Mobil versiya
Deputatın qohumu qumarda 200 minlik ev uduzub
Tarix: 01-07-2015 | Saat: 13:24
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Deputatın qohumu qumarda 200 minlik ev uduzub
Buna görə isə “Karat” MTK-nın qarovulçusu həbs olunub

Əsabil Qasımovun tutdurduğu qarovulçunun məhkəməsi sona çatmaq üzrədir.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə dələduzluqda ittiham olunan Rövşən Hacızadə və Qərib Əmiraslanovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşmaq üzrədir. R.Hacızadə deputat Əsabil Qasımovun yaratdığı, hazırda oğlunun idarə etdiyi “Karat” MTK-da çalışıb.

Faktiki qaravulçu olsa da, rəsmi sənədlərdə adı MTK-nın icraçı direktoru kimi qeyd olunub. Buna görə də ittiham aktında da adı “Karat” MTK-nın icraçı direktoru kimi keçir və məhkəmə qarşısına da bu vəzifənin daşıyıcısı kimi çıxarılıb.

İttiham aktında yazılıb ki, Rövşən Hacızadə tanışı Qərib Əmiraslanovla qabaqcadan əlbir olub tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil ediblər.

Onlar MTK-nın Bakı şəhərində inşa etdiyi çoxmərtəbəli yaşayış binasında əvvəllər ayrı-ayrı şəxslərə satılmış 5 mənzili və 4 avtodayanacaq yerlərini təkrarən başqa şəxslərə satmaqla 1 milyon 112 min manat məbləğində pulu mənimsəyiblər. Buna görə də Rövşən Hacızadə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı), Qərib Əmiraslanova isə 178.3.2-ci maddəsi ilə ittiham elan olunub.



Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən R.Hacızadə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Deyib ki, ittiham üzrə bütün qanunsuzluqlar deputat Əsabil Qasımovun yaxın qohumları olan Taleh Qasımov, Umud Umudov, Qərib Əmiraslanov və İntiqam Umudov tərəfindən törədilib. Mənzil və avtomobil yerlərinin satılması barədə sənədlər Əsabil Qasımovun təhriki ilə yazılıb: “Karat” MTK-da heç bir vəzifədə işləməmişəm, heç bir səlahiyyətim olmayıb, heç kimin pulunu ələ keçirmək üçün mənzil və ya avtodayanacaq yerləri satmamışam. “Karat” MTK-da heç bir vəzifəm olmadığından vəzifə saxtakarlığı törətməmişəm. Əsabil Qasımov və onun yaxın ətrafı öz saxtakarlıqlarını gizlətmək məqsədilə mənə şər, böhtan atırlar".

R.Hacızadənin ifadəsi məhkəmənin onu direktor kimi mühakimə etməsinə mane olmayıb. Ona direktora aid suallar verilib. Təbii ki, qarovulçunun direktora aid suallara cavab verməsi də mümkünsüz olub.



Məhkəmə qarşısına çıxarılan deputatın qohumu Qərib Əmiraslanov isə ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. İstintaq materialları arasında Q.Əmiraslanovun ifadəsi var. Həmin ifadəsində Q.Əmiraslanov mənzili qumar borcuna görə Ağdam rayonundan olan Yusif Əfsəriyə verdiyini gizlətməyib. Deyib ki, qumarda Yusif Əfsəriyə külli miqdarda pul uduzub. Həmin məbləğin bir hissəsini nağd ödəyib, qalan 205 min manat borcun əvəzinə isə “Karat” MTK-dan mənzil vermək barədə razılığa gəliblər. Deputatın qohumu R.Hacızadəyə deyib ki, X.Şuşinski küçəsi 12 saylı binadakı 4 otaqlı mənzili Y.Əfsərinin qardaşı oğlunun adına sənədləşdirməkdə köməklik etsin.

R.Hacızadənin vəkili Ceyhun Yusifov deyir ki, müdafiə etdiyi şəxsin bu cinayətlə ümumiyyətlə əlaqəsi yoxdur Vəkilin sözlərinə görə, istintaq qərəzli xarakter daşıyıb, cinayətin açılmasına, əsl cinayətkarların müəyyən edilməsinə, cinayət işinin obyektiv araşdırılmasına deyil, əsl cinayətkarları gizlətmək məqsədilə həyata keçirilib:



“Nə istintaq zamanı, nə də ki, məhkəmədə Rövşən Hacızadə ona elan olunmuş ittihamlarla özünü təqsirli bilməyib. Bu halları nəzərə alan məhkəmə öncə məhkəmə istintaqının zərərçəkmişlərin ifadəsi ilə başlanılmasını məqsədəuyğun hesab etdi. Rövşən qəti şəkildə bu işin qurma, özünün isə qurbanlıq olduğunu bildirdi. Bununla yanaşı, Rövşən Hacızadə dələduzluqda ittiham olunduğu əmlakla bağlı mötəbər sübutları məhkəmə baxışına təqdim edəcəyini israrlı şəkildə dedi. Rövşən Hacızadə məhkəməyə bu iş üzrə ”zərərçəkən"in Əsabil Qasımov olduğunu və istintaqa zərərçəkən kimi təqdim olunanların hamısının onun öz adamları olduğunu dedi".

Onu da qeyd edək ki, R.Hacızadənin bacısı Güllü Hacıyeva mətbuat konfransı keçirərək ölkə başçısına müraciət edib: “Qardaşım Rövşən barəsindəki həbs-qətimkan tədbirinin ləğvinə və cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınmasına son qoyulması üçün aidiyyəti üzrə göstərişlər verilməsini və əsl cinayətkarların cinayət məsuliyyətinə cəlb edilməsinə köməklik göstərilməsini xahiş edirik. İnanıram ki, müraciətimizdən sonra deputat adına xələl gətirən, günahsız insanları həbs etdirərək dövlətdən narazı salmağa çalışan Əsabil Qasımov barəsində qanuni tədbir görüləcək. Bizim haqsız olaraq məruz qaldığımız bu əzab və iztirablara son qoyulacaq”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə