox yaxşı bilirəm. O “mışdır”larla o boyda DSX özünü xilas etmək istəyir. İşgüzar göstərmək istəyir. Bunu səriştəsiz işçilər edə bilər. Bəs DSX rəhbəri, general-polkovnik Elçin müəllim hara baxır? Məsələn, mən Elçin müəllim olsaydım, işçilərim belə bir gənci həbs etsəydi, onu qəbul edərdim. Problemləri ilə maraqlanardım. Nə baş verdiyini öyrənərdim. Ona kömək edərdim. Onu buraxdırardım. Həmin adam da ədalətli münasibəti görüb dövlətinə daha çox güvənərdi. Və beləliklə dövlətə bir uğurlu kadr qazandırardım. Generala da bu yaraşar. Daha üstünə cinayət yükləyib tutdurmazdım. İnsanlarla, vətəndaşlarla dövlət arasına küskünlük salan, insanları ölkəsindən iyrəndirən fakt çoxdu. Bunları özümüz edirik. Ölkədə özbaşınalıq o zaman yaranır ki, hər kəs özünü özbaşına aparır. İşinin öhdəsindən layiqincə gəlmir. Nə etməli, necə davranmalı olduğunu bilmir. Nəyin doğru addım və qərar olması ilə bağlı təsəvvürü yoxdu. Ramin bəyin ötən ilə qədər bütün Avropa ölkələrinə, ABŞ-a uzunmüddətli vizası olub. Bizim heç bir problemimiz yox idi. Planlarımız vardı, normal həyat sürürdük. Hər şey keçən ilin əvvəlindən başladı. Və başlayanda biz mənim səhhətimlə bağlı Türkiyədə idik. Ölkədən qaçmaq istəyən çoxdan ailəsini də götürüb qaçardı. Nə mane olurdu? Dediz ki, xəbəriniz vardımı?! Xeyr, detallardan xəbərim yox idi. İşlərində nələr baş verdiyini bilmirdim. Duyurdum, hiss edirdim, kömək etməyə çalışırdım. Amma dəqiqliyi ilə bilmirdim, demirdi. Məni yükləmək istəməyib. İndi bilirəm. Necə onu bir müstəntiq aldadıb borca salıb, necə onu tələyə salıblar. Necə inandığı adam onu aldadıb vəsaitini alıb qaçıb ölkədən və onun ucbatından problemlər yaşayıb. Bununla bağlı rəsmi qaydada may ayında daxili işlər nazirinə müraciət də yazıb. Aldadıldığını yazıb. Bunları detalları ilə indi öyrənirəm. Bütün bunlar barədə hər yerə lazımi müraciət olunacaq. Ədalətli münasibətə ümid edirəm. Başqalarının həyatını alt-üst edənlər cəzalarını alsın.


- Siz artıq xeyli vaxtdır onun bu cür hallarla üzləşdiyini dediniz. Sizcə, nə ilə bağlıdı?


- Siyasi fəaliyyəti olub deyə, hansı situasiya ilə üz-üzə gəlsə, problem yaradırlar ona. Bu axır-əvvəl bitməlidi. Bu mövzuda dövlətimdən kömək və dəstək istəyirəm. Həm də çox ciddi kömək istəyirəm. Xüsusilə Birinci vitse-prezident Mehriban xanımdan. O, cəmiyyətdə ümid yerinə çevrilməyi bacarıb. İnsanlar Mehriban xanıma inanırlar. Bu haqda dostlarımla da həmişə danışıram. İndi yeri gəlib, açıq deyim. Onun üz-üzə qaldığı cəbhələrlə necə mübarizə aparması, ölkə üçün nə işlər görməsi, komandası, seçdiyi kadrlar göz önündədi. Mənzərə çox aydındı. Bir feminist kimi qadının bütün bunların öhdəsindən gəlməsinin nə demək olduğunu çox yaxşı bilirəm.


- Ramin Hacılı haqqında informsiya yayılanda sizinlə əlaqə saxlamaq mümkün olmadı. Sizə yaxın olan insanlar intihar edəcəyinizdən də qorxmuşdular?


- Çox əziyyət çəkdim. Amma mənim intihar haqda düşünmək kimi komfortum yoxdu. Həll etməli olduğum problemlər, böyütməli olduğum dünya gözəlim var, əzizlərim, doğmalarım, oxucularım, planlarım var. Azərbaycanım var...

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2024