Mobil versiya
Prezidentin etirazla Milli Məclisə qaytardığı QANUNLAR
Tarix: 14-07-2018 | Saat: 11:53
Bölmə:Manşet / Siyasət | çapa göndər

Prezidentin etirazla Milli Məclisə qaytardığı QANUNLAR


Konstitusiyanın 97-ci maddəsinə görə, Milli Məclis tərəfindən qanunlar qəbul olunduqdan sonra 14 gün müddətində imzalanmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.

Milli Məclisin Daxili Nizamnaməsində göstərilib ki, Azərbaycan Respublikası Prezidentinin etirazını doğuran və qaytarılan qanunlara Milli Məclis tərəfindən təkrar baxılır.

Belə ki, Konstitusiyanın 110-cu maddəsinin I hissəsində göstərilmiş müddət ərzində Azərbaycan Prezidenti Milli Məclisin qəbul etdiyi qanunu öz etirazları ilə qaytararsa, Milli Məclis həmin qanuna təkrar baxır.

Prezidentin qaytardığı qanunu Milli Məclisin sədri müvafiq aparıcı komitənin və ya xüsusi yaradılmış komissiyanın rəyinə göndərir. Həmin komitə və ya komissiya məsələyə 10 gün müddətində baxıb Milli Məclisə aşağıdakı qərarlardan birinin qəbul olunmasını təklif edir ki:

- qanun Azərbaycan Respublikası Prezidentinin təklif etdiyi dəyişikliklərlə qəbul edilsin;

- Azərbaycan Respublikası Prezidentinin qanunun məqsədəuyğun olmaması barədə təklifi qəbul edilsin;

- qanun qəbul edilmiş redaktədə saxlanılsın.

Milli Məclisin sədri bu rəyi aldıqdan sonra ölkə başmısının qaytardığı qanunu təkrar baxılmaq üçün Milli Məclisin növbəti iclasının gündəliyinə salır və dərhal bu barədə Azərbaycan Respublikası Prezidentinə xəbər verir.

Qanuna təkrar baxılmasına Azərbaycan Prezidentinin nümayəndəsinin çıxışından başlanılır. Bundan sonra Milli Məclisin komitə və ya komissiyasının bu maddədə nəzərdə tutulmuş rəyi oxunur.

Azərbaycan Respublikasının Prezidenti məsələni qanunun məqsədəuyğun olmaması kimi qoyursa, birinci bu təklif səsə qoyulur və Milli Məclisin deputatlarının azı 63 səs çoxluğu ilə qəbul edildikdə, qanun qəbul edilməmiş sayılır. Həmin təklif qəbul edilməzsə, qanunun təkrarən qəbul edilməsi haqqında təklif səsə qoyulur. Azərbaycan Respublikası Konstitusiyasının 110-cu maddəsinin II hissəsinə uyğun olaraq Milli Məclis 83 səs çoxluğu ilə qəbul edilən qanunu 95 səs çoxluğu ilə, 63 səs çoxluğu ilə qəbul edilən qanunu isə 83 səs çoxluğu ilə yenidən qəbul edərsə, qanun təkrarən qəbul edilmiş sayılır və dərc olunmaq üçün 7 gündən gec olmayaraq Azərbaycan Respublikasının Prezidentinə göndərilir.

Azərbaycan Respublikasının Prezidenti qanunda dəyişikliklər edilməsi təklifi ilə onu Milli Məclisə qaytararsa, bu təklif birinci səsə qoyulur. Təklif zəruri səs çoxluğu yığdıqda qanun Azərbaycan Respublikası Prezidentinin təklif etdiyi dəyişikliklərlə qəbul olunmuş sayılır.

Azərbaycan Respublikası Prezidentinin təklifi tələb olunan səs çoxluğu almazsa, qanunun Milli Məclis tərəfindən qəbul edilmiş redaktədə saxlanılması haqqında məsələ səsə qoyulur. Təkrarən qəbul olunmuş qanun dərc olunmaq üçün 7 gündən gec olmayaraq Azərbaycan Respublikasının Prezidentinə göndərilir.

Bu maddənin beşinci və yeddinci hissələrində nəzərdə tutulmuş qərarlar qəbul edilməzsə, Azərbaycan Respublikası Prezidentinin Milli Məclisə qaytardığı qanunlar qəbul edilməmiş sayılır.



Modern.az saytı Azərbaycan Respublikası Prezidentinin etirazını doğuran və yenidən baxılması üçün Milli Məclisə göndərilən qanun layihələrini təqdim edir:



Prezident tərəfindən Milli Məclisə yenidən baxılması üçün göndərilən qanun layihələrindən biri "Valyuta tənzimi haqqında" Qanuna dəyişikliklər edilməsi barədə olub.

“Sahibkarların və investorların çoxsaylı müraciətləri nəzərə alınaraq, 2016-cı il 19 yanvar tarixli Qanun Konstitusiyanın 110-cu maddəsinin I hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmadan Milli Məclisə geri qaytarılmışdı. "Valyuta tənzimi haqqında" Qanuna əsasən, bəzi kateqoriya şəxslər istisna olmaqla, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycandan kənara xarici valyutanın köçürülməsi üçün əməliyyat məbləğinin 20 faizi miqdarında icbari yığımın tam məbləğdə dövlət büdcəsinə ödənilməsi tələb olunurdu.

Qanun layihəsinə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində baxılıb və həmin qanunun məqsədəuyğun olmaması barədə Prezidentin təklifi qəbul edilib. Daha sonra isə qanun layihəsinə müəyyən dəyişikliklər olunduqdan sonra Prezidentin imzası ilə təsdiq edilib.



Prezident tərəfindən Milli Məclisə qaytarılan qanun layihəsindən biri də “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” qanun olub.

“2015-ci il aprelin 28-də Milli Məclis tərəfindən qəbul edilmiş “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” qanuna Azərbaycan Respublikası Prezidentinin etirazlarının səbəbi aşağıdakı kimi izah olunmuşdu:

Qanunun 4-cü maddəsində səlahiyyətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən yerinə yetirilən respublika informasiya-məsləhət xidməti mərkəzinin təşkil edilməsi, həmin mərkəzin tərkib hissəsi kimi fəaliyyət göstərən yerli qurumların yaradılması, habelə mərkəzin funksiyaları və öhdəlikləri müəyyən edilir.

Bundan başqa qanunun 5-ci və 15-ci maddələrinə əsasən kənd təsərrüfatı informasiya-məsləhət xidməti subyekti hesab edilən müvafiq icra hakimiyyəti orqanının bu sahədə xidmət göstərmək hüququ əldə etmək üçün akkreditasiya olunması tələb olunur.

Beləliklə qanunun bu müddəaları Konstitusiyanın 93-cü maddəsinin IV hissəsi və 109-cü maddəsinin 7-ci bəndi ilə ziddiyyət təşkil edir. Bununla Konstitusiyanın 7-ci maddəsində nəzərdə tutulmuş hakimiyyətlərin bölünməsi prinsipini pozaraq Azərbaycan Prezidentinin icra hakimiyyəti orqanlarına münasibətdə səlahiyyətlərini məhdudlaşdırır.

“Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunun 64.9-cu maddəsinə uyğun olaraq qanunda normaların həddindən artıq detallaşdırılması Konstitusiya ilə müəyyən edilmiş icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə müdaxiləyə gətirib çıxarmamalıdır.

Qeyd olunanlarla yanaşı, qanunda “Normativ hüquqi aktlar haqqında” qanunun 25.2-ci və 64.4-cü maddələrinin tələblərinə riayət olunmadan həddindən artıq ümumiləşdirilmiş və qeyri-müəyyən ifadələrə, eləcə də eyni məsələ ilə bağlı normativ göstərişlərin çoxluğuna yol verilib.

Konstitusiyanın 110-cu maddəsinin I hissəsini və 149-cu maddəsinin III hissəsini rəhbər tutaraq “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” qanun imzalanmadan geri qaytarılırmışdı.

Qanun layihəsinə Milli Məclisin Aqrar siyasət komitəsində baxılıb və həmin qanunun məqsədəuyğun olmaması barədə Prezidentin təklifi qəbul edilib. Daha sonra isə qanun layihəsinə müəyyən dəyişikliklər olunduqdan sonra Prezidentin imzası ilə təsdiq edilib.


Prezident İlham Əliyev sonuncu dəfə Milli Məclisin 2017-ci ilin iyunun 13-də qəbul etdiyi “Dövlət qulluğu haqqında” qanuna dəyişikliyə etiraz edib.

Etiraza səbəb “Dövlət qulluğu haqqında” qanunun 8.1.1-ci maddəsinə (Dövlət orqanlarının təsnifatı) Məhkəmə-Hüquq Şurası Aparatının daxil edilməsi olmuşdu.

Milli Məclisin ötən ilin sentyabrın 20-də Hüquq siyasəti və dövlət quruculuğu komitəsində "Dövlət qulluğu haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanuna Azərbaycan Prezidentinin etirazı haqqında məsələyə baxılmışdı. Bildirilmişdi ki bu qanunun qəbulu zamanı komitə üzvləri diqqətsizliyə yol veriblər. Müzakirələrdən sonra komitə həmin qanunun məqsədəuyğun olmaması barədə Prezidentin təklifini qəbul etmışdi. Daha sonra isə qanun layihəsinə müəyyən dəyişikliklər olunduqdan sonra Prezidentin imzası ilə təsdiq edilmişdi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024