Mobil versiya
Pirverdiyev utanıb istefa verəcəkmi?..
Tarix: 05-07-2018 | Saat: 15:15
Bölmə:Karusel / Gündəm | çapa göndər

Pirverdiyev utanıb istefa verəcəkmi?..





İyulun 4-də Prezident İlham Əliyevin yanında ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirilən müşavirədə “Azərenerji” rəhbəri Etibar Pirverdiyev də hesabat verib.



E.Pirverdiyev öncə baş verən qəza ilə əlaqədar Prezidentdən və Azərbaycan xalqından üzr istəyib. Daha sonra 15 il ərzində enerji sektorundakı inkişafdan danışmaq istəyib.


Prezident İlham Əliyev isə E.Pirverdiyevin sözünü kəsərək bildirib:

- Biz bilirik son 15 ildə nələr görülüb. Sən qəzanın səbəblərini de. Nə üçün ölkəni qaranlıq bürümüşdü?


E.Pirverdiyev qəzaya səbəbin enerji sərfiyyatının artımı ilə əlaqələndirib:

- İyun ayında gündəlik elektrik istehsalını götürdükdə görürük ki, ayın əvvəlində 50-55 milyon arası enerji sərfiyyatı olub, son bir həftədə isə bu rəqəm 70-75 milyona çatmışdır...


Prezident onun sözünü kəsərək, deyib:


- Bu, qəzanın səbəbi ola bilməz. Bəziləri bunu isti hava ilə əlaqələndirirlər. Bizdən də daha isti ölkələr var, orda belə qəzalar baş vermir. Baş verəndə isə ölkələrin enerji sistemi çökmür. Qəza baş verə bilər və qəzanın fəsadlarının aradan qaldırılması prosesi aparılmalıdır və aparılır. Ancaq bir qəzaya görə bütün ölkənin enerji sisteminin çökməsi böyük səhvdir, yumşaq desək. Bizim kifayət qədər enerji gücümüz var. Biz hazırda xarici ölkələrə elektrik enerjisi ixrac edirik. İsti havalarla bağlı istehlakın artması qəza səbəbi ola bilməz. Qəzanın səbəblərini komissiya araşdıracaq. Siz isə sadəcə olaraq, utanmalısınız – xalq qarşısında, ölkə qarşısında. İnsanlara bu qədər əziyyət vermisiniz isti havada. Metroda qalanlar, qocalar, uşaqlar, qadınlar, xəstələr, liftlərdə qalanlar... İqtisadiyyata nə qədər böyük ziyan vurmusunuz. Təkcə Neft Şirkətinin ziyanını hesablasaq, görərik, ölkəyə nə qədər iqtisadi ziyan dəyib. Mən bu sahəyə bu qədər investisiya ayırmışam. Dövlət investisiya proqramında hər il bu məqsədlə böyük vəsait ayrılır, yeni elektrik stansiyaları tikilir. Hazırda Şimal-2 ES tikilməkdədir. Son 15 ildə 30 stansiya tikilib. Elə bir sistem qurulmalı idi ki, bir qəzaya görə ölkənin enerji sektoru çökməsin. Nə üçün Bakıda, Sumqayıtda və s. şəhərlərdəki elektrik stansiyaları qəza baş verəndə fəaliyyət göstərmir? Bunun səbəbləri haqda danışmalısınız, bunun izahatını verməlisiniz. Qəza səbəbi kimi istiliyin göstərilməsi məni qane edə bilməz.

Bir daha deyirəm, Yaqub Eyyubov və bütün komissiya üzvləri, məsələni ciddi araşdırmaq lazımdır, hamı fəal işləməlidir və qısa müddət ərzində birinci, xüsusilə ikinci qəzanın səbəbləri haqda mənə məruzə edilməlidir”.


Ölkə başçısının bu irdalarından sonra əksəriyyət Etibar Pirverdiyevin istefa verməsini gözləyirdi. Amma gözlənilən reallaşmadı...



“Günahkar təkcə Etibar Pirverdiyev deyil...”




Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a bildirib ki, Azərbaycanda istefa mədəniyyəti yoxdur:


“Prezident İlham Əliyevin haqlı iradlarından sonra istefalar olmalı idi. Bu vəzifəyə məsul olan şəxslərin vəzifələrinin öhdəsindən gələ bilmədiklərinə görə istefa verməsi normal görünə bilərdi. Təəssüf ki, bizim məmur sistemində belə ənənə yoxdur. Cənab prezident enerji fəlakətilə bağlı çıxışında da bildirdi ki, qəza zamanı ölkənin enerji sistemi çökdü. Ayrı-ayrı hissələrdə qəza baş verə bilər, amma bu, ölkənin enerji sistemini çökdürməməli idi. Hər il investisiya proqramlarında ölkənin enerjilə təmin edilməsi istiqamətində əhəmiyyətli addımlar atılmış, yeni stansiyalar tikilmiş, ölkənin enerji gücü artmışdı. Bu halda suallar yaranır ki, hara gedir yatırılan vəsait?! Bu qədər vəsait ayrılmasına rəğmən, avadanlıqlar niyə hələ də köhnədir?! Yəqin bu suallara qəzayla bağlı yaradılan komissiya cavab verəcək. Və komissiyanın ilkin rəyində də artıq ciddi surətdə qüsurların meydanda olması görünür.



Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bundan əvvəl də qeydə alınmış çatışmazlıqların aradan qaldırılması ilə bağlı göstəirşlərin yerinə yetirilmədiyini bildirdi. Eyni zamanda, Baş prokurorun açıqlaması da bu sahədə düzgün idarəçilik olmadığını göstərir. Baş vermiş hadisə ilə əlaqədar “yanğın təhlükəsizlik qaydalarını pozma”, “vəzifədən sui-istifadə etmə” və “səhlənkarlıq” maddələri ilə cinayət işi qaldırılıb. Araşdırmaların nəticələrindən asılı olaraq mənimsəmə faklarının da işə əlavə ediləcəyi gözləniləndir. Burda təkcə “Azərenerji” rəhbəri yox, digərləri də məsuliyyət daşıyır. Ayrılan vəsaitin mənimsənilməsi və işə bu qədər səhlənkar yanaşılması bir nəfərin işi deyil. Mingəçevir İES rəhbərliyindən tutmuş daha yuxarılaradək hamısı məsuliyyət daşıyır. Etibar Pirverdiyevlə bağlı açıqlananlar onun üçün ilkin məsuliyyət yaradır. İnvestisiyalarla bağlı araşdırmalardan sonra ortaya nələr çıxacaq, bunu sonrakı etapda görəcəyik.

Qeyd edim ki, bundan əvvəl də bir neçə dəfə Mingəçevir İE”-in 6-cı blokunda problemlər yaranmışdı”.



Etibar Pirverdiyev “yeni stansiyalar açılır” deməklə “oynayırmış”



Hüquqşünas ölkə başçısının qəzayla bağlı yaratdığı Komissiyanın tərkibinə diqqət çəkib:


“Qəza ilə bağlı komissiya yaradılması yerində qərardır. Komissiyanın tərkibinə kimlərin daxil olması ilə bağlı yalnız vəzifələr göstərilmişdi. Düşünürəm ki, bu da vəzifədən göndərilənlərin olacağına bir işarədir...

Cənab prezident Komissiyaya tədbirlər planının hazırlanması göstərişini verdi. Bütün bunlardan belə çıxır ki, indiyədək dövlət tərəfindən ayrılan vəsaitlərə və göstərilən dəstəyə baxmayaraq, “Azərenerji” “yeni stansiyalar açılır”, yeni stansiyalar istifadəyə verilir” və s. deməklə “oynayırmış”.

Birinci gün qəza oldu, anladıq. Bəs ikinci gün niyə təkrarlandı?! Bu, olmamalı idi. Bəzi dövlət qurumları qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı peşəkar fəaliyyət göstərdi. Prezidentin də qeyd etdiyi kimi, insanlar bu vəziyyətdə təmkinlərini qorudular.

Qəzanın nəticələri dərindən araşdırmalıdır. Təxribatın olub-olmaması da nəzərə alınmalıdır.


Fizika İnstitutunun direktoru Nazim Məmmədovun açıqlamasında qəzaya çox ciddi səbəblərin olduğu görünür.

Bütün dünyada enerjinin tətbiqi, işlənməsi o qədər yenilənib ki, hər hansı qəza zamanı onun genişmiqyaslı olmaması təmin edilir. İES-də açılma sistemi işləməyib, 1 ton mazut tökülüb və yanıb. Sonra digər hissələrə də keçib. Buna səhlənkarlıq demək azdır. Düşünürəm ki, minlərlə insanın məruz qaldığı əziyyətə sadəcə səhlənkarlıq demək azdır.

Cənab prezidentin də dediyi kimi, istilərin qəzaya səbəb kimi göstərilməsi gülünc versiyadır. Onda iqlimi bizdən isti olan ölkələr alışıb-yanmalıdır. Burada daha ciddi səbəblər var. Ümumilikdə bu sektora cavabdeh olan şəxslər - təkcə Etibar Piriverdiyev deyil, digərləri də məsuliyyətə cəlb edilməlidirlər. Kimlər ki, investisiya proqramlarını təsdiqləyirdilər, hansı səbəbdən buna diqqət etməyiblər? Qərarların icrasına nəzarət edənlər hara baxıblar? Suallar çoxdur. Cavablar isə araşdırmalardan sonra bəlli olacaq”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə