Mobil versiya
Ömürlük məhkumların əfv olunması xahiş edildi
Tarix: 31-05-2018 | Saat: 15:53
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ömürlük məhkumların əfv olunması xahiş edildi


Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri, Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Akif Nağı əfv və amnistiya təşəbbüsləri zamanı ömürlük məhbusların da diqqətdə saxlanılması xahişi ilə Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.


Modern.az-ın məlumatına görə, müraciətlərdə göstərilir:


“Son əfv sərəncamında ömürlük məhbusların nəzərə alınmaması ilə bağlı Sizə müraciət edirik. Biz bu əfv sərəncamını növbəti humanist addım kimi dəyərləndirir, vacib təşəbbüs hesab edir, azadlığa çıxanlara, onların yaxınlarına gözaydınlığı veririk. Hamımız böyük ümidlə gözləyirdik ki, sərəncam ömürlük məhbuslara da şamil ediləcək.

Biz bir daha ömürlük məhbuslarla bağlı məsələni Sizin diqqətinizə çatdırmağı özümüzə borc bilirik. Onların içərisində Qarabağ müharibəsində fədakarlıqla vuruşan OMON-çular və digər döyüşçülər, Qarabağa gedib partizan müharibəsi aparmaq istəyən gənc oğlan var, əksəriyyəti 20 ildən çoxdur ki, həbsdədirlər, xəstədirlər, ailə vəziyyətləri ağırdır. Onların bu vəziyyətinin nəzərə alənmasını Sizdən xahiş edirik.

1998-ci ildə güllələnmə cəzasından ömürlük həbs cəzasına keçirilən məhbusların məsələsini xüsusi qeyd etmək istəyirik. Onlar Azərbaycan Respublikasında ölüm cəzasının ləğvi ilə əlaqədar Milli Məclisin qəbul etdiyi 10 fevral 1998-ci il tarixli qanunun 4-cü bəndi ilə, qeyri-məhkəmə qaydasında, kütləvi şəkildə qanunsuz olaraq ömürlük həbs cəzasına məhkum olunublar. Həmin qanunun 4-cü bəndində qeyd edilir ki, “Bu qanun qüvvəyə mindiyi günədək ölüm cəzasına məhkum olunmuş şəxslərin cəzası ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin”.
Xatırladırıq ki, adıçəkilən qanun 21 fevral 1998-ci ildə, yəni 11 gündən sonra qüvvəyə minib. Elə həmin gündən etibarən avtomatik olaraq 128 nəfərə tətbiq edilən ömürlük cəza hüquqi baxımdan öz qüvvəsini itirib. Bu günə kimi onların ömürlük məhkum olunduğuna dair nə bir müvafiq qanun, nə də bir məhkəmə qərarı var. Ölkəmizdə ölüm cəzasının ləğvi ilə əlaqədar mətbuat və informasiya orqanları nümayəndələri qarşısında çıxış edən mərhum prezident Heydər Əliyev bəyan edib ki, “...ölüm hökmünə məhkum olunmuş insanların cəzası müvafiq qaydada uzunmüddətli cəzalarla əvəz edilə bilər” (“Azərbaycan”qəzeti, 23.01.1998-ci il)”.


Müraciətdə bildirilib ki, bu günə kimi 128 məhkumdan yalnız 74 nəfəri sağ qalıb.


“Ölüm cəzasından qat-qat ağır olan ömürlük cəza bir çox məhkumun həyatına son qoyub. Hazırda sağ qalanların bir qisminin yaşı 70-i ötüb, çox bir qismi isə ağır xəstədir və cəzalarının 20 ildən çox hissəsini çəkiblər...

...Sizdən çox xahiş edirik ki, ədalət naminə onların və digər ömürlük məhbusların əfv olunması üçün təşəbbüs edəsiniz”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024